Layihə Elm və təhsilin inkişaf etdirilməsi
Bakı Dövlət Universitetinin yaradılması Azərbaycanda təhsilin inkişafında önəmli rol oynadı

Layihə Elm və təhsilin inkişaf etdirilməsi Bakı Dövlət Universitetinin yaradılması Azərbaycanda təhsilin inkişafında önəmli rol oynadı

1 May 10:33
15 026
Bəyəndim (0) Bəyənmədim (0)

Əvvəli ötən sayımızda

Bakı Dövlət Universitetinin açılmasına münasibət mətbuatda da birmənalı deyildi. Bəzi ziyalılar və din xadimləri də Bakıda universitetin açılmasını və orada tədrisin rus dilində aparılmasını gənclərin ruslaşdırılması və dini, milli zəmindən uzaqlaşdırılması kimi qəbul edirdilər. Onların təsiri altına düşən mətbuatda da yüksək səviyyəli təhsil verən ali məktəbin açılmasının əleyhinə yazıllar dərc edilirdi. Belə bir fikir təbliğ edilirdi ki, Bakıda ali məktəb açılmasına xərc çəkməkdənsə müəyyən sayda gənclərin xaricdə təhsil almağa göndərilməsi daha məqsədəuyğundur. Bu məqsədlə AXC rəhbərliyinə təzyiq göstərmək üçün bəzi təxribatlara belə baş vurulurdu. Eyni hücumlar və təzyiqlər Bakı Dövlət Universitetinin rektoruna da edilməkdə idi. Belə bir vəziyyətdə rektor V. Razumovski parlament üzvləri və tanınmış ziyalılarla görüşlər keçirərək ali məktəbdə yalnız elm öyrədiləcəyini, hər hansı siyası məqsədlərin həyata keçirilməyəcəyini bildirdi. Razumovski onları əmin etdi ki, əsas məqsəd tələbələrə elm öyrətmək olacaq. O qeyd etdi ki, elm daim beynəlmiləl mahiyyət daşıyıb və dövlətçiliyi xidmət edib. Razumovski xatırladıb ki, hazırda ölkədə yüksək vəzifələrdə olan azərbaycanlılar vaxtı ilə Rusiyada və digər ölkələrdə oxusalar da, onlar ruslaşmayıblar, milli mənəvi dəyərlərə sadiq qalıblar. Nəticədə məhz onlar Azərbaycanın müstəqilliyini elan etməsində önəmli rol oynayıblar. AXC rəhbərliyi də öz növbəsində universitetin açılmasının hər hansı milli-mənəvi dəyərlərə zidd olmadığını, əksinə bunun ölkəmizdə elmin və təhsilin inkişafında yeni mərhələ açacağını xüsusi şəkildə bəyan etdilər. Çətinliklə də olsa ali məktəbin açılmasının əleyhidarları olan güclərin müqavimətini qıran AXC rəhbərliyinin səyləri nəhayət ki, öz bəhrəsini verdi. 1919-ci il sentyabr ayının 1-də 3 ay davam edən gərgin mübarizə və müzakirələrdən sonra Azərbaycan parlamenti elm və təhsilimizin inkişafında yeni mərhələ açan Bakı Dövlət Universitetinin fəaliyyətə başlaması barədə qanunu səs çoxluğu ilə qəbul etdi. Bununla da müstəqillik tariximizdə yeni elmi bir inkişafın əsası qoyuldu. Yeri gəlmişkən onu da deyək ki, Azərbaycanda ilk ali məktəbin fəaliyyətə başlaması barədə Azərbaycan parlamenti tərəfindən qəbul edilən qanun “Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında” adlanırdı. Sənəddə göstərilirdi ki, Bakı Dövlət Universiteti Şərq şöbəsi ilə birlikdə tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələrindən ibarət olacaq. Qanunda bildirilirdi ki, onun qəbul edildiyi gün sentyabrın 1-i Bakı Dövlət Universitetinin açılması günü hesab edilir. Sənəddə ictimaiyyətin narazılığı nəzərə alınaraq Bakı Dövlət Universitetində türk dilinin (Azərbaycan türkcəsinin) tədrisinin məcburi olduğu II maddənin 2-ci bəndində xüsusi vurğulanmışdı. Sənəddə həmçinin o da qeyd olunmuşdu ki, (VIII-IX maddələr) Zaqafqaziya və qeyri Darülfünunların tələbə və taliblərini Bakı Darülfünununun (universitet) eyni kurslarına qəbul etməyə ixtiyar verilir. Yeni tələbələr, istər erkək, istərsə də kadınlar Bakı Darülfünuna ümumi əsaslar üzrə qəbul olunurlar. Bakı Dövlət Universitetinin rəsmi açılış günü sentyabrın 1-i qəbul edilsə də, bu yeni elm ocağında ilk dərslər 1919-cu il sentyabr ayının 15-də başladı. Lakin bir az irəliyə gedərək onun da vurğulayaq ki, Bakı Dövlət Universitetinin tələbə heyətinin tam şəkildə formalaşdırılması noyabrın ortalarına kimi davam etdi. Buna da səbəb fakultələrin tələbə heyətinin formalaşdırılmasında olan problemlər oldu. Digər tərəfdən də o dövrdə əmələ gələn ağır mövcud ictimai-siyasi şərait üzündən Azərbaycanın bölgələrindən Bakıya oxumağa gələn tələbələrlə bağlı müəyyən problemlər mövcud idi. Rayonlardan Bakıya gəlib çıxmaq bəzən bir neşə gün vaxt aparırdı. Üstəlik universitetdə oxumaq istəyən tələbələr qalmağa yer tapmaqda çətinlik çəkirdilər. Bundan əlavə bölgədən gələn tələbələr demək olar ki, rus dilini bilmirdilər. Universitetdə tədris rus dilində olduğundan onlar üçün bu amil də əlavə problemlərə gətirib çıxarmışdı. Bununla belə problemlərə baxmayaraq universitetin tələbə heyəti ilə komplektləşdirilməsi gərgin əməkdən sonra çətinliklə də olsa uğurla həllini tapmış oldu. Bakı Dövlət Universitetində ilk dərslərin (15 sentyabr) başlamasından təxminən 2 ay sonra noyabr ayının 15-də tələbələr qarşısında ilk mühazirələr oxundu. Yeni ali təhsil müəssisəsində 1094 tələbə təhsil alırdı. Onun da 217 nəfəri azad dinləyici idi. Əlbəttə ilk dövrdə dərsliklərin çatışmaması, maddi-texniki bazanın zəifliyi özünü göstərməkdə idi. Bunu nəzərə alaraq Azərbaycan Xalq Cümhuriyyəti tələbələrin tədrisinin yüksək səviyyədə təşkil edilməsi məqsədi ilə kitablar və digər texniki avadanlıqlar alınması üçün universitetə əlavə olaraq 1 milyon manat ayırmışdı. Universitetin nəzdində isə bölgəni və Şərq dünyasını öyrənmək məqsədi ilə ilk elmi-tədqiqat mərkəzi hesab edilən “Müsəlman Şərqini öyrənən cəmiyyət” yaradılmışdı. Bununla da Azərbaycanda ilk müstəqil araşdırma mərkəzinin əsası qoyulmuş oldu.

Bakı Dövlət Universitetində diqqəti cəlb edən ən önəmli məsələlərdən biri də onda fəaliyyət göstərən 4 fakultənin hər birinə o dövrün görkəmli pedaqoqlarının, tanınmış alimlərin rəhbərlik etməsi idi. Belə ki, tibb fakultəsinə elm aləminə yaxşı tanış olan görkəmli alim İ.İ Şirokoqorov, tarix fakultəsinə məşhur tarixçi alim N.A Dubrovski rəhbər təyin edilmişdi. Burada onu da bir daha xatırladaq ki, universitetin müəlim-professor heyəti ilə komplektləşdirilməsi üçün onun nəzdində yaradılan komissiya rektor Razumovskinin təklifi ilə 1919-cu il sentyabr ayının 10-da Rusiyanın bir-sıra ali məktəblərinin görkəmli elm adamlarını Bakı Dövlət Universitetinə işləməyə dəvət etmişdi. Əlbəttə Bakı Dölət Universitetinin həmin dövrdə kadr çatışmazlığı nəticəsində yalnız rusdilli professor-müəllim heyətindən təşkil edildiyini də tam şəkildə iddia etmək səhv olardı. Belə ki, həmin dövrdə Bakı Dövlət Universitetinin fəaliyyətə başlamasında dövrünün görkəmli ziyalıları, elm xadimləri, pedaqoqları olan Məhəmməd ağa Şahtaxtlı, Əlicabbar Orucəliyev, Mirzə Rəhim Mirzəyev, Rəşid bəy Kaplanov və başqaları yaxından iştirak etmişdilər. Onların bir çoxu, o cümlədən Azərbaycanın digər görkəmli pedaqoqlarının da əksəriyyəti universitetdə dərs deməyə dəvət edilmişdilər.

Ümumiyətlə istənilən halda 1919-cu ilin sentyabr ayında Bakı Dövlət Universitetinin fəaliyyətə başlaması elm, təhsil sahəsində ölkəmizdə önəmli hadisələrdən biri idi. Məsələnin bu tərəfinə diqqəti cəlb edən Bakı Dövlət Universitetinin ilk rektoru professor Vasili İvanoviç Razumovski sonralar yazmışdı: “Azərbaycan öz maarif ocağını yaratdı. Türk xalqının tarixinə yeni parlaq səhifə yazıldı. Avropa ilə Asiyanın qovuşağında yeni məşəl yandı. Bu böyük tarixi hadisənin şahidləri kimi biz özümüzü xöşbəxt hesab edə bilərik”.

Ədalət naminə onu da xüsusi vurğulayaq ki, gələcəkdə elmimizin, təhsilimizin flaqmanına çevrilən Bakı Dövlət Universitetinin yaradılması Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin uzaqgörən siyasətinin nəticəsi idi. Onlar çətin dövrdə belə elm və maarifin inkişaf etdirilməsinə maliyyə vəsaiti ayırmış və bu məsələdə böyük əliaçıqlıq nümayiş etdirmişdilər. Həqiqətən də Bakı Dövlət Universiteti bolşevik Rusiyası tərəfindən Azərbaycanın işğal edilməsindən sonra belə ölkəmizdə təhsilin inkişafına təkanverici elm məbədi rolunu oynamaqda davam etdi. Nəticədə Bakı Dövlət Universiteti milli azadlıq mübarizəmizin, milli oyanışımızın mərkəzinə çevrildi. Məsələnin bu tərəfinə diqqəti cəlb edən ulu Heydər Əliyev:

“Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır. Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu”,-demişdi.

Şübhəsiz ki, Bakı Dövlət Universitetinin Azərbaycan və dünya siyasətinə bəxş etdiyi ən böyük simalardan biri də məhz Ulu öndər Heydər Əliyevdir.

Əziz Mustafa

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə vəsaiti ilə hazırlanıb.

Oxuməni.az


Reply, Reply All or Forward