"Qazanılan zəfərdən böyük xoşbəxtlik yaşadım " - Əziz Səncər

"Qazanılan zəfərdən böyük xoşbəxtlik yaşadım " - Əziz Səncər

6 Dekabr 2021 12:14
95
Bəyəndim (0) Bəyənmədim (0)

"Prezident İlham Əliyevlə görüşümüzdə Qarabağ savaşından söz açdıq. ATƏT-in Minsk qrupunun təxminən 30 il davam edən ikiüzlü siyasətinə toxunduq. Onlar 30 il ərzində heç bir addım atmadılar. Minsk qrupunun məqsədi o idi ki, Qarabağ ermənilərdə qalsın".

Oxuməni.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Təhsil və İqtisadiyyat nazirliklərinin dəstəyi və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan UNEC İqtisadi Forumu-2021-də iştirak üçün Bakıya gələn və bu gün mətbuat konfransı keçirən Kimya üzrə Nobel mükafatı laureatı, dünya şöhrətli alim, professor Əziz Səncər deyib.

O qeyd edib ki, Minsk qrupunun planı baş tutmadı və Azərbaycan öz torpaqlarını işğaldan azad etdi: "Görüşdə dedim ki, türk əsilli aliməm. Türk olmanın önəmli yönü də elm sahəsində güclü olmaqdır. Əgər bilikli olmasaq xarici qüvvələrin etdiklərinə qarşı çıxmaq gücümüz olmaz və onların istədiklərini etmək məcburiyyətində qalarıq. Bu fikirlərimi cənab Prezident İlham Əliyev də dəstəklədi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşümdə də eyni fikirləri söyləyirdim. Vurğulayırdım ki, təməl biliklərə hər şeydən əvvəl üstünlük verilməlidir. Texnologiyaların inkişafı da təməl biliklər əsasında düzgün qurula bilər. Bu da türk dünyasına fayda verməkdən başqa, həm də insanlıq qarşısında borcumuzdur".

"44 günlük Vətən müharibəsindən sonra ABŞ-da qarşıdurma olacağından ehtiyat edirdim. Lakin həmin ərəfədə daxili siyasət baxımından başları qarışıq oldu və qarşı çıxa bilmədilər. Əslində qarşı da çıxa bilməzdilər, çünki Azərbaycan öz haqlı səsini ucaldıb torpaqlarını azad etdi. Avropada bəzi hadisələr olub, ancaq onu izləmədim", - o bildirib.

"Türk dünyası bilik və bacarıqların inkişafına nə qədər çox sərmayə yatırsa, nə müharibədə uduzar, nə də qazanılan zəfəri müzakirələr zamanı əldən çıxarar. Son 5 ildir əlimdən gəldiyi qədər bütün türk dövlətlərini ziyarət edirəm, rəsmilərlə görüşürəm və onları elmə böyük sərmayə qoymağa çağırıram" - deyə, Əziz Səncər keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, texnologiyadan əlavə, təməl biliklərə sərmayə qoyulması vacibdir: "Silah və ya digər hərbi texnikaları pulla satın almaq olar. Lakin onlar sıradan çıxsa peşəkar kadr olmasa yarı yolda qalarsınız. Eyni zamanda, tam müstəqil və haqqımızı deyə biləcək səviyyəyə çatmaq üçün təməl biliklərə böyük sərmayə qoyulmalıdır".

***