“Bu məsələdə Rusiya birmənalı şəkildə bizim tərəfdədir” – Tofiq Zülfüqarov

“Bu məsələdə Rusiya birmənalı şəkildə bizim tərəfdədir” – Tofiq Zülfüqarov

3 Dekabr 2021 13:16
Bəyəndim (0) Bəyənmədim (0)

“Mən hesab edirəm ki, dəhlizin yaranmasında Rusiyanın öz maraqları var”.

Oxuməni.az xəbər verir ki, bunu “Yeni Müsavat”a müsahibəsində Azərbaycanın keçmiş xarrici işlər naziri Tofiq Zülfüqarov deyib. O, hesab edir ki, belə olmasaydı, bəlkə də imzalanmış son sənədin bu şəkildə qəbulu çətinliklə qarşılaşardı:

“Bəli, görürük ki, dəhlizin yaranmasında Rusiyanın öz maraqları mövcuddur, bunlar açıq görünən maraqlardır. Yəni Şimal-Cənub dəhlizinin və İranla bağlantısının yaradılması, bəlkə də Gürcüstandan keçməyən Türkiyə ilə bağlantı yaratmaqla bağlı planları mövcuddur.

Baxın, əgər biz 3+3 formatını götürsək, gördük ki, Gürcüstan məhz Rusiyaya görə bu formata qoşulmur. Yəni Gürcüstan bu mövqedədir ki, mən Rusiyanın mallarını öz ərazimdən buraxmaq niyyətində deyiləm, işğalçı ölkə olduğu üçün.

Burada biz digər mövzularda da ikili mövqeni hiss edə bilərik. Amma hesab edirəm ki, dəhliz mövzusunda Rusiya birmənalı şəkildə bizim tərəfdədir. Bəli, bu mövzunun moderatorluğu, danışıqların getməsi, bu mövzudan siyasi dividentləri üçün istifadə etməsi və sair olacaq, bu, normal siyasi gedişlərdir, bunu görməli və başa düşməliyik. Amma yekun məqsəd olaraq Rusiya Zəngəzur dəhlizinin yaranmasını istəyir”.