Layihə Elm və təhsilin inkişaf etdirilməsi

 

Azərbaycan Xalq Cümhuriyyəti gənclərin xarici universitetlərdə oxumasını təhsilimizin inkişafında önəmli amil hesab edirdi

Layihə Elm və təhsilin inkişaf etdirilməsi Azərbaycan Xalq Cümhuriyyəti gənclərin xarici universitetlərdə oxumasını təhsilimizin inkişafında önəmli amil hesab edirdi

Bəyəndim (1) Bəyənmədim (0)

Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətdə təhsilimizin inkişafını xüsusi diqqət mərkəzində saxlaması və onu dövlət siyasətinin prioritet sahələrindən birinə çevirməsi ölkəmizin gələcək inkişafında önəmli rollardan birini oynadı. Bu baxımdan Azərbaycan Xalq Cümhuriyyətini idarəedənlərin xarici ölkələrdə yerli gənclərin təhsil almasına yönələn siyasəti həqiqətən də təqdirəlayiq hesab edilə bilər. Şübhəsiz ki, o dövrdə gənclərimizin xarici ölkələrə təhsil almağa göndərilməsi böyük xərc tələb edirdi və üstəlik onların ali təhsil alması üçün məktəblərin seçilməsi də olduqca vacib məsələlərdən biri idi. Çünki xaricdəki ali məktəblərin daha yaxşılarına, o dövr üçün səviyyəsinə görə qabaqçıl olan ali təhsil müəssisələrində gənclərimizin təhsil alması, onların yüksək ixtisaslı kadrlar kimi vətənimizə qayıdaraq elmimizin inkişafına öz parlaq töhfəsini vermələri taleyüklü vəzifələrdən biri idi. Təbii ki, xaricə ali təhsil almağa tələbə göndərilməsi olduqca məsul bir iş idi. Xüsusi ilə tələbələrin seçilməsi və onların müvafiq xarici ölkədə ali təhsil almasının, ixtisas seçiminin dəqiq müəyyənləşdirilməsinin önəm daşıması heç kimə sirr deyildi. Ona görə də AXC rəhbərliyinin göstərişinə uyğun olaraq Xalq Maarif Nazirliyi tərəfindən xaricdə oxumağa göndəriləcək tələbələrin seçilməsi, müvafiq xarici ali məktəblərin, o cümlədən gəlcəkdə respublikamız üçün lazım olacaq, elmi-texniki inkişafımıza öz töhfəsini verəcək ixtisasların müəyyənləşdirilməsi məqsədi ilə xüsusi komissiya yaradılmışdı. Komissiyanən tərkibinə dövrünün tanınmış azərbaycanlı predaqoq və ziyalıları daxil edilmişdi. Həqiqətən də komissiya qısa vaxt ərzində yüksək ixtisaslı kadrlar yetişdirən xarici ali məktəblərin müəyyən edilməsi vəzifəsini uğurla həyata keçirdi. Həmin ali məktəblərdə oxumağa göndəriləcək tələbələrin seçilməsi də asan məsələ deyildi. Çünki oxuyub-yazmağı bacaran və müəyyən edilən səviyyədə orta təhsili olan hər gənci xaricə oxumağa göndərmək olmazdı. Bu məsələdə daha istedadlı gənclərin seçilməsi, onların humanitar və ya texniki elmlərə olan marağının, istedadının nəzərə alınması və bu əsasda da qərar qəbul edilməsi böyük məsuliyyət tələb edirdi. Üstəlik xaricə yalnız Bakı məktəblərini başa vuran gənclərin göndərilməsi və bu zaman rayonlardakı istedadlı gənclərin unudulması, onların seçimdən kənarda qalması da belələrinə qarşı haqsızlılq olardı. Nəhayət uzun –uzadı, olduqca çətin seçimlərdən sonra Azərbaycandan xaricə oxumağa göndəriləcək gənclərin seçilməsi başa çatdırıldı. İlkin mərhələdə xaricə oxumağa 100 gəncin göndərilməsi nəzərdə tutulmuşdu. Yenə də ədalət naminə qeyd edək ki, xaricdə oxumağa göndərilən tələbələrin arasında Bakıdan olanlar çoxluq təşkil edirdi. Buna səbəbin isə həmin dövrdə respublikamızın rayonlarında təhsilin Bakı ilə müqayisədə arzuedilən səviyyədə yüksək olmaması ehtimal edilir. Eyni zamanda rayonlarda ictimai-siyasi vəziyyət də yaxşı deyildi. Xüsusi ilə respublikamızın Qarabağ bölgəsində, o cümlədən sərhədyanı rayonlarda erməni daşnaklarının azğınlığı, qəddarlığı nəticəsində on minlərlə soydaşımız yud-yuvasından didərgin düşmüşdü. Ona görə də həmin rayonlardan xaricə oxumağa göndərilməsi üçün istedadlı tələbələrin seçilməsi demək olar mümkün olmamışdı. Bakıdan uzaqlarda yerləşən digər rayonlarda da yaşayan gənclər arasından istedadlılarının seçilməsi kifayət qədər çətin olmuşdu. Çünki rayonlarda Bakı ilə müqayisədə təhsilin səviyyəsi yüksək deyildi. Nəhayət vəziyyəti çətinləşdirən bir amil də 1918-ci ildə Azərbaycanın əksər rayonlarında, o cümlədən Salyanda, Lənkəranda, Şamaxıda, Qubada Göyçayda və digər yürlərdə erməni daşnakları tərəfindən azərbaycanlılara qarşı qətliamlar həyata keçirilməsi, kəndlərin, şəhərlərin yandırılaraq yerlə-yeksan edilməsiydi. Həmin rayonlardan əhalinin böyük hissəsi pərən-pərən düşmüşdü. Üstəlik obyektiv və subyektiv səbəblərdən xaricə oxumağa göndəriləcək tələbələrin seçilməsinə ayrılan vaxt da çox deyildi. Belə bir vəziyyətdə isə təbii ki, xaricə oxumağa göndərilən gənclər arasında təhsilin daha yüksək səviyyəsi ilə seçilən Bakı və Bakı ətrafından olan gənclərə üstünlük verilməsi daha məqsədəuyğun hesab edilmişdi. Qeyd edək ki, Azərbaycandan xaricdə ali təhsil almağa göndərilən gənclər arasında demək olar bütün təbəqələrin övladları var idi. Artıq vurğuladığımız kimi xaricdə oxumağa göndəriləcək tələbələr üçün ölkələrin seçilməsi də o dövrün dövlətlərinin təhsil səviyyəsinə görə seçilmişdi. Həmin dövrdə Fransa ali təhsil və mədəniyyət səviyyəsinə digər Avropa ölkələrindən daha çox irəlidə hesab edilirdi. Necə deyərlər, Fransa elmi-texniki, mədəni inkişaf baxımından Avropanın və dünyanın mədəni paytaxtı rolunu oynayırdı. Düzdür, I Dünya müharibəsindən sonra Fransa da böyük dağıntılara məruz qalmışdı və adıçəkilən ölkədə elmi-texniki, mədəni sahədə bir tənəzzül özünü göstərirdi. Bütün bunlara baxmayaraq komissiya tərəfindən ən çox gəncin Fransaya oxumağa göndərilməsi qərara alınmışdı. Belə ki, komissiya tərəfindən 45 nəfər azərbaycanlı gəncin Fransaya ali təhsil almağa göndərilməsi planlaşdırılmışdı. Yeri gəlmişkən onu da qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətini idarəedənlərin bir çoxu vaxtı ilə Fransada təhsil almışdı və ya orada yaşamışdı. Onlar Fransanın elmi, mədəni mühiti ilə yaxından tanış idilər və fransızlara rəğbət bəsləyirdilər. Təbii ki, Fransaya daha çox tələbə göndərilməsilə bağlı qərar qəbul edilərkən bu amil də mühüm rol oynamışdı. Digər ölkələrdə ali təhsil almağa göndəriləcək gənclər arasında Fransadan sonra üstünlük İtaliyaya verilmişdi. İtaliyada 23 nəfərin ali təhsil almağa göndərilməsi qərara alınmışdı. İtaliyaya da da oxumağa daha çox gəncin göndərilməsi bu ölkənin qədim mədəniyyətə, zəngin mədəni elmi tarixi inkişafa malik olması ilə bağlı idi. Bundan əlavə 10 nəfərin İngiltərədə, 9 nəfərin Türkiyədə, 13 nəfərin isə Rusiyada ali təhsil alması planlaşdırılmışdı. Lakin Rusiyada baş verən məlum hadisələr nəticəsində həmin 13 nəfərin təhsil almaq üçün adı çəkilən ölkəyə göndərilməsi baş tutmadı. Onu da vurğulamaq yerinə düşər ki, xaricə ali təhsil almağa göndərilən tələbələrin bütün xərclərinin dövlət tərəfindən ödənilməsi qərara alınmışdı. Xaricdə ali təhsil almağa göndərilən hər bir gəncə dövlət tərəfindən ayda 400 frank təqaüd, onların vətənə gedib-gələ bilmələri məqsədi ilə yol xərcləri üçün 1000 frank veriləcəkdi. Xaricdə dövlət hesabına ali təhsili başa vurduqdan sonra geriyə qayıdacaq gənclər ixtisaslarına uyğun şəkildə işlə təmin olunacaqdılar.

Xaricə ali təhsil almağa göndərilən gənclərin yola salınması 1920-ci ilin soyuq yanvar ayında rəsmi şəkildə təntənəli mərasimlə və olduqca yüksək səviyyədə həyata keçirildi. Gənclərin yola salınmasında yüksək səviyyəli dövlət rəsmiləri, o cümlədən parlament və hökumət üzvləri, tanınmış iş adamları, din xadimləri, ictimaiyyətin nümayəndələri iştirak edirdi. İlk baxışdan hər şey arzu edilən səviyyədə gedirdi. Lakin gənclər təyinat yerinə çatandan sonra gözlənilməz problemlərlə üzləşdilər. Belə ki, müsəlmanlara tarixi nifrəti ilə seçilən İngiltərə azərbaycanlı gəncərin bu ölkədə ali təhsil almasına icazə vermədi.

İtaliya isə ora təhsil almağa göndərilən 23 nəfərdən yalnız 6 nəfərini qəbul etdi. Fransa da 45 nəfər azərbaycanlı gəncin az hissəsini qəbul etdi. Məsələ ilə bağlı onu da deyək ki, komissiya tərəfindən azərbaycanlı gənclərin xaricdə təhsil alacaq ölkələri sırasında Almaniyanın adı nə üçünsə unudulmuşdu. Ola bilsin bu amil o dövrdə Almaniyanın I Dünya müharibəsini başlatması və onların simasında beynəlxalq aləmdə düşmən obrazının formalaşması ilə əlaqədar olub. Lakin məhz Almaniya Fransa, İtaliya və İngiltərə tərəfindən qəbul edilməyən azərbaycanlı gənclərin öz ali məktəblərində təhsil almasına şərait yaratdı. Nəhayət Rusiyada vətəndaş müharibəsinin davam etməsi nəticəsində 13 nəfər gəncin bu ölkədə təhsil alması baş tutmadı. Xaricdə təhsil almağa göndərilən tələbələr 1920-ci ilin may ayına kimi dövlət hesabına təhsil aldılar. Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalından sonra xaricdəki gənclərin təhsil alması şübhə altına düşdü. Əvvəlcə

Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov tərəfindən “Xaricə oxumağa göndərilən azərbaycanlı tələbələrə yardımın davam etdirilməsi haqqında” xüsusi dekret imzalandı. Nəticədə xaricdə təhsil alan azərbaycanlı gəncər bir müddət dövlət hesabına təhsil ala bildilər. Sonra isə Sovet Azərbaycanında yüksək vəzifə tutan ermənilərin fitnə-fəsadı nəticəsində onların oxumasına dövlət tərəfindən ayrılan maliyyə vəsaiti dayandırıldı. Azərbaycanlı gənclərin çoxu bundan sonra təhsilini yarımçıq qoymağa məcbur oldu və olduqları ölkələrdə müxtəlif işlərdə işləməyə başladılar. Azərbaycana qayıdan gənclərin taieyi isə daha ağır oldu. Onların çoxu sonralar böhtanlara məruz qalaraq güllələndilər və ya sürgünlərdə çürüdülər. Nəticədə Azərbaycan Xalq Cümhuriyyətinin təhsil sahəsində həyata keçirdiyi islahatlar yarımçıq qaldı və ölkəmiz sivil inkişafdan aralı düşərək bolşevik işğalı altında inləməli oldu...

Əziz Mustafa

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə vəsaiti ilə hazırlanıb

Oxuməni.az

Digər xəbərlər