“Azərbaycan Brüssel görüşündən imtina edə bilər“ - Şok iddia

“Azərbaycan Brüssel görüşündən imtina edə bilər“ - Şok iddia

8 Dekabr 2021 13:51
123
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın İsveçin paytaxtı Stokholmda nəzərdə tutulan görüşünün baş tutmaması 15 dekabrda keçirilməsi nəzərdə tutulan Brüssel görüşünü də sual altında qoyub.

Oxuməni.az-ın verdiyi xəbərə görə, Azərbaycan Dövlət Televiziyasının (AzTV) siyasi şərhçisi Tofiq Abbasov yenisabah.az-a bildirib ki, iki ölkə başçısının iştirakı ilə keçiirlməsi nəzərdə tutulan Brüssel görüşü, əslində, Ermənistanın xahişi ilə təşkil olunub:

“Hətta mən deyərdim təkidi ilə. Ermənistan rəhbərliyi anlayır ki, bu, Ermənistan üçün uduşlu vəziyyət deyil. Ermənistan müharibəni uduzub, məğlub ölkə kimi artıq qalib Azərbaycanın diktəsi ilə hərəkət etməlidir. Belə şəraitdə qaydaları və normaları qalib tərəf müəyyən edir”.

Politoloq iddia edib ki, Ermənistan yox, Azərbaycan Brüssel görüşündən imtina edə bilər:

“Çünki Azərbaycanın bunun üçün əsasları var. Soçi görüşü nəyə görə idi? Birincisi, noyabrın 8-10-u arasında liderlər görüşməli idi və Ermənistan ciddi cəhdlə çalışdı ki, bu görüşü iflasa uğratsın, odur ki, həmin görüş alınmadı. Amma noyabrın 26-da Soçidə görüş oldu və orada bütün məsələlər həllini tapdı.

Brüssel görüşündən Ermənistan yox, istəsə, Azərbaycan imtina edə bilər. Çünki bu görüş Azərbaycana qətiyyən lazım deyil. Ona görə də, Aİ-nin prezidenti Şarl Mişel hər vəchlə çalışır ki, Ermənistan üçün hər hansı bir şərait yaratsın. Aİ-nin Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində danışıqlar istəyirlər, qoy olsun. Azərbaycan onsuz da qalib vəziyyətdədir və bu şəraitdə, sözün əsl mənasında, özümüzü alicənab bir tərzdə aparırıq. Çünki Ermənistanın şıltaqlıqlarına məhəl qoymuruq, başa düşürük ki, artıq özlərinə gələ bilmirlər. Özlərini yenə də vəziyyətin qalibi kimi aparır, amma bu, kənardan çox gülünc görünür”.

Analitikin sözlərinə görə, Brüssel görüşü heç bir məsələni həll etməyəcək:

“Azərbaycan Prezidenti son günlərdə dedi ki, Ermənistandan Zəngəzur dəhlizinin işə salınması ilə bağlı konkret vaxt gözləyirik. Təbii ki, Brüsseldə ən yaxşı halda tərəflər humanitar məsələlərin həllini müzakirə edəcəklər. Bu da Azərbaycan üçün vacib məsələ deyil”.

“Şarl Mişelin özü Azərbaycana nə deyəcək ki? Mən qəti şəkildə əminəm ki, Brüssel görüşündə Azərbaycan sadəcə formal şəkildə iştirak edəcək”, - deyə siyasi analitik fikirlərini tamamlayıb.