Ailə - Fərqli insanların birgə ittifaqı

Ailə - Fərqli insanların birgə ittifaqı

2 Fevral 2013 10:32
1 090
İnsan onu, o insanı yaradır – məhəbbət

Giriş

Təbiətin qəribə qanunları var. Həyat təzadlar üzərində qurulub. Ağ-qara, uzun-qısa, kök-arıq, erkək-dişi, soyuq-isti və sair bu kimi zidd tərəflər əslində həyatın varlığını təmin edir. Ailə kişi ilə qadının yaratdığı könüllü ittifaqdır. Heç kimə sirr deyil ki, onun tərəflərini fərqli cinslərdən olan, müxtəlif ailə tərbiyəsi görmüş, fərdi maraqlara malik, təkrarolunmaz zövqlərin sahibi olan insanlar təşkil edir. Maraqlıdır ki, bu zidd göstəricilərə malik hər iki tərəf ümumi ittifaq çərçivəsində tezliklə ortaq məxrəcə gələ bilirlər. Ortaq məxrəc rolunu birinci mərhələdə sevgi oynayırsa, sonrakı mərhələlərdə birgə nikahdan həyata gələn övladlar oynayır. Beynəlmiləl ailələr də istisna deyil. Burada bütün fərqliliklərdən əlavə, dil, din, mədəniyyət, düşüncə fərqləri də maneələr törədir. Lakin problemlərə baxmayaraq, məhəbbət hər şeyə qalib gəlir.

Onları siz də tanıyırsınız

Dünya şöhrətli tenor, SSRİ xalq artisti, mərhum həmyerlimiz Müslüm Maqomayev uzun illər rus millətindən olan həmkarı Tamara Sinyavskaya ilə ailəli olub. "Hər uğurlu kişinin arxasında bir güclü qadın durur" misalını əsas götürsək, görərik ki, məşhur tenorun nailiyyətlərində onun həyat yoldaşının xidmətləri təkzibedilməzdir.

"Bəxt üzüyü" filmində biznesmen Rasimin inadkar həyat yoldaşı rolunu ifa etmiş Firəngiz Rəhimbəyovanı kim tanımır ki? Firəngiz yalnız gözəl aktrisa, müğənni, ana və nənə yox, eyni zamanda mükəmməl həyat yoldaşıdır. 15 ilə yaxındır ki, o, amerikalı biznesmen ilə ailə həyatı qurub və "ürəyinin Bakıda qaldığına" baxmayaraq, o gündən bu yana ABŞ-da xoşbəxt həyat sürür. Son müsahibələrinə əsaslanaraq deyə bilərik ki, Firəngiz öz ailə həyatından razıdır və öz amerikalı yoldaşını çox sevir.

Azərbaycan musiqiçisi, məşhur balaban ifaçısı, 1993-cü ildən bu yana Türkiyədə yaşayan və elə orada da öz yuvasını quran Əlixan Səmədovu da xatırlamaq yerinə düşərdi. Bu cütlüyün övladlarının olmadığına baxmayaraq, onlar çox xoşbəxt yaşayırlar.

Bir neçə il öncə Azərbaycan şou-biznesi populyar müğənni Yeganə ilə tanış olmuşdu. Onun Türkiyə vətəndaşı Fatehlə qurduğu ailə də nümunəvi sayıla bilər. Belə ki, şou-biznesin sərt qaydalarını nəzərə alsaq, bu zamana kimi adıçəkilən cütlük barədə heç bir neqativ məlumatın daxil olmamasını göstərici kimi qəbul edə bilərik. Xoşbəxt ailədə Ömər adında oğul övladı böyüyür və Yeganə ilə Fateh geniş, çoxuşaqlı ailə arzuladıqlarını gizlətmirlər.

Bu yerdə biz böyük məmnuniyyətlə Azərbaycanın qüruruna çevrilən insanı xatırlamalı oluruq. Akademik Lütfizadənin adı tətbiqi riyaziyyat, informatika və qeyri-səlis məntiq sahəsində məşhurdur. Lütfizadə 1959-cu ildən bu yana Kaliforniya Universitetində dərs deyir. O, artıq 65 ildir xoşbəxt ailə həyatı yaşadığı yəhudi Fey-zadə ilə evlidir. Lütfizadə hətta həyat yoldaşını sevgilisinin əlindən "aldığını" nəql etməyi də sevir. Onun qızı gənc yaşda həyatdan köçsə də, bu faciə xoşbəxt cütlüyü bir-birinə daha çox bağlayıb.

"Yaprak dökümü" serialından tanıdığımız türkiyəli aktyor Tolqa Karel azərbaycanlı model, "Best Model of Azerbaijan" titulunun sahibi və "Best Model of The World" müsabiqəsində ikinci pillənin sahibliyini qazanmış Günay Musayeva ilə ailə həyatı qurub. Türk saytlarının xəbər verdiyinə görə, Günay evlilik təklifini tanışlıqlarının elə ilk günü alıb. Göründüyü kimi, bu ilk baxışdan məhəbbət imiş. "Mən sevdiyim qadınla ailə qurmuşam. Bu gün həyatımın ən xoşbəxt günüdür", - deyə Karel toy günü jurnalistlərə müsahibə verib.

Təbii ki, "Eurovision– 2011"-in qalibi Nigar Camalı xatırlamamaq mümkün deyil. Ailə arasında sadəcə Niki kimi adlandırılan müğənni 2004 ildə gələcək həyat yoldaşı Luka ilə tanış olub və bir müddət sonra Londona köçüb. 2005 ildə Nigar ana olub – onun dünyaya Jasmin adında qızı göz açıb. Bir il sonra isə gənc ailə ikinci qızları Səidənin dünyaya gəlişini qeyd edib. "Hər bir ailədə çətinlik olur, lakin biz problemin çıxış yolunu axtarırıq və ailəmizi qorumağa çalışırıq. Çalışıram ki, vaxtımın çox hissəsini yaxınlarımla keçirim", - deyə Nigar öz müsahibəsində jurnalistlərə bildirib.

Müasir Azərbaycan cazının layiqli təmsilçisi Ülviyyə Rəhimova iki il əvvəl Ceyk Conson ilə ailə həyatı qurub. Onların tanışlıq tarixçəsi iki il əvvəl Ülviyyənin konsertlərindən birində başlayıb. O zaman Ülviyyə evlilik barədə düşünmürdü. Onlar tez-tez görüşürdülər və günlərin bir günü Ceyk evlilik təklifi edib. İlk əvvəl müğənninin anası fərqli dinlərə ibadət edən insanların birlikdə xoşbəxt ola biləcəklərinə şübhə edirdi. Lakin gələcək həyat yoldaşı artıq 8 il idi ki, Bakıda yaşayırdı, dilimizi və adətlərimizi yaxşı bilirdi. Gənclər tez biz zamanda dil tapdılar. Hal-hazırda cütlük Tiflisdə yaşayır.

Bəstəkar İsa Məlikov milliyyətcə polyak olan gözəl sarışın qadın Paulina Volotkovskaya ilə evlidir. Onun həyat yoldaşı tanınmış aviaşirkət olan Lufthansa-nın əməkdaşıdır. Gənclər uzun müddət ünsiyyətdə idilər. Sonralar İsa anladı ki, Paulina digər qızlardan yalnız qeyri-adi xarici görkəmi ilə seçilmir, eyni zamanda Azərbaycan qızlarına məxsus mühafizəkar dəyərləri ilə fərqlənir. İsa və Paulina birgə yaşayırlar və qərara alıblar ki, münasibətlərini rəsmi şəkildə təsdiq etsinlər. Cütlük iki övlada sahib olmaq arzusundadır – qız və oğlan.

İradə İbrahimova 2009 ildə türk Ceyhun İzzət ilə ailə həyatı qurub. Toyda zövqün zərifliyi hər şeydə hiss edilirdi – gəlinlik libasında, interyerdə, eksteryerdə. Maraqlıdır ki, mərasimi keçirmək üçün gənclər restoran yox, şəhərkənarı konsert meydançasını seçmişdilər. Hazırda İradə öz ailəsində xoşbəxtdir. Yerli telekanallara verdiyi müsahibədə o, tez-tez yoldaşının ailəsi və öz sevgisi barədə söhbət açır. Cavan ailənin İpək adında qız övladı böyüyür. Müğənni Türkiyədə yaşasa da, sıx-sıx Bakıya gəlir.

Siyahını daha da genişləndirmək olar. Lakin buna nə bizim, nə də oxucunun hövsələsi yetər. Odur ki, sıralamanı əməkdar artist, opera müğənnisi Fidan Hacıyeva ilə bitirməli oluruq. Gələcək həyat yoldaşı ilə Fidan 1997 ildə tanış olub. Bu, ilk baxışdan məhəbbət idi. Heç kəs təsəvvürünə belə gətirə bilməzdi ki, emosional və temperamentli "Karmen"in həyat yoldaşı Bakıda işləyən sakit və mülayim ingilis Filipp Neylor olacaq. 2004 ildə cütlük Azərbaycan adətlərinə uyğun olaraq toy çaldırdı. Əcnəbi kürəkən elə ilk andan Fidanın valideynlərinin xoşuna gəldi, gəlin də həmçinin yadellilərin məhəbbətini qazana bildi. Əvvəlcə qızın atası bu izdivaca qarşı idi, hesab edirdi ki, din fərqi ailə səadətinin qarşısında maneə törədəcək. Lakin zaman əksini sübut etdi. Fidan və Filipp tez-tez Londona valideynləri ziyarət etmək üçün gedirlər. Bu gün ailənin orijinal adları olan qızları Corcina-Xəyalə-Siena və oğulları Devid-Davud-Con böyüyür.

Müəllifdən

İnsanlar fərqli olsalar da, müxtəlif taleləri yaşasalar da, dünyaya eyni cür gəlir, buranı eyni qaydada tərk edirlər. Doğrudur, bu zaman adət-ənənələri əks etdirən ayinlər müxtəlif cür icra olunur. Lakin nəticə eynidir. İnsanların ardınca nəsillər, dövranlar, xatirələr bir-birini əvəz edir. Bu ilahi qayda dəyişməz olaraq qalır. Eynən həyatın mənbəyi və mənsəbi olan məhəbbətin varlığı kimi. Canlılar ölür, o isə yaşayır. Çünki bir olan Tanrı var olanı sonsuz məhəbbətdən yaradıb. Şükür məsləhətinə!

Könül Aypara

O.M.