Rus xalqında xof yaratma planı: Qərb Putini çökdürməyin yolunu tapıb

Rus xalqında xof yaratma planı: Qərb Putini çökdürməyin yolunu tapıb

11 May 2022 15:48
Bəyəndim (0) Bəyənmədim (0)

“Müharibənin gedişatı göstərir ki, “Lend-Liz” qanunu və NATO rəhbərlərinin verdiyi dəstək nəticəsində Ukraynanın gücü hər keçən gün artır, Rusiya-Belarus cütlüyü isə hər keçən gün getdikcə zəifləyir”.

Oxuməni.az xəbər verir ki, bu sözləri ehtiyatda olan polkovnik-leytenant Elxan Şıxəliyev Yenisabah.az-a açıqlamasında deyib.

Hərbi ekspert müharibənin ikinci mərhələsinin Rusiya ərazisinə keçmə ehtimalına rəy bildirib:

“Ukraynanın zirehli texnika və silah-sursatla təminatı bundan sonra asan olacaq. Təbii ki, bu müharibənin uzun və qısamüddətli gedişatında güc balansını dəyişmiş olacaq.

Bilirik ki, güc nisbətində Rusiya hələ də Ukraynadan üstündür. Amma Rusiyanın ehtiyatları tükənir. Amma əməliyyat teatrında bərabərliyin yaranması üçün hücum edən tərəf mütləq dayandırılmalıdır. Hələ ki, bu baş verməyib.

Rusiyanın hücumları müxtəlif istiqamətlərdə baş verir. Bəzi istiqamətlərdə Ukrayna onları dayandırmağa müvəffəq olub. Amma indiki məqamda döyüşlərin Rusiya ərazisinə keçməsi inandırıcı görünməsə də, sonrakı perspektivdə Ukrayna aldığı hərbi dəstək hesabına hədəflərini artıracaq.

Ukraynanın əsas məqsədi 2014-cü ilə qədər olan sərhədlərinə çıxmaqdır. Donetskin, Luqanskın və Krımın Rusiya işğalından azad olunması onların əsas hədəfidir. Rəsmi Kiyevin qeyd etdiyi kimi, həmin ərazilər qeyd-şərtsiz Ukraynaya verilməlidir və danışıq mövzusu deyil”.

E. Şıxəliyev əmindir ki, Ukrayna yalnız bir halda müharibəni Rusiya daxilinə keçə bilər:

“Kiçik dağıntılarla baş verən lokal döyüşlər olacaq. Bunu həyata keçirmək üçün Ukraynanın yetişdirdiyi xüsusi təyinatlı qruplar var. Əgər bu baş versə, müharibə iki istiqamətdə davam edəcək: biri Ukraynanın ərazisində aktiv əməliyyatlarla, digəri Rusiya ərazisində passiv əməliyyatlarla.

Bu təhdid və təhlükə Rusiya üçün davamlı ola bilər. Kreml bundan çox ehtiyat edir. Ukraynanın da məqsədi əməliyyatları qonşu ölkə ərazisinə keçirməklə, Rusiya cəmiyyətində narahatlıq yaratmaqdır. Bu, rus xalqının Ukrayandakı “xüsusi hərbi əməliyyatlar”ı dəstəkləməsi fikrini dəyişdirmək üçün atılan mühüm addımlardan biri ola bilər”.