Qarlı-çovğunlu gündə doğan Günəş

Qarlı-çovğunlu gündə doğan Günəş

7 Fevral 2013 09:51
Bəyəndim (0) Bəyənmədim (0)
Müxtəlif millətlərdən olan uşaqlar birlikdə "Novruz" bayramına hazırlaşırlar

Azərbaycanın zəngin mozaikası

Ailə kiçik bir dövlətdir. Bu məntiqi davam etdirsək, görərik ki, dövlət də böyük bir ailədir. Deməli, hər bir dövlət ayrı-ayrılıqda ailələri və bütöv cəmiyyəti təmsil etdiyi kimi, ailələr də dövlətin zənginliyini əks etdirir. Azərbaycanda mono-millətli və beynəlmiləl ailələr çoxdur. Hətta müxtəlif irqlərdən olan nikahlara da rast gəlmək mümkündür. Bu, cəmiyyətimizin tolerant düşüncəsinin təzahürüdür. Uşaq evlərinin də böyük bir ailə olduğunu nəzərə alsaq, əminliklə vurğulaya bilərik ki, Azərbaycanda bütün millətlərin və dinlərin nümayəndələri vahid bir ailədə birləşə bilirlər. Deməli, Azərbaycan dinindən, irqindən və millətindən asılı olmayaraq hər bir kəsin vətəni sayıla bilər. Yetər ki, həmin şəxslər bu dövləti öz vətəni və əhalisini həmyerliləri kimi qəbul etsinlər.

Nağıllı-noğullu uşaq aləmi

Elimizdə belə bir məsəl var: "Həqiqəti uşaqdan soruş". Biz də həqiqət axtarışında uşaq evinə baş çəkmək qərarına gəldik. İstirahət günlərinin birində kollektiv olaraq, Xətai rayonunda yerləşən 3 saylı "Günəş" uşaq evinə yollandıq. Bizi müəssisənin direktoru Hüseynova Zöhrə xanım qarşıladı. Doğrusu, şaxtalı qış gününə baxmayaraq, ilk andan yaranan isti münasibət sanki bütün buzları əritdi. Təbiətin şah əsəri olan insan bir növ onun şıltaqlıqlarını yenmiş oldu. İnanmayacaqsınız, ancaq kənarda əsən qasırğa, aramsız qar uşaq evinin ərazisində daha mülayim, daha xoşagələn idi. Sıra ilə düzülmüş şam ağaclarının üzərinə düşən qar dənəcikləri buraları sehrli nağıllar aləminə bənzədirdi. O aləmə ki, orada arzuları həyata keçirən Şaxta baba və qar qız var. O aləmə ki, enişli-yoxuşlu yolları göydən üç alma düşəcək xoşbəxt sonluğa aparır.

Qışda doğan "Günəş"

Biz səliqə-sahmanlı cığırla irəliləyərək binaya daxil olduq. Binadakı rahat şərait, müsbət aura ilk anlardan hər birimizin ürəyindəki buzları əritdi. Bizi qarşılayan, bizimlə salamlaşan tanımadığımız insanlara qəlbimiz isinməyə başladı. Tanışlıq üçün uşaq evinin rəhbərliyindən bu müəssisə haqda bəzi məlumatları aldıq. Zöhrə xanım bildirdi ki, 3 saylı "Günəş" uşaq evinin 90-dan çox sakini var. Onlardan 12 nəfəri peşə məktəbi və kollecdə, 51-i orta məktəbdə oxuyur. 20-yə yaxın uşaq isə məktəbəqədər yaşdadır. Uşaqlar müəssisəyə 3 yaşdan 18 yaşa qədər qəbul olunurlar. Ancaq elə yeniyetmələr var ki, 18 yaşı tamam olsa da, getməyə yeri olmadığı üçün burada qalır. "Günəş evi"nin uşaqları 4 qrupa bölünürlər.
Məktəb yaşlı uşaqlar Xətai rayonunda yerləşən 29 saylı orta məktəbdə təhsil alırlar.

Daha sonra "Günəş evi"nin təlim-tərbiyə işləri üzrə direktor müavini Məhbubə Hüseynova əlavə etdi ki, əsas məqsəd burdakı uşaqların cəmiyyət içinə çıxması, kənardakı insanlarla ünsiyyətdə olmalarıdır: "Biz əsas fikrimizi tərbiyəyə yönəldirik, təhsilə isə məktəb cavabdehdir". Məktəbi bitirənlərdən müxtəlif ali məktəblərdə təhsil alanlar var. Əsgərlik yaşına çatan oğlanlar hərbi xidmətdən qayıtdıqdan sonra Heydər Əliyev adına Neft Emalı Zavodunda 6 aylıq kurs keçir, sonra iş və yataqxana ilə təmin olunurlar. Buradakı uşaqlar da dərslərindən əlavə müxtəlif məşğələlərdə iştirak edirlər. Uşaq evlərində olan balacalar bəzən öz ailələrinə qaytarılır, amma sonradan ailələrini istəməyərək yenidən uşaq evlərinə geri dönürlər.

Çoxuşaqlı ailə

Daha sonra biz uşaqlarla yaxından tanış olmaq istədiyimizi bildirdik. Körpələrin mənəvi valideynləri canla-başla bizə bu şəraiti yaratdılar. Düzü, əvvəl bizə elə gəldi ki, körpələr evinin balaca sakinləri bir-birinə bənzəyəcək. Daha doğrusu, hamısının baxışları dərdli, nisgilli olacaq. Atılmış uşaqlar dərdli olur axı. Amma gözlədiyimizin əksinə olaraq, onların baxışları bir-birinə bənzəsə də, sevinci əks etdirirdi. Bu, bizi də çox sevindirdi. Aramızda səmimiyyət, etibar dolu münasibət yarandı. Hər biri ilə ayrı-ayrılıqda tanış ola bilməsək də, ümumi söhbətimiz məhsuldar alındı. Nisbətən kiçik olan körpələr uşaq çılğınlığı ilə bizi sorğu-suala tutduqları kimi, biz də böyük yaşlı uşaqlara və yeniyetmələrə suallar ünvanlayırdıq. Sanki bir-birini çoxdandır görməyən tanışlar söhbət edirdilər. Yeri gəlmişkən, uşaqların mənəvi valideynləri bizi onlarla baş-başa qoymuşdular. Sarışın, qaraşın, qıyıq gözlü uşaqlar bizimlə valideynlərinin öyrətdikləri dildə, azərbaycanca danışırdılar. Hərə öz bacarığını, biliyini nümayiş etdirməyə çalışırdı. Kiçik yaşlı uşaqlar hətta Novruz bayramı üçün hazırladıqları kiçik tamaşanı da bizə təqdim etdilər. Bu zaman diqqətimizdən bir məqam qaçmadı. Ərköyünlüyü ilə həmyaşıdlarından fərqlənən balaca Kolya büdrəyərkən yeniyetmə Fatimə onu qucağına alaraq yıxılmağa qoymadı. "Can, qaqaş", - deyərək üst-başına nəzər saldı. Kolya əvvəlcə kövrəlsə də, mənəvi bacısının nəvazişindən sonra özünü sındırmayaraq sıraya qayıtdı və çıxışına qaldığı yerdən davam etdi. Biz də təsirlənmişdik. Lakin bu, kədər hissi deyildi. Əksinə, uşaqlara baxdıqca qürurlanırdıq. Əvvəla, ona görə ki, rus, ukraynalı, yəhudi, ləzgi, belorus, türk millətindən olan azərbaycanlı uşaqlar Azərbaycanın milli bayramı olan "Novruz" bayramına hazırlaşırdılar. Digər tərəfdən, ona görə sevinirdik ki, körpələr evinin uşaqları doğma bacı-qardaş qədər mehriban idilər və bir-birini anlayacaq dildə danışırdılar. İftixar duyduğumuz digər məqamsa ondan ibarət idi ki, uşaq evinin sakinləri nadir istedadları və təlim-tərbiyələri ilə seçilirdilər. O qədər istiqanlı insanlar idilər ki, söz onları vəsf etməkdə acizdir. O an düşünməyə bilməzdik : "bu övladlara tərbiyə verən insanlara, onlara sahib çıxan dövlətimizə eşq olsun!"

Görüşümüz qısa alınsa da, yaddaqalan oldu. Sonda xatirə şəkli çəkdirdik. Bu dəyərli görüşü tarixdə yaşatmaq üçün kiçik bir yazı yazmağı qərara aldım. Məqaləni qələmə alarkən ola bilər ki, hisslərimə qapıldım, bəzi kəlmələr kiminsə ürəyincə olmadı? Bəlkə də məni xoş sözləri israf etməkdə qınayanlar da tapıldı? Ancaq inanın ki, sizə təqdim etdiyim məqalənin yeganə ilham pərisi səmimi və saf duyğularım idi. Odur ki, əminliklə vurğulayıram: "Azərbaycan ailəsinin zənginliyini ifadə etmək üçün silsilə məqalələr də azdır. Gərək özün gedib 3 saylı "Günəş" uşaq evini görəsən!"

Son söz əvəzi:

"Günəş"in sehrli nağıllar aləmindən çıxıb, qarlı-çovğunlu həyata qayıtdıq. Qar daha da şiddətlə yağırdı. Külək köməksiz insanları yerə yıxmağa, göyə sovurmağa çalışırdı. Biz əl-ələ verib vahid "Oxu Məni" ailəsi kimi gəldiyimiz maşına əyləşdik.

Buz bağlamış enişli-yoxuşlu yollar redaksiyaya doğru uzanırdı. Sürüşkən yollarda toqquşanlar da olurdu, sürüşənlər də. Lakin biz öz yolumuzda əminliklə irəliləyirdik. Çünki tutduğumuz yolun doğruluğuna inanırdıq. Bilirdik ki, insanlar ümumi amal ətrafında birləşəndə, haqqı tanıyanda, mərhəmətli və səxavətli olanda, bütün maneələri asanlıqla dəf edə bilirlər.

Beləcə, "Günəşin" parlaq şüalarının hərarəti ilə qələmə aldığım məqalə yarandı. Başqa cür ola da bilməzdi. Axı biz Odlar Yurdunun, Günəş diyarının sakinləriyik...

P.S:

Xətai rayonunda yerləşən 3 saylı "Günəş" uşaq evinə səfərimiz 2009-cu ilə təsadüf edir. Bu günlərdə öyrəndik ki, müəssisənin direktoru Hüseynova Zöhrə xanım rəhmətə gedib. Allah yüzlərlə insanın mənəvi anası olmuş bu xeyirxah insana rəhmət eləsin!

Natiq Qocaman

O.M.

Digər xəbərlər