Namiq Məna: “Şeirlər yazırdım, əgər şeir demək olarsa”

Namiq Məna: “Şeirlər yazırdım, əgər şeir demək olarsa”

7 May 2012 12:47
Bəyəndim (0) Bəyənmədim (0)
“Mey şərab deməkdir, meyxana isə şərab içilən məkan mənasını verir. Bədiiyə isə bədahətən söz deyilməsidir”

Meyxana sənəti şou-biznesə qoşulduqdan sonra fəaliyyətini onun qanunları ilə davam etdirməyə başlayıb. Musiqili, hərəkətli ifalar, qalmaqallar, atmacalar və sair bu kimi şoular gündəmə gəlməklə bu sənət də gəlir mənbəyinə çevrilib. Heç təsadüfi deyil ki, meyxana artıq "palatkalar"ı yırtaraq, tinləri adlayaraq böyük səhnələrə və şadlıq saraylarına yol tapıb. Bu zaman tamaşaçının xəbəri olmadan qədim deyişmə sənəti əvvəlcədən hazırlanmış proqramlarla əvəz olunub. Məclislərdə geninə-boluna mədhiyyələr deyilməyə başlayıb. Təbii ki, pul çox olan yerdə maraqlar da toqquşur. Bəlkə elə buna görədir ki, şou-biznesin bu sahəsi də 2 qeyri-bərabər cəbhəyə bölünüb. Bir tərəfdə deyişmə sənətini meyxana adlandıran mühafizəkarlar, digər tərəfdə isə bədiiyə söylədiklərini iddia edən novatorlar. Bugünkü qonağımız novatorları təmsil edən və meyxana kəlməsini inkar etməklə çoxsaylı tənqidlərin hədəfinə çevrilən Namiq Mənadır.

- Özünüz haqda məlumat verərdiniz?

- 1972-ci ilin noyabr ayının 1-də anadan olmuşam. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm. Əslim Zəngəzurludur. Ailəliyəm, iki övladım var.

- Necə oldu ki, məhz meyxana sənətini seçdiniz?

- Orta məktəbdə oxuyanda şeirlər yazırdım, əgər şeir demək olarsa. Hiss etdim ki, istedadım var, bədiiyə sənətinə yiyələndim. Artıq otuz ildir bu sənətdəyəm.

- Sirr deyilsə, toylara neçəyə gedirsiniz?

- Baxır müştərinin vəziyyətinə. Olur ki, 1 000 manata, 2 000 manata da gedirəm. İmkansız olanda razılığa gəlirəm. Bu günə də min şükür, naşükür insan deyiləm.

- Qadın pərəstişkarlarınızla münasibətiniz necədir?

- Hamısıyla münasibətim normaldır.

- Pərəstişkar xanımlar üzündən evinizə söz-söhbət düşübmü?

- Heç vaxt bir problem olmayıb. Mən özüm də o şəraiti yaratmıram ki, nəsə söz-söhbət düşsün. Allah eləməsin, Allah uzaq eləsin.

- Aqşin Fateh Hacılara qarşı bir meyxana demişdi. Bir çox Hacılar bunu yaxşı qarşılamadı. Buna səbəb nə idi?

- İnanın ki, eşitməmişəm, o xəbəri sizdən eşidirəm. Aqşinə hörmətim var, çox istedadlı oğlandır. Dediyiniz bədiiyəni eşitmədiyimə görə heç bir fikir bildirə bilmərəm.

- Meyxanada özünüzə kimi rəqib görürsünüz?

- Əsil sənəti olan ziyalıları güclü rəqib görürəm.

- Elşən Xəzərlə münasibətiniz necədir?

- Özü burda yanımda deyil, heç bir fikir söyləyə bilərəm.

- Namiq, meyxananın adını bədiiyə qoymaq istəyirdiniz. Səbəb nə idi? Axı bir çox həmkarlarınızla aranızda soyuqluq yarandı.

- Bilirsiniz necədir? Bu, tək mənim fikrim deyildi, ziyalıların da fikri idi. Meyxana fars sözüdür; mey şərab deməkdir, meyxana isə şərab içilən məkan mənasını verir. Bədiiyə isə bədahətən söz deyilməsidir. Mənim özüm kitabları qiraət etdim, ziyalıların düz fikir söylədiyini bildim. Meyxananın bədiiyə olduğunu bildirdim. "Onu bağışlamaq olarmı?" filminə baxmısınızsa, xanım orda deyir ki, çox gözəl bədiiyə söylədiniz. Bu, keçmişdə belə olub. Mənim şəxsi fikrimdir. Bir çoxları tərəfdən sənət aləmində də müzakirə olundu.

- Özünüzü müdafiə üçün nəyə güvənirsiniz?

- Əlbəttə ki, qanun alidir. Şükür, intellektual səviyyəm yüksəkdir. Təhsilim, savadım var. Müdafiə üçün də yüksək intellektualımla başa salmağa gücüm var.

- Bəs sizi meyxana sənətində ən çox nə narahat edir?

- Son zamanlar qeyri-etik kəlmələr, təhqiredici ifadələr, sənəti hər cür amilə bağlamaq məni çox narahat edir. Belə baxanda sənətdə otuz ildir varam, bunun iyirmi beş ili məni çox narahat edib. İndi görürsən, yavaş-yavaş yoluna düşür. Əsas cümlədir, ona fikir vermək lazımdır. Qurduğun hər bir cümlə intellektual olmalıdır.

- Davamçılarınız varmı?

- İstedadlılarımız çoxdur. Hamısı ilə qürur duyuram. Davamçılarımız var. Səhnə mədəniyyətində, şeir deməkdə, nitqdə özlərini sənətkarlara oxşadırlar. Onlarla da qürur duyuram.

- Sizin davamçılarınız hansı bəhrdən istifadə edir?

- Sehri-bəhri üzərində qurulmuş qəzəldən. Bu gün bu bəhrdən yararlanıb, istifadə edənlər çoxdur. İnkişaf gedir.

- İlk meyxananız hansı qafiyə üstündə olub?

- İnanın, tam yadıma deyil. Uşaq vaxtından Nizami Rəmzidən, Əliağa Vahiddən, Füzulidən, Nəsimidən, Zəlimxandan çox bəhrələnmişəm.

- Olubmu ki, hansısa həmkarınız kimi meyxana demək istəmisiniz, amma alınmayıb?

- Şükür ki, hələ belə bir hadisə olmayıb.

- Bəhrlə demək çətindir, yoxa məna ilə?

- Hər şeyin çətini də var, asanı da. Bəhrlə demək vacibdir. Qaldı hansısa şeiri deyəndə məna olmalıdır. Məna sadəlikdir.

- Kimləri meyxanada görmək istəmirsiniz?

- Hər gülün öz ətri var. Sənət elədir ki, mübarizə aparmaq lazımdır. Bu gün kiminsə adını çəkmək istəmirəm. Mən özümə cavabdehəm. Amma təəssüf ki, var elə insanlar ki, onları sənətdə görmək istəmirəm.

- Sizcə, indiki zəmanədə söz xiridarlarından kim daha güclüdür?

- Bilirsiniz, istedadlılar çoxdur. Birinin adını çəksəm, o biri inciyər. Namiq Qaraçuxurlunu, Vüqar Maştağalını çox sevirəm. Onlar sənətdə çox yeniliklər ediblər. Yeniləri çoxdur, həddindən çox. Bədiiyədə yenilik etmək lazımdır. El şənliklərində pul qazanmaq olar, başa düşürəm. Amma hər şeyi pulla ölçmək olmaz. İlk dəfə rəhmətlik Nizami Rəmzi bədiiyəni klip kimi sevdirdi hamıya. Ondan sonra da Namiq Qaraçuxurlu rəvayətlə yenilik etdi. Namiqlə Vüqarın bədiiyədə çox zəhməti var. Onu itirmək olmaz.

- "Ustadım olmayıb" deyən meyxanaçılar var. Sizcə, onlar hansı yolları gedirlər?

- Getdikləri yolda onlarla rastlaşmamışam. "Ustadım yoxdur" deyənlər də sənətdə kimdənsə örnək götürüb bəhrələnirlər.

- Rəhmətlik Nizami Rəmzi meyxanalarında haqsızlığın, zülmün eybəcərliklərini cəsarətlə tənqid edirdi. Namiq necə? Hansısa ürəyindən gələn sözləri kimlərəsə ismarış göndərə bilib?

- Vətən haqda olan bədiiyələrimdə göndərmişəm ismarışı. 1991-1992-ci illərdə spirtli içkilərə qarşı çıxmışam. Sosial mövzulu bədiiyələrim çox olub.

- Bəs bəzi gənc meyxanaçıların tez bir zamanda populyarlaşmasına necə baxırsınız?

- Əsas naxışın yaxşı gətirməsidir. Elə bədiiyə deyənlər var ki, iki il, beş il bədiiyə deyir, amma görürsən ki, yavaş-yavaş populyar olur. Bir də görürsən, gənc bədiiyə deyir, naxışı gətirir, həmin an xalq tərəfindən sevilir. İstedadlı bədiiyəçi hər bir kəlməsinə fikir verməlidir. Hətta oturuşunu-duruşunu bilməlidir, sənəti düşünməlidir. Hər bir tərzə fikir verməlidir.

- Bəs sizin necə, naxışınız gətirib?

- Şükür Allahıma. Hər şeydən razıyam. 1989-cu ildən indiyədək yüz diskim var, on beş klipim.

- Pula-şöhrətə görə sənətini qurban verənlərə necə baxırsınız?

- Bədiiyəni toylarda deməyə pis baxmıram. Bu, Allahın ruzisidir. Amma bədiiyə deyəndə də hər adamın adıyla toyda gedib pul qazanmaq olmaz. Bir də görürsən, toy məclisində adlar çəkirlər. Bunu da toy yiyəsi yaxşı qarşılamır, mənim də çox xoşuma gəlmir.

- Qalmaqal nə deməkdir sizin üçün?

- Anlaşılmazlıq, iki nəfər arasında xoşa gəlməyən fikirdir. Sağlam rəqabəti, elmi müzakirəni xoşlayıram.

- Həyatdakı mövqeyinizdən razısınız?

- Əlbəttə, razıyam. Allah bağışlayandır.

- Ürəkdən haçan ağlamısınız?

- Torpaqlarımızı itirəndə, valideynlərimin birini itirəndə.

- Qısqanc insansınız?

- Vacib olan insanları qısqanıram.

- Xəyanətə münasibətiniz?

- Çox pisdir.

- Kədəri dəf etmək üçün nə edirsiniz?

- Səbir edirəm.

- Oxu meni. az saytına sualınız varmı?

- Sualım yoxdur, arzum var. Həmişə hər şeyi fakt ilə yazın.

Şou-biznes gecə həyatını əks etdirir. Gecələrdə isə nə qədər çox ulduz olarsa, bir o qədər aydınlıq olar. Amma bir şeyi unutmaq olmaz ki, mütləq qaranlıq gecənin işıqlı bir səhəri olur. Biz də hər kəs kimi şou-biznesi işıqlandıracaq sənət günəşini gözləyirik...

Şəlalə Nəriman

O.M.