Məşhur tarixçi alim Dilavər Əzimlini həkimlər öldürüb? Şok faktlar

Məşhur tarixçi alim Dilavər Əzimlini həkimlər öldürüb? Şok faktlar

8 Sentyabr 2021 10:27
Bəyəndim (1) Bəyənmədim (0)

Ədalətin baş tutmasına köklənmişəm və həkimlərdən fərqli olaraq sonadək getməyi qərarlaşdırmışam-ARZU QAZIYEVA

Şəkillərdə gördüyünüz qalın qovluq AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent, ADPU-nun Azərbaycan tarixi kafedrasının müəllimi, CİEPO-nun (Beynəlxalq Osmanlı Öncəsi və Osmanlı Dövrü Araşdırmaları Komitəsi) üzvü, “Dünya Uyğarlığı içərisində Türk uyğarlığı” Beynəlxalq Türk Qurumunun İdarə Heyətinin Azərbaycan təmsilçisi, Bütöv Azərbaycan Ocaqlarının sədr müavini və sözçüsü Əzimli Dilavər Mirzəkişi oğlunun 472 səhifəlik xəstəlik tarixidir – 30 dekabr 2020-ci il tarixindən 02 mart 2021-ci il tarixinədək.

Vəkil sorğusu ilə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Hospitalından almışıq – həyatının son aylarını əhatə edir. 30 dekabr 2020-ci il tarixindən 02 mart 2021-ci il tarixinədək Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Hospitalının korpus 19, palata 1, korpus 13, zal 4 və zal 2 məkanlarında nələr baş vermişdir?

Əzimli Dilavər Mirzəkişi oğlunun FHN-nin modul tipli xəstəxanasından vəkil sorğusu ilə alınmış xəstəlik tarixinə daxil olan laborator qan analizlərinin, dərman təyinatı və həkim gündəliyinin təhlilinə əsasən, Əzimli Dilavər Mirzəkişi oğlu xəstəxanaya qəbul olunduğu ilk 5 gün ərzində protokol qaydalarından kənara çıxılaraq heç bir antikoaqulyasion müalicə almamışdır.

Halbuki, damardaxili trombozun inkişafının qarşısının alan adekvat antikoaqulyasion müalicə patogenik müalicənin əsasını təşkil edir. Xəstəxanada müalicənin ilk günlərində qızıl vaxt itirildiyindən nəticədə, xəstənin vəziyyəti ağırlaşmışdır. Antikoaqulyasion müalicə almayan xəstə yalnız həcmi gündə 3 dəfə 20 litrədək artırılmaqla oksigen dəstəyi almaqla kifayətləndirilmişdir ki, bu da fayda verməmişdir, əksinə, ağ ciyərlərə düşən güclü təzyiq ciyərlərin sağlam alveollarmm da sıradan çıxmasına gətirmişdir.

Bununla da xəstənin ölümə aparılmasının təməli qoyulmuşdur. Bundan əlavə, xəstəlik tarixindəki digər qeyddə xəstəyə mərkəzi vena qoyulması üçün femoral venopunksiya apararkən həkim Parvaz qaydı damara yerləşdirə bilməyib, nəticədə, saturasiya kəskin aşağı düşüb 40-45%. Bu fakt onsuz da durumu ağırlaşmış xəstənin vəziyyətinin kritikləşməsində mühüm rol oynamışdır. İki gündən sonra isə gecə saat 03.00-da 8 gün ərzində ağ ciyərlərinin ikisi də 100% zədələnmiş halda təcili EKMO-ya qoyulmuşdur. Xəstəlik tarixinə görə, xəstəxanaya daxil olduğu ilk 8 gün müddətində 44 adda dərman preparatı istifadə olunmuşdur.

Bu sayda müalicə təyinatına baxmayaraq, xəstənin vəziyyətinin yaxşılaşması əvəzinə getdikcə pisləşməsi müalicənin əsaslı, sistemli, kompleks və ardıcıl aparılmamasını göstərir. Nəticədə: Əzimli Dilavər Mirzəkişi oğlunun müalicə prosesinin adekvat olmaması, damardaxili tormbozların inkişafının qarşısının vaxtında alınmaması, həmçinin femoral venopunksiya zamanı baş verən yatrogen hal (həkimin ehtiyatsızlığı, savadsızlığı, səriştəsizliyi, səhlənkarlığı ucbatından xəstənin səhhətinə əlavə vurulmuş ziyanın) orqanizmdə viremiyanm artmasına, DIC inkişafına, həyati vacib orqanlarda geridönməz proseslərin yaranmasına və nəticədə ölümə gətirib çıxarmışdır.

Bundan əlavə xəstəlik tarixində məlumatların saxtalaşdırılması və gizlədilməsi, müalicə prosesində baş vermiş digər səhlənkarlıqlar da öz əksini tapmışdır. Və sonda, fevral ayınıdan başlanan mənfi dinamika fonunda dərman təyinatının azaldılması belə qənaətə gətirir ki, həkimlər xəstəni “ümidsiz xəstələr” siyahısına salaraq qətiyyətli mübarizədən əl çəkmişlər.

Beləliklə, Əzimli Dilavər Mirzəkişi oğlunun həyata vida etməsinə xəstənin həyatı üçün deyil, həkim peşəsinə layiq olmayan, korporativ maraqlara söykənən, qeyri-insani, cinayətkar davranışlar səbəb olmuşdur.

Qeyd: Əzimli Dilavər Mirzəkişi oğlunun həyata vida etməsinin səbəbi xəstəxanadan verilən epikrizdə də dolayısı ilə etiraf edilmişdir:

“Aparılan bütün tədbirlərə ƏSASƏN xəstənin vəziyyəti pisləşməyə davam etmişdir”.

Mən, Qazıyeva-Əzimova Arzu Əliyar qızı həyat yoldaşım Əzimli Dilavər Mirzəkişi oğlunun xəstəxanada ölümü ilə bağlı apardığımız təhlili Respublika Baş Prokuroruna təqdim edərək ölüm faktı ilə bağlı məsələnin araşdırılmasını və onun ölümündə təqsirli olan şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması barədə tədbirlər görülməsini istəmişəm.

Mən ədalətin baş tutmasına köklənmişəm və həkimlərdən fərqli olaraq sonadək getməyi qərarlaşdırmışam.

Arzu QAZIYEVA

Etikxeber.az