Qüdrət Həsənquliyev: “Ciddi qərarlar qəbul olunacaq”

Qüdrət Həsənquliyev: “Ciddi qərarlar qəbul olunacaq”

13 Fevral 11:26
11 927
Bəyəndim (7) Bəyənmədim (0)

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsində fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrini dəyərləndirib.

Qüdrət Həsənquliyevin APA-ya verdiyi müsahibəni oxucularına təqdim edir.

- Qüdrət bəy, Sizi qələbə münasibətilə təbrik edirik. Seçkilərin nəticələrini necə qiymətləndirirsiniz?

- Çox sağ olun. İlk növbədə seçkilərdə mənə dəstək olmuş hər kəsə öz dərin minnətdarlığımı bildirirəm. Seçicilərimi bir daha əmin etmək istəyirəm ki, onların etimadını doğrultmağa çalışacam və onlar heç vaxt məni seçdiklərinə görə peşimançılıq hissi keçirməyəcəklər.

Seçkinin nəticələrinə gəldikdə, BAXCP-nin parlamentdə yerlərinin sayını artıra bilməməsinə, ümumilikdə isə müxalifətin fraksiya yaratmaq imkanı əldə edə bilməməsinə təəssüflənirəm. Amma təsəlliverici məqam ondan ibarətdir ki, partiyamız parlament təmsilçiliyini qoruyub saxladı. Eyni zamanda, ümid edirəm ki, yeni seçilmiş şəxslər Milli Məclisə yeni nəfəs verəcəklər. Onlardan hətta 10 nəfəri belə yaxşı mənada təşəbbüskarlığı və məsələlərə yanaşmada peşəkarlığı ilə fərqlənsə, parlamentin siyasi həyatımızda rolu xeyli dərəcədə artacaq. İnanmaq istəyirəm ki, Milli Məclis qarşıda bizi gözləyən böyük dəyişikliklərdə müsbət rol oynayacaq.

- Qüdrət bəy seçkilərin keçirilməsi zamanı baş vermiş qanun pozuntuları barədə nə deyə bilərsiniz?

- Hər bir ölkədə seçkilərin keçirilməsi səviyyəsi o xalqın sosial inkişaf indeksinə bağlıdır. Ona görə də inkişaf etməkdə olan Azərbaycanda inkişaf etmiş Qərbi Avropa ölkələri standartlarına uyğun seçkilərin keçirilməsini gözləmək absurddur. Ancaq ümid edirəm ki, yeni parlament gələcək seçkilər üçün daha əlverişli hüquqi baza yaradacaq və biz bu gün rastlaşdığımız qanun pozuntuları ilə bir daha rastlaşmayacağıq. Buna baxmayaraq, Azərbaycan Prezidentinin və MSK rəhbərliyinin verdiyi açıqlamalar onu göstərir ki, səsvermənin nəticələrinə təsir edə biləcək qanun pozuntuları olan dairələr üzrə ciddi qərarlar qəbul olunacaq. Seçkilərin gedişində izlədiyimiz bəzi qanun pozuntuları mövcud mojaritar seçki sistemindən qaynaqlanır. Mojaritar seçki sistemi təsadüfi adamların həm namizəd olmasına, həm də parlamentə düşməsinə, regionçuluğa və etnik seperatizmə yol açır. Həm də nəzəri cəhətdən mümkündür ki, bir partiya ölkə üzrə səslərin 49%-ni alsın, amma parlamentdə bir deputatla belə təmsil olunmasın. Bu isə ölkədə siyasi sabitliyə ciddi təhdid ola bilər. Biz bu seçkilərdə dövlətçiliyimiz üçün ciddi problemlər yarada biləcək belə meylləri müşahidə etdik. Seçkilərə iqtidar partiyası və perspektivli namizədlərlə bazarlıq etmək üçün, həmçinin ayrı-ayrı mafioz qüvvələr tərəfindən təxribat məqsədilə göndərilmiş çoxlu sayda namizəd qatılmışdı. Bütün bunları gördüyümüzdən biz ölkədə proporsional seçki sisteminin tətbiq olunmasına çağırırdıq və çağırırıq.

Proporsional seçki sistemində namizədlər ilk öncə peşəkar səviyyədə siyasətlə məşğul olan partiyaların ali kollegial orqanları səviyyəsində seçilir. Bu halda təsadüfi adamların namizədlər siyahısına düşmə ehtimalı xeyli azalır.

- Qüdrət bəy, seçkilərin nəticələrindən narazı qalmış insanlardan istifadə edib ölkədə sabitliyin pozulmasına edilən cəhdlər barədə nə deyə bilərsiniz?

- Hər kəs qanunvericiliyə uyğun şəkildə etiraz edə bilər. Amma MSK rəhbərliyinin verdiyi açıqlamalardan sonra qanun pozuntularına etiraz edən sağlam düşüncəli insanlar müvafiq orqanların qərarlarını gözləyəcəklər. Təxribatçıların və bu seçkilərdə verdikləri ziddiyyətli açıqlamaları ilə öz qeyri ciddiliklərini ortaya qoymuş adamların çağırışları ilə xalqımızın küçələrə çıxması mümkün deyil.

Oxuməni.az