“Bu məsələdə birbaşa günahkar Təhsil Nazirliyidir!“ - Sərt ittiham

“Bu məsələdə birbaşa günahkar Təhsil Nazirliyidir!“ - Sərt ittiham

22 Oktyabr 11:20
155
Bəyəndim (0) Bəyənmədim (0)

Artıq iki ildir ki, koronavirus səbəbindən bütün dünya distant təhsilə keçib. Son günlər yoluxma sayının yenidən artması, məktəb və universitetlərdə yoluxma aşkarlanması tədrisin yenidən distanta qayıdacağına işarədir.

Lakin heç kim onlayn təhsildən razı deyil. Həm tələbələr, həm də şagirdlər heç nə öyrənə bilmədiklərini deyirlər.

Maraqlıdır ki, nəyə görə iki ildir onlayn təhsildən heç bir effekt ala bilmirik? Bunun günahı müəllimlərdə, yoxsa şagirdlərdədir? Yoxsa, effektiv onlayn təhsil sistemi qura bilməmişik?

Oxuməni.az-ın verdiyi xəbərə görə, təhsil eksperti Elçin Əfəndi məsələ ilə bağlı Yenisabah.az-a bildirib ki, yenidən distant təhsilə keçid edilə bilər:

“Pandemiya ilə əlaqədar bütün dünyada onlayn-distant təhsil bərqərar olub. Hazırda dərslər ənənəvi formada davam etsə də gündəlik yoluxma sayının artması, eyni zamanda vətəndaşların vaksinasiya prosesinə biganə yanaşması səbəbindən yoluxma artır və gözlənilir ki, yenidən distant təhsilə keçid edilsin.

Dərslər ənənəvi qayda da həyata keçirilir, lakin qabaqlayıcı tədbirlər yoluxmanın qarşısını almasa, yəqin ki, təhsilin müxtəlif pillələri üzrə qapadılmaya gediləcək”.

Ekspert Azərbaycanda onlayn təhsil bazası olmadığını vurğulayıb:

“Biz 5-10 il öncə distant təhsil sistemini bərqərar etməmişik. Baza olmadığı üçün müəyyən çətinliklər yaranır. Burada nə müəllimlər, nə də şagirdlər günahkardır. Bu məsələdə birbaşa Təhsil Nazirliyi və aidiyyatı strukturlar günahkardır.

İnternet şəbəkəsinin bütün ölkə üzrə bərabər paylanması, hər kəsin internetə çıxış imkanı, texnoloji avadanlıqların olması vacibdir ki, tələbə və şagirdlər distant təhsildən nə isə əldə edə bilsinlər. Bunlar olmadığı üçün həm müəllimlər, həm də şagirdlər çətinlik çəkir.

Yenidən distant təhsilə geri dönsək, müəyyən islahatlar aparmaq, layihələr həyata keçirmək lazım olacaq ki, təhsilin əl çatanlığı tam təmin olunmasa da 85-90% təmin olunsun. Belə olduğu halda bəlkə gənclərin gələcəyi ilə bağlı nikbin fikir irəli sürə bilərik, əks halda bu mümkün olmayacaq”.