AMEA institutlarında dəyişikliklər

AMEA institutlarında dəyişikliklər

11 Dekabr 2019 15:00
156
Bəyəndim (1) Bəyənmədim (0)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev gündəlikdəki məsələləri təqdim edib, iclasda bir sıra elmi-təşkilatı məsələlərə dair müzakirələrin aparılacağını diqqətə çatdırıb.

AMEA-nın akademik-katibi Əminağa Sadıqov Rəyasət Heyəti aparatının strukturu və idarəetmə sisteminin, habelə kadrların seçilməsi və yerləşdirilməsi işinin təkmilləşdirilməsi məqsədilə AMEA prezidentinin 2019-cu il 21 noyabr tarixli sərəncamı ilə komissiyanın yaradıldığını və hazırlanmış təkliflərin akademik Ramiz Mehdiyevə təqdim edildiyini söyləyib. Ə.Sadıqov Strateji Elmi Tədqiqatlar Mərkəzinin fəaliyyətinə dair Rəyasət Heyətinin qəbul etdiyi qərarları iclas iştirakçılarının diqqətinə çatdırıb.

O, Ədəbiyyat İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi haqqında da məlumat verib. Bildirib ki, Azərbaycan ədəbiyyatının inkişaf yolunun elmi-nəzəri cəhətdən yenidən və əsaslı şəkildə dövrləşdirilməsi Ədəbiyyat İnstitutunun Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin fəaliyyət istiqamətinə də öz təsirini göstərib və şöbənin adında dəyişiklik edilməsi zərurətini meydana çıxarıb.

Sonra iclasda AMEA-nın Folklor və Şərqşünaslıq institutlarının strukturlarında qismən dəyişiklik edilməsi məsələləri müzakirə edilib, bu qurumlarda yeni şöbələrin yaradılması ilə bağlı müvafiq qərarlar qəbul olunub.

İclasda, həmçinin “AMEA-nın professoru” adı ilə bağlı məsələyə yenidən baxılaraq müvafiq qərar qəbul olunub.

Bundan başqa, tədbirdə AMEA-nın Yüksək Texnologiyalar Parkı MMC-nin strukturu və ştat cədvəli ilə də bağlı müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az