Ziyafət Əsgərov: "Məhz vaxtında aparılan islahatlar nəticəsində Azərbaycan koronavirusla mübarizəyə hazır oldu”

Ziyafət Əsgərov: "Məhz vaxtında aparılan islahatlar nəticəsində Azərbaycan koronavirusla mübarizəyə hazır oldu”

20 Aprel 11:57
15 399
Bəyəndim (1) Bəyənmədim (0)

Oxuməni.az Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun APA-ya müsahibəsini oxucularına təqdim edir:

- Növbədənkənar seçkilər nəticəsində yenidən formalaşmış Milli Məclis, rəhbərlik zamanın tələblərinə nə dərəcədə cavab verir?

- Çalışırıq ki, dövrün tələblərinə uyğun işləyək. Bilirsiniz ki, indi ictimai münasibətlərin spektri çox geniş və çevikdir. Ölkəmizdə siyasi, iqtisadi sahələrdə, məhkəmə-hüquq sistemində, icra strukturlarında geniş islahatlar aparılır. O cümlədən parlament də bu islahatlardan kənarda qalmadı. Ümumiyyətlə, dövlət orqanlarında yeniləşmə çox normal bir prosesdir. Bu, həm dövrün tələbi, həm də dövlətin inkişaf etməsi üçün vacibdir.

- Parlamentin rəhbərliyində təmsil olunmayacağınız xəbərini necə qarşıladınız?

- Tam səmimi deyirəm ki, buna çox normal baxıram. Mən 20 il Milli Məclisin rəhbərliyindəki şəxslərdən biri olmuşam. Rotasiya prosesini çox normal qarşıladım.

- Sabiq spiker Oqtay Əsədov və hazırkı spiker Sahibə Qafarova ilə münasibətləriniz necədir?

- Oqtay Əsədovla 20 il bir yerdə işləmişik, 15 il Milli Məclisin sədri olub. Bu gün də Oqtay müəllimlə münasibətlərimiz çox normal və yaxşıdır. Sahibə xanımla 10 il bir yerdə işləmişik, çox ziyalı, savadlı xanımdır. Sahibə Qafarova uzun müddət Azərbaycanı Avropa Şurası Parlament Assambleyasında çox yüksək səviyyədə təmsil edib, Büro üzvü, komitə sədri, məruzəçi olub. Hərtərəfli yetişmiş bir kadrdır və mən onun fəaliyyətindən razıyam.

- Ölkədə aparılan islahatlara münasibətiniz necədir?

- İslahatların aparılması vacibdir. Baxın, koronavirus infeksiyası dünyanı hansı vəziyyətə gətirib çıxardı. Məhz vaxtında aparılan islahatlar nəticəsində Azərbaycan bu virusla mübarizəyə hazır oldu. Bir çox güclü dövlətlərdə hər gün xeyli sayda insan koronavirusa yoluxur, yaxud həyatlarını itirir. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan islahatların nəticəsində Azərbaycan bu bəlaya vaxtında reaksiya verdi, bu gün koronavirusa qarşı mübarizə çox yüksək səviyyədə aparılır. Bu, təkcə virusla mübarizə deyil, dövlətin buna hazırlıq məsələsi idi. Biz əslində bir imtahan verdik, bu gün də imtahan veririk. Dövlət bu imtahana hazır olduğunu sübut etdi. Hesab edirəm ki, bir sıra güclü dövlət buna hazır olmadığı halda, Azərbaycan minimal itki ilə bu bəladan qurtulacaq.

O ki qaldı bütövlükdə ölkədə aparılan islahatlara, mən bu barədə qismən də olsa, yuxarıda fikrimi bildirdim. Hesab edirəm ki, 2019-cu ildən başlayan geniş islahatlar bu il də davam etdiriləcək və nəticə etibarı ilə özünün tam iqtisadi gücünü bərpa edəcəkdir.

- Dövlət başçısı son müşavirədə də vurğuladı ki, 2020-ci il ölkədə dərin və geniş islahatlar ili olacaq. Sizcə, növbəti mərhələdə islahatların hansı sahələri əhatə edəcəyi gözlənilir?

- Bunu konkret sahələrlə məhdudlaşdırmaq düzgün deyil. Əgər hər hansı sahədə struktur, yaxud kadr islahatlarına ehtiyac varsa, buna uyğun islahatlar aparılacaq. Ola bilsin ki, bir müddət sonra müəyyən bir sahədə yeni islahatlar zərurəti meydana çıxsın. Yəni bu, davamlı prosesdir: Yeni iş metodları, idarəetmə texnologiyaları və s.

- Bəs koronavirus pandemiyası fonunda parlamentin fəaliyyəti nə dərəcədə effektivdir?

- Biz də çalışırıq ki, fəaliyyətimizi epidemiya dövrünün tələblərinə uyğunlaşdıraq. Komitə iclasları online rejimində keçirilir. MM rəhbərliyi və komitə sədrlərinin görüşləri videokonfrans formasında aparılır. Qanunvericilik sənədlərini elektron formada alırıq və s.

- Uzun illərdir ki, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədrisiniz. İslahatlar fonunda bu komitənin fəaliyyətində hansı yenilikləri görə biləcəyik?

- Hərbi sahə elədir ki, bəzi məsələləri demək olsa da, bir çox məsələləri demək olmur. Amma biz bu il “Hərbi qulluqçuların statusu haqqında” və “Daxili qoşunlar haqqında” yeni qanun layihələrinin qəbulunu nəzərdə tutmuşuq. Koronavirusla əlaqədar bu qanunların qəbulunu yaz sessiyasında yəqin ki, çatdıra bilməyəcəyik. Bu qanun layihələri İşlər Planına daxil edilib, müvafiq qurumlarla razılaşdırılır. İnşallah, bu qanunları yəqin ki, payız sessiyasında qəbul edəcəyik.

- Komitənizin digər fəaliyyət istiqamətini nəzərə alsaq, korrupsiyaya qarşı yeni bir qanun layihəsinə ehtiyac varmı?

- Azərbaycanda korrupsiyaya qarşı kifayət qədər qanunvericilik aktı var. Eyni zamanda 2004-2005-ci illərdə korrupsiya əleyhinə beynəlxalq konvensiyaları da ratifikasiya etmişik. Əlbəttə, yeri gəlsə, yeni qanunların da qəbulu istisna deyil.

- İlk milli Konstitusiyanı işləyib hazırlayan Komissiyanın işçi qrupunun üzvü olmusunuz. Aparılan islahatlar fonunda idarəetmənin daha da təkmilləşdirilməsi üçün Konstitusiyada dəyişikliklərə ehtiyac varmı?

- Biz bir neçə dəfə referendum keçirərək Konstitusiyamıza kifayət qədər əlavələr, dəyişikliklər və Konstitusiya qanunları qəbul etmişik. Konstitusiya uzun müddət üçün nəzərdə tutulan münasibətləri tənzimləyir və elə bir sənəd deyil ki, zərurət olmadan dəyişiklik edəsən. Eyni zamanda, Konstitusiyanın normaları əsasında artıq müxtəlif qanunlar qəbul edilib, indi də edilir. Bizim Konstitusiyamızda çox yetkin idarəetmə forması təsbit edilib. Konstitusiyamız dünyanın çox demokratik və münasibətləri tənzimləmək nöqteyi-nəzərindən mükəmməl normalara əsaslanan normativ hüquqi sənəddir.

- NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbərisiniz. Nümayəndə heyətinin rəhbəri kimi bu gün Azərbaycan-Qərb, Azərbaycan-Rusiya münasibətlərini necə xarakterizə edərdiniz?

- Biz həmişə Azərbaycanla digər dövlətlər arasında iki tərəfli münasibətlərin inkişafına və bərabər hüquqa əsaslanan mövqelərə üstünlük vermişik. Düzdür, beynəlxalq təşkilatlarla da münasibətlərə mühüm əhəmiyyət veririk. Amma təəssüf ki, bəzi beynəlxalq təşkilatlar Azərbaycana ikili standartlarla yanaşır. Elə bu yaxınlarda qondarma Dağlıq Qarabağda keçirilən saxta “seçkilərə” Avropa Şurası Parlament Assambleyası münasibət bildirmədi. Hesab edirəm ki, bu, beynəlxalq hüquqa hörmətsizlikdir. Yeri gəlmişkən, Milli Məclisin Sədri xanım Sahibə Qafarova bununla əlaqədar AŞPA-ya etiraz məktubu ünvanlayıb.

- Uzun müddətdir ki, parlamentdə struktur islahatlar aparılacağı barədə fikirlər səsləndirilir. Sizin bu yöndə rəhbərliyə təklifləriniz olubmu?

- Hesab edirəm ki, dəyişikliklər labüddür. Əgər MM-ə növbədənkənar seçkilər keçirilibsə və qanunverici orqan yenilənibsə, onun struktur bölmələrində də islahatların aparılması zəruridir. Yeri gəlmişkən, Milli Məclisin Sədri xanım Sahibə Qafarova müsahibəsində bildirib ki, Milli Məclisin aparatı və İşlər İdarəsi daha çevik və müasir əsasda fəaliyyət göstərməlidir.

- Bəzi beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətinin pandemiyadan istifadə edərək bəzi müxalif insanlara qarşı təqiblərə yol verdiyinə dair bəyanatlar səsləndirir. Bu bəyanatları necə şərh edərdiniz?

- Bunlar hamısı Azərbaycanı gözü götürməyən qüvvələrin yalan, şər və böhtanıdır. Koronavirus infeksiyası ortaya çıxan zaman bizi ittiham edirdilər ki, sərhədləri niyə bağlayırsınız, bu, insan hüquqlarına ziddir. Sonradan bu bəla özlərinin başına gələndə nə etdilər? Sərhədləri elə vaxtında bağlamaq lazım idi. Çünki hər bir dövlət özü daxilində təhlükəsizlik tədbirləri görür və görməlidir. Azərbaycan da təhlükəsizlik tədbirlərini görür. Kimin nə deməyindən asılı olmayaraq Azərbaycan düzgün yoldadır.

“Beşinci kolon”un nümayəndələrinə, xaricdə və burada olanlara, onlara havadarlıq edən mədəniyyətsiz, əxlaqsız, çirkaba batmış insanlara gəlincə, bunların Azərbaycana qarşı qarayaxmaları heç bir nəticə verməyəcək. Azərbaycan öz yolu ilə gedir, sivil dövlət quruculuğu inkişaf edir, bundan sonra da davam edəcək. Prezident İlham Əliyev aprelin 14-də müşavirədə çox gözəl bir söz dedi. Dövlət başçısı dedi ki, kiminsə AŞPA-da hansısa kağız parçasını qəbul etməsinin bizim üçün heç bir önəmi yoxdur. Əsas odur ki, xalq və iqtidar birliyi olsun, xalq bilsin ki, iqtidar onun üçün çalışır. İqtidar da bilsin ki, xalq onun yanındadır. Bu güc, birlik olanda uğur əldə edilir. Azərbaycanda islahatlar niyə həmişə effekt verir? Çünki xalqla iqtidar bir yerdədir. Məhz buna görə biz bir yerdə güclüyük.

Oxuməni.az