Qadın haqları – qadınlara hörmət və ya ayrıseçkilik?

Qadın haqları – qadınlara hörmət və ya ayrıseçkilik?

12 Aprel 2013 00:01
2 255
Bəyəndim (0) Bəyənmədim (0)
Qadınları qorumaq deyil, sevmək lazımdır!

Giriş

İnsan azadlığı ilə bağlı məqalə yazdıqdan sonra hansısa qüvvə, əslində, ətrafımda şahidi olduğum bəzi hadisələr məni sırf "qadın azadlığı" haqqında yazmağa, öz düşüncələrimi bölüşməyə vadar etdi. Azadlıq azad düşüncə, sağlam düşüncə, azad, sərbəst baxışdır. Azad olmaq özünü dərk etmək, hüquqlarını bilmək, təhsil ala bilməkdir. İstər kişi, istərsə də qadın, hər bir insanın öz düşüncəsi olduğu kimi, hər kəs azadlığına sahib olmalıdır. Bəs qadınlar və kişilər arasındakı azadlıq bərabərdirmi? Nə üçün insan hüquqları var ikən bundan əlavə "qadın hüquqları" anlayışı da mövcuddur? Görəsən, niyə kişi hüquqları deyə bir anlayış yoxdur? Kişilərin hüquqları tapdalanmırmı? Yoxsa…Yoxsa cəmiyyətimiz insanlar və qadınlar olaraq iki yerə bölünür? Niyə məhz hüquqları tapdanılan qadınlar olmalıdır? Nədən qadın hər zaman susar? Suallar çoxdur. Düzgün cavabı tapmaq üçün tarixi təkamül yoluna və ya bir qız uşağının həyat yoluna nəzər salmaq kifayətdir.

Tarixə səyahət

Tarixə nəzər saldıqda təəssüflə şahidi oluruq ki, qadınlar daim məzlum həyat sürmüş, istismara məruz qalmışlar. Keçmiş dönəmlərdə qadına qarşı olan münasibəti araşdırdıqda çox acınacaqlı faktlarla rastlaşırıq. Tarixən kişilər qadınlarla lazımi şəkildə davranmamış, onlara lazımi münasibət göstərməmişlər. Əsrlərlə qadınlar və qızlar iradəsiz kölə həyatı sürmüşlər. Bir çox ölkələrdə qadınlar bir əşya kimi müxtəlif məqsədlərlə başqa şəxslərə satılır, borc olaraq təslim edilir, istənilən vaxt evdən qovulur və s. bu kimi çirkin münasibətlərə məruz qalmışlar. Bütün həyatı boyu əzab-əziyyət, məşəqqət çəkən bu zərif cinsin nümayəndələri hər zaman, hər yerdə ağır işlərlə məşğul olmağa məhkum olmuşlar. Onları ya ikinci dərəcəli insan saymış, ya da bəzi hallarda ümumiyyətlə insanlıqdan xaric bir məxluq kimi qəbul etmişlər. Avropa ölkələrində bu hal son bir-iki əsr bundan öncəyədək belə olmuşdur. Kilsə və xristianlığın hakim olduğu Qərbdə qadını "murdar məxluq" adlandırırdılar. Çində qadınlarla ailə qurma bazardan əşya almaq kimi bir şey idi. Arvad alma - arvadın satın alınması demək idi. Bu cəmiyyətdə qadınlar heç bir ictimai hüquqa malik deyildilər. Hindistanda da qadınlar kişilərin köləsi olmuşlar. Kişilərin vəfatından sonra qadınlar ya özlərini yandıraraq həyatlarına son qoyur, ya da zillət içərisində həyatlarını davam etdirirmişlər. İslamdan öncəki ərəb dünyasında vəziyyət daha faciəli idi. Ərəblər, xüsusilə geridə qalmış bədəvi ərəblər dünyaya göz açan qız uşaqlarını diri-diri torpağa basdırırmışlar.

Bu günün reallığı

Dünyaya insan gələr. Əgər ətrafa sükut çökərsə, hər kəs anlayar doğulanın qız olduğunu. Qızın uşaq çağlarında belə gülməyinə, qaçmağına, oynamağına məhdudiyyətlər qoyular. Axı necə olsa, o, gələcəyin qadınıdır, uşaq belə olsa. Axı qadın necə tərbiyə olunsa, nə qədər məhdudiyyətlə qarşılaşsa, ona öyrəşər. Əngəllərə, qadağalara öyrəncəli olar. Sonra zamanla "oxuyub nə olacaqsan ki?" sualı ilə təhsil almağı da əngəllənər. Böyüyər, gənc qız olar, amma gəncliyini yaşaya bilməz. Çölə atdığı hər addımda (S.A: çölə addım atmağa icazəsi olursa əgər) izlənər, təqib edilər. Axı o qızdır, səhv addım ata bilər. "Yox, yox, qızım, sənə güvənirik, ətrafa, cəmiyyətə güvənmirik" sözlərini də eşidər. Ya da elə sərt şəkildə "qız nədir, çölə çıxdı nədir!" sözləri ilə aşağılanar. Sonra gözlərini açmağa, həyatı dərk etməyə macal belə tapmadan, "qızı boş buraxsan ya halvaçıya gedər, ya zurnaçıya" sözlərinin müşayiəti altında tanımadığı birinə ərə verilər. Və gənc qız olaraq nə xəyalları var idisə, elə o toy günü hər birini məzara gömər, ölmüş ümidləri ilə birgə ər evinə yola düşər. Zaman keçər, qadın ana olacağını anlayar. Əgər övladının cinsiyyətinin qız olduğu söylənilərsə, onda vay halına, belə deyə bilərəm. Əksi olan təqdirdə, yəni dünyaya oğlan uşağı gətirəcəyi təqdirdə isə qadınlığı isbatlanar. Ərinin və ailəsinin gözündə status yüksələr. Hörməti artar. Qadın yaşlanar, elə ona edilənlər də gələn yeni nəsil üzərində tətbiq edilər. Çünki o belə görmüşdü…
Qadınlar hüquqlarını bilmirmi?

Deyək ki, qadınlara hüquqları başa salındı. Beyinləri bu hüquqlarla dolduruldu. Bəs sonrası? Bu hüquqları həyatlarında tətbiq edib özlərini müdafiə edə biləcəklərmi? Qadına söz demək, işləmək hüququnun olduğu, ərinin ona qarşı zorakılıq edə bilməyəcəyi başa salındısa, qadın da bu sözlərdən cürətlənib, evə getdisə, o zaman nəticə nə olacaq? Yenə də hüquqları tapdanılan bir qadın görmüş olacağıq, yəni nəticə dəyişməyəcək. Hətta bəlkə də bir ailə dağılacaq. Səbəb isə həmin qadının ərinin bu sözləri həzm edəcək səviyyədə olmamağıdır. Onsuz da ailədə kişinin sözünün üzərinə qadınların söz deməsi qəbulolunmaz haldır. Axı bizim mentalitetimiz buna imkan vermir.
Məncə hüququnu bilməyən insan yoxdur. Sadəcə bildiyi hüquqları tətbiq edə bilmir bir çoxları. Qadın bildiyi hüquqları tətbiq etməkdən haqlı olaraq qorxar. Sadəcə bu hüquqları ona yenidən kimsə xatırlatdıqda, ürəklənər. Səsini çıxarar və elə səsinin çıxdığı kimi də susdurular. Ölkədə qadın haqları bu cür izah olunur. Bilinən hüquqları öyrətməyə nə ehtiyac var? Qadın hüquqları ortaya çıxarıldı ki, qadınlara öz hüquqlarını öyrətsinlər. Amma qadınlar onsuz da öz hüquqlarını yaxşı bilir. Onların tətbiq ediləcəyi təqdirdə onları nəyin gözləyəcəyini də bilir. Elə buna görə də sakitcə oturaraq, haqlarını tələb etmirlər.
Bəs dinimizdə qadın hüquqları necə, qorunurmu? Quranı Kərimdə " kişilərin qadınlar üzərində haqları olduğu kimi, qadınların da kişilər üzərində haqları vardır" buyurulmuşdur. Rəsulullah (s.a.v) kişiləri qadınların haqq və hüquqlarını gözləməyə dəvət etmiş və bu mövzuda "qadınların haqlarını yerinə yetirməkdə Allahdan qorxun! Çünki siz onları Allahın bir əmanəti olaraq aldınız", deyə buyurmuşdur. Başqa hədisi şəriflərində də "sizin ən xeyirliniz əhlinə (qadınına və övladına) ən xeyirli olanınızdır. Mən də əhlinə qarşı ən xeyirli olanınızam" deyə buyurulur.

Rəqəmlərin dili ilə

2013-cü ilin mart ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,3 faizini və ya 4 milyon 716,3 min nəfərini qadınlar təşkil edir. Bu barədə Oxumeni.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qadınların 57,3 faizi nəsilvermə qabiliyyətinə malikdir və orta hesabla hər 10 qadın dünyaya 23 uşaq gətirir. Ötən il doğulmuş 174,5 min körpənin 46,4 faizini qızlar təşkil edib.

Dövlətin daim diqqət mərkəzində saxladığı ən mühüm məsələlərdən biri də qadınların sağlamlığının qorunmasıdır. Hazırda ölkədə 24 doğum evi, 176 qadın məsləhətxanası, 281 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur və qadınlar arasında gözlənilən ömür uzunluğu kişilərdən 5,3 yaş yüksək olaraq 76,6 yaşa bərabərdir.

Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,4 faizdir. Ümumi təhsil müəssisələrində müəllimlərin 76,3 faizi, orta ixtisas təhsil müəssisələrində 77,4 faizi, ali təhsil müəssisələrində 49,0 faizi, həkimlərin isə 63,9 faizi qadınlardır. Ümumi təhsil müəssisələrində şagirdlərin 45,9 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 66,3 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,0 faizi qızlardır.

Elmin inkişafında da qadınların müstəsna rolu var. Doktorantların 30,8 faizini, bütün elmi işçilərin isə 53,6 faizini qadınlar təşkil edir. Son 5 ildə tədqiqat və işləmələrlə məşğul olanlardan elmlər doktoru dərəcəsi olan qadınların sayı 25,2 faiz, fəlsəfə elmləri doktoru dərəcəsi olan qadınların sayı isə 15,0 faiz artmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlərindən 11-i, akademiklərdən 3-ü qadındır.

Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,0 faiz, sahibkarlar arasında isə 17,0 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 39,8 faizi qadınlardır.

Milli Məclisdə qadın millət vəkillərinin sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkə Parlamentində qadınların xüsusi çəkisi 16,0 faizə çatıb.

Bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən son bələdiyyə seçkilərində 5 dəfə artaraq 4194 nəfərə çatmış və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 26,1 faiz olmuşdur. Əvvəlki bələdiyyə seçkilərində bu göstərici 4,0 faiz təşkil etmişdir.

Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, 2005-ci ildə onların sayı 2285 nəfər olduğu halda, 2012-ci ildə 7411 nəfərə çatmışdır.

Beləliklə, Azərbaycan qadınları cəmiyyətimizin tamhüquqlu üzvləri kimi ölkənin sosial, iqtisadi və ictimai-siyasi həyatında fəal iştirak edirlər.

Son söz əvəzi:

Dünyanın bütün cəmiyyətlərində nədənsə kişilər qadınları qorumağı özlərinə missiya olaraq seçiblər. "Qadın haqları" kimi absurd bir termin də məhz bundan yaranıb. Təbii ki, kişilər qadınları onların həmcinslərindən qorumurlar, elə kişilərin özlərindən qoruyurlar. Halbuki, kişilər qadınlara onların layiq olduqları hörməti və qayğını göstərmiş olsalar, başqa heç nəyə ehtiyac qalmaz. Axı qadın bacıdır, həyat yoldaşıdır, övladdır və nəhayət, anadır. Ananı isə hər şeyə rəğmən sevmək lazımdır!

Səltənət Arzudovum

O.M.