Allahın varlığını riyazi yolla sübut edən alim: "Mən molla deyiləm" - Şok sözlər

Allahın varlığını riyazi yolla sübut edən alim: "Mən molla deyiləm" - Şok sözlər

12 Oktyabr 2021 16:57
Bəyəndim (0) Bəyənmədim (0)

“Allahın varlığının riyazi isbatı” məqaləsinin müəllifiyəm və bu məqalə Rusiyanın “Fəlsəfə” jurnalında dərc olunub. Onlarla alim bu isbatıma rəy verib və bu ideyamın mükafatlandırılmasını istəyiblər.

Oxuməni.az xəbər verir ki, bu sözləri professor, əməkdar elm xadimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov Teleqraf.com-a açıqlamasında deyib.

O, Allahın varlığının dəlillərini şərh edib.

Professor bildirib ki, dünyaya fərqli baxışlar var: “Səmavi dinlərdə Allahın varlığı müzakirə olunmur, mütləq qəbul olunur. İslamda, xristianlıqda, həmçinin yəhudilikdə də belədir. Ateist baxışda isə Allahın varlığı qəbul olunmur və düşünürlər ki, bizim yer həyatımızda Allaha ehtiyacımız yoxdur. Biz yüz illərlə dində, 70 il ateist dövründə yaşamışıq. Əgər bu bizim cəmiyyət üçün problemdirsə, təəssüf edirəm.

Aqnostik baxış yaradanı qəbul edir, amma isbat edə bilmir. Ateistlər isə Allahı inkar edir, amma isbat edə bilmir. Bu, bəşəri və daimi bir problemdir. Həmişə aktualdır. Cəmiyyətimizin bundan xəbəri yoxdursa və biz bu dünyaya niyə gəlmişik sualına cavab axtarmırıqsa, buna təəssüf edirəm”.

Şahlar Əsgərovun qənaətincə, Nobel mükafatı almış alimlərin çoxu Allahın varlığına inanır: “Təbii ki, Nobel mükafatı almış, amma Allaha inanmayan nobelçilər də az deyil. Allahın varlığını elmi surətdə isbat etmək həmişə aktual olub. Ona görə mən də təhsil sahəsindən gəlib Allahın varlığına çıxdım. Necə?

Təqribən 2000-ci illərdə Azərbaycanda biliyin qiymətləndirilməsinin 9 ballıq şkalası tətbiq olundu. O zaman YAP üzvü kimi Milli Məclisin Elm və təhsil komitəsində təmsil olunurdum. Bu 9 ballıq qiymətləndirmə şkalası çıxanda təəccübləndim. Bu şkala Misir Mərdanovun təhsil naziri olduğu dövrdə qəbul olunmuşdu. Bu qiymətləndirmə 6 rayonda 2 il davam etdi. O vaxtı müəllim olan deputatlardan, eləcə də mütəxəssislərdən soruşdum ki, 9 ballıq qiymətləndirmə şkalası nədir? Gördüm ki, bu sahədə boşluq var.

Tutaq ki, müəllim tələbəyə və ya şagirdə 4 və ya 5 verir. Bu, nə deməkdir? Başladım biliyin qiymətləndirməsinin fəlsəfəsini araşdırdmağa. Belə bir nəticəyə gəldim ki, qiymət -bildiyimizin bilməli olduğumuza nisbətinin faiz göstəricisinin rəqəmlərlə ifadəsidir. Bu tərif indi çoxları tərəfindən qəbul olunur. Başqa sözlə, tutaq ki, 1 stəkan su var, hamısını içsən, 5 alacaqsan. O suyun 80 faizini içirsən, 20 faizi qalır. Deməli, qarşıya qoyulan məqsədə 4-lə cavab verirsən. Tam içsəydin, qiymətin 5 olacaqdı. Yəni, bildiyinizin bilməli olduğunuza ( etdiyinizin etməli olduğunuza) nisbətinin faiz göstəricisinin rəqəmlərlə ifadəsi qiymətdir.

Bu məqaləni 1850-ci illərdən çıxan, SSRİ məkanında ən qədim pedaqoji jurnal sayılan “Narodnaya obrazovaniya” jurnalında dərc etdirdim (№1, səh 141,2004). Bununla da 9 ballıq qiymətləndirmənin gərəksiz bir şkala olduğunu sübut olundu. Çünki şkala 9 ballı olanda bildiyinin bilmədiyinə olan nisbətini 9-a görə hesablamalısan. Amma bu işin asan olması üçün şkalalar 10, 20, 50 və ya 100 ola bilər. Ancaq 9, 11, 13 və bunun kimi olmamalıdır. Yəni şagird tam biləndə 10 bal, 80 faiz biləndə 8, 60 faiz bilirsə, 6 alır. Amma 9-un 80 faizinin nə qədər olmasını bilmək müəllim üçün əməlli-başlı çətindir. Müəllim üçün qiymət vermək bir, onu hesablamaq ikinci problemdir. Mənim "Exo" qəzetində “Axmaqlığın üstünlüyü ondadır ki, tez büruzə verir, üzə çıxır” adlı məqaləm çıxandan sonra nazir bu şkalanı ləğv etdi.

“Allahın varlığı" məqaləsini işləyəndə gördüm ki, min illərdir qiymətin klassik meyarı “bildiyimizin bilməli olduğumuza nisbəti” qüsurlu yanaşmadır və təklif etdim ki, kriteriya kimi bildiyimizin bilmədiyimizə nisbətini götürək.

Bu kriteriyanın patentini aldım. İndiyə qədər bildiyimizin bilməli olduğumuz nisbəti deyirdiksə, indi bildiyimizin bilmədiyimizə nisbəti deyirik. Tutaq ki, 100 səhifəlik kitabı oxudun. Oxumadığın səhifə “0”dır. 100-ün “0” nisbəti sonsuz olar. Yəni bu kitab haqda sonsuz biliyə maliksən. Bildiyinin bilmədiyinə nisbəti sonsuz alınır. Çünki bildiyini sıfıra böləndə sonsuz alınır.

Belə yanaşma olanda, onda sənin biliyin artdıqca mənimsəmən artır. Qurani-Kərimdə “Allah hər şeyi biləndir və hər şeyi görəndir” ayəsi çox yerdə var. Bir halda ki, Allah hər şeyi biləndir və hər şeyi görəndir, deməli, onun bildiyinin bilmədiyinə nisbəti sonsuzdur. Deməli, Allahın biliyi sonsuzdur. Burada da Allahın varlığının riyazi isbatına gəldim. Yəni bu nəticəyə biliyin qiymətləndirilməsindən gəldim, mollalıqdan, münəccimlikdən yox.

Tutaq ki, fizika fənnindən bildiyimin bilmədiyimə nisbəti 60 faizdir. Gedib 1 ilik kurs bitirirəm 60 faizi 65 faiz edirəm. Daha sonra 5-10 aspirant götürüb yetişdirirəm, bu 65-i 75 faiz edirəm. Yaş 80-90-nı ötəndən sonra sonsuzluğa gedib çıxa bilmirəm, dünyadan köçürəm. Mənim kimi də yerdə qalanlar. İdeyama görə, Allah sonsuzluğa qədər yaşadığına görə onun sonsuz biliyi ola bilər. Allahın varlığının riyazi isbatı da belə yarandı”.

Alim deyir ki, elmi məqalələrinin rus mətbuatında dərc olunması bu dildə oxucuların çox olmasından qaynaqlanır:

“Bu məqalələr tək rus dilində yox, Azərbaycan dilində də dərc olunub. Rus dilinin üstünlüyü oxucuların və məqaləni oxuyub elmi müzakirə edən adamların sayının çox olmasıdır. Bu məqaləni Azərbaycan dilində də çap elətdirdim, amma müzakirə getmədi. Çünki onu dərk edən, ona reaksiya verən olmadı. Çox təəssüf ki, vaxtında bu məqaləni ingilis dilində çap etdirmədim.

Azərbaycanda “Allahın varlığının riyazi isbatı” məqaləsi publisistik müzakirə olundu. Amma alim üçün publisistik yox, elmi müzakirə lazımdır. Bu məqaləyə elm adamı söz deməlidir. Bu məqaləni 2011-ci ildə yazmışam, Azərbaycan dilində də çap olunub, amma indi müzakirə olunur. Məhdud biliklə qlobal nəticə çıxartmaq olmur. Məni kütlənin biliyi maraqlandırmır, çünki onların səviyyəsi məlumdur. Mən alimlərin səviyyəsində reaksiya istəyirdim, onu da almışam”.

Bəs Allah haradadır?

“Qurani-Kərimdə var ki, Allah nə doğub, nə doğulub. Allahın qapısına kimi getdim, amma qapını aça bilmədim, Onu görə bilmədim. Mən din adamı deyiləm. Bəzi məsələləri İlahiyyat İnstitutunun müəllimləri ilə müzakirə etmışəm. Bir halda ki, bizim hər birimiz üçün bildiyimizin bilmədiyimizə nisbəti sonludur. Bu nisbət Allah üçün sonsuzdur. Beləliklə biliyin qiymətləndirməsindən Allahın varlığına gəlib çıxdım. Yəni pedaqoji elmdən belə bir ilahi nəticəyə gəlmişəm”- deyə, professor fikirlərini ifadə edib.