İcra başçılarına ciddi xəbərdarlıq edildi

İcra başçılarına ciddi xəbərdarlıq edildi

6 Noyabr 10:02
163
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) Prezident İlham Əliyevin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul etdiyi zaman verdiyi tapşırıqların icrası, Bakı şəhərində görülən abadlıq-quruculuq işlərinin vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

BŞİH-dən Oxumeni.az-a verilən məlumata görə, müşavirədə paytaxt rayonlarının icra hakimiyyətlərinin başçıları, şəhərin təsərrüfat xidmətlərinin rəhbərləri iştirak ediblər.

Toplantıda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ölkə başçısının qəbulunda olduğu zaman Prezident tərəfindən verilən tapşırıqlar, qeyd edilmiş nöqsanlar, görüləcək işlər və qarşıya qoyulan vəzifələr barədə məlumat verib.

Toplantıda bəzi icra hakimiyyəti başçıları ciddi tənqid edilib. Eldar Əzizov bildirib: "Şəhər və rayon icra hakimiyyəti başçıları cənab Prezidentin tutduğu iradlardan nəticə çıxarmalı, işimizi bu böyük insanın tələblərinə uyğun qurmalıyıq. Bu gün ölkədə sistemli dəyişikliklər, inqilabi islahatlar aparılır və buna uyğun olaraq iş, forma və metodlar dəyişməlidir. Tənqid və özünütənqid normaya çevrilməlidir”.

E.Əzizov icra başçılarına müraciət edərək, hər bir sakinin problemini öz problemimiz kimi qəbul edilməsinin vacibliyini vurğulayıb.

Müşavirədə qanunsuz tikintilərlə bağlı ölkə başçısının iradları çatdırılıb, yaradılmış park və məhəllələrin lazımi səviyyədə qorunması ilə bağlı tapşırıqlar verilib. Xüsusi olaraq vurğulanıb ki, daxil olan məlumatlara görə RİH-də və digər qurumlarda vətəndaşların müraciətlərinə bəzi hallarda lazımi diqqət göstərilmir, süründürməçilik hallarına yol verilir.

Toplantıda rüşvətxorluq və digər neqativ halların aradan qaldırılması, yerlərdə vətəndaşlarla mütəmadi görüşlərin keçiririlməsi və onların müraciətlərinə həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlar verildi və qaldırılan məsələlərlə bağlı tədbirlər planının hazırlanması qərara alınıb.

Tədbirdə bir neçə rayon icra hakimiyyətinin başçısı çıxış edərək ölkə başçısının haqlı iradlarından nəticə çıxaracaqlarını və qısa müddətdə lazımi tədbirlərin görəcəklərini bildiriblər.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)