Azərbaycan 20 Yanvar faciəsini yad edir

Azərbaycan 20 Yanvar faciəsini yad edir

20 Yanvar 2022 09:58
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Azərbaycanda 1990-cı ilin 20 Yanvar hadisələrinin 32-ci ildönümü ilə bağlı tədbirlər keçirilir, anım mərasimləri təşkil olunur.

Oxuməni.az xəbər verir ki, həmin qanlı hadisələr nəticəsində həlak olanların uyuduğu Şəhidlər хiyabanında anım günü ilə bağlı tədbir keçirilir, qərənfillərdən ibarət bir neçə kompozisiyalar düzəldilib.

Daxili İşlər Nazirliyi (DİN) 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı əhaliyə mürəciətində bildirib ki, Şəhidlər хiyabanına ziyarətçilərin hərəkəti xüsusi karantin rejim qaydalarına uyğun olaraq təşkil ediləcək. "Ziyarətçilər mütləq qaydada tibbi maskadan istifadə etməli və sosial məsafəni gözləməli, 10 nəfərdən artıq olmamaqla qrup halında hərəkət etməlidirlər", - DİN bəyan edib.

Sakinlərin Şəhidlər хiyabanına getməsi üçün bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub. Bakı Nəqliyyat Agentliyi bəyan edib ki, cümə axşamı günü Bakıda Parlament prospekti, Şəhidlər хiyabanı, eləcə də ətraf küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, yanvarın 20-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən və birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.

"Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni, Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər хiyabanı istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq dəyişdiriləcək", - Dövlət Yol Polisi İdarəsi bildirib.