O, 14 ildir “Oxu Məni” qəzetinin bütün saylarını toplayır

O, 14 ildir “Oxu Məni” qəzetinin bütün saylarını toplayır

31 May 2012 18:35
Bəyəndim (0) Bəyənmədim (0)
9 yaşından sevimli qəzeti ilə tanış olan Sitarə Hüseynova 23 yaşında da onu sevə-sevə oxuyur

"Oxu Məni"... Oxucuların istəyi ilə yarandı, adında onların adını yaşatdı. Zaman ötdükcə hər kəsin sirdaşına çevrilməyə çalışdı. Həftənin bəlli günlərində evlərinizin çağırılmış və çağırılmamış qonağına çevrildi. Bir sözlə, siz onu oxuduqca o da sizin ürəyinizi oxuya bildi. 14 illik həyatında onu yaşadan oxucu etibarı, oxucu məhəbbəti oldu.

Bugünkü qonağımız "Oxu Məni" ailəsinin bir üzvü olan, onu yaradıb, yaşadan dəyərli oxucumuz Hüseynova Sitarədir. O, 9 yaşında ilk dəfə bu qəzeti əlinə alıb və 14 il ərzində istisnasız olaraq qəzetin bütün saylarını yığıb saxlayıb. Biz onu sevdiyimiz kimi, o da öz məhəbbətini bizlərə bu cür çatdırıb. Məhz buna görə də qəzetimizin yaradıcı kollektivi adından əzizimiz Hüseynova Sitarə "Dəyərli Oxucu" adına layiq görülüb.

- Özünüz haqda məlumat verərdiniz.

- Mən Hüseynova Sitarə 1989-cu ildə anadan olmuşam. Müəlliməyəm. Sevdiyim sənətlər də var, məsələn, rəssamlıqla məşğulam. Bu qəzet çıxandan oxucusuyam. Bütün nömrələri məndə var.

- Saxlamağa yer varmı?

- Evdə hara əlinizi atsanız, ancaq "Oxu Məni" qəzeti çıxar qarşınıza. Qab şkafından da, paltar şkafından da.

- Narahatçılıq törətmir ki?

- Yox, ailəmizin bir üzvünə çevrilib.

- Köhnə saylara baxırsınız?

- Tez-tez. Əsasən də Elikin səhifəsinə. Sırf Elikə görə bu qəzetlə tanış olmuşam. Əvvəlki səhifələri vaxtaşırı izləyirəm. Təəssüf ki, indi Elikin duzlu-məzəli rubrikası yoxdur.

- Oxucularla əlaqəniz varmı?

- Var. Ən çox Rəşad Məhəmmədoğlu ilə əlaqə saxlayıram. Ta ilk gündən Rəşadla münasibətimiz var. Rəşadla Rahib tez-tez xeyirxah işlərlə məşğul olurdular. Mən də onlara qoşulmaq istəyirdim, amma utanırdım. Sonra fikirləşdim ki, niyə utanıram? Sonra Sevinc adlı oxucu ilə qalmaqalım düşdü. O, məni təhqir etmişdi. Guya mən qəzetə bir neçə adla yazıram. Həmin oxucunun telefon nömrəsini tapdım. Məlum oldu ki, məhz həmin Sevincin özü bir neçə adla yazır, amma eyni nömrədən. Bu barədə Emil müəllimlə danışdım. Özünə də zəng vurduq, dedik ki, ayıbdır, bu işə son qoy. Sonra daha özü də yazmadı.

Ardınca təsadüfi bir görüşümüz oldu o xanımla. Sən demə, ikimiz də eyni gözəllik salonunda olurmuşuq. O Sevinc elə həmin salonun rəhbəri imiş. Bir gün rəfiqəmlə həmin salonda idim, stolun üstündə "Oxu Məni" qəzetini gördüm. Bu hadisə baş verib - 2009-2010-cu illərdə. Soruşdu məndən ki, sən də "Oxu Məni" oxuyursan? Dedim, bəli. Dedi, adınızı bilmək olar? Dedim, "H.Sitarə". Qıpqırmızı oldu. Sonradan hər şey bəlli oldu. Mən də daha getmədim o salona. Yaxşı ki, səhvini gec də olsa, başa düşdü. Həmişə deyirəm ki, insan insanı tanımadan onun haqqında heç nə deməsin. Düzü, o hadisədən sonra Sevinc mənimlə bir neçə dəfə əlaqə saxlamağa cəhd göstərdi. Ancaq mən buna imkan vermədim. Sonrakı peşmançılıq fayda vermir...

- Qəzetdə hansı məqalələr daha çox marağınıza səbəb olur?

- İndiki gənclər elmlə maraqlanmır, əsasən əyləncə ilə maraqlanırlar. Bizim bir oxucumuz var: Emin Dəniz. Onu maraqlandıran yalnız "Poeziya çələngi"dir. Çünki özü də şairdir, şeirə həvəsi var. Hərənin bir zövqü var. Mən isə "hərəsinin öz yeri var" deyə düşünürəm. Mən köhnə oxucu kimi çox istəyərdim ki, Elikin səhifəsi bərpa olunsun. Elik olmasa da, indi o qədər balaca Eliklər var ki. O Elik olmasın, bir başqası olsun - davamçısı. O səhifənin çoxlu fanatları vardı. İnci-23 var idi, o xanım sırf həmin səhifənin fanatı idi. Çox-çox lazımdır həmin səhifə. O səhifənin xəstələri vardı. Qəzeti alanda birinci Elikin səhifəsini oxuyurduq, sonra keçirdik başqa səhifələrə. Çox oxucularımız narahatçılığını bildirirlər ki, tanışlıq səhifəsi ləğv olunmalıdır. Mən bununla razı deyiləm. Buna da ehtiyac var, azca yer də olsa, ayrılsın, məncə. O qədər insan var ki, məsələn, qız uşağıdır, evdə qalıb. Televizora çıxa bilmir, dost-tanış tapa bilmir özünə. Mən şahidi olmuşam ki, sizin qəzet vasitəsilə kimlərsə öz əsgər yoldaşını tapa biliblər. İllərlə axtarışda olub, nəhayət, "Oxu Məni" ilə bir-birinə qovuşanlar çox olub. Kimsə taleyini, kimisi dostunu, əsgərlik yoldaşını və ya rəfiqəsini tapa bilir. Ona görə o səhifəni ləğv eləmək düzgün deyil.

- Bizim ən fəal OXUcumuz olan Sitarə xanımın şəxsi həyatında nələr baş verir?

- Şəxsi həyatımda dəyişiklik yoxdur, subayam, evin tək qızıyam. Anamın ən böyük arzusudur məni baş-ayaq eləmək. Anama deyirəm ki, getsəm-getsəm, sənin xətrinə gedəcəyəm, belə yox.

- Sosial mövqeyiniz var, yaraşıqlısınız, mədənisiniz, nə əcəb namizədlərə birmənalı şəkildə yox deyirsiniz?

- Əvvəllər təhsilimlə bağlı idi, indi işimlə. Hardasa vaxtımın olmamağımdandır, Namizədlər çoxdur, əsasən xasiyyətimizdə uyğunluq olmur.

Mən çox istəyərdim ki, o insanın dünyagörüşü zəngin olsun. Bilmədiklərimi ondan öyrənmək istərdim. Bildiklərimi o da biləcəksə, mənə maraqlı olmayacaq. Vacib deyil ki, yaşca məndən böyük olsun. Ağıl yaşda deyil, başdadır. Özümdən qat-qat yaşca kiçik olanlardan nəsə öyrənə bilirəm. Adicə şagirdlərimdən nəsə öyrənirəm. İndiki qızlar düşünürlər ki, maşını olsun, işi olsun, karyerası olsun. Məndə elə bir xasiyyət yoxdur. Bir balaca çəkiciliyi olsun, mənə maraqlı gəlsin, bu yetər.

- Həmin insanda bu parametrlər varmı?

- O insan yoxdur hələ, namizədlər var, seçim edirəm. İstərdim ki, valideynlərimin də xeyir-duası olsun. Bacım yox, qardaşım yox. Köhnə fikirlərlə yaşayan insan deyiləm, amma "böyüyün sözünə baxmayan xeyir tapmaz" fikrini əsas götürürəm.

- Evin tək uşağı olmağınız sizi darıxdırmayıb ki?

- Bu, mənim ən yaralı yerimdir. Bəlkə indi kövrələ də bilərəm. Çox pozitiv insanam, ətrafımda rəfiqələrim, dostlarım çoxdur, tək qalmıram. Amma hərdən dalaşan bacı-qardaş görəndə deyirəm, yaxşı ki, məndə yoxdur, olsaydı, mən də dalaşacaqdım. Hardasa mehriban görəndə, kimsə problemini bacısı ilə bölüşəndə heç nə demirəm, qapanıram öz otağıma. Artıq anam bilir ki, ağlamağa gedirəm. İçim bununla boşalır. Rəfiqələrim də olsa, amma bacının, qardaşın öz yeri var. Müəyyən səbəblərdən bacı-qardaşım olmayıb. Hərdən deyirəm ki, biri çıxıb desin ki, mən atanın oğluyam, ya da qızıyam. Mən onu böyük məmnuniyyətlə özümə bacı, qardaş kimi qəbul edərəm.

- Sirrinizi kiminlə paylaşırsınız?

- Nənəmlə. Ən yaxın rəfiqəm nənəmdir. Elə bir şey yoxdur ki, ona deməyim. O, məni çox yaxşı anlayır. Düzdür, hərdən sözümüz çəp düşür, dalaşırıq. Küsürəm, gedirəm. Gəlir yanıma, barışırıq. Rəfiqəm var, qızlar çoxdur. Məncə, qızın ən yaxın rəfiqəsi anası olmalıdır. Çünki anası görüb yaşayıb o dövrü, onu düz istiqamətə yönəldə bilər. İndi qızlar analarından qorxurlar, çox şeyi gizlədirlər, bu da qızları uçuruma aparır. Düzgün yolda olmurlar, yollarını azırlar. Ana qızı ilə səmimi olmalıdır, ünsiyyət qurmalıdır, düzgün körpü yaratmalıdır. Siftədən qorxu yaratmamalıdır.

- Bəs birdən belə oldu: körpü quruldu, qız bütün sirlərini danışdı və nəticədə xaos yarandı.

- Belə də ola bilər. İnsanın özündə də olmalıdır. Nə bilim...

- Siz gələcəkdə necə ana olmaq istəyərdiniz?

- Qızım olsa, onunla yaxın rəfiqə olmaq istərdim. Elə bir şərait qurardım ki, qızım məndən heç nəyi gizlətməsin, səmimi olsun. Hərdən qibtə ilə Avropa ailələrinə baxıram. Məsələn, dayımın yoldaşı rusdur, qızı da var, ikinci sinifdə oxuyur. Ana-bala çox yaxşı ünsiyyət qurublar. Bizimkilər adicə bir stəkanı sındırdığını anasından gizlədir. Çünki valideyn qorxu yaradıb. Amma xaricdə uşaq səbəbini deyir, ana da başa düşür, anlayır onu və məsləhət görür ki, ehtiyatlı ol.

- Siz bir növ cəmiyyətə mesaj göndərdiniz...

- Uşağı qorumaq lazımdır, amma ona bildirmədən. Əlbəttə, valideyn ilə uşaq arasında müəyyən pərdə olmalıdır. Mənim də anamla aramızda sərhəd var. Amma bunun müəyyən xətti olmalıdır. Biri var ki, qonşunla aranda böyük hasar çəkirsən, qapıdan çıxandan-çıxana salamlaşırsan. Biri də var, aradakı sədd nazik tellərlə qurulanda iç-içə olursan.

- "Oxu Məni" ilə bağlı nə kimi xatirələriniz var?

- Mədəniyyət Sarayında İsa Rəvan gözdən əlillər üçün xeyriyyə aksiyası keçirmişdi. O vaxta qədər həmkarlarımı şəkillərdən tanıyırdım, heç kimlə əlaqəm yox idi. Çox həyəcanlı idim. İsa müəllim baxdı-baxdı, sonra soruşdu ki, H.Sitarə sənsən?

Həmin gün oxucu Günel Lalə ilə tədbirdən çıxmışıq. Hava da qaralıb. Axı heç vaxt tək olmamışam qaranlıqda. Həmişə evdən aparıb-gətiriblər. Mindik bir nəqliyyata. Hardasa düşməli idik, amma azıb getdik Sabunçuya. Qaranlıq, anam da bir tərəfdən zəng vurur ki, hardasan? Atam da narahatçılıq keçirmişdi. Rəşad gedib evdə oturub çay içirdi, biz isə hələ küçələrdə qalmışdıq. Səhv istiqamətə getmişdik. Tez çıxdıq ki, guya evə tez çataq, amma alınmadı. O tədbirdə çoxları ilə tanış oldum - Rahib Saleh, Fuad Biləsuvarlı, Rahib Saleh və s.

Bu yaxınlarda "Oxu Məni"nin ad günüdür. Öz aramızda danışmışıq ki, özümüz üçün əyləncədən başqa yığışıb kiçik bir xeyriyyəçilik edək. Köhnə oxuculardan Nofəl Ümid, dindar Rövşən Rzayev, Elnur-23 və bir çoxları bu təkliflə razıdırlar. Onlar 3-4 ilin oxucusu olsalar da, çox fədakardırlar. Amma sonradan sözünün üstündən qaçan oxucularımız da var. Heç kimin qəlbinə dəymək istəmədiyim üçün ad çəkməyəcəyəm. Demirik ki, kimsə 50-100 manat versin, bəlkə biri 50 qəpik verəcək. Əsas odur ki, ürəkdən olsun. Mənəvi dəyər maddi dəyərdən önəmlidir.

- Sizcə "Oxu Məni"nin fəal oxucuları üçün nə fikirləşək? Bir konsepsiya quraqmı?

- Rəşad Məhəmmədoğlu bu yaxınlarda görüş təşkil edəcək. Çalışacağıq ki, bu cür görüşlər mütəmadi olsun. İllər öncəki oxucuları da tapıb gətirəcəyik. Məsələn, Kəmalə Azəri, Xəyalə Günəş, onlar illərin oxucularıdır. Müəyyən səbəblərdən qəzetdə yoxdurlar. Bəlkə də oxuyurlar, üzə çıxmırlar. Röya Rzayevanın qəşəng şeirləri var. Hamımız bir etap idik. İndi təzə oxucularla söhbətimiz tutmur. Biz deyəndə, onlar cavab qaytarırlar. Ağırıma gəlir ki, buna bax, bu ilki sərçə keçən ilki sərçəyə civ-civ öyrədir.

- Sitarə xanım gələcəkdə özünü necə görür?

- Yəqin ki, bir az ağırlaşacağam. Həmişə sözümü deyirəm, sonra fikirləşirəm. Bunu mənə irad tuturlar. İstəyirəm ki, gələcəkdə Sitarə əvvəlcə fikirləşsin, sonra desin. Dolğunlaşacağam, ağıllanacağam.

- Bəs illər sonra Sitarə xanımın yanında Rəşad Məhəmmədoğlu və ya həyatı boyu qazandığı digər dostları olacaqmı?

- Bəs mən bayaq nə dedim? İstərdim ki, həyatımdakı insan indiyə qədər qazandıqlarımı itirməyə kömək eləməsin. Əksinə, əhatəmi genişləndirməyə kömək etsin. Dostlarımı uzaqlaşdırmasın məndən. Mən özüm sərbəstəm. Sıxıldığım yerdən qaçmışam. Adicə qonaqlıqda sıxıntım olanda otura bilmirəm. Rəşad Məhəmmədoğlu mənə qardaşlıq edib. Nofəl Ümidin də xətrini çox istəyirəm, qızıl adamdır. Onun valideynləri çox xoşbəxtdir ki, belə bir övladları var.

- Bəs hansısa tədbirlərdə ayrıca görüşləriniz olurmu?

- Çox olur. Məsələn, Nüsrət Kəsəmənlinin yaradıcılıq gecəsini kitabxanada çalışan Natavan Uğurlu adlı bir oxucumuz təşkil etmişdi. Kitabxanadan orada heç kim yox idi. Ancaq "Oxu Məni"çilər idi. Hərəmiz bir işi gördük. Nofəl Nüsrət müəllimin səsi ilə bir şeir dedi. Mən aparıcılıq elədim, Nofəl Ümid aparaturalarla məşğul oldu. Fuad Biləsuvarlı bir şeir dedi. Rəhmətliyin xanımı soruşdu ki, siz kimsiniz belə yığışmısınız, kitabxananın işçilərisiniz? Dedik, yox, buranın adamları deyilik, "Oxu Məni"nin oxucularıyıq. Axı Reşat Kəsəmənlinin xanımı da "Oxu Məni" qəzetinin əməkdaşı olub - Əfqanə Səhər. Hə, o dəqiqə tanıdılar və təşəkkür etdilər. Rəşad Məhəmmədoğlu bu günlərdə Cici qız Günelin toyunda iştirak edib. Gülnar Əsədovanın nişanına yığışıblar. Düzdür, mən gedə bilməmişəm, amma yolumu gözləyir, gedib təbrik edəcəyəm. O qədər yerdə iştirak eləmişik ki. Sadəcə, qəzetə yazılmır. Bunu "Oxu Məni"nin adınan edirik. Elə tədbirlər var ki, Nofəlin özü bir qrup oğlanlarla iştirak edib. Mən qızlarla yığışıb, harasa getmişəm.

- Özünüzə hansı sualı verərdiniz?

- Özümə?.. Sənin xasiyyətin niyə belədir? Beş dəqiqə beləsən, beş dəqiqə elə. Gah mülayiməm, gah sadə, gah dəlisovam, gah da ağıllı.

- Niyə?

- Bilmirəm... Bəlkə oxucular arasında məni tanıyan uşaqlardan kimsə bunun cavabını tapdı? Gələn həftə "Ürək sözləri" rubrikasında məni sevən, sevməyən, gözü götürən, götürməyən hər kəsdən xahiş edirəm ki, bunun cavabını yazsınlar.

- Bəs günün 24 saatını daha çox hansı halda olursunuz?

- Pozitiv... Məktəbdəki iş yoldaşlarım da bunu təsdiqləyə bilərlər. Qrup yoldaşlarım da, əhatəmdə olan insanlar da təsdiqləyə bilərlər ki, bütün günü gülürəm. Soruşurlar, niyə gülürsən? Xoşlamıram qanıqara olduğumu kiməsə göstərim. Həmişə gülmüşəm. Deyirlər, səndən yaxşı incəsənət adamı çıxar, axı aktrisalar səhnədə yalnız gülürlər. Məncə, pis xasiyyət deyil gülmək, güldürmək. İndi hamının gülüşə ehtiyacı var. Hərdən anam mənimlə ciddi danışmaq istəyir, sözünün birini bir yerə yozuram, digərini başqa yerə. Deyib-gülməyi çox xoşlayıram. İstəyirəm ki, ətrafımdakıların da əhvalı yüksək olsun.

Bizim üçün hər bir oxucu dəyərlidir. Bu dəyərli oxucuların arasında bizi yüksək qiymətləndirən, tərəfimizdən yüksək qiymətə layiq görülənlər az deyil. Onların arasında səmimiyyəti, daxili və zahiri gözəlliyi ilə seçilən, ailəsinin tək övladı olan Sitarə xanım da var. O, "Oxu Məni" ailəsi üçün də tək və təkrarolunmaz bir insandır.

Oxu Məni – Oxuyum qəlbini!

Könül Aypara

O.M.