Erməni təxribatı olacaq: Bakı hazır olmalıdır - Zülfüqarov

Erməni təxribatı olacaq: Bakı hazır olmalıdır - Zülfüqarov

27 Mart 2021 08:48
Bəyəndim (0) Bəyənmədim (0)

Oxuməni.az keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun Hit.az-a müsahibəsini oxucularına təqdim edir:

- Tofiq müəllim, sülhməramlı qüvvələrin Azərbaycandakı fəaliyyətini necə qiymətləndirirsiniz? Azərbaycan cəmiyyətinin böyük hissəsində rus sülhməramlıların Qarabağdakı fəaliyyəti narazılıq doğurur. Bu missiya ermənilərə uğurlu gəldi, bəs bizə necə?

- Bu missiyanın uğurlu olub-olmaması bir qədər ritorik sualdır. BMT-nin nizamnaməsinə uyğun olan vasitəçiliyi və sülhməramlıları tələb edən ölkənin suverenliyi qüvvədə qalır. Minsk qrupunu vasitəçi olaraq dəvət etmişdik, onların vasitəçiliyi nəticəsiz oldu, biz onlara minnətdarlıq edib yola salırıq. Eyni qaydada da sülhməramlıları...

Onların fəaliyyəti də qəbul edən ölkənin suveren hüquqlarına heç bir məhdudiyyət qoymur. Sülhməramlılar tərəfindən yalnız o halda ölkənin suverenliyinə müdaxilə ola bilər ki, həmin ölkəni sülhə məcbur eləmək durumu yaransın. Bu da bizə aid deyil. Biz suverenliyimizi saxlayırıq və saxlayacağıq, onların fəaliyyətinə tam nəzarət edə bilərik. Gələn qüvvələr Azəraycana tabedir və onların fəaliyyəti bizim qanunlara uyğun olmalıdır. Amma beynəlxalq qanunlar tələb edir ki, sülhməramlılar razılaşma memorandumuna qol çəksin, bizdə bu, hələ yoxdur. Bu missiyanın BMT səviyyəsində baxılması və xüsusi qətnamə qəbul olunması lazımdır. Bu, yoxdur. Məhz bu qaydaların olmaması bizə daha çox manevr imkanları verir. Çünki çox şey bizdən asılıdır.

Reinteqrasiya çox mürəkkəb prossesdir. Bu insanlar böyük təbliğatln qurbanı olublar, Azərbaycan dövlətinə qarşı cinayət törədiblər. 30 il ərzində özünü qarabağlı sayan erməni nəsil yaranıb. Məğlub olsalar belə, bunu qəbul etmirlər.

- Ermənilərin 30 il ərzində dəfələrlə bizə qarşı amansız rəftarının şahidi olmuşuq. Bu, müharibədən sonra da davam edir. Məğlub olsalar belə, minalanmış ərazilərin xəritələrini bizə vermirlər. Amma Azərbaycan humanist davranışlarına davam edir. İctimaiyyət arasında “Niyə biz də onlara qarşı eyni şəkildə rəftar etmirik” şəklində suallar da səslənir...

- Bəli, münaqişə başlayandan sonra ermənilər bizə qarşı etnik təmizləmə aprıblar. Azərbaycan cəmiyyəti haqlı olaraq narazılıq edir ki, biz niyə bunu etməyək?! Amma anlamalıyıq ki, beynəlxalq ictimaiyyət bizi bu şəkildə qəbul eləməz. Necə ki ermənilərin də siyasəti qəbul olunmadı və Qarabağı dövlət kimi tanımadı. Belə etsək, beynəlxalq güclər müharibənin nəticələrini də sual altına qoyarlar. Ona görə, Azərbaycan bu prossesə rəvac verməmək üçün ölçülmüş, düşünülmüş addım atır.

Xatırlayırsınızsa, müharibədən sonra Fransa parlamenti Qarabağın müstəqilliyini tanımaq üçün addım atdı. Azərbaycan bu bəhanələri verməmək üçün çalışır. Reinqteqrasiya prosseslərində xeyli problemlər süni şəkildə qabardılacaq. Buna hazır olmalıyıq. Təxribatlar olacaq.

- ATƏT-də həmsədrlər formatı dəyişdi, Türkiyənin fəallığı çoxaldı. Bəs bu, gələcəkdə ölkəmiz üçün hər hansı problem yarada bilər?

- Bu münaqişə dünyadakı bir çox oyunçuların regionu idarə etməsi üçün istifadə etdiyi vasitədir. Bölgədə bir çox güclərin maraqları toqquşur. Hər kəs öz geosiyasi oyunlarını qururdu, buna görə ATƏT-in Minsk qrupunun həmsədrlərinin formatında bir neçə dəfə dəyişiklik olub. İndi vəziyyət ona gətirib çıxarıb ki, Rusiya-Türkiyə tandemi digər oyunçuları kənara itələyib. İndiki tandemdə Türkiyə Minsk qrupunun üzvü yox, de-fakto həmsədri rolunda çıxış edir. Azərbaycanın da seçimi bundan ibarətdir. Azərbaycan Türkiyə və Rusiya üzərinə “stavka” qoyaraq problemi həll etməyə çalışdı və bacardı. Amma burda da problemlər çox ola bilər. Heç də fikirləşməyək ki, hər şey bitdi, geridə qaldı. Ermənipərəst dairələr mütləq maneələr yaradacaqlar, buna hazır olmalıyıq. Amma ayrı yolumuz yoxdur.

- Ermənistan indi Qərblə Rusiya arasında seçim etməkdə çətinlik çəkir. Necə deyərlər, “qızın iki adaxlısı var”. Rusiya yenidən Ermənistana sahiblənmək istəmir?

- Ermənistanda ruspəsətlərlə qərbəpərəstlər üz-üzə gəlir. Ermənilər Rusiyanın köməyi ilə ərazilərimizi işğal etmişdilər. 30 il sonra Rusiyanın neytral mövqeyi ilə onlar əraziləri itirdilər. Öz daxili imkanları başa çatıb, demoqrafik vəziyyətləri kəskindir, əhali sayı iki dəfə azalıb. Nə iqtisadi, nə hərbi, nə demoqrafik gücləri qalıb. Ona görə “Miatsum” planı məhv olub, yada düşmür.

Rusiya Ermənistana marağını itirib. Bayaqdan rus siyasətçilər Ermənistanı forpos, qucaq dövləti adlandırırdı, indi isə qulpsuz çemodan deyirlər. İndi erməni dövləti özünə yeni sahib, patron axtarır.

Rusiya əməkdaşlıq imkanlarını regional layihələrə, Azərbaycana, Türkiyəyə yönəldir. O, öz raketlərini öz ərazisindən də istənilən hədəfə yönəldə bilər. Ermənistan hamı üçün marağını itirib. Ona görə, bu böhran davam edəcək və sonda düşünürəm ki, Qərb düşərgəsinə keçəcək.

- Ermənistanın Qərbə yönəlməsinin Azərbaycana hansı təsiri olacaq?

- Qərbə yönələn dövlət daha demokratik islahatlar aparmalı, özünü o yöndə tanıtmalıdır. Qərb indi Ermənistana iflasa uğramış, iqtisadi baxımdan daima böhran da olan dövlət kimi baxır. Azərbaycan daha uğurlu bir gələcək modelinə malikdir. Bu baxımdan, Qərb üçün Azərbaycan daha böyük potensiala malik, daha lazımlı dövlətdir.