“Bu yoldan imtina etməyin nəticələri barədə düşünmüsünüzmü?” - Qarşıdurma

“Bu yoldan imtina etməyin nəticələri barədə düşünmüsünüzmü?” - Qarşıdurma

1 İyul 2022 09:21
Bəyəndim (0) Bəyənmədim (0)

Qarabağ separatçılarının lideri Arayik Arutyunyan iyunun 30-da deyib ki, onlar Laçın rayonunun Zabux kəndi uğrunda mübarizəni davam etdirəcəklər. Erməni qüvvələri 1992-ci ildə Laçın rayonunu işğal etdikdən sonra kəndin adını dəyişərək “Aqavno” ediblər.

Oxuməni.az erməni mətbutına istinadən xəbər verir ki, bu kənddə hazırda bura işğaldan sonra Ermənistandan, Suriya və Livandan köçürülmüş 200-dək erməni yaşayır. Razılaşmaya görə Qarabağdan Ermənistana Laçından yan keçərək gedən yeni yolun tikintisi başa çatdıqdan sonra Laçın şəhəri, habelə Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə qaytarılmalıdır.

Bu yaşayış məntəqələri Rusiya sülhməramlılarının nəzarətində olan 5 kilometrlik zolaqda yerləşir.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə, Arayik Arutyunyan iyunun 30-da bu barədə deyib: “Aqavno (Zabux-red) ilə əlaqədar Ermənistan baş naziri ilə müzakirə zamanı mən demişdim: Aqavno (Zabux-red) məsələsini biz bugün müzakirə etmirik, biz danışıqlar aparırıq, gəlin bu məsələni danışıqların bu mərhələsində saxlayaq. Baxaq görək imkanlarımız daxilində hansı həll yolları var”.

Azatutyun yazır ki, bu məsələ separatçıların “parlamentində” müzakirə olunub. Deputatlardan Metkase Akopyan Arutyunyandan soruşub ki, yeni yol tikilərsə bu erməni icmalarının köçürülməsinin təhlükəsizliyi müzakirə olunubmu?

Arutyunyan deyib ki, Laçın şəhərindəki və Sus kəndindəki ermənilərə kompensasiya veriləcək: “Ermənilərin bu yaşayış məntəqəsindən köçürülməsinə gəlincə isə, bu məsələ bugün müzakirə olunmayıb. Əsasən söhbət Aqavno (Zabux-red) yaşayış məntəqəsindən gedir. Bu məsələ müzakirə olunmur, biz hələ danışıqlar aparırıq. Söhbət Laçından getmir, biz Laçını tərk etməliyik, bənddə (üçtərəfli bəyanatın bəndi-red) belə də yazılıb. Aqavno (Zabux-red) yaşayış məntəqəsinə gəlincə isə biz bu istiqamətdə də danışıqları davam etdiririk”.

Azatutyun yazır ki, “deputatlardan” birinin yeni yol haqqında sualı Arayik Arutyunyanı əsəbiləşdirib. Həmin şəxs demişdi: “Laçından yan keçən yolun tikintisini Azərbaycan 9 noyabr bəyanatının əsirlərə dair bəndini yerinə yetirənədək dayandırmaq olmazdımı?”

Arutyunyan belə cavab verib: “Bu yoldan imtina etməyin nəticələri barədə düşünmüsünüzmü? Gəlin bu iclasdan sonra yığışaq və müəyyən edək. Yəni biz əleyhinəyik. Heç nə etmirik, Berdzordan (Laçın-red) getmirik. Buyurun müəyyən edin. Gəlin nəticələr barədə birlikdə düşünək və bu ölkədə (Qarabağda-red) yaşayan 120 min insanın taleyi barədə düşünək”.

Dağlıq Qarabağda separatçı rejimin “prezidenti” kimi təqdim olunan Arayik Arutyunyan deyib ki, Laçın dəhlizinə alternativ kimi çəkilən yeni yol, “daha təhlükəsiz” olacaq. Qondarma qurumun deputatları qarşısında çıxış edən Arutyunyan bunu da bildirib ki, yeni yolun marşrutunun seçilməsində “Stepanakert (Xankəndi - red) də iştirak edib.

O deyib ki, yeni yol üçün marşrutun seçilməsində təhlükəsizliklə bağlı bəzi məqamlar nəzərə alınıb. Arutyunyan bu məqamların nədən ibarət olduğunu deməyib: “Biz, bizim nəzərimizcə ən yaxşı variantı seçmişik. Məhz bu yolu niyə seçməyimizlə bağlı bəzi sirlər var ki, mən təhlükəsizlik mülahizələri ilə burda açmaq istəmirəm”.

Arutyunyan iddia edib ki, tikinti başa çatdıqdan sonra yolun keyfiyyətinin yoxlanması və qiymətləndirilməsində separatçılar da iştirak edəcəklər. Azatutyun yazır ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda Laçın dəhlizinə alternativ yol üç il ərzində tikilməli idi. Bu yol, Azərbaycanın Laçın şəhərindən yan keçir.

Lakin Azərbaycan yolun özünə aid hissəsinin tikintisini artıq başa çatdırmaq üzrədir. Ermənistan tərəfi hələki öz ərazisindən keçən sektorun çəkilişinə başlamayıb.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan demişdi ki, yeni yol istifadəyə verildikdən sonra keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədindən kənarda qalan hissə Azərbaycanın nəzarətinə keçəcək. Laçın şəhəri, ermənilərin “Aqavno” adlandırdıqları Zabux, habelə Sus kəndləri hazırda Rusiya sülhməramlılarının nəzarətində olan 5 kilometrlik yol zolağına düşür.

Paşinyan işarə etmişdi ki, Laçından köçürüləcək erməni məskunlara Ermənistan hökuməti tərəfindən kompensasiya ödənəcək. O Sus kəndi haqqında məlumata malik olmadığını, Zabux kəndi ilə bağlı məsələnin isə Qarabağ separatçıları ilə həll olunacağını demişdi.

Halbuki Zabux kəndinin keçmiş DQMV ilə heç bir bağlılığı yoxdur. Arayik Arutyunyan iyunun 30-da deyib ki, ermənilərin bu yaşayış məntəqələrindən köçürülməsi hələ müzakirə olunmayıb. Onun sözlərinə görə Zabuxda yaşayan 200-dək erməninin məsələsi barədə danışıqlar davam edir.