“Qarabağdakı hərbiçilər Paşinyanı aldadıblar” – Baş nazirə saxta xəritə verilib

“Qarabağdakı hərbiçilər Paşinyanı aldadıblar” – Baş nazirə saxta xəritə verilib

24 Sentyabr 2021 12:30
Bəyəndim (0) Bəyənmədim (0)

“Ermənistan dəqiq mina xəritələrini Azərbaycana verməkdən imtina edir. Ermənistanın üç rayon üzrə təqdim etməyə məcbur olduğu mina xəritələrinin dəqiqliyi 25 %-dir. Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş ərazilərimiz üzrə dəqiq mina xəritələrini bizə təqdim etsin”.

Oxuməni.az xəbər verir ki, bu sözləri, ötən gün BMT Baş Assambleyasının 76-cı sessiyasında Prezident İlham Əliyev söyləyib.

Bununla yanaşı müşahidəçilərin fikrinə görə Ermənistan tərəfinin yanlış xəritələr verməsinin tək səbəbi var: Onlarda mina xəritəsi yoxdur.

Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən politoloq Elçin Mirzəbəyli qeyd edib ki, o ərazilərdə basdırılan minalardan heç Ermənistan rəhbərliyinin xəbəri olmayıb. Bu, orada vaxtı ilə özbaşınalıq edən hərbi komandanlığın işləridir:

“Əvvəla mina xəritələri ki, Azərbaycan tərəfinə təqdim edilib, o xəritələrin əhəmiyyətli hissəsinin yanlış olması təsdiqləyir ki, Ermənistanda bütövlükdə hərbi sistemdə özbaşınalıq olub. Mahiyyət etibariylə nəinki həmin o mina xəritələrinin, ümumiyyətlə həmin ərrazilərdə nə qədər mina basdırılması haqqında Ermənistan rəhbərliyinin xəbəri yoxdur.”

Politoloqun sözlərinə görə bu məsələ o vaxtı minaları bizim ərazilərə basdıran keçmiş komandanlıqla indiki Ermənistan rəhbərliyi arasında olan kəskin münasibətlərdən qaynaqlana bilər:

“Və yaxud da hərbçilər, hansılar ki, Serj Sarkisyan və Robert Koçaryanın nəzarəti altında olublar. Həmin hərbi qulluqçular bu yolla indiki Ermənistan hakimiyyətini sabotaj edərək, bundan sonrakı sülh proseslərinə məqsədyönlü şəkildə maneə yarada bilərlər. Bütün hallarda ərazilərimizdə basdırılmış minaların məsuliyyəti Ermənistanın üzərinə düşür. Xəritələrin dəqiq olub-olmaması Azərbaycan tərəfinin məsuliyyətinə daxil olan məsələ deyil. Bu proses işğal dövründə baş verib. Digər amillər də ondan ibarətdir ki, Azərbaycanın vaxtilə işğal altında olan əraziləri utilizasiya prosesinin həyata keçirildiyi ərazilər kimi istifadə olunub.

Məlum olduğu kimi bir zamanlar Ermənistanda mina zavodu fəaliyyət göstərib. Bununla yanaşı ermənilər, çoxsaylı olaraq minaları uzun müddət ərzində Rusiyadan alıblar. Müəyyən müddətdən sonra minaların saxlanılma prosesi başa çatır. Həmin o müddət başa çatdıqdan sonra o minaların utilizasiya prosesi getməlidir, amma utilizasiya çoxlu xərc aparır. Çox güman ki, ermənilərə verilən o pulsuz silah-sursatın içərisində minalar xüsusilə yer tutur və həmin o minalar da necə gəldisə Azərbaycan ərazilərinə basdırılıb, bu prosesə isə hər hansı bir formada nəzarət olmayıb”.

Siyasi analitik düşünür ki, bu sadalanan ehtimallardan biridir. O ki qaldı, komandanlığa, onlar mina xəritələrinin guya dəqiq olması ilə bağlı rəhbərliyə yalan məlumat verə bilərlər:

“Çünki məlum olduğu kimi, Ermənistanın hərbi-siyasi rəhbərliyi, mina xəritələrini Azərbaycana yalnız vasitəçilərin iştirakı ilə verib. Bu həm də vasitəçilərin qarşısında məsuliyyət daşıyır. Həmin xəritələr əgər dəqiq deyilsə, bu vasitəçilərin də aldadılması anlamına gəlir. Burada müəyyən bir ehtimal yarana bilər ki, Nikol Paşinyanın komandanlığı altında olan hərbi rəhbərlik, baş nazirə yalan məlumatlar verir və yaxud da daha öncə qeyd etdiyim kimi, həmin ərazilərdə minalar, necə gəlib basdırılıb və utilizasiya prosesi həyata keçirilib. Ermənistanın rəhbərliyinin isə bundan ümumiyyətlə xəbəri olmayıb” – deyə Elçin Mirzəbəyli fikrini tamamlayıb.