Şuşada biabırçılıq: “Bəzi partiya sədrləri rusca danışırdılar”

Şuşada biabırçılıq: “Bəzi partiya sədrləri rusca danışırdılar”

18 İyun 2022 14:20
Bəyəndim (0) Bəyənmədim (0)

“Bəli, Şuşa səfərində Sərdar bəyi narazı salan bir çox məqamlar oldu”.

Oxuməni.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

O, müxalifət partiyalarının sonuncu Şuşa səfəri çərçivəsində Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun narazılığına münasibət bildirib.

Xatırladaq, Xalq Partiyasının sədri Pənah Hüseynin sözlərinə görə, Sərdar Cəlaloğlun narazı salan əsas məqam səfərdə “beşinci kolon” üzvlərinin iştirakı olub.

Öz növbəsində, H. Hacıyev məsələyə aydınlıq gətirib:

“Sərdar Cəlaloğlu ilə avtobusda bir getdik, hətta üz istəyirəm, oteldə də bir nömrədə qaldıq. Sərdar bəy orada çox gözəl iştirak etdi. Onu narazı salan bir sıra məsələlər var idi. Məsələn, rusiyameylli qüvvələr var idi. Bəzi partiya sədrləri rusca danışırdılar, xoşagəlməz fikirlər səsləndirirdilər və s. Sərdar bəy də milliyyətçi bir insandır və ona etirazını bildirdi. Dedi ki, mən “beşinci kolon”un üzvləri, Rusiyanın maşaları ilə bir yerdə şəkil çəkdirmərəm.

Amma Sərdar bəylə şəklimiz var, daha sonra Ədalət Vəliyevlə (Prezident Aparatının şöbə müdiri – red.) partiya sədrlərinin ilə şəkil çəkdirdi.

Məncə, Sərdar bəyin iradı haqlıdır və biz də o irada qoşulmuşuq ki, ölkənin gələcəyində iştirak etməyən, onu aparıb başqa dövlətlərin masalarında görən, habelə paytaxtlarında axtaran insanlarla heç vaxt bir yerdə ola bilmərik. Bu baxımdan, həm Sərdar bəy, həm Pənah bəy, həm də mən iradlarımızı bildirdik ki, bu cür insanlarla bir yerdə olmağımız xalq arasında çaşqınlıq yarada bilər”.

MMP sədri vurğulayıb ki, ideoloji baxımdan bu məsələdə fikir ayrılığı var:

“Düşünürəm ki, indi Rusiyaya meylli olan qüvvələr, eyni zamanda, Azərbaycan dövlətinin qələbəsini qəbul etməyən insanlar çox qısa müddətdə hər şeyi başa düşəcəklər. Hər halda oturuşmuş partiyalar orada olmalı idi. Yoxsa dünən bizdən ayrılan, partiyadan qovduğumuz adamlar bu gün partiya yaradırlarsa və onları da bizə bərabər səfərə gedirlərsə, bu, bizə qarşı düzgün hərəkət deyil, hörmətsizlikdir.

Əlbəttə, oturuşmuş və dövlətçiliyi qoruyan partiyalar var. 30 illər ideoloji baxımdan bu dövlətin yükünü çiyinlərində çəkən partiyalar var ki, onları da bir özü, bir də qovluğu olan insanlarla bir sıraya qoymağın özü də bir növ ədalətsizlikdir.

Onu da deyim ki, Sərdar bəy dövlətini sevən bir insandır, bir yerdə olmuşuq, bir yerdə oturmuşuq, AZƏRTAC-ın çəkdiyi şəkillərin hamısında bu var. Burada bir balaca qısqanclıq da oldu. Əgər mən Binəli Yıldırımla ayaqüstü söhbət edirəmsə, televiziyalarımız bunu çəkib göstərməliydilər, çünki bu, xalq üçün önəmli idi. Yaxud digərləri ilə olan görüşlərimiz.

Mən Hafiz Hacıyev olaraq 30 ildir bu dövləti qoruyub çiynində aparan, ideoloji baxımdan bütün cəbhələrdə bizə qarşı şər-böhtan atan qurumlarla mübarizə aparan bir insan kimi gərək çıxış edəydim, yaxud Pənah bəy və ya Sərdar bəy. Bu, daha çox effekt verə bilərdi. Qısqanclıqdan kənara çəkilmək lazım idi.

Dövlət qucağını açıb, cənab Prezidentin tapşırığı ilə bu işlər gedir, amma bu iş bir az canlanmalıdır. Düşünürəm ki, Allahın köməkliyi ilə Xankəndinin meri kimi, birinci elə özüm çıxış edəcəyəm və bütün partiyalara da orada ofis də verəcəyəm”, - deyə müsahibimiz fikirlərini yekunlaşdırıb.