Məmurlar həbsə düşən kimi niyə xəstələnir? – “Öləcəksə, qoy elə içərdə ölsün…”

Məmurlar həbsə düşən kimi niyə xəstələnir? – “Öləcəksə, qoy elə içərdə ölsün…”

15 Sentyabr 2021 13:07
Bəyəndim (0) Bəyənmədim (1)

Ötən günlərdə Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev həbsxanada koronavirusdan dün yasını dəyişdi. Bu gün isə Yevlaxın istintaq altında olan keçmiş icra başçısı Qoca Səmədov səhhətindəki problemlər səbəbilə ev dustaqlığına buraxıldı. Biləsuvarın sabiq rəhbəri Mahir Quliyev də məhbəsdə ağır xəstəliklə mübarizə aparan məmurlardan biridir.

Maraqlıdır, məmurlar həbsxanaya düşən kimi niyə xəstələnirlər?

Oxunəni.az-ın verdiyi xəbərə görə, mövzu barədə Yenisabah.az-a danışan Ağ Partiyanın sədri Tural Abbaslı ilk əvvəl onu qeyd edib ki, nazirlər, icra başçıları və digər vəzifəli şəxsləri əvvəldən orta statistik Azərbaycan vətəndaşının yaşadığı şərtlər altında yaşamağa məcbur etmək elə onları həbsxanaya atmaq kimi bir şeydir:

“Bunu etsək, həmin həyat tərzinə dözməyib dünyasını dəyişəcəklər. Onlar o qədər Azərbaycan xalqından, millətinin yaşayış tərzindən uzaqlaşırlar ki, bizim üçün komfort sayıla biləcək şərait onlar üçün zülm olur. Ona görə də böyük əksəriyyəti həbsxanaya düşəndə müxtəlif xəstəliklər baş qaldırır.

Mən Kürdəxanıda da, cəzaçəkmə müəssisələrində də olmuşam. Əgər pulun varsa, həyatını normal davam etdirə bilirsən. Biz içəridə kiçik məmurların normal yaşadığını görmüşük. Amma bir çox məmur da o qədər komfortlu həyat tərzinə sahib olur ki, pulu olsa da, uyğunlaşa bilmir. Bir qisim bu cürdür, digər qisim isə dələduzluqla məşğuldur.

Məsələn, Nizaməddin Quliyevin həbsxanada vəfat etməsindən sui-istifadə edərək xəstəliklərini gündəmə gətirirlər. Dolayı yolla iqtidarı şantaj edirlər, fakt qabağında qoyurlar ki, onlar da ölə bilərlər, buna görə də şərti də olsa azadlığa buraxılsınlar. Bu isə əsl sui-istifadədir”.

Siyasətçi hesab edir ki, korrupsiya səbəbilə həbs edilən məmurlar qəti şəkildə ev dustaqlığına buraxılmalıdır:

“Çünki onlar dövlətə, millətə xəyanət ediblər. Adi oğurluq edəni şərti azadlığa buraxmaq olar, o, sadəcə bir vətəndaşın haqqına girib, amma bu məmurlar on miyonun haqqına girib, dövlətin inkişafını sabotaj edib. Sovet dövründə bu kimi addımları bir çox hallarda vətənə xəyanət kimi qiymətləndirirdilər və cəzası güllələnmə idi.

Amma bizdə təsadüfən qəza törədən adi vətəndaşlar tutulub 3-5 il həbs yatırlar. Bunlar isə milyonlarla pul yedikləri halda, həbsxanada bir il də qalmırlar. Övladları, nəvələri maşınla üç-dörd adam vurub öldürür, heç bir ay belə həbs yatmır. Belə olmaz. Yüngülləşdirici hallar nəzərə alınmamalıdır. Çünki bunlar həm də nümunə, görkdür.

Dünən Prezident təyin elədiyi icra başçılarına barmaq silkələyir ki, siz də cinayət törədib korrupsiyaya bulaşsanız, biz sizi cəzalandıracağıq. Onlara xəbərdarlıq edir. Amma bu gün Prezidentə tabe digər orqanlar cəzalandırılanların cəzasını yüngülləşdirirlər.

Təzə vəzifəyə gələn icra başçısı belə olanda nə düşünəcək? Düşünəcək ki, sabah həbs olunacam, uzağı bir il sonra şərti azadlığa çıxacam, oğurladıqlarımı da rahat xərcləyəcəm. Ona görə də korrupsiya, rüşvət, dövlət vəzifəsindən sui-istifadə halları səbəbilə həbs edilənlərlə bağlı qətiyyən yüngülləşdirici hallar tətbiq olunmamalıdır.

Öləcəksə, qoy elə içərdə ölsün, orada ölən digər məhbuslardan heç bir fərqli yoxdur. Bu, digər məmurlara, vəzifəli şəxslərə də görk olar. Zalıma mərhəmət məzluma zülmdür. Azərbaycan həbsxanalarında mərhəmətə ehtiyacı olan minlərlə insan var. İki-üç min manata görə, illərdir həbsxanada olanlar var, onlara mərhəmət etmək lazımdır. Çöldə ailələri başsız qalan, 20-25 il həbsdə yatan şəxsləri əfv edilməlidir. Yeyib-dağıdan, bir rayonun 70 min əhalisini beli üstə qoyan məmur iki il həbsxanada qaldıqdan sonra ürəyində xəstəlik var deyə azadlığa buraxılmalı deyil. Xəstəliyini korrupsiya ilə məşğul olanda düşünməliydi ki, həbsxanada o ölə bilər. Düşünməyiblərsə, cəzalarını çəksinlər”.