Abid Şərifov: Hər bir azərbaycanlı özünü mənim kimi cənab Prezidentin dilindən qələbə xəbərlərini eşitməyə hazırlayıb

Abid Şərifov: Hər bir azərbaycanlı özünü mənim kimi cənab Prezidentin dilindən qələbə xəbərlərini eşitməyə hazırlayıb

30 Oktyabr 17:18
2 048
Bəyəndim (1) Bəyənmədim (0)

Oxuməni.az Baş nazirin sabiq müavini Abid Şərifovun modern.az-a müsahibəsini oxucularına təqdim edir:

- Abid müəllim, bu gün Qarabağın işğaldan azad edilməsi uğrunda apardığımız tarixi mübarizəsini necə qiymətləndirirsiniz?


- Bu elə bir hissdir ki, sözlə ifadə etmək çətindir. Ali Baş Komandan bütün məsələlərə bilavasitə rəhbərlik edir. Buna heç bir əlavəm yoxdur. Hamımız arzu edirik ki, savaş bizim tam qələbəmizlə tezliklə bitsin. Allah Ali Baş Komandanımıza və Ordumuza kömək olsun.


- Siz Baş nazirin müavini olduğunuz dönəmlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini yaxından izləmisiniz. Sizcə, işğalçı Ermənistan bu gün məğlubiyyətini niyə qəbul etmir?

- Sizə deyim ki, bu gün Qarabağda yaşananlar ağlagəlməyən böyük xoşbəxtlikdir. Çünki 70 il ərzində Sovet imperiyasının tərkibində olmuşuq. Müstəqilliyimizi əldə etdikdən sonra isə torpaqlarımız erməni qəsbkarları tərəfindən işğal edilib. Həmin vaxtlarda özümüzü əzilmiş kimi hiss etmişik. Çünki vəziyyət və şərait elə gətirib. Bu gün isə xalqımız tarixi hadisələrə şahidlik edir. Cənab Prezidentimiz Ordumuzla birgə üzərimizdəki qara buludları götürür. Çox şükürlər olsun ki, məğrur xalq olduğumuzu bir daha ortaya qoya bildik.

Ermənistan bu günlərin gerçək olduğunu heç zaman ağlına gətirmək istəməyib. Çünki erməni xisləti bəşəriyyətə bəllidir. Ancaq o torpaqları gec-tez geri qaytara biləcəyimizdən əmin olublar. Heç kimin ağlına gəlməzdi ki, Qarabağdakı separatçı rejim ləğv ediləcək, heç kim təsəvvür etməzdi ki, Stepanakertə, Şuşaya doğru Ordumuz belə irəliləyə bilər. Bunların hamısı ağlagəlməyən işlərdir. Tarixi hadisədir, qəhrəmanlıqdır. Tarixdə belə günlərimiz heç olmayıb.


- Güman ki, insanların ruh yüksəkliyini də müşahidə edə bilirsiniz. Bu ruh yüksəkliyi sizə nə deyir?

- Təbii ki, insanlarımızda ruh yüksəkliyini mən də müşahidə edirəm. Bu ruh yüksəkliyini də yaradan Azərbaycan Ordusudur, zabitlərimizdir, Ordunun rəhbərliyidir, müəllim və həkimlərimizdir. Bir sözlə, ruh yüksəkliyimiz qırılmaz zəncir kimi bağlanıb.


- Abid müəllim, Qarabağın azadlığından danışdıqca, bunu ağlagəlməyən hadisə adlandırırsınız. Belə başa düşdüm ki, siz də Qarabağın nə zamansa geri qaytarılacağına inanmamısınız.


- Əgər həqiqəti bilmək istəyirsizsə, heç kimdə Qarabağın geri qaytarılacağı ilə bağlı inam olmayıb. Cənab Prezident son çıxışlarında deyir ki, 30 ilə yaxındır nə qədər boş söhbətlərə qulaq asmaq olardı. Mənasız görüşlər nə qədər olar. Baxın, o mənasız görüşlər bizi bezdirmişdi. Qarabağın qaytarılmasına olan inamımız sıfıra enmişdi. Ancaq Ali Baş Komandan bütün xəyalları, arzuları gerçəkləşdirdi. İşğalçı Ermənistana dərs verdi. Baxın, bu inannılmaz idi. Ancaq “eşq olsun” deyə bilərəm.


- Təqaüddə olan keçmiş məmur kimi Azərbaycanın zəfərini necə qarşılayırsınız?


- İnanın ki, Qarabağda Vətən Müharibəsi başlayandan gözümə yuxu getmir. Hər dəqiqə qələbə xəbərləri gözləyirəm. Qulağım cənab Prezidentin tarixi çıxışlarına köklənib. Bilirəm ki, hər bir azərbaycanlı özünü mənim kimi cənab Prezidentin dilindən qələbə xəbərlərini eşitməyə hazırlayıb. Bundan ancaq qürur duyuram.

Oxuməni.az