Əməkdar artist şou-biznesin 98%-ini yalançı adlandırdı

Əməkdar artist şou-biznesin 98%-ini yalançı adlandırdı

17 May 2012 16:30
2 502
Bəyəndim (0) Bəyənmədim (0)
“Bibim qızı Flora Kərimova sənəti olmayanlarla, gədə-güdələrlə, sırğa taxanlarla duet oxuyur”

Deyirlər, güzgü insanı olduğu kimi göstərir. O, nə qədər təmiz, ləkəsiz olarsa, obyekti bir o qədər düzgün əks etdirə bilər. Çoxları mətbuatı cəmiyyətin güzgüsü adlandırır. Lakin kamil insanlar bilirlər ki, güzgü obyekti olduğu kimi deyil, 180 dərəcə əks müstəvidə göstərir. Bəlkə elə buna görədir ki, mətbuat səhifələrində yer alan məlumatların bir çoxu həqiqəti əks etdirmir. Əlbəttə ki, istisnalar da var.

Bugünkü həmsöhbətim 5 ildir heç kimə müsahibə vermir. Çünki sənətini nümayiş etdirməklə sözünü yetərincə deyə bilir. Çoxları üçün sərt adamdır, acıdildir. Amma əslində, sözü üzə deyən, ədalətsizliklə barışmayan bir ziyalıdır.

Şəlalənin qonağı əməkdar artist Cavanşir Məmmədovdur...

- Özünüzü təqdim edərdiniz...

- 1954-cü ildə Azərbaycanda anadan olmuşam. Atam şuşalı, anam naxçıvanlıdır. Politexnik institutunu bitirmişəm. Azərbaycan İqtisad Universitetini də qiyabi bitirmişəm. Musiqi təhsilim də var. 1971-ci ildən toylara gedirəm. Səhnədə qırx bir ildir, professional sənətdə otuz ildir çalışıram.

- Necə oldu ki, bu sənəti seçdiniz?

- Atam Şuşada yaxşı tanınmış rəhmətlik Abış kişinin oğlu olub. Babam çox güclü dəf çalan olub. Flora Kərimova ilə bibiqızı, dayıoğluyam.

- Məndə olan məlumata görə, bibiniz qızı Flora Kərimovayla münasibətiniz soyuyub. Səbəb nədir?

- Düzdür, aramızda sərinlik var. Flora mənim bibim qızıdır. Bizim onunla beş duetimiz var, 1996-98-ci illərdə yazılan duetlərimiz. Səbəb odur ki, gədə-güdələrlə duet oxuyur, onlara kömək edir. Flora sənətkardır, qanad altında olmamalıdır. Mən də kömək etmişəm kimlərəsə. Beş barmağım kimi bilirəm, bu sənət yolunda kimlərsə Floraya çəpər olanda mən kömək etmişəm ona, bir qohum kimi. Bəzi ailədaxili problemlər olanda Flora dəstək olub mənə. Bibim qızı sənəti olmayanlarla, gədə-güdələrlə, sırğa taxanlarla duet oxuyur. Duet oxuya bilərsən, ay bibi qızı, amma Abbas Əhmədlə, Cavan Zeynallıyla, Yalçın Rzazadə ilə, Mübariz Tağıyevlə. Sən isə mikrofon tuta bilməyən, notdan anlayışı olmayanla duet oxuyursan, onu tanıdırsan. Flora xanım, kiməsə köməklik etmək istəyirsənsə, əvvəl onun sənətini bilməlisən.

- Flora xanım bəyəm pis edir ki, gənclərə dəstək olur? Bəlkə bu sizdə paxıllıq hissindən irəli gəlir ki, kimsə tanınacaq?

- Flora xanımın özünün köməyə ehtiyacı var, maddiyyat baxımından. Flora əgər toya getmirsə, niyə üç-beş nəfərlə çıxıb duet ifa edir? Nə ilə dolanır? Təsəvvür edin, heç bir valideyn istəməz ki, övladının belə qanadı altında olsun. Nadir Qafarzadə ilə oxudu. Nadir 10 min manata gedir toya. Gətirib versin də üç toyunun pulunu Floraya. Nadir yaxşı oxuyandır, Flora sənət tarixində yaşayan sənətkardır. Maddi cəhətdən böyük hüququ var. Toya getmir. Kiminlə duet oxumaq istəyirsə, mənim səviyyəmdə sənətkarla oxusun da, yoxsa, oxuya bilməyənlərə dəstək olmasın. Cavan uşaqlarla, saçı buruqlarla oxumasın. Ona görə çəkilib durmuşam qıraqda. Özü çox gözəl bilir, iradımı bildirmirəm. Flora gənclərə dəstək olmaq istəyirsə, məktəb açsın, dərs desin. Qoy olsun Flora məktəbi. "Qoluboylar"a dəstək olmaq olmaz. Kiməsə dəstək olursansa, bilməlisən ki, addım atanda necə atırsan. Floranın yetmiş yaşı var. Bil, kimə dəstək olmaq lazımdır. Bir də onu deyim ki, Firuzə İbadova ilə neçə illərdir duet oxuyuram. Durum indi bu yaşımda "Yeni Ulduz"la duet oxuyum? Necə baxacaqlar? Hamı güləcək. Mən hər il proqramımı təzələyirəm, hər şey məndə mükəmməl alınır.

- Sərt danışmaqla qorxmursunuz ki, bibiniz qızı Flora Kərimovayla münasibətiniz daha da korlanar?

- Mən fikrimdə elə qalıram, düz edirəm. Məsələn, Flora vaxtında Faiq Ağayevlə duet oxudu. Sən Flora, dedin ki, Faiq Ağayev kimi oxuyan yoxdur. Sonra araları dəyən kimi deyir ki, Faiq notu düzgün ifa etmir, oxuya bilmir. Hansına inanasan? Bəs niyə duet oxuyurdun? Şəxsi həyatın səhnəyə aidiyyəti yoxdur. Səhnədə düzgün danışmaq lazımdır. Deyə bilərsən, dostumsan, amma yaxış oxumursan. Beş il bundan qabaq təriflədin, sonra axırını gördük. Sərxanla davasını gördünüz. Gərək Flora xanım vəkilini göndərə hər yerə, özü getməyə. Məsələn, Əli Mirəliyev sənətkardır, sadəcə, fikrini düzgün çatdıra bilmir. Əsəbi halda deyir, insanların xətrinə dəyir. Yenə deyirəm, sənətkar qiymətini bilməlidir.

- Sənətdə ilk xeyir-duanı kimdən almısınız?

- Anamdan, Flora xanımın anası Zümrüd xanımdan almışam xeyir-duanı.

- Cavanşir müəllim, niyə prodüseriniz yoxdur?

- Özüm özümün prodüseriyəm, qəbul eləmirəm kimisə gəzdirim yanımda. Özüm-özümü qoruya bilərəm. Maddi cəhətdən sponsorum da, menecerim də özüməm. On beş ölkədə konsertlər vermişəm. O ölkə olmaz ki, mən orada olmayım.

- İmicinizi niyə dəyişdiniz? Axı bəzi şou-biznes nümayəndələri tərəfindən qəbul edilmədiniz? Çoxları sizə hətta irad tutdular. Buna səbəb nədir?

- Onu deyən kimdir ki, məni bəyənmir? Mən onu dünəndən bəyənmirəm. Səhnədə zövqü olmayanlardır. Məni qoy Ramiz Quliyev, İlhamə Quliyeva, Flora Kərimova, Eldar Mansurov, Nadir Əzimov bəyənsinlər. Dünənki uşaq məni bəyənmir, cəhənnəmə bəyənsin. Mən əsərlər oxumuşam, xalq mahnıları, estrada mahnıları ifa etmişəm. Gəlin, bir baxın görün, bəyəm üzümü dartdırmışam? Yoxsa bəziləri kimi silikon etdirmişəm? Sadəcə, saç əkdirmişəm. Bığımı qırxmışam. Kimdənsə icazə almalıyam bəyəm mən? Səhnədə elə xalq artisti var ki, saç əkdirir, rəngləyir. Hərə öz işi ilə məşğul olsa, yaxşıdır. Qaldı nəsə üzümdə dəyişiklik etmişəmsə, ekspertizaya aparın, baxın, görün.

- Cavanşir Məmmədovun titulu varmı?

- Bir çox titullarım var. Əsas əməkdar artistəm. Birdə ki, adım Cavanşirdir. Bu yetərlidir – ŞİR. Bəs eləyir.

- Qalmaqal nə deməkdir sizin üçün?

- Qalmaqaldan uzağam, sözümü deyən oğlanam.

- Kumiriniz kimdir?

- Akif İslamzadə.

- Sirr deyilsə, toylara neçəyə gedirsiniz?

- Baxır toya. 3 500 - 4 000 manata gedirəm "Cavanşir" ansamblımla birgə. Rayon toyları fərqli olur, 5 000 – 6 000 manata. Çünki on altı ifaçı ilə, ansamblla gedirəm.

- Nəyə biganə qala bilmirsiniz?

- Maskalı adamlar görəndə biganə qala bilmirəm. Şou-biznesin 98%-i yalan danışır. Televizordan görünür də yalan danışmaları. Kifayət edir.

- Bir çoxları deyir ki, Cavanşir Məmmədov gündəmə gəlmək üçün maşınını reklam edir. Buna münasibətiniz...

- Birincisi, reklam etmirəm. İkinci də, yaxşı eləyirəm. Bir il bundan qabaq "stayanka"da mənim maşınımı çəkib şəklini efirlərə verdilər. Mən nəyə görə gündəmə gəlməliyəm ki, toy tutum? Mən heç vaxt toy tutmuram, toy gəlib məni tutur. Ölüb yerə girmirlər də mənim haqqımda danışanda. Elə bil ox olub gözlərinə girmişəm. Dar eləyirəm də yerlərini. Sadəcə, bu şou-biznes elədir ki, bəziləri var məni yaxından görəndə it kimi yaltaqlanırlar. Azərbaycana ilk dəfə türk ifaçısını mən gətirdim. Bakıda qızıl mikrofonu mənə hədiyyə etdilər. Oğlumun toyuna da ansamblı Türkiyədən mən gətizdirdim. "Rolls Royce" maşınını da ilk dəfə şou-biznesdə mən sürmüşəm, mənim olub. Abırsız adamlardır da, nə gəldi, danışırlar. Mən zəhmət çəkirəm toylarda. Bir qəzet köşküm də yoxdur.

- Sizcə, əsl kişi necə olmalıdır?

- Əsl qadından soruşmaq lazımdır kişi necə olmalıdır. Avtomat atmağı bilməlidir.

- Cavanşir müəllim, niyə solo konsert vermirsiniz?

- Mən yetərincə solo konsert verirəm. Hər gün toyda 500-600 nəfərin qarşısında ifa edirəmsə, bu mənim üçün canlı konsertdir. İnşAllah, xalq artisti adına layiq görüləndə hesabat konserti verəcəm.

- Ürəkdən haçan ağlamısınız?

- Bu yaxınlarda anam xəstə idi. Bir söz dedi, otağımdan bütün günü çıxmadım, ağladım. Bir ay bundan qabaq oldu.

- Müsbət və mənfi cəhətləriniz hansılardır?

- Müsbət cəhətimi dostlarım deyə bilər, əhatəmdə olan insanlar. Mənfi cəhətim – hər şeyi üzə deyirəm.

- Sevgi nədir sizin üçün?

- Sevginin bir çox növləri var. Doğulandan ölənə kimi sevgi var. Birinin sevgisi qızıla, dosta var, ailəyə, narkotikə, içkiyə, nəvəsinə, maşına var, Digərininki vətənə var. Sevgi həyatda cürbəcür olur.

- Cavanşir müəllim haçan təhlükəli ola bilər?

- Kimsə mənə ilişərsə, sataşarsa, çox təhlükəli ola bilərəm. Çox olub üzümə gülüb, mən onu yola vermişəm. Mən də həmin adamı gülə-gülə uzaqlaşdırmışam.

- Sizcə, şou-biznesin qanununu kim yazır?

- Telekanallar, bir də SMS-lər.

- Ötən günlərə dönmək istəyərdiniz?

- Yox, istəmirəm qayıdam. Bir ömür yaşa, həyatda kişi kimi yaşa.

- Nazınızı kim çəkir?

- Ailəm. Əgər saat 12-dən sonra qapının cəftəsi vurulursa, kim var evdə, onlar çəkir.

- Kişiyə və xanıma xoşbəxt olmaq üçün nə lazımdır?

- Kişi sözü çox ağır sözdür. Xanım xoşbəxt olmaq üçün duruşunu-oturuşunu, danışığını, çörək yeməyini, gülməyini bilməlidir. Hər kişiyə də yaxşı xanım qismət olmur.

- Qısqanc insansınız?

- İnsanın bir mövqeyi olmalıdır.

- Həyatda neçə dəfə sevmək olar?

- Bir neçə dəfə sevmək olar. Sevgi insanın həyatında üç dəfə olur. 1) 9-19; 2) 19-39; 3) 40-60 yaşında insanın başına gəlir. Hər yaşın öz dövrü var. Hər yaşda sevgi insanın qarşısına çıxa bilər.

- Bəs siz neçənci sevginizi yaşayırsınız?

- İkisini yaşamışam. Hazırda birini də yaşayıram.

- Rəqibiniz kimdir?

- Heç kim.

- Şəlalə nə deməkdir sizin üçün?

- Sizin kimi müxbir xanım. Dağ-daşdan çırpınan, qayalardan axan sudur. Ən vahiməli seldir. Şəlaləyə baxırsan, təbiətin gözəlliyi səni cəlb edir.

- Sonda bizə nə deyərdiniz?

- Düzgünlük yazılsın. Mən beş ildir heç kimə müsahibə vermirdim. İndi sizə verdim. Çox zəng etdiniz. Yenə çox şad oldum. Mənə müsahibə lazım deyil, bir də görürsən ki, götürüb dediyin sözlərin əksini yazırlar. Ona görə həmişə uzaq qaçıram.

Deyirlər, su aydınlıqdır. Şəlalə isə ən əzəmətli su şırnağıdır. Odur ki, "Şəlalə" rubrikası bu gün də çox mətləblərin üzərinə gedərək onlara aydınlıq gətirdi.

Şəlalə Nəriman

O.M.