Azərbaycan ailəsinin uzunömürlü ağsaqqalı

Azərbaycan ailəsinin uzunömürlü ağsaqqalı

2 Aprel 2013 14:39
Bəyəndim (0) Bəyənmədim (0)
Biz vahid azərbaycanlı ailəsinin üzvləriyik

Ulu torpaq

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideyası XXI əsrin reallığı olsa da, kökü tarixin dərinliklərinə qədər uzanır. Tale, maraq, məşğuliyyət birliyi fərqli insanları oxşar edib. Və beləcə, tarixi təkamül yolunda azərbaycanlı ailəsi adlanan monolit cəmiyyət formalaşıb. Bəli, bu gün elə bir azərbaycanlı ailəsi tapmaq olmaz ki, təkcə bir etnosun nümayəndələrindən ibarət olsun. Hətta ayrı-ayrı bölgələrdə, rayonlarda da fərqli etnik mənsubiyyətə malik olan insanlar ailələrdə, nəsillərdə birləşərək, vahid azərbaycanlı ailəsini yaradırlar. Məsələn, Qubada türk, tat və yəhudilərdən ibarət minlərlə ailə olduğu kimi, Gədəbəydə və ya İsmayıllıda da türk, rus və malakanların mehriban izdivaclarına rast gəlmək olur. Klassik azərbaycanlı ailələri irsilik prinsipi üzərində qurulduğu kimi vahid Azərbaycan ailəsində də keçmiş, müasir və gələcək nəslin nümayəndələrini görmək olur. Bunu adət-ənənələrdə, ümumən milli mənəvi dəyərlərdə açıq-aydın müşahidə etmək mümkündür. Bu baxımdan Azərbaycan ailəsini öz varlığı ilə zənginləşdirən xınalıq xalqını misal çəkmək olar. Onlar bizim nurani ağsaqqallarımızdır. Odur ki, gəlin özümüzü tanımaq üçün ulularımızı tanıyaq.

Ağsaqqallarımız, ağbirçəklərimiz

Xınalıqlılar özlərini Nuh peyğəmbərin nəslindən olanlar kimi sayırlar. Onların ikrincə, Nuh peyğəmbərin tufanı dövründə Kətş kəndi Kətiş dağlarında yerləşirdi. Sonradan Allah tərəfindən baş verən zəlzələ zamanı orada heç bir ev salamat qalmamışdır, bütün evlər dağılmışdır. Əhalinin çox hissəsi həlak olmuşdur. Sağ qalanlar isə çayı keçərək kiçik bir təpəyə qalxmışlar və beləliklə də Xınalıq yaranmışdır. Xınalıqlılar hesab edilər ki, tufandan sonra Nuhun oğulları – Sim və Xam müxtəlif yerlərə köç etmiş və yalnız Yafət öz oğulları ilə həmin yerlərdə qalmış və buradan da Qafqaz xalqları törənmişdir. Dəniz səviyyəsindən 2000 metrdən də artıq yüksəklikdə yerləşən kənd ərazisində rast gəlinən balıqqulağı və daşlaşmış balıq sümüklərini xınalıqlılar bu rəvayətin təsdiqi kimi göstərir, burada bir vaxtlar baş vermiş tufan və daşqından xəbər verdiyini bildirilər. Bəzi müəlliflərin fikrincə, eramızdan əvvəl I əsrdə bu ərazidə "get" tayfaları yaşamışdır. Xınalıqlıların əcdadları barədə məlumatlara Strabon və Plininin əsərlərində rast gəlinir. Xınalıqlıların qədim yunan alimi Strabonun 17 cildlik "Coğrafiya" əsərində göstərdiyi, hərəsi öz dilində danışan 26 alban tayfasından biri olduğu güman edilir. Xınalıqlılar həmin 26 alban tayfasından biri olmasını Xınalıq kəndi ərazisində olan çoxsaylı alban qəbiristanlıqları və digər alban tayfalarının məlum olan dillərindən fərqli olan dili təsdiq edir.

Bulaq suyu, dağ havası

Xınalıq həm də uzunömürlülər məskənidir. Bulaq suyu, dağ havası Xınalığı uzunömürlülər diyarına çevirmişdir. Teymur Bünyadov 1987-ci ildə dərc olunmuş "Əfsanələr diyarı" adlı məqaləsində onların bəzilərinin adlarını xatırlayır: kişilərdən 132 yaşlı Hacı baba, 120 yaşlı Hacı Nəzir baba, 117 yaşlı Molla Bəşir kişi, 115 yaşlı Şahbaz baba, 112 yaşlı Becan baba, 110 yaşlı usta Cəbrayıl, Hacı Sultan Əmir, Hacı Soltan Əhməd; qadınlardan 107 yaşlı Əsmər və Pəricahan nənə, 103 yaşlı Gülcənnət və Əminə nənə və onlarca başqaları... Həmin mənbədə daha sonra göstərilir ki, yaşları 90-nı keçib 100-ü haqlayanları isə daha çoxdur.

Tarixdə məşhur xınalıqlıların adları da qalmışdır. XII əsrdə İbn-Həkim Əl-Xinaluqi Bağdadda fəaliyyət göstərmiş həkim və filosof olmuşdur. XV əsrdə başqa bir xınalıqlı tarixçi Məhəmməd Xinaluqi Şirvan və Dərbənd tarixini yazmışdır. Təəssüf ki, bu kitabın orijinal mətni dövrümüzə gəlib çatmamışdır. ХVII-XIX əsrlərdə Xınalıqdan bir sıra aşıqlar-nağılçılar çıxmışdır. Fitri istedada malik Əhməd əfəndi XIX əsrdə Qafqazın müxtəlif dini mərkəzlərində —Tiflisdə, Dağıstanda, Teymurxanşurada (indiki Vladiqafqazda) yaşayıb fəaliyyət göstərmişdir. Hal-hazırda Xınalıqda Əhməd əfəndinin türbəsi vardır.

Xınalıqda təhsilə maraq hələ qədimlərdən olub. Kənd ağsaqqallarının ata və babalarından eşitdiklərinə görə, Osmanlı dövründə bu yerlərə İstanbul, İzmir kimi şəhərlərdən çuvallarla kitab gətirilirmiş. Söyləyirlər ki, kəndin oğlanları İstanbulda, Təbrizdə, Səmərqənddə təhsil alıblar. Hətta Səmərqənddə xınalıqlıların qəbiristanlığı var. Hələ XIX əsrdə xınalıqlıların 90%-i savadlı olub.

Şirin dil

Xınalıq kəndinin əhalisi dünyada ona heç oxşarı olmayan unikal bir dildə danışır. Bu dili xınalıqlılar Kətiş dili (azərbaycanca, Xınalıq dili) adlandırırlar. Kətiş dilini bəzi mütəxəssislər Şimali Qafqaz ailə qrupunun Nax-Dağıstan dil ailəsinə aid edirlər. Digər mütəxəssislər isə bu dili Ural dil qrupuna aid edirlər. Bundan öncə mütəxəssislər bu dili Qafqaz-Şahdağ dil qrupuna aid edirdilər. Bu sahədə linqvistik tədqiqatlar davam edir. Lakin bütün mütəxəssislər razılaşırlar ki, bu dil ən qədim dil ailəsinə məxsus dillərdən biridir. Alimlər belə bir maraqlı mülahizə də irəli sürürlər ki, Xınalıq dili Qafqaz Albaniyasının tərkib hissəsi olan Tuti tayfalarının dili ilə yaxınlıq təşkil edir. Xınalıq dilinin heç bir dialekt və ləhcəsi yoxdur. Yeganə fərq ondan ibarətdir ki, Xınalığın özündə kəndin yuxarı, orta və aşağı hissələrində kompakt yaşayan üç əsas nəsil arasında müəyyən hallarda tələffüz zamanı danışıq dili fərqlənir. Bu dildə ismin 18 halı vardır. Kətiş dilinin rus və ingilis dillərində lüğət kitabları çap olunmuşdur. Təəssüf ki, hələ xınalıqca-azərbaycanca lüğət tərtib edilməmişdir. Kətiş dili çoxsəsli dil kimi 76 hərflə ifadə olunur. Bu dildə 28 sait var. Kətiş dilində fellər həm cinsə, həm də insan və heyvana görə fərqlənirlər. Məsələn, "gəlir" sözü qadın, kişi və heyvana görə müxtəlif tərzdə səslənir.

Müqəddəs məkan

Xınalıq kəndində müxtəlif dövrlərə aid səkkiz qədim və yeni qəbiristanlıq, eyni zamanda 31 türbə və ziyarətgah vardır. Dini abidələrdən 16-sı İslam dövrünə aiddir, qalanı isə islamaqədərki inanclarla bağlı olub və əhali tərəfindən müqəddəsləşdirilmiş ziyarət yerləridir. Hazırda Xınalıqda əsasən 7 məscid fəaliyyət göstərir. Xınalıq əhalisi kənddə mövcud olan bütün məscidləri də pir adlandırır. Məscidlər evə bənzəyir və minarələri yoxdur. Bu ərazidə yerləşən, müqəddəs sayılan Babadağın zirvəsindəki oyuğun altında xalq arasındakı rəvayətə görə, Baba adlı müqəddəs şəxsin qəbri var. Bura təkcə bölgədə deyil, bütün Azərbaycanda məşhur ziyarətgahlardan biridir. Yerli əhalinin inancına görə, Babadağı 7 dəfə ziyarət etmək Həcc ziyarətinə bərabərdir. Xınalıqlıların yağışla, əkinçiliklə, bəzi ev heyvanlarına münasibətlə, toy və yasla, səma cisimlərinin müşahidəsi ilə bağlı da zəngin ənənələri vardır. Onların həyat və məişətinə daxil olan adət və ənənələr təbiət hadisələrinə uyğun qurulur, onların yozulması ilə bağlıdır.

Ümumiyyətlə, Xınalıq kəndi özünəməxsus unikal memarlıq görkəminə malikdir. Burada orta əsrlərə aid Atəşpərəst məbədi, Xıdır Nəbi türbəsi, Şeyx Şalbuz, Əbu Müslim məscidləri, mağaralar və çox sayda öyrənilməmiş arxeoloji abidələr mövcuddur.

Xınalıq lentdə

Xınalıq kino işçilərinin də diqqətindən yayınmamışdır. Xınalığın füsunkar təbiətindən, işgüzar əmək adamlarından bəhs edən bir sıra filmlər çəkilmişdir.

Xınalıq haqqında "Xınalıqlıların qonağı" ilk sənədli film 1937-ci ildə səssiz lentdə, mətn rus dilində yazılmaqla çəkilmişdir. 1971-ci ildə C.Cabbarlı adına kinostudiya tərəfindən "Dağlarda ada" adlı yenə də sənədli qısametrajlı film çəkilmişdir. Daha sonra isə 1974-cü ildə "Xınalıq etüdləri", 1999-cu ildə isə "Zirvədən boylanan Xınalıq" filmləri istehsal olunmuşdur. 2006-cı ildə isə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti "Xınalıq və Xınalıq yolu" sənədli filmini çəkmişdir. Türkiyə, Danimarka, Cənubi Koreya və başqa ölkələrin kinematoqrafları da Xınalığa maraq göstərmiş, kənd haqqında maraqlı verilişlər hazırlamışlar.

Son söz əvəzi:

Azərbaycan böyük bir ailədir. Xınalıq isə Azərbaycan ailəsinin ağsaqqalıdır. O ağsaqqal ki, zəngin mənəvi irsi göz bəbəyi kimi qoruyub, gələcək nəslə ötürür. O ağsaqqal ki, varlığı qarşısında hər birimiz ayağa dururuq. Necə deyərlər, ağsaqqal olan ailədə xeyir-bərəkət olar.

Murad Şahməmmədov

O.M.

Digər xəbərlər