Qırmızı kitaba düşən ailə dəyərləri

Qırmızı kitaba düşən ailə dəyərləri

13 Aprel 2013 14:13
Bəyəndim (0) Bəyənmədim (0)
Azərbaycan ailəsi - dünən, bu gün, sabah...

Müqəddəs ailədə şeytan əməli

Cəmiyyət dövlətin, ailə cəmiyyətin kiçik modelidir. Göründüyü kimi, ailə milləti, onun adət-ənənələrini, milli-mənəvi dəyərlərini, ümumən varlığını yaşadan yeganə birlikdir. Valideynləri, övladları, qohum-əqrəbanı ümumi bir ailənin üzvləri kimi qəbul etdiyimizdən əminlikdə deyə bilərik ki, millət ümumi maraqları, dəyərləri olan ayrı-ayrı tayfaların, nəsillərin birliyindən formalaşır. Deməli, ailənin rolu istər cəmiyyətdə, istər milli kimliyin formalaşmasında, istərsə də dövlət quruculuğunda danılmazdır. Heç təsadüfi deyil ki, elimizin belə bir məsəli var: "Ailə müqəddəsdir!" Bəli, ailə dini birlik olmasa da, dini cəhətdən xeyir-dua verilmiş ictimai birlikdir. Maraqlıdır ki, dini qurumlar, sektalar, birliklər, ideologiyalar, cərəyanlar bir-birilərini təkzib etdikləri halda, yəni bir-birini müqəddəs saymadıqları halda, ümumən ailə institutunun müqəddəsliyini qəbul edirlər. Məhz elə buna görədir ki, müəyyən bir kollektivdə doğmalıq, mehribançılıq şəraiti həmin kollektivin ailə adlandırılması ilə təcəssüm olunur. Lakin təəssüf ki, bir çox hallarda bu müqəddəsliyə kölgə salınır.

Keçmiş dövrlərdən indiyə qədər oğlanlar qızları aldatmaq üçün evlənmək vədləri verməklə məşğuldurlar. Müasir dövrdə isə bu üsul daha da ifrat forma alıb. Qadın və ya kişi cinsinin nümayəndələri ailə quracaqları insanı bir növ pulla alırlar. Daha doğrusu, gənclər əsasən imkanlı adamla evlənməyə can atırlar. Bu isə ailə dəyərlərinin gələcəkdə mutasiyaya uğramasına gətirib çıxaracaq.

Klassik ailə dəyərlərinə kölgə salacaq digər məqam isə ailə quracaq insanların tanışlıq şəraitidir. Əgər əvvəllər gənclər deyikli edilir, tanışlar vasitəsilə qovuşdurulur və ya böyüklərin məsləhəti ilə evləndirilirdisə, sonralar birbaşa tanışlıqlar vasitəsilə ailə qururdusa, müasir dövrdə vəziyyət tamamilə dəyişib. Sosial şəbəkələrdə, çatlarda, forumlarda, digər virtual məkanlarda baş tutan tanışlıqlar sonradan xeyir-duaya ehtiyac olmadan evliliklərə çevrilir. Təbii ki, bu zaman əsrlər boyu formalaşmış toy adət-ənənələri də keçmişin qalığı kimi nəzərə alınmır. Və ya tanışlıqlar Kütləvi İnformasiya Vasitələrində baş tutur ki, bu da iki gənc arasında olacaq özəl münasibətləri ictimailəşdirir. Bu zaman da ən yaxşı halda xeyir-duanı ağsaqqal-ağbirçək deyil, verilişin şəxsiyyəti müəmmalı olan aparıcısı verir. Reytinq üçün qurulan bu cür şoular ailənin ciddiyyətini də şübhə altına alır və bu cür ailələrin ömrü reytinqin özü kimi daimi olmur.

"Onun yarısı"nda evləndi, amma xoşbəxt ola bilmədi!

ANS və ATV kanallarının evlənmə proqramının iştirakçısı olmuş 26 yaşlı Amilin timsalında bir daha bunun şahidi oluruq. Onun "Oxu Məni" qəzetinə verdiyi müsahibədən bəlli olur ki, bu tip proqramla çıxdığına peşmandır.

- Amil, televiziya kanalına gəldikdə çətinliklə üzləşmədin ki?

- Problem olmadı, efirə çıxdım. Bir müddət ANS-də qaldım. Çətinliyim o oldu ki, burada mənə uyğun bir xanım tapılmadı. Sadəcə, zənglər gəlirdi, gələn zənglər isə aldadıcı zənglər idi. Sanki məni barmaqlarına dolayırdılar. Mən bilirdim ki, bu

zənglərin hamısı yalandır. Gördüm ki, ailə qura bilmirəm, burdan getmək qərarına gəldim.

- Səbəb nə idi?

- Səbəb o idi ki, orda iştirakçılar arasında rəqabət gedirdi. Nə bilim ey, oturmaq üstündə də qalmaqal olurdu. Mənim fikrim o idi ki, gündəmdə qalım və ailə qurum. Yəni gələcəkdə həyatda tək qalmayım, mənim də ömür-gün yoldaşım olsun. İnsan nə qədər ata-anasının yanında qalar. İstəyirdim mənim də nəslimin davamçısı olsun. Gördüm burda heç nə alınmır, daha verilişə çıxmadım, çəkildim kənara. Bir xeyli keçəndən sonra üz tutdum ATV kanalına, "Onun yarısı" verilişinə. Düşündüm ki, orada ailə qura bilərəm. Məni ATV kanalı çox yaxşı qarşıladı və verilişə çıxdım. Orada da iki-üç ay mənimlə rəqabət aparan iştirakçılar oldu. Orada bir oğlan var idi, internatda böyümüşdü. Mənim meyxana demək qabiliyyətimə görə mənə paxıllıq edirdi. Çünki o özü də meyxana deyən idi. Mənə tez-tez gizli zənglər gəlirdi, sataşırdılar, bayıra çıxanda üstümə adamlar gəlirdi. Buna baxmayaraq, bütün hədləri aşdım və heç nəyə reaksiya vermədim.

- Orada necə, ailə qura bildinmi?

- Bəli, mən öz yarımı tapdım. Amma ailə quranda toyumda bəzi problemlər baş verdi.

- Hansı problemlər idi? Açıqlaya bilərsən?

- Mənim toyumda tanımadığım insanlar gəldilər və məni böyük problemə saldılar.

- Yeri gəlmişkən, o toylar real toylar idi?

- Bəli, real toylar idi. Sadəcə, orada limit söhbəti var idi. Tamaşaçılarda belə bir fikir formalaşmışdı ki, toyun bütün xərclərini tele-kanal öz öhdəsinə götürüb. Ancaq ATV kanalı tərəfindən bizə cəmi altmış yer ayrılmışdı. Əgər limitdən artıq adam olardısa, onun pulunu mən ödəməliydim. Danışdıq və mən dəvətnamələrimi payladım. Toyum Azadlıq prospektində yerləşən "Oğuzxan" şadlıq sarayında oldu. Məclisə tanımadığım xeyli insanlar gəldilər və məni ziyana saldılar. ATV kanalının işçiləri, onların dəvət etdikləri qonaqlar, verilişin iştirakçıları mənə ayrılan yerlərdə oturdular. Öz qonaqlarımı öz hesabıma oturtmalı oldum. Dəvətnamə verdiyim insanların bəzisi heç toya gəlmədi. Neyləyək, canları sağ olsun. Onların da qabiliyyəti, mədəniyyəti, insanlığı elə ora qədər imiş. Toyda camaat gəldi, əyləşdi, yedilər-içdilər, toy qurtardı və mənə bildirdilər ki, sən restorana borclu qalmısan. Mən çox pərt oldum. Kimlərinsə qarşısında sınmaq istəmədim. Toyun səhəri dostdan, tanışdan faizlə pul tapıb, borcun bir hissəsini ödədim. Amma hələ də borcu tam üzə bilməmişəm.

- Nə qədər borca düşdün?

- Min beş yüz manat. Əvvəlcə beş yüz manat verdim, sonra da faizlə min manat ödədim. Çünki mənə restorandan dedilər ki, pulu verirsən ver, vermirsən toy kasetini vermirik. Mən hal-hazıra qədər də restorana verdiyim pulun faizini ödəyirəm. Dövlətdən otuz doqquz manat pensiya alıram. Ailəmin yanında utanıram, hələ də məni ata-anam dolandırır. Mən öz ayağım üstündə durmalıyam. Bəzi insanların, belə gülməli çıxmasın, loru dildə desək, day-dayları var, sponsoru var. Mənasız, boş insanlara sponsorluq edirlər. Amma inanmırlar ki, mənim də meyxana demək bacarığım var. Ona görə populyar olmaq istəyirəm ki, mən də hansısa bir restoranda işləyim, evimə çörək aparım. Nə olsun ki, boyum balacadır. Allahın verdiyi payam da. Axı mən də yetərincə tanınmışam. Əgər boş-boşuna gündəmdə qalıramsa, qazanc qazana bilmirəmsə, bu, mənim nəyimə lazımdır. İstəyirsən əlli dəfə çıx, kukla kimi otur efirdə. Nə mənası var. Mənə indi yaşayışım lazımdır. Mən də gündə əlli-atmış manat qazanc qazanmaq istəyirəm ki, ailəmi dolandırım. İndi müəyyən restoranlar var ki, müğənniləri çağırırlar, onlar da yarım saat fonoqrama qoyub oxuyurlar, yalandan ağızlarını tərpədirlər. Az-çox məni də tanıyan var. Müəyyən məclislərdə olmuşam. Bilirlər ki, özüm yazmıram, amma canlı musiqili meyxanalar deyirəm. Mən də yazmaq istəyirəm, lakin oturub yazmaq istəyəndə başım çox ağrıyır, çünki fikir çəkirəm.

- Amil ailə qurduğu xanımı ilə xoşbəxtdirmi?

- Xeyr. Qurduğun ailə ilə o vaxt xoşbəxt ola bilərsən ki, heç bir problemin olmasın. Yoldaşımı indi atasıgilə göndərmişəm, özü də hamilədir. İşləmirəm, utanıram, hara gedirəmsə, iş tapa bilmirəm.

- Amil, müsahibədən öncə vurğuladın ki, adıçəkilən kanalların aparıcıları sənə rişxənd edib gülürdülər. Səbəb nə idi?

- Tək aparıcılar deyil, elə mənə çoxları gülüşlə baxırlar. Amma mən bu kompleksi özümdə hiss eləmirəm. O insanlar əvvəlcə özlərinə baxsınlar, öz eyiblərini görsünlər, sonra mənə rişxənd edərlər.

- Amil, dediyinə görə, subay olanda işlərin yaxşı gedirdi, gəlirin olurdu. Bəs nə oldu? Gəlinin ayağı sənə düşmədi?

- Doğrudur, toydan qabaq mənəvi və maddi cəhətdən mənə dayaq duran dostlarım var idi. Hər gün restoranlarda yemək-içməkdə idik. Toyumdan sonra hamısı məndən uzaqlaşıb. Mən onlardan heç nə ummuram. Sağ olsunlar. Mənə həmişə mənəvi və maddi dayaq olublar. Toydan qabaq bir restoranda işləyirdim. Gündəlik gəlirim az-çox yenə də olurdu. İndi heç bir restoran da məni qəbul eləmir. Hamı elə bilir ki, toy eləyib küllü miqdarda pul yığmışam və varlanmışam. Heç də belə deyil, əslində müflis oldum, hər şey alt-üst oldu.

- Amil evlənmək verilişlərinə getdiyinə peşmandırmı?

- Verilişə çıxmağımın yalnız bir xeyri oldu ki, özümə ömür-gün yoldaşı tapdım. Başqa işlər üçün peşmanam. Çünki hamıya reytinq üçün lazımam.

Göründüyü kimi, maddiyyat olan yerdə mənəviyyatdan danışmaq yersizdir. Madiyyatdan söz düşmüşkən, indiki dövrdə evlənmək olduqca bahalı bir istəkdir.

Xoşbəxtliyin qiyməti

Toya qədər gənclər bir neçə mərhələdən keçirlər. Tanışlıq, elçilik, həri, nişan, xınayaxdı, daha sonra qız və oğlan toyu kimi mərhələlər iqtisadi cəhətdən müəyyən büdcəyə malik olur. Bu, günümüzün reallığıdır. Əvvəllər toy edəndə, sadəcə, qohum-əqrəba, tanış-biliş yığışardı. Toy da, yeməklər də, bəzək-düzək də sadə olardı. Bu gün ailə qurmaq istəyən gənc isə çox düşünməlidir. Belə ki, toy edib, qapısında "vağzalı" çaldırmaq istəyənin gərək əli cibində olsun. Bəs, görəsən, hal-hazırda toy və toya qədərki hazırlıq üçün nə qədər pul lazımdır? İlk növbədə başlayaq nişan mərasimindən və bu mərasimin əsas atributu olan üzükdən. Bu gün qızıl satışı obyektlərində qiymətlər fərqlidir. Qızıl satışı ilə məşğul olan Maya xanım deyir ki, nişan üzüklərinin qiyməti, əsasən, əyarına və qaşına görə fərqlənir. Digər bir məsələ geyimlə bağlıdır. Belə ki, ailə qurmağa hazırlaşan xanımların xınayaxdı, qız və oğlan toyundakı geyimləri fərqlənir. Elə bu şad günlərin atributları sayılan xonçalar və güzgülər də fərqli olur. Amma bu fərq təkcə onların görünüşündə deyil, qiymətlərində də öz əksini tapır. Gəlinliyin ayrılmaz bir hissəsi də toy buketidir ki, bu cür buketlərin hazırlanmasına da orta hesabla 30-50 manat tələb olunur. Bəylər üçün nəzərdə tutulmuş geyimlərə gəldikdə isə qiymət 100 - 500 manat civarında dəyişir. Bəzi mağazalara nəzər salanda isə bu qiymətlərin 1500 manata qədər qalxdığını müşahidə edə bilərik. Toya yaxın isə başqa bir məsələ gündəmə gəlir ki, bu da cehiz hazırlığı ilə bağlıdır. Əlbəttə ki, ailə qurmaq istəyən cütlüklər öz bər-bəzəklərini də unutmamalıdırlar. Gəlinin Bakıda gözəllik salonunda bəzənməsinə 120 manatdan başlayaraq, 700 manata qədər pul tələb olunur. Gəlinlər bəzəndiyi kimi bəylərimiz də bəzənirlər. Bir bəyin toy mərasimi üçün hazırlanmasına isə 50-350 manat tələb olunur. Toy gününə hazırlanan cütlüklər avtomobili də düşünməlidirlər. Kirayə olunan avtomobillərin bir günlük qiyməti 50 manatla 3000 manat arasında dəyişir. Və nəhayət, cütlüklər toyun keçiriləcəyi restoranlardakı qiymətləri də nəzərə almalıdırlar. Etiraf edək ki, Bakıda toy etmək istəyən şəxs üçün şadlıq sarayı tapmaq heç də çətin deyil. Çünki hal-hazırda şadlıq saraylarının sayı şəhərdə olduqca çoxdur. Bu səbəbdən şadlıq saraylarının təklif etdikləri qiymətlər də fərqlidir. Hal-hazırda şadlıq saraylarında bir nəfərlik yerin qiyməti 20 manatdan başlayıb 200 manatadək davam edir. Ümumi toy xərcinə gəldikdə isə Bakı restoranlarından birinin inzibatçısı Elxan Kərimov qeyd edir ki, ən ucuz toy 5000-7000 manat arası dəyişir, ən bahalı toy isə 40 000 və daha yüksək qiymətə başa gəlir. Toya çəkiləcək xərc isə 200 nəfər qonağa - 5000 manatdan 35 min manata qədər artır. Qeyd edək ki, şadlıq sarayının rəhbərinin verdiyi məlumata görə, bu xərclərə menyu, zalın icarəyə verilməsi, videoçəkiliş, musiqiçilər də daxildir. Nəhayət, son hesablama aparsaq, görərik ki, bir gəncin ailə qurması üçün ən azı 12 000, ən çoxu isə 80 000 manat tələb olunur. Amma xoşbəxt olmaq üçün elə də çox xərc çəkmək tələb olunmur. Soltan bəy demişkən - 1 molla, 3 manat pul, 1 kəllə qənd. Hətta onlar da olmasa belə, insana xoşbəxt olmaq üçün can sağlığı və məhəbbət kifayət edir.

Son söz əvəzi:

Heç kimə sirr deyil ki, milləti formalaşdıran, onu yaşadan ailədir. Ailə həm də milli-mənəvi dəyərlərin ən etibarlı sığortasıdır. O, təkcə müxtəlif cinslərdən olan insanların könüllü birliyi deyil, həm də keçmişi bu gündə yaşadan, bu gündən gələcəyi yaradan müqəddəs bir ittifaqdır. Bəli, ailə müqəddəsdir. Cəsarətlə deyə bilərik ki, ailə qurmaq Tanrıya ibadət sayılır. Belə ki, Tanrının hökmü ilə, hər bir insan həyatı boyunca kimisə xoşbəxt etməli, özü xoşbəxt olmalı, nəsil artırmalı, öhdəsinə düşən övladları layiqincə böyütməlidir. Bu zaman ailə üzvləri halal zəhmətlə ruzi qazanmalı, onu halal qaydada ailə üzvləri arasında bölüşməli, bir sözlə, ibadətini mükəmməl etməlidir. Lakin təəssüf ki, müasir zamanda ailə müqəddəsliyinə kölgə salınır. Bu, heç kimə sirr deyil. O da sirr deyil ki, insana şüur verilib və bir olan Tanrı ilə insan arasında rabitəyə heç kim müdaxilə edə bilməz. Deməli, müqəddəs ailə dəyərləri insanı yaratdığı və yaşatdığı kimi, o da bu dəyərləri ruhunda qoruyub saxlamalıdır.

Könül Aypara

O.M.

Digər xəbərlər