İşğaldan azad olunan ərazilərə tərəddüd yox, “Böyük Qayıdış davası” olacaq

İşğaldan azad olunan ərazilərə tərəddüd yox, “Böyük Qayıdış davası” olacaq

3 Mart 2021 15:39
Bəyəndim (1) Bəyənmədim (0)

Oxuməni.az Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynlinin axar.az-a müsahibəsini oxucularına təqdim edir:

- Bu gün sosial şəbəkələrdə ən çox müzakirə edilən məsələlərdən biri də işğaldan azad edilən Qarabağa insanların qayıtmasıdır. Sizcə, insanların Qarabağa qayıtmasını təşviq etmək üçün nələr etməliyik?

- Əvvəla onu deyim ki, xalqımız 27 il Qarabağ həsrəti çəkib. Biz bunu 44 günlük müharibə zamanı həm ön cəbhədə, həm də arxa cəbhədə edilən fədakarlıqların timsalında gördük. Bu gün də biz bir zamanlar torpaqlarından didərgin düşmüş məcburi köçkünlərin bu və ya digər yolla köhnə evlərini ziyarət etməyə necə can atdığının şahidi oluruq. Hətta təəssüf ki, bu səfərlər əsnasında xoşagəlməz hadisələr də yaşanır. Onlardan bəziləri minalanmış əraziyə daxil olur və xəsarət alır. Buna görə də Ordumuz, DİN o ərazilərə getməyi hələlik yasaq edib. Ancaq gizli yollarla getməyə cana ata, ölümünü göz altına alıb yurdunu ziyarətə gedənləri yenə görürük. Yəni xalqımızın içərisindəki bu vətən sevgisi düşünürəm ən böyük təbii təşviq vasitəsidir. Lakin digər tərəfdən bu da bir reallıqdır ki, aradan 27 ilə yaxın bir müddət keçib və nə Qarabağdan didərgin düşən insanlar əvvəlki insanlardır, nə də Qarabağ əvvəlki Qarabağdır.

Məsələ ondadır ki, aradan keçən zaman ərzində həmin insanlar pənah gətirib müvəqqəti yurd saldıqları ərazilərdə məskunlaşıblar. Qarabağımızda isə hələ ki, onların qayıdışı üçün heç bir şərait yoxdur. Əlbəttə ki, bunlar müvəqqəti çətinliklərdir və dövlətimiz bu problemlərin öhdəsindən yenə xalqımız ilə birlikdə gələcək. O ki qaldı Qarabağa insanların qayıtması üçün ediləcək təşviq vasitələrinə, deyə bilərəm ki, bu istiqamətdə həm yerli, həm də xarici təcrübədən faydalana bilərik.

- Konkret hansı təcrübələri nəzərdə tutursunuz?

- Ölkə rəhbərliyinin də açıqladığı kimi, hazırda Böyük Qayıdış planı çərçivəsində Qarabağda lazımi işlər görülür.

Birincisi, Qarabağda öncə hərbi şəhərciklər salınmalıdır. Çünki bu gün işğaldan azad edilən ərazilərimizdə hərbçilər xidmət edir. Yaxşı olardı ki, bu şəxslərin ailə üzvləri, övladları üçün lazımi şərait yaradılsın.

İkincisi, Qarabağda işləmək üçün gələcək işçilər ilə uzunmüddətli və yüksək əmək haqqı ilə müqavilələr imzalana bilər. Bu yolla regionlarda paytaxta üz tutan yüzlərlə insan Qarabağa yönələ bilər. Aldıqları yüksək əmək haqqı ilə tədricən burada özləri üçün ev tikə, şərait yarada bilərlər.

Üçüncüsü, Qarabağın əsl sahibi olan məcburi köçkünlər üçün güzəştlər edilə bilər. Xüsusilə bir zamanlar torpaqlarından qovulan, bu gün qaçqınlıq statusu daşıyan şəxslərə dövlətimiz Qarabağda ev, iş fəaliyyəti üçün faizsiz kredit, ilk vaxtlarda aylıq minimal sosial müavinət və bənzər sosial təşviq paketləri hazırlana bilər. İqtisadi və sosial baxımından rahatlıqları təmin olunacağını bilən hər kəs qısa müddətdə Qarabağa qayıdacaq.

Ermənistan işğal dövründə Qarabağa köçürdüyü ermənilərə ev, torpaq, yaşamaq üçün pul və s. həvəsləndirici paketlər təklif edirdi. Düzdür, Azərbaycanla Ermənistanı müqayisə etmək doğru deyil, lakin bizim iqtisadi gücümüz Ermənistandan qatbaqat çoxdur, üstəlik, ora qayıtmaq istəyənlər o yurdun sahibləridir, o evlərin yiyələridir. Yəni tamamilə fərqli situasiyadır. Buna baxmayaraq, biz yeni qayıdanlara ilk illərdə sosial dəstəyin göstərilməsi məsələsini gözardı etməməliyik.

- 1988-ci ildə Ermənistandan 250 mindən çox, Birinci Qarabağ müharibəsi zamanı isə Qarabağdan 800 minə yaxın azərbaycanlı didərgin düşdü. Bunu ona görə xatırladırıq ki, Qərbi azərbaycanlılar da Qarabağa yerləşmək istəklərini hətta rəsmi olaraq bildiriblər. Aradan keçən 30 ilə yaxın müddətdə bu insanların sayı bəlkə də iki dəfə artıb. Buna görə də Böyük Qayıdışın heç də qısa müddətdə olmayacağı düşünülür...

- Haqlısınız, Azərbaycan əhalisi artıma meyillidir. İkinci Dünya müharibəsi zamanı ən çox itkiyə məruz qalan xalqlardan biri olmağımıza baxmayaraq, bu gün 10 milyonluq bir nüfuzumuz var və bu say artmaqda davam edir. Sizin dediyiniz rəqəmləri, eyni zamanda, burada artıq yerləşənləri nəzərə alsaq, ən azı, bir milyon insanın Qarabağa qayıdacağına şübhə yoxdur. Tərəddüd içində olanların tərəddüdünü normal qarşılamaq lazımdır. Burada evi, işi, oturaq həyatı, dostu, dolanışığı var. Lakin əmin olun Qarabağda görüləcək işlər, yaradılacaq imkanlar, qayıdanların şəraiti onların da tərəddüdünü aradan qaldıracaq. Əminliklə deyirəm, Qarabağa köçmək üçün vətəndaşlarımız arasında yarış, hətta rəqabət, “niyə onlar birinci köçdü, biz növbəti mərhələyə qaldıq” “davası” olacaq. Yəni indi narahatlıqla müzakirə etdiyimiz məsələlər qayıdışın başladığı ilk gündəcə aktuallığını itirəcək, daha fərqli mövzular gündəm olacaq.

- Sizcə, bu qədər insanın Qarabağa köçməsi həm ölkə iqtisadiyyatına, həm də demoqrafik vəziyyətə necə təsir edə bilər?

- Əlbəttə ki, çox müsbət! Eyni zamanda, bu əhalimizin ölkəmiz boyu yayılması və bəzi şəhərlərimizdəki sıxlığın aradan qalxmasına da müsbət təsir edəcək. Qarabağda yaradılacaq imkanlar bir gündə, bir ildə də olmasa, zaman keçdikcə əhalinin bura axın etməsinə səbəb olacaq. Çünki ölkə başçısının da dediyi kimi, Qarabağ tam fərqli bir modeldə, yeni innovativ texnologiyalar və layihələr əsasında formalaşacaq. Ölkənin yükünü təkcə Abşeron yarımadası deyil, həm də Qarabağ çəkəcək - burada həm iqtisadi, həm də demoqrafik yükdən söhbət gedir. İnşallah, biz də, dövlətimiz də bunu hədəfləyib.