Eldəniz Səlimovu hansı cəza gözləyir? – Mandatın ləğvi, həbs...

Eldəniz Səlimovu hansı cəza gözləyir? – Mandatın ləğvi, həbs...

30 İyul 12:44
241
Bəyəndim (0) Bəyənmədim (0)

Deputat Eldəniz Səlimovun polis əməkdaşını döyməsi barədə məlumatlar təsdiqini tapıb. Hadisə polis əməkdaşlarının deputatın Nabranda əyləşdiyi restoranda reyd keçirdiyi zaman baş verib.

Oxuməni.az-ın verdiyi xəbərə görə, faktla bağlı araşdırmanı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov şəxsən nəzarətə götürüb.

Bəs görəsən, Qanunverici orqanda çalışan birinin polisi vəzifə başında döyməsi nə ilə nəticələnəcək?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış vəkil İradə Cavadova sözügedən məsələyə Milli Məclisdə baxılaraq tədbir görüləcəyini bildirib.

O, E.Səlimovun bu addımının digər deputatların da nüfuzuna xələl gətirdiyini deyib:

“Deputatın bu cür hərəkət etməsi böyük təəssüf doğurur. Bu həm qanunsuzdur, həm də özbaşınalıqdır. Bu vəzifə səlahiyyətlərindən sui istifadə etməkdir.

Digər tərəfdən məhz qanunvericilik bazasını formalaşdıran deputatların bu cür hərəkət etməsi yolverilməzdir. Bundan əvvəl də Eldəniz Səlimov vəkillə də kobud rəftar edərək, xoşagəlməz hərəkətlər etmişdi.

Eldəniz Səlimovla bağlı tədbir görülməsi hüquq-mühafizə orqanlarının birbaşa səlahiyyətində deyil. Çünki deputat toxunulmazdır və imtiyazları həddindən artıq çoxdur. Bu məsələyə Milli Məclisdə baxılacaq və müvafiq tədbirləri ilk növbədə onlar görəcək.

Eldəniz Səlimov məsələsi çox pis nümunədir. Bu ümumən deputatların nüfuzuna xələl gətirir. Onun simasında bütün deputatlar haqda cəmiyyətdə mənfi fikir formalaşır”.

Milli Məclisin İntizam komissiyasının sədr müavini, deputat Fəzail Ağamalının sözlərinə görə, bu məsələ İntizam Komissiyasının gündəliyinə salınaraq müzakirə olunacaq:

“Ortada qanun pozuntusu var. Deputatlar məzuniyyətdən qayıtdıqdan sonra məsələ parlament rəhbərliyinə məruzə ediləcək. Bundan sonra Eldəniz Səlimovun məsələsi sentyabrda İntizam Komissiyasında müzakirəyə çıxarılacaq”.