"Əgər vətəndaş müharibənin qızğın nöqtələrində döyüşüb sağ-salamat evinə qayıdıbsa, o da qazidir"

"Əgər vətəndaş müharibənin qızğın nöqtələrində döyüşüb sağ-salamat evinə qayıdıbsa, o da qazidir"

27 Noyabr 2021 09:18
51
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikası Müdafiə Nazirliyi yaralanan döyüşçülərin hamısına bu faktı təsdiqləyən şəhadətnamə verir. Həmin şəhadətnamədə “Azərbaycan Respublikasını müdafiəsi zamanı yaralanmışdır” sözü yazılmış bütün döyüşçülər, əlillik dərəcəsi alsa da, almasa da, qazidir. Çünki onların qanı Vətən torpağına tökülüb. Vətən torpağına qanı tökülən hər bir şəxs qazidir.

Oxuməni.az xəbər verir ki, bunu “Qarabağ qaziləri” ictimai birliyinin mətbuat xidmətinin rəhbəri, qazi, jurnalist Rey Kərimoğlu deyib.

Onun sözlərinə görə, bu adı ilk dəfə Azərbaycan cəmiyyətinə Baş qazi, “Qarabağ qaziləri” ictimai birliyinin mərhum sədri Etimad Əsədov və onun komandası gətirib:

“Onun rəhbərliyi ilə 2001-ci ildə “Qarabağ Qaziləri” İctimai Birliyi yaradılıb. Məqsəd o idi ki, müharibədə yaralanmış, qanı Vətən torpağına tökülmüş şəxslərə qazi deyilsin.

Hazırda müharibədə iştirak edənlərin sənədinə rəsmi olaraq belə yazılır: Şəhid olubsa, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşdə şəhid olub”, yaralanıbsa, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanıb”, iştirakçısında isə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib”. Yəni, məsələ bu qədər dəqiqdir. Sadəcə olaraq biz təşkilat olaraq müharibədə yaralananlara o vaxt qazi adını gətirdik. Hazırda konkret olaraq qanunda “qazi” və “Qarabağ əlili” anlayışı yoxdur. Bəziləri sözün etimologiyasını, bəziləri sözün islamda, dildə istifadəsinə uyğun, bəziləri isə Türkiyədə istifadəsinə uyğun münasibət bildirir”.

Məsələyə münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov qeyd edib ki, təəssüflər olsun müqəddəs saydığımız qazi anlayışında hələ də çaşqınlıq var:

“Əlbəttə ki, bilavasitə döyüşlərdə iştirak edib, xüsusi rəşadət, qəhrəmanlıq göstərmiş əsgər və zabitlər yaralandıqdan sonra qazi sayılmalıdır. Amma bu gün qazi adından su-istifadə edənlər də var. Halbuki həmin şəxslər bir gün olsun döyüş əməliyyatlarında iştirak etməyib, sadəcə ehtiyatda olub".Bakupost

Hərbi ekspert bildirib ki, həqiqi döyüş iştirakçıları daha çox susmağa üstünlük verirlər:

“Sonuncu müharibədən 1 il, 2016-cı il aprel döyüşlərindən isə 5 il keçib, hələ də "müharibə veteranı" məsələsi həll olunmayıb. Bilən bilir, bilməyən isə ƏƏSMN-nə hücum edir. Halbuki əsgər və çavuşlarla bağlı məsələ sırf Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətlərinin rayon və şəhər şöbələrinin, idarələrinin üzərinə düşür. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış şəxslər, yəni qazilərlə, müharibədə iştirak etməyənlər ayırd edilməlidir. Qazi və müharibə iştirakçıları ilə bağlı məsələyə tez bir zamanda aydınlıq gətirilməlidir. Yoxsa insanlar arasında çaşqınlıq arta bilər.

Onu da qeyd edim ki, əgər vətəndaş müharibənin qızğın nöqtələrində döyüşüb sağ-salamat evinə qayıdıbsa, o da qazidir. Baxın nə qədər insan Vətən Müharibəsində aktiv döyüşlərdə iştirak edib, amma yaralanmayıb. İndi onlar yaralanmayıbsa, bu onların "günahı"dır? Biz onları da dəyərləndirməliyik. Onlar da əsl qazi sayılırlar. Müharibədə odun-alovun içində olublar. Bizdə qazini elə başa düşürlər ki, ya ayağı, ya qolu olmamalıdır. Bu, düzgün yanaşma deyil. Türkiyədə hərbi geyimdə küçədə gəzənləri görməzsiz. Orada müharibə iştirakçıları və qazilərin hər birinin fərqləndirici geyimləri var. Yəni, geyimlə onlar fərqlənirlər. Amma bizdə yaşlı da, cavan da əyninə formanı geyinir və hansısa bir qeyri-hökumət təşkilatının medalından taxıb gəzir. Belə şeylər olmaz. Bunlar tez bir zamanda öz həllini tapmalıdır”.