Gələn il hər hansı bir seçkilərin keçirilməsi nəzərdə tutulmayıb

Gələn il hər hansı bir seçkilərin keçirilməsi nəzərdə tutulmayıb

27 Noyabr 2021 09:47
59
Bəyəndim (0) Bəyənmədim (0)

2022-ci ilin dövlət büdcəsində Azərbaycanda seçkilər üçün 20 milyon manat vəsait ayrılıb.

Oxuməni.az xəbər verir ki, qrafiklə gələn il ölkədə nə prezident, nə parlament, nə də bələdiyyə seçkisi keçiriləcək. Amma 2020-ci ildə keçirilmiş növbədənkənar parlament seçkilərindən sonra 4 dairənin nəticələri ləğv edilib. Millət vəkillərindən Fəttah Heydərov dünyasını dəyişib, Eldəniz Vəliyev isə həbs edilib. Qanunvericiliyə görə, Mərkəzi Seçki Komissiyası boş qalan dairələr üzrə 3 aydan sonra əlavə seçkilər təyin etməli idi. Amma bu müddətdən 1i il 10 ay keçib...

Gələn ilin büdcəsində seçkilər üçün nəzərdə tutulan 20 milyon manat da böyük rəqəmdir. Qeyd edək ki, bir qayda olaraq seçki və referendumlara 35-40 milyon manat vəsait ayrılır. Maraqlıdır, büdcədə sözgedən vəsait hansı məqsədlə ayrılıb? Növbədənkənar hansısa seçki keçirilə bilərmi?

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc redaktor.az saytına bildirib ki, gələn il ölkə miqyasında seçkilərin keçirilməsi ehtimal edilmir: “Büdcə sistemi haqqında qanunvericiliyə əsasən dövlət tərəfindən istənilən mühüm sahələr üçün ayrıca bəndlə müəyyən miqdar vəsait ayrılır. Lakin bu hökumətin vəzifəsi olaraq gerçəkləşdirilir. Yəni, cari ildəki büdcə strukturuna baxsaq görərik ki, eyni miqdarda vəsait orada da öz əksini tapıb. Parlament üzvlərinin Konstitusiya üzrə sayı 125 nəfər olmalıdır. Bununla yanaşı ötən seçkidə müəyyən seçki dairələrində nəticələr qanuni sayılmadığı üçün ləğv edilib və oradan parlament üzvü seçilə bilməyib. Digər tərəfdən, sonradan həyatını itirən həmkarımız oldu. Konstitusiya üzrə hökumət məsuliyyət daşıyır ki, hər bir struktur öz fəaliyyətini tam tərkibdə həyata keçirsin. Ona görə də belə bir vəsait orada qeyd olunub. Dövlətin hazırda qarşıya qoyduğu mühüm vəzifələr sırasında o ərazilər üzrə seçkinin keçirilməsinin nə dərəcədə mümkün olacağı sonrakı qərardan asılı olacaq".

Deputat qeyd edib ki, gələn il boş qalmış seçki dairələri üzrə parlament seçkilərinin keçiriləcəyini əminliklə demək mümkün deyil: "2021-ci ildə bu reallaşdırıla bilmədi. Çünki Vətən müharibəsi və onun nəticələri dövlət qarşısına yetərincə böyük vəzifələr və çağırışlar qoyur. Müxtəlif tələblər, sosial, iqtisadi məsələlərin həlli zərurəti elə bir durum yaratdı ki, konkret ərazilər üzrə boş qalmış yerlərə deputatların seçilməsi mümkün olmadı. 20 milyon manat vəsait ölkə miqyasında seçkilərin keçiriləcəyi ilə bağlı işarə kimi qiymətləndirilə bilməz. Çünki bundan qat-qat daha çox vəsait tələb olunur. Digər tərəfdən, həmin vəsaitin nəzərdə tutulması 2022-ci ilin hansısa tarixində qeyd etdiyimiz ərazilər üzrə seçkilərin keçiriləcəyini hökmlə söyləməyə imkan vermir. Əgər parlament tərkibi çox az olsaydı və nəticə etibarilə Milli Məclisin iclaslarının keçirilməsi qeyri-mümkün olsaydı o zaman bu addım atılardı. Ona görə də yeni parlament seçkiləri üçün heç bir zərurət mövcud deyil. Milli Məclis öz işini uğurla davam etdirməyə çalışır”."AzPolitika.info"