Araikin axırı necə olacaq? - - “Bakıya gətirib...“

Araikin axırı necə olacaq? - - “Bakıya gətirib...“

19 Noyabr 2021 16:35
Bəyəndim (0) Bəyənmədim (0)

Erməni separatçıların başçısı Araik Arutyunyan 2020-ci ildən beynəlxalq axtarışa verilib. Lakin hələ də qanunsuz fəaliyyətini davam etdirir. Maraqlıdır, Araikin qanun qarşısında cavab verməsi nə zaman təmin olunacaq?

Oxuməni.az-ın verdiyi xəbərə görə, Demokratiya və insan hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verib. O, Araikin müharibə dövründə çoxsaylı cinayətlər törətdiyini vurğulayıb:

“Separatizm beynəlxalq hüquq normaları ilə qadağan olunmuş cinayətkar fəaliyyət formasıdır. Eyni zamanda, separatizm baş verən ölkənin daxili qanunları ilə qadağan olunan və cəzalandırılan hərəkətdir.

Araik Arutyunyan uzun müddətdir ki, Azərbaycan Respublikasının ərazisi olan Qarabağ bölgəsində erməni separatçılarına rəhbərlik edir. Atəşkəs dövründə onun separatist hərəkətləri hüquq-mühafizə orqanları tərəfindən qeydə alınsa da barəsində ciddi axtarışın verilməsi, və ya cinayət işinin ümumiləşdirilməsi ləngiyirdi. Lakin İkinci Qarabağ müharibəsi dövründə erməni separatçıların başçısı Araik Ermənistanın siyasi və hərbi hakimiyyəti ilə birlikdə Azərbaycan xalqına qarşı bir çox cinayətlər törətdi. Araik müharibə zamanı Azərbaycan ərazilərinin, yəni Gəncə, Bərdə və Tərtəri bombalamaq əmri verdiyini dəfələrlə etiraf edib.

O, müharibə qaydalarının pozulması, separatizmin formalaşması və bir çox cinayətlərin başçısı olduğun görə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham edilərək, həbsli axtarışa verilib. Lakin sanki bütün dünya Ermənistana qucaq açıb və onların cinayətlərini görmək istəmir. Araik 2020-ci ildə beynəlxalq axtarışa verildikdən sonra İnterpolun üzvü olan Rusiyaya səfər edib, onun qarşılanması həyata keçirilib və o, yenidən Ermənistana qayıdıb. Araikin səfəri zamanı Rusiya cinayət əməllərinin təsdiqini özündə formalaşdıran sənədləri Azərbaycan prokurorluğunun beynəlxalq əlaqələr idarəsindən istəməli, həmin sənədlərin axtarışı zamanı isə Araiki həbsdə saxlamalı idi. Lakin bu proses baş vermədi”.

Çingiz Qənizadə Araik Arutyunyan başqa cinayətkarların da axtarışda olduğunu qeyd edib:

“Ermənistanın digər siyasiləri barəsində də Azərbaycan prokurorluğu tərəfindən həbsli axtarışlar var. Müvafiq beyəlxalq təşkilatlara, İnterpol və s. ünvanlanıb. Lakin bu günə qədər beynəlxalq təşkilatlar üzərinə düşən öhdəlikləri yerinə yetirə bilmir. İnterpola üzv olan ölkələr üzərilərinə düşən öhdəlikləri yerinə yetirməlidir.

Bu gün Araik Arutyunyanla bağlı həbsin reallaşması olduqca çətindir. Azıərbaycanın xüsusi xidmət orqanları antiterror əməliyyatı keçirsə, Araik Bakıya gətirilərək barəsində qaldırılan cinayət işinin istintaqı davam etdiriləcək. Onu Ermənistan və ya Moskvadan tutub gətirməyimiz təbii ki, qeyri-mümkündür.

Səbəb bilirsinizmi nədir? Bu gün beynəlxalq hüquq işləmir. Bəzi dövlətlər beynəlxalq hüuquqdan özlərinin siyasi maraqları üçün istifadə edirlər. Güclü dövlətlər üçün beynəlxalq hüquq işləyir, digər dövlətlər isə bir kənarda qalır. Buna görə də, dünyada beynəlxalq hüquq və beynəlxalq təşkilatların imicinin düşməsini görürük.

Hər hansı bir sənədə imza atan dövlətlər həmin sənədin tərkibində olan tələblərin hamısını yerinə yetirməlidir. Biz üzərimizə düşən bütün hüquqi vəzifələri yerinə yetirmişik və cinayətkarlar axtarışa verilib. Lakin buna zaman lazımdır. Müəyyən illər gözlədik ki, Qarabağı ermənilərdən azad edək. Bu cinayətkarlar da gec-tez öz cəzasını çəkəcək. Beynəlxalq təşkilatlar və dünya dövlətləri Qarabağda yaranmış yeni reallığı görürlər”.