Şou və ya biznes maraqlarının ailə dəyərlərində fəsadları

Şou və ya biznes maraqlarının ailə dəyərlərində fəsadları

20 Aprel 2013 00:18
3 996
Bəyəndim (0) Bəyənmədim (0)
ARAŞDIRMA: Son həftənin gündəmi bizi bir daha düşünməyə vadar etdi...

Demokratik ölkənin həqiqət carçıları

Son həftənin gündəmi bizi müasir Azərbaycan ailələrinin problemləri, qloballaşmanın milli-mənəvi dəyərlərdə fəsadları mövzusuna toxunmağa vadar etdi. Əlbəttə ki, demokratik ölkənin azad jurnalistləri kimi biz təkcə ailə dəyərlərimizin təbliği ilə məşğul olmamalıyıq, eyni zamanda, bəlkə də daha çox ailələrdə kök salmağa başlayan mənfi halları araşdırıb üzə çıxarmalıyıq. Çünki yalnız bu halda ictimai qınaq milli-mənəvi dəyərlərimizin daxilən saflaşmasına stimul verə bilər. Bəli, anladığınız kimi, söhbət mənim gündəmə gətirdiyim, həftə boyu bütün KİV-lərin və sadə vətəndaşların əsas müzakirə mövzusuna çevirdikləri "Musa Musayev Təranə Qumral qalmaqalı"ndan gedir. Təbii ki, bu məsələni təkcə şou-biznes dəyərlərinin mənfi təzahürü kimi dəyərləndirmək sadəlövhlük olardı. Ən azı ona görə ki, xəyanət, riyakarlıq, böhtan, maddi maraq və bu kimi neqativ kəlmələr bugünkü ailələrin leksikonuna və düşüncə tərzinə yad deyil. Deməli, problemin mahiyyətini dərk etmək üçün onu heç olmasa bir azərbaycanlı ailəsinin timsalında müzakirə etmək yerinə düşər. Adıçəkilən konfliktin tərəfləri cəmiyyətdə tanınmış sima olduqlarından və məlum məsələ ictimai maraq kəsb etdiyindən onun təhlili daha çox maarifləndirici təsirə malik ola bilər. Odur ki, real mənzərəni canlandırmaq üçün hadisələri xronoloji ardıcıllıqla sizlərə təqdim edirik.

15 aprel gününün bomba kimi partlayan xəbəri

Saat 13:04

Uzun illərin duet ortağı, romantik sevgililər Musa Musayev və Təranə Qumral cütlüyü qalmaqalla ayrıldı. Oxumeni.az-ın etibarlı mənbələrə istinadən verdiyi məlumata görə, Musa Musayev 2 körpənin nənəsi Təranə Qumralı xəyanətdə ittiham edir. Belə ki, Təranə Qumralın mütəmadi olaraq telefon vasitəsilə başqa bir kişi ilə danışdığını, onların arasında gizli münasibətlərin olduğunu təsbit edib. Məlumatda o da bildirilir ki, cütlük arasında yaranan münaqişə polis orqanları tərəfindən araşdırılır. Musa Musayevin etibarlı mənbəyə verdiyi açıqlamaya görə, o, Təranə Qumralla yollarını ayırıb. "Mən indən belə onun yanına qayıtsam, başıma arvad kimi yaylıq bağlayaram" deyə M.Musayev açıqlama verib.

Saat 13:45

Oxumeni.az-ın etibarlı mənbədən əldə etdiyi ən son məlumata görə, cütlük təxminən 2 həftə əvvəl Nərimanov rayon məhkəməsində rəsmi qaydada boşanıb. Lakin bu xəbər tərəflərin razılığı ilə mətbuatdan gizli saxlanılıb. Fakta aydınlıq gətirmək üçün Musa Musayevlə əlaqə saxladıq. Müğənni deyilənləri təsdiqləyərək ayrılmaqlarının səbəbini açıqladı: "Təranədən çoxdan şübhələnirdim. Telefonda başqa bir kişi ilə danışdığını, onunla eşq yaşadığını hiss edirdim. Dünən yataq otağında Təranənin onunla gizli danışığını tutdum. Təranəni ov tüfəngi ilə vurmaq istədim, alınmadı, qaçıb qonşuda gizləndi. O, məndən 17-ci Polis Bölməsinə şikayət edib", - deyə açıqlama verən M.Musayev həyatının 17 ilini Təranə Qumrala həsr etdiyi üçün peşman olduğunu sözlərinə əlavə etdi: "Ona görə uzun illərdir Cabbarla küsülü idim. Onu çox sevirdim, inanırdım. Amma sən demə, Təranə ... imiş. Məni şəmkirli biznesmenlə aldatdı. Özü mənə dedi ki, daha məni sevmir, onu sevir".

Saat 17:20

Təranə Qumral ANS PRESS-ə açıqlamasında keçmiş həyat yoldaşı Musa Musayevin ittihamlarına cavab verdi: " Musa ilə mənim boşanmağım çoxdan olub. Mən bütün sənədləri göstərə bilərəm. Sadəcə olaraq, uşaq atasız qala bilmədiyi üçün mən Musanı qızımın başına fırlayıb dedim ki, ailə kimi olmasa da, bir yerdə yaşamağa davam edək, həm də birgə yaradıcı fəaliyyətimiz də var. Bəzən aramızda söz-söhbətlər də olurdu.
Yataqda məni başqa birisi ilə tutduğuna gəlincə, qoy ad çəksin. Əgər, həqiqətən, məni kimləsə tutubsa, niyə öldürməyib? Elə ikimizi də öldürərdi. Çox xahiş edirəm jurnalistlər yazıb-pozmaq üçün bu mövzunu şişirtməsinlər. Qardaşları bir yandan, anası bir yandan üstümə hücum çəkirlər. Onu da deyim ki, Musanın psixoloji problemləri də var idi."
Qumral Musanın külli miqdarda borcu olduğunu açıqladı: "Ondan-bundan borc yığıb pulları futbola yatırırdı. 3 min birindən, 3 min 6 yüz birindən, 10 min, 20 min də başqalarından alıb borca girmişdi. İstəsəniz Musanın borclu olduğu insanların nömrələrini onlara verə bilərəm. O, borc alıb kimlərəsə yedirdəcək, mən niyə balalarımın boğazımdan, geyim-kecimlərindən kəsib ona xərcləməliyəm? Artıq cana doydum. Və dedim ki, səninlə bir yerdə yaşamaq istəmirəm. O da dedi ki, mənimlə yaşamasan mən səni biabır edəcəyəm. Onu da deyim ki, uzun müddət idi bağda yaşayırdı. Dünən evə gəldi, heç nə demədən üstümə hücum çəkdi. Qarşısına qızım Fidan keçdi. Birinci onu vurdu. Bilmirəm o açıqlamanı haradan verib, guya polisə şikayət etmişəm, belə bir şey olmayıb."
Musanı bir sənətçi kimi kəşf etdiyini deyən Təranə Musanın məhz onun vasitəsilə populyar olduğunu düşünür: "Onu mən kəşf elədim, mən adam elədim. Nə olsun Musa yaxşı oxuyan idi? Ailəsi onu saymırdı."
Müğənni Musanın psixoloji problemləri olduğunu iddia edir: "Onun psixoloji problemləri var idi. Ev şəraitində müalicə də almışdı. Cavan qardaşı dünyasını dəyişəndə ona bəd xəbəri verəndə başı pozulmuşdu. Ağlı üstündə olan adam belə bir müsahibə verməz axı? Arvadın səndən boşanıbsa, birlikdə yaşamaq istəmirsə, daha nəyə lazımdır elə yazılar yazdırmaq? Sabah başqa bir adama ərə də gedə bilərəm. Bunun heç kimə aidiyyəti yoxdur. Mən efirə çıxıb onu biabır eləmək istəmirəm. Övladlarımı, pərəstişkarlarımı düşünürəm".

Müğənnilər iki gün xəlvətə çəkilib sükutlarını qoruduqdan sonra 17 aprel günü Təranə Qumral yeni bir açıqlama ilə çıxış etdi.

Müğənni Təranə Qumral ilə keçmiş həyat yoldaşı Musa Musayev barışıb. Lent.az-a açıqlama verən Təranə Qumral bildirib ki, Musa əsəbi olduğu üçün bu cür açıqlamalar verib: "Biz dünən gecəni Musa ilə bir yerdə keçirdik. Oturub söhbətləşdik. Qərara aldıq ki, barışaq. Özü də mənə etiraf etdi ki, bu sözləri əsəbi şəkildə söyləyib. Mən Musanı sevirəm. Ürəyimdə ondan başqasına yer yoxdur. Ölənə qədər də ürəyimdə olacaq. Bunu ona dəfələrlə söyləmişəm. Elə onun özü də dünən məni sevdiyini dedi. O, elədiyi hərəkətlərə, dediyi sözlərə görə peşmandır. Yəni biz barışdıq".

Və nəhayət...

Musa-Təranə qalmaqalında gərginlik təzəcə sovuşmuşdu ki, yeni faktlar üzə çıxdı. Daha doğrusu, əvvəlki faktların bəziləri təsdiqini tapdı, digərlərinin isə həqiqətə uyğun olmadığı məlum oldu. Əvvəlcə ondan başlayaq ki, 17 aprel günortadan sonra cütlüyün barışdığı barədə xəbər yayıldı. Xəbərdə Təranə Qumral həm öz adından, həm də həyat yoldaşının adından barışdıqlarını bildirirdi. Buna baxmayaraq, nə o, nə də Musa Musayev 2 gün idi telefon zənglərimizə cavab vermirdi. Nəhayət, bu gün səhər saatlarında Musa gözlənilmədən bizimlə əlaqə saxladı. Əvvəlcə baş redaktor Natiq Qocamanın, sonra isə Şəlalə Nərimanın mobil telefonuna zəng vuraraq məsələyə aydınlıq gətirmək istədiyini bildirdi.

O, Təranə ilə barışdığını etiraf etsə də, bu addımı sırf körpələrinə görə atdıqlarını, bununla belə, ər-arvad kimi yaşamadıqlarını dedi: "O məsələdən sonra mən Təranənin yanında qalmamışam, yalan söhbətdir. Həmin gündən bağ evinə köçmüşəm. Amma körpəmizə görə qərara gəldik ki, barışaq və bir dost kimi qalaq. Onunla da, qızımla da telefonla danışıram. Təranə ilə ər-arvad kimi yaşamırıq, bir dost kimi qalırıq. Amma çoxlarının acığına onun yanına qayıda da bilərəm, bu haqda hələ fikirləşirəm". Daha sonra Musa Musayev qalmaqala səbəb olan hadisəni xatırladaraq ilk günlər dediklərini təkzib etdi: "Mən Təranəni heç bir kişi ilə yataqda-zadda tutmamışam. Həmin gün əsəbi olduğum üçün sizə zəng vurub bu açıqlamanı vermişəm. Hamı bilir ki, mən onu dəli kimi sevirəm, qısqanıram. Həmin gün maşınımı sürərkən evə zəng vurmuşdum. On dəqiqəyə yaxın telefon "məşğul" oldu. Hirsimi boğa bilmədim. Evə girən kimi aləmi bir-birinə qatdım. Təranəni söyə-söyə evi alt-üst elədim". M.Musayev müxbirimizin "tüfəng məsələsi" ilə bağlı sualına da aydınlıq gətirdi: "Bəli, evdə qışqır-bağır saldım. Dedim, neçə dəqiqədir kiminlə danışırsan?! Sonra qışqırdım ki, bu dəqiqə hamınızı qıracağam! Tüfəngi götürüb Təranənin dalınca düşdüm. Hərəsi bir yerə qaçdı. Səhəri gün Təranənin qızı Fidan məni Nərimanov RPİ 17-ci polis bölməsinə verdi. Hələ də işim polisdədir, amma narahat deyiləm, hər şeyi yoluna qoyacağam". Musa Musayev telefon danışığını bitirdikdən bir neçə dəqiqə sonra yenidən baş redaktora zəng vuraraq, nədənsə "tüfəng məsələsi"ni təkzib etdi: "Xahiş edirəm, tüfənglə, polislə bağlı məsələni məqalədə işıqlandırmayın. İstəmirəm ki, bu məlumat şişirdilsin. Ümumiyyətlə, belə bir şey olmayıb". Hadisələri qabaqlayaraq bildirək ki, Nərimanov RPİ və 17-ci polis bölməsi ilə əlaqə saxladıq. Hər iki halda suallarımıza rəsmi cavab verməkdən imtina etdilər. Bununla belə, polis orqanlarında çalışan etibarlı mənbə 17-ci PB-nin icraatında belə bir şikayətin olduğunu etiraf etdi.

M.Musayev jurnalist Şəlalə Nərimanın cütlüyün zənglərinə cavab vermədiyini vurğulayaraq, bundan narahatlıq keçirdiyini də sözlərinə əlavə etdi: "Bilmirəm niyə, Şəlalə xanım nə mənim, nə də Təranə xanımın zənglərinə cavab vermir".

Musa Musayevin sonadək səmimi olmadığı səsinin tonundan (səsini lentə almışıq - red) və təzadlı fikirlərindən bəlli olurdu. Əvvəla ona görə ki, xəyanətlə bağlı ittihamlar qəti şəkildə söylənildiyi kimi eyni qətiyyətlə inkar olunurdu. Əgər məqsəd ucuz reklam olsaydı, cütlük xəyanətlə deyil, başqa bir adla ayrıldığını elan edərdi. Axı xəyanət istənilən qadın üçün ən ağır, bağışlanmaz bir ittihamdır.

İkincisi, Musa Musayev qalmaqalın ilk günündə mal varlığı barədə redaksiyamıza məlumat verərkən heç bir bağ evinin olmadığını, sadəcə Təranə Qumralın adına Novxanıda 0.26 ha sahəyə malik olduğunu bildirmişdi. Təbii ki, müğənni ötən iki günü başqasına aid olan bir mülkdə, özü də açıq havada keçirə bilməzdi. Deməli, dünəndən bəri hökm sürən nisbi sakitlik, müğənnilərin telefon zənglərini cavabsız qoymaları onların birlikdə olduqlarından xəbər verirdi. Yeri gəlmişkən, etibarlı mənbənin oxumeni.az-a verdiyi məlumata görə, cütlük həqiqətən iki gün ərzində birlikdə olub və vəziyyətdən çıxmaq üçün birgə strategiya hazırlayıb. Bunu onların sonrakı açıqlamaları da sübut edir.

Və nəhayət, üçüncüsü, Musa Musayev baş redaktora ikinci zəngi zamanı ortalığa başqa bir versiyanı atmağa, fikirləri səhv məcraya yönəltməyə cəhd göstərdi. O, sözarası jurnalist Şəlalə Nərimanın bu məsələdə tərəf olduğunu sübut etməyə çalışsa da, haqlı narazılıqla qarşılaşdığından fikrində israr etmədi. İki gün ərzində cütlüyün "jurnalist özünü reklam" edir, "hadisələr şişirdilib" kimi əsassız dedi-qoduları onu deməyə əsas verir ki, Musa ilə Təranə yaratdıqları dalan vəziyyətdən nə olursa olsun çıxmağa çalışırlar, hətta bu ictimaiyyəti aldatmaq bahasına başa gəlsə belə.

Lakin istənilən halda, sonda həqiqət öz yerini tapmalı idi və tapdı da. "Oxu Məni" uzun illər gizli saxlanılan sirrin üstünü açdı və bu məsələdə son nöqtəni qoydu. Sadə dildə desək, Musa Musayev - Təranə Qumral ailəsində 17 ildən bəri hökm sürən gərgin vəziyyət cari ilin 15 aprel günü pik nöqtəsinə çatdı və Musa oxumeni.az vasitəsi ilə geniş ictimaiyyət qarşısında həyat yoldaşını xəyanətdə ittiham etdi. O, Təranə ilə həyat yollarını birdəfəlik ayırdığını, indən belə evinə qayıtmayacağını, hətta belə bir hal baş verərsə, arvad kimi ləçək bağlayacağına hazır olduğunu sözlərinə əlavə etdi. Onun bu cür kəskin açıqlaması, həmçinin hadisə zamanı silaha əl atmaq cəhdi və barəsində polis orqanlarına şikayət verilməsi faktı problemin ciddiliyindən xəbər verirdi. Bunu Musanın illərdir küsülü olduğu qohumlarının reaksiyalarından da bilmək olardı. Onlar cütlüyün ayrılmasını sevinc hissi ilə qarşıladıqlarını gizlətmir, bu addımın Musanı barışığa yaxınlaşdırdığını bəyan edirdilər. Təranə Qumral cəbhəsində də gərginlik səngimək bilmirdi. Onun Musanın ittihamlarına qarşı yönəltdiyi kontur-arqumentləri, o cümlədən Musanı qumarbaz, psixi problemli adlandırması, həmçinin ANSPress-ə müsahibəsi zamanı ərə gedə biləcəyinə ehtimal verməsi də əsəblərin tarıma çəkildiyini göstərirdi.

Lakin hadisənin səhəri günü gərginlik bir qədər səngidikdən sonra hər iki tərəf məxfi şəkildə barışığa gəldi. Qüvvələr balansı Təranənin xeyrinə dəyişdi. Belə ki, ilk gecəni evində keçirməyən Musa ertəsi gün evinə qayıdaraq cəmiyyətdən təcrid olunmağa üstünlük verdi. Bu, Təranənin mənəvi qələbəsi olsa da, bütün zərbələr ona yönəlmişdi. Ancaq hadisələr uzun müddət belə davam edə bilməzdi. Tərəflər vahid cəbhədə birləşərək yaratdıqları xoşagəlməz vəziyyətdən özünəməxsus tərzdə çıxış yolu tapmalı idilər. Odur ki, 18 aprel günü Musa ilə Təranə KİV-lərlə əlaqə saxlayaraq eyni tipli açıqlamalar verməyə başladılar. Və beləcə, bu məqalə yarandı...

Azərbaycanın ailə dəyərləri minilliklərin sınağından keçib gəlib. Bizim irsilik kimi təkrarolunmaz ənənəmiz var. Belə ki, zəngin dəyərlərimiz tarix boyu ululardan nənə-babaya, onlardan valideynlərə və daha sonra övladlara, nəvələrə, nəticələrə, kötücələrə ötürülüb. Məhz buna görə də biz azərbaycanlılar kimliyimizi unutmamışıq, qoruyub saxlaya bilmişik. Göründüyü kimi, ailəni müqəddəs adlandırmağımız da əbəs deyil. Deməli, bu müqəddəsliyə xələl gətirmək ən böyük günahdır.

Lakin təəssüf ki, minilliklərin sınağından üzüağ çıxan mənəvi dəyərlərimiz sonuncu yüzillikdə deqradasiyaya uğramağa başlayıb. Məhz bunun nəticəsidir ki, müasir dövrdə şou biznes adlı virus həyatımızın bütün sahələrini yoluxdurmağa başlayıb. Əvvəlcə incəsənət, sonra idman, daha sonra siyasət, bu minvalla həyatımızın bütün sahələri şoulaşmaqla bərabər maddi maraq üzərində fəaliyyət göstərməyə başlayıb. İndi şou biznes cəmiyyətin gündəlik həyatının ayrılmaz tərkib hissəsinə çevrilib. Belə getsə, yaxın zamanlarda həyat tərzinə çevriləcək. Təhlükəlisi də elə budur. Odur ki, artıq həyəcan təbili çalmağın vaxtıdır. Bugünkü məqalənin də qayəsi bundan ibarətdir. Şou biznes mənəviyyatı xəyanət, riyakarlıq, yalan, saxtakarlıq, maddi maraq, satqınlıq və digər bu kimi mənfi keyfiyyətlərin təntənəsini tərənnüm edir.

Əziz oxucular, biz pisi göstərdik ki, yaxşının qədrini biləsiniz!

Şəlalə Nəriman

O.M.