Laçının Sus kəndindəki ermənilər də çıxacaq - Azərbaycanın nəzarətinə keçir

Laçının Sus kəndindəki ermənilər də çıxacaq - Azərbaycanın nəzarətinə keçir

28 İyun 2022 15:23
Bəyəndim (0) Bəyənmədim (0)

Xankəndi ilə Ermənistan arasında əlaqəni təmin edən yeni yolun tikintisi ilə əlaqədar Laçının hazırda Rusiya hərbçilərinin nəzarətində olan bir sıra yaşayış məntəqələri Azərbaycan tərəfinə təhvil veriləcək.

Oxuməni.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuata açıqlamasında bildirib.

Dünən yayılan məlumatda həmin yaşayış məntəqələrinin Laçın şəhəri və Zabux kəndi olduğu bildirilmişdi.

Lakin bu gün məlum olub ki, Paşinyan “Laçın dəhlizi” boyunca yerləşən daha bir kənddən bəhs edib. Yəni “Laçın dəhlizi”nə çəkilən alternativ yol istifadəyə veriləndən sonra Laçın şəhəri və Zabux kəndi ilə yanaşı, bir qrup erməninin qanunsuz yaşadığı Sus kəndi də Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçəcək.

Xatırladaq ki, 2020-ci il dekabrın 1-də işğaldan azad edilən Laçın rayonunun bir hissəsi, o cümlədən Laçın şəhəri Yuxarı Qarabağdan Ermənistana gediş-gəlişə ayrılan 5 kilometr enində zolağa – “Laçın dəhlizi”nə düşüb. Həmin zolağa Rusiya hərbçiləri nəzarət edir.

Hazırda “Laçın dəhlizi”ində Laçının rayon mərkəzi və 6 kəndi yerləşir: Qarıkaha, Ağanus, Fətəlipəyə, Kəravuz, Sus, Zabux. Bu kəndlərdən 4-ü boşdur, 2-də isə - Sus və Zabuxda - ermənilər qanunsuz olaraq məskunlaşdırılıblar.

2020-ci ildə “sülhməramlı” adı ilə Qarabağa yerləşdirilən Rusiya hərbçiləri hazırda Laçın şəhərinə və bu 6 kəndə nəzarət edirlər.

Rəsmi statistikaya görə, Laçın rayonunda 1 şəhər, 1 qəsəbə, 125 kənd var.

Paşinyanın haqqında bəhs etdiyi Sus kəndi Həkəri və Zabux çaylarının sahilində yerləşir. Kənd 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.

Sus kəndi 2020-ci ildə İkinci Qarabağ müharibəsidən sonra imzalanan 10 noyabr atəşkəs razılaşması ilə Rusiya sülhməramlılarının nəzarəti altına düşüb.

Sus kəndinin əsas təsərrüfatı heyvandarlıq, bağçılıq və əkinçilik olub. Vaxtilə Susda Həkəri çayı boyunca tut, alma, gilas bağları mövcud idi.modern.az