Ailələrimizi quraq və qoruyaq

Ailələrimizi quraq və qoruyaq

25 Fevral 2013 11:49
Bəyəndim (0) Bəyənmədim (0)
Boşanmağa deyil, qovuşmağa doğru

Ailə müqəddəs bir ittifaqdır. Azərbaycan ailəsinin müqəddəsliyi həmçinin ondan ibarətdir ki, qocaların xeyir-duası, valideynlərin razılığı, gənclərin məhəbbəti, uşaqların arzuları ilə qurulur, dini və milli adət-ənənələrlə tənzim olunur. Göründüyü kimi nəsillərin varislik prinsipi ən yüksək insani dəyərlərin, inancların qorunub saxlanılmasına xidmət edir. Lakin müasir dövrün reallıqları onu deməyə əsas verir ki, milli-mənəvi dəyərlərimiz, o cümlədən ailə dəyərlərimiz ciddi fəsadların təsirinə məruz qalır. Qloballaşan dünyada fərdilikləri qorumaq çətin olsa da, mümkündür. Bunun üçün ailə daxilində və cəmiyyətdə kütləvi maarifləndirmə işləri aparılmalıdır. Bugünkü yazı da məhz bu amala xidmət edir. Məqsədimiz əsrlərin sınağından keçib gəlmiş milli kimliyimizi qorumaq və etibarlı ailə çənbərində sığorta etməkdir. Bunu üçünsə ilk növbədə Azərbaycan ailəsinin özünü qorumaq vacibdir. Sevdiyi şəxslə ailə qurub son nəfəsinə kimi onunla xoşbəxt yaşamaq hər kəsin xəyalıdır. Əgər böyüklər də bu sevgini dəstəkləyirsə, o zaman imzalar atılır, arzu reallaşır, yəni ailə qurulur. Bəs sonra? Çəhrayı rəngə bürünmüş həyatın həqiqi üzü bu sonralarda özünü büruzə verir. Kimisinə elə daimi olaraq çəhrayı qalır, kimisinə görə isə qısa müddət ərzində qara rəngə bürünür. Məhəbbətdən "gözləri kor olmuş" bəzi sevgililər qovuşduqdan az sonra bir-birlərinin mənfi və ya müsbətlərinin şahidi olur. Cütlüklər arasında yaranan maddi çətinlik, duyğusal ehtiyaclarının qarşılanmaması və digər kiçik anlaşılmazlıqlar nəticəsində böyük mübahisələr yaranır, bu zaman: "Mən səni belə düşürmürdüm!" və ya "Mən bu həyata öyrəşməmişəm!" - cümlələri demək olar ki, hər gün səslənməyə başlayır. Sevgiləri uğurunda mübarizə aparanlar qovuşduqdan sonra qarşılaşdıqları problemləri dəf etməkdə çətinlik çəkir, artıq ayrılmağı planlaşdırır, boşanma haqqında düşünürlər.

Son zamanlar istər televiziya, istər qəzet, istərsə də sosial şəbəkələrdə hər gün yer alan ən qlobal mövzulardan biri də ölkəmizdəki boşanma halları və ondan sonra yaranan bir sıra problemlərlə əlaqəlidir. Düzdü, 2012-ci ilin əvvəlinə kimi Dövlət Statistika Komitəsi boşanma saylarının yalnız rəsmi rəqəmlərini göstərə bilirdi. Qeyri-rəsmi ailə quranların boşanma sayı isə müəmmalı olaraq qalırdı. Lakin Qafqaz Müsəlmanları İdarəsinin dövlətlə birgə hazırladığı qanuna əsasən, indi heç bir axund və ya molla rəsmi nikahı olmayanlara kəbin kəsə bilməz, əks halda, məsuliyyətə cəlb olunacaqlar.
Qeyri-adi səslənsə də, avropalaşmağa səy göstərən gənclərimiz sanki bu sözün mənasını Avropa ölkələrində adi qarşılanan boşanma kimi qavrayır, ailələrini dağıtmaq üçün sanki rəqabət aparırlar. Ailə kiçik dövlətdir, bu gün onu qoruya bilməyən böyük millətini heç qorumaz. Düşünürəm ki, bu cür məsələləri təhsil ocaqlarında tədris edərək gəncləri mütaliəyə həvəsləndirməli, tarix boyu işğala məruz qalmasına rəğmən, varlığını hələ də sübut etdirən qüdrətli Azərbaycanı qorumaq üçün ilk olaraq "kiçik dövləti" ailəni yaşatmaqla başlamalıyıq. Yəqin ki, psixoloqlarımız mənimlə razılaşar ki, son zamanlar onlara müraciət edənlər arasında yeni ailə quranlar daha çoxluq təşkil edir.

Elə isə buna səbəb nədir?
Zənn edirəm ki, qısamüddətli evliliyə, boşanmalara səbəb müasir gənclərin ailə qurmadan öncə qarşı cinsin psixologiyası ilə maraqlanmaması, evliliklə bağlı mütaliə etməməsidir. Ümumiyyətlə, son illər insanların mütaliəyə az marağının nəticəsidir ki, bəşəriyyət bir sıra problemlərlə doludur. Mütaliə edən şəxs gözəl nitqə, mədəni davranışa, yüksək intellektə sahib olur ki, bu da istər karyera, istər ailədə - hər bir mühitdə insanı hörmət sahibi edir, şəxsiyyətini ucaldır, sevdirir.
Gəlin etiraf edər ki, indiki bəzi gənclərimiz –xüsusən də qızlar - təhsildən çox ailə qurmağı düşünür, hətta deyərdim ki, bir çox yeniyetmələrimiz illər boyu xəyal etdiyi müəllimlik, həkimlik, vəkillik və s. xəyallarından vaz keçib, sevdiyi gəncə qovuşmaq naminə uğurlu gələcəyini göz qırpmadan qurban verirlər. Bu kimi hadisələrə hər il rast gəlinir. Məsələn, mövzudan uzaqlaşmadan jurnalistlik fəaliyyətim zamanı gənc bir ananın acı etirafını qısa şəkildə diqqətinizə çatdırmaq istərdim: "Savadı ilə bir sıra həmyaşıdlarından seçilən gənc qız hələ 11-ci sinif şagirdi olmasına baxmayaraq, valideynlərin razılığı ilə sevdiyi oğlanla nişanlanır. Bu "xeyir iş"dən bir neçə ay sonra qız qəbul imtahanına yola düşərkən aldığı xəbərdarlıqdan dəhşətə gəlir. Sevgilisi ona "Ya təhsil, ya da nişanın qaytarılması" ismarışını yollayır. Uşaqlıq xəyallarını sevdiyi şəxsə qurban verən qızcığaz bu gün nəinki təhsilini davam etdirməməyinə, hətta həmin şəxslə ailə qurmağına da çox peşmandır. Toydan sonra həyat yoldaşının cahillik və işgəncələrindən təngə gəlməsinə rəğmən ondan ayrıla bilməyən xanım: "Əgər boşansam, bəs uşağımı necə böyüdəcəyəm, maddi vəziyyətim necə olacaq? Balamın uğurlu gələcəyi naminə, işgəncəli və dəhşətli də olsa da, bu həyatı yaşamaq məcburiyyətindəyəm" deyir.
Məhz gənclərimizin erkən nikaha həvəsinin nəticəsidir ki, hər gün məhkəmə qarşısında göz yaşları tökülür, qohumlar yadlaşır. Əgər təhsil olacaqlarında yeniyetmələrə "ailə nədir", "ailə necə qurulur", "ailəni necə qorumalıyıq" mövzularında məlumatlar verilərsə, ümid edirəm ki, boşanmaların da sayı qismən azalar.
Qonşu ölkələrdə nikahdan öncə "Evlilik danışmanı" kimi xidmətlər var. Ən azı ailə quran şəxslər bura müraciət edir, gələcəkdə qarşılaşacağı çətinliklərlə məlumatlandırılır, bununla bağlı gənclərə kitablar məsləhət görülür. Təhsil, bilgilənmək çox vacibdir. Bu gün savadsız evliliklərin nəticəsidir ki, boşandıqdan sonra aliment kimi bir sıra maddi problemlər meydana çıxır. Boşandıqdan sonra işləməmək bəhanəsi ilə alimentdən boyun qaçıranlara, nəhayət, dövlətimiz yeni qanun hazırlayır. Yaz sessiyasında Milli Məclisdə müzakirəyə çıxarılacaq "Gənc ailələrin sosial müdafiəsi haqqında" qanun layihəsinə edilmiş əlavəyə əsasən, ailə qurmaq istəyən şəxs mütləq işləməli olacaq. Yəni sadə dillə desək: işləməyən ailə qura bilməyəcək. Odur ki, orta və ya ali təhsil vacib olacaq.

Problemsiz xoşbəxtlik yoxdur. Əgər etdiyimiz və ya edəcəyimiz mütaliələr əsasında bu çətinliklərdən qurtulsaq, mübariz olsaq, mütləq əbədi sevincə nail olacağıq. Mübahisəsiz ailə, emosiyasız həyat yoxdur. Seyid Əzim Şirvani gözəl deyib: "Rütubət dəmiri yeyən kimi, qəm və kin də ürəyi yeyir." Qəlbimizi pisliklərdən qoruyaraq, sevdiklərimizi üzməyərək xoşbəxtliyimizi bərpa edə bilərik. Odur ki, əziz oxucular (xanımlar və cənablar), dünya psixoloqlarının ailə ilə bağlı bir neçə məsləhətlərini sizlərə təqdim edir və onlara riayət etdikdən sonra həyatınızda müsbət dəyişikliklərin olacağına, aranızda anlayış və hörmətin, hətta sevginin artacağına inanıram. Peşəkarların məsləhətlərini sadəcə oxuyaraq deyil, müvafiq nəticələr çıxararaq, məsuliyyətinizi hiss edərək, özünüzə inanaraq əməl etsəniz, xəyalınızdakı ailə sevincinə nail olacaqsınız.
Deməli belə. Psixoloqların orta düşüncəsinə əsasən, öncəliklə insan özünü tanımalıdır. Məsələn, fərz edək ki, işlə bağlı yad bir ölkədəsiniz və getmək istədiyiniz şəhəri tapmaqda çətinlik çəkirsiniz. Əgər xəritə üzərində harada olduğunuzu bilmirsinizsə, varmaq istədiyiniz məkanı heç cür tapa bilməyəcəksiniz. Eyniliklə də insan özünü doğru tanımazsa, verəcəyi qərarlara düzgün xidmət edə bilməz. Özünü tanımaq, özünü izləmək, özünü düzgün analiz etmək fitri istedad deyil, bacarıqdır.
Xoşbəxt ailə anlayışı insanlara görə müxtəlif ola bilər. Ümumi olaraq anlaşılmazlıq, qarşı tərəflərin diqqətsizliyi ilə bağlı şikayətlər hər bir ailədə yaşanır. Dağılmaq üzrə olan ailəni xilas etmək üçün hər iki tərəf mübarizə aparmalıdır. Hirsli başda ağıl olmaz. Boşanmağı düşünəcəyinizə, söz-söhbətə son verməyin yollarını araşdırın. Bəlkə də bunun həlli xəyal etdiyiniz kimi heç də çətin deyil. Yetər ki, bunu istəyin və işin ciddiliyinin fərqinə varın. Ailədə bir qadın həyat yoldaşı ilə necə, hansı tonda danışacağını bilməlidir. Unutmayın, əgər yoldaşınızla aranızda mübahisə yaransa və siz evi tərk etsəniz, o, xoşbəxtliyi başqa qadında axtaracaq. Hər bir ailəli qadının rəqibləri çoxdur. Çalışın ilk günlərdə olduğu kimi romantikliyinizi davam etdirin. Bir mövzunu müzakirə edin, imkan varsa, yeməyi evdən kənarda yeyin, yoxdursa şam yeməyindən sonra birlikdə gəzməyə çıxın, xoş anlarınızı xatırlayıb əylənin. Gülərüzlüyü həyatınızdan əksik etməyin. Unutmayın ki, qaş-qabaq kişiləri xanımlarından uzaqlaşdırır. Daim qarşı tərəfi günahlandırmayın. Onun və özünüzün yuvanız üçün nələr etdiyinizi, amma əslində nələr etməniz lazım olduğunu düşünün. Əhəmiyyətli olan budur. Qadınlar həyat yoldaşları ilə rəfiqəsi kimi rəftar edərsə, qarşısında qadın varmış kimi cümlələr qurarsa, onu itirə bilər. Kişilər dedi-qodunu sevməz. Qətiyyən yoldaşınızla güc yarışına girməyin. İstər şifahi, itərsə də əməli olaraq. Onunla dialoq qurarkən ərinizi gücsüz, qeyri-kafi hiss etdirəcək cümlə qurmayın və onu yerli-yersiz tənqid etməyin. Tənqid kişi və qadınlarda fərqli reaksiyalara səbəb olur. Ümumi olaraq tənqid olunan qadın müdafiə olunmağa çalışarkən, bu halla qarşılaşan kişilər tənqid edən şəxsdən uzaqlaşmağa səy göstərirlər. Unutmayın ki, bir kişinin tənqidini qəbul edəcəyi yeganə qadın anasıdır. Yoldaşınızı hər işdə günahlandırmayın. Kişilər suçlandıqları zaman özlərini qeyri-kafi hiss edərlər. "Heç düşüncəli deyilsən", "Sən onsuz da məni sevmirsən!" kimi ittiham ehtiva edən və hesab sorulan cümlələr kişilərin bəyənmədikləri yanaşma tərzidir. Yoldaşınızdan bir şey istəyərkən, ona xitab edərkən qətiliklə əmr cümlələri qurmayın. Bir kişi özünə əmr edilməsindən xoşlanmaz. Bütün bunlarla yanaşı hər istifadə etdiyiniz cümlələrin məzmununa diqqət etməlisiniz. Sizin söylədiyinizlə onun anladığı eyni məna daşımaya bilər. Evə gec gəldiyində səsinizi yüksəltməyin. "Harada qalmısan?" - deyə narahatçılığınızı bildirməyə çalışarkən, onun eşitdiyi cümlə fərqi olacaq. Əriniz bu həyəcanınızı: "Nə düşüncəsiz adamsan!" - tərzində anlayacaq. Halbuki, ona gec gəldiyi zamanlar: "Sənə görə narahat oldum, yaxşısanmı?" tərzində sual versəniz, yoldaşınız bunu: "Mənim üçün əhəmiyyətlisən"- mesajını alacaq və gecikməsinin səbəbini həvəslə anladacaq. Kişilərin qəlbini qazanmanın ən asan yollarından biri də onları təqdir etməkdir. Hətta onda olmayan üstünlükləri varmış kimi ona davransanız, qısa müddətdən sonra o cür rəftar edəcək. Burada əhəmiyyətli olan nöqtə təqdir etməklə şişirtmək arasındakı incə xəttə diqqət etməkdir. Unutmayın, onu nə qədər tərifləsəniz, əriniz də sizi o qədər sevəcək. Xoşbəxt və dinc evliliklərin incə nöqtəsi cütlüklərin bir-birinə mənfiliklərini necə deməyin sirridir. Yoldaşınızın xoşagəlməyən davranışını bir kişi kimi deyil, bir qadın kimi ağıllıca, zərifcəsinə, səsini yüksəltməyərək, sanki zümzümə edircəsinə qulağına pıçıldayın. "Sən onsuz da nə anlayırsan ki?", "Sən həmişə beləsən" ilə başlayan ittihamedici cümlələr zamanı kişilər daha da qəzəbli olurlar. İstifadə etdiyiniz cümlələrə diqqət etsəniz, onu arzu etdiyiniz insana çevirə bilərsiniz. Bilən qadın olun, bilmiş qadın deyil. Qadın informasiyalı olsa belə, yoldaşı danışarkən: "Mən onu bilirdim." deməməlidir. Ərinizi heç bir kişi ilə müqayisə etməyin. Kişilər xanımlarının yanında tək və xüsusi olmaq istəyərlər. Hətta Molla Nəsrəddin belə həyat qurduğu çəpgöz xanımına: "Hər şeyi iki görə bilərsən, amma ərini bir görməlisən!", demişdi. Evinizin içində zahiri görkəminizə diqqət edin. İndiki qadınların çoxu evdən çıxarkən xarici görkəminə göstərdiyi diqqəti, evində həyat yoldaşının yanında göstərmir. Xanımlarına xəyanət edən kişilərin böyük qismi onları daha gözəl, daha baxımlı qadınla aldadırlar. Unutmayın, ən gözəl qadın ağzından çıxan sözlərlə çirkinləşə və ya əksinə, ən çirkin qadın danışıq tərzi ilə gözəlləşə bilər. Mübahisə zamanı birinizin altdan alması çox əhəmiyyətlidir. Adətən cütlüklər aralarındakı problemləri həll etmək üçün davamlı qarşıdurmaya girmək yerinə; qarşı tərəfin mənfi xüsusiyyətlərini bir tərəfə buraxıb, müsbətliklərini göz önünə gətirməli və duyğularına xitab etməlidirlər. İncikliyi həll etmək üçün gözəl söz söyləmək kifayətdir. Ailə içərisindəki rol bölgüsü bu mövzuda fədakarcasına davranmağı daha çox qadına yükləyir. Bir çox ailələrdə kişi evə gəldiyi zaman axşam sindromu yaşanır. O, evə girər-girməz, həyat yoldaşı dərhal ya uşaqlarından, ya da hər hansı bir problemdən şikayət etməyə başlayır. Kişi yorğun olduğu üçün buna ötəri reaksiya verir. Bəzən də kişi evə gəlib dərdini tökmək istər, amma bəzi qadınlar buna maraqsız yanaşar, elə öz problemlərini izah edərlər. İndi soruşmaq lazımdır bu şəkildə davranan qadınlar eqoist ola bilərmi? Xeyr, eqoist deyillər, lakin işi bilmirlər. Öz istəklərini, şikayətlərini söyləyəcək vaxt yanlışdır. Odur ki, qadınlar problemi izah etmək üçün düzgün zaman seçməlidirlər. Söz-söhbətsiz ev olmaz. Bu zaman qışqırıb bağıracağınıza, dilinizi yoldaşınızı yaralamaq üçün deyil, əksinə, anlatmaq istədiyinizi söyləmək üçün istifadə edin. Bu zaman hər mübahisənin sonunda əlaqələriniz daha da yetkinləşər və güclənər. Aranızdakı sevgi azalmaz. Ümumiyyətlə, yoldaşınızın üzünə xitab etdiyiniz qədər, qulaqlarına da xitab etsəniz, həm probleminiz həllini tapar, həm də aranızda sərinlik olmaz.

Hörmətli bəylər, ulularımız sizləri də dəyərli məsləhətlərindən kənarda qoymayıb. Əvvəla, unutmayın ki, qadın və kişi hər baxımdan fərqlidir. Ona görə də bu iki cins fərqli bədən dilinə sahibdir. Misal olaraq; istədiyiniz qədər Azərbaycanca mükəmməl danışın, əgər ruscanı yaxşı bilmirsinizsə, rusla anlaşmanız çətin olacaq. Kişi və qadınların dialoq zamanı istifadə etdiyi dillər də eynilə bunun kimidir. Qadınları anlamağın, onlarla yaxşı ünsiyyət qurmağın tək qaydası; hər qadının gözəl söz və iltifatdan xoşlandığını bilməkdir. Xanımlarınıza bacardıqca tez-tez kompliment edin, istər geyiminə, istər bacarığına, bu işdə məhdudiyyət yoxdur. Əmin olun ki, bu davranışınız sizə məhəbbət və xidmət olaraq geri dönəcək. Bəlkə də indi bəzi bəylər: "Kompliment ediləcək heç nəyi yoxdursa..." deyə fikirləşir. Öncəliklə bu mümkün deyil. Haqlı olsanız belə, edəcəyiniz iltifat onu düşündürəcək və o cür olmağa çalışacaq. Belə bir deyim var: "Bir insana 40 gün dəli desən, sonunda həmin şəxs elə olar". Qadınlar danışmağı, yaşadıqlarını paylaşmağı sevərlər. Axşamları evə gəldiyiniz zaman arvadınıza müəyyən vaxt ayırın. Mütləq onu dinləyin. Əlinizdə qəzet, qarşınızda televizor olaraq deyil, gözlərinə baxaraq, ona əhəmiyyət verərək, bunu hiss etdirərək dinləyin və öz fikrinizi söyləyin. Heç vaxt yalandan dinləyir kimi etməyin. Kişi xarakterinə yad olduğu üçün bəlkə də öncələri çətinlik çəkəcəksiniz, amma düşünün ki, xanımınızın buna ehtiyacı var. Qadınlar təfərrüata diqqət edərlər. Kişilər üçün əhəmiyyətli olmayan onlar üçün vacib ola bilər. Qadınla kişinin ünsiyyətini çətinləşdirən bax bu amillərdir. Daha öncə deyildiyi kimi; rusla anlaşmaq üçün azacıq da olsa rus dilini öyrənməyiniz vacibdir. Sizə görə 3 cümləylə izah edilə bilən bir mövzu xanımınız tərəfindən 30 cümləylə anladıla bilər. Əslində bu qadınların iç dünyalarının nə qədər zəngin olduğunu, ictimai zəkalarının inkişafını göstərir. Yəni bu onların müsbət xüsusiyyətlərindən biridir. Qadınların tək və böyük ehtiyacı dinlənilməkdir. Xanım və bəylərin sevgi anlayışları fərqlidir. Arvadınıza nə qədər maraq göstərsəniz, dinləsəniz, onu daha çox sevdiyinizə inanacaq. Buna görə onu dinləməklə yanaşı, xanımınızdan sevgi mənalı cümlələri əksik etməyin. Hətta bunu üzünə deməyə cəsarət etmirsinizsə, daha romantik olaraq kağıza yazıb onun gördüyü yerə qoya bilərsiniz. Onun qəlbini qırdığınız zaman yenidən sevgisini qazanmağınız adi bir kəlmə, mehriban sözdən asılıdır.
Bu qədər, sevimli oxucular. Alman filosofu İmmanuel Kant gözəl deyib: "Əsl sevinc zəhmətdən sonrakı istirahətdir". Acını dadmadan, şirinin ləzzətini qiymətləndirmək olmaz. Odur ki, sevginizin qədrini bilin, ailənizə ciddi yanaşın, acısını, şirinini bərabər yaşayın ki, məhəbbətiniz üzün ömürlü olsun. Qarşınızdakı şəxsə düşmən deyil, yar kimi baxın və ona dəyər verin. Necə ki, ulularımız bunu edib. Məhz onların dərin zəkasının və milli-mənəvi dəyərlərə bağlılığının təntənəsidir ki, Azərbaycan ailələri öz ənənələri üzərində qurulur, qorunur, yaşayır və yaradır. Deməli, ağsaqqal, ağbirçək xeyir-duasına, məsləhətinə hamımızın ehtiyacı var...

Sevda Elcanlı

O.M.

Digər xəbərlər