Albaniya münaqişələrin həlli üçün səylərini davam etdirəcək

Albaniya münaqişələrin həlli üçün səylərini davam etdirəcək

7 Fevral 11:47
2 700
Bəyəndim (2) Bəyənmədim (0)

Oxuməni.az ATƏT-in fəaliyyətdə olan sədrinin Gənclər və Təhlükəsizlik üzrə xüsusi nümayəndəsi Alba Brojkanın APA-ya müsahibəsini oxucularına təqdim edir.

- Bu ildən ATƏT-ə sədrlik Albaniyaya keçib. Təşkilata sədrliyi dövründə münaqişələrin həlli baxımından Albaniyanın prioritetləri nələrdir?

- Albaniya ATƏT regionundakı münaqişələrin həllində vasitəçilik səylərini artırmaq istəyini açıq şəkildə bildirib. ATƏT sədri artıq Ukraynaya səfər edib. Bundan başqa, ayrı-ayrı münaqişələrlə bağlı ATƏT-in xüsusi nümayəndələri Minsk Qrupu kimi müxtəlif proseslərin iştirakçıları ilə əlaqədədirlər. Eyni zamanda Albaniyanın bu sahədəki xüsusi təcrübəsini xatırlatmaq istərdim. Balkan yarımadasının qərbində yerləşən Albaniyanın sülhün inkişafına dair təcrübəsi var. Ümid edirəm ki, sədrliyi dövründə Albaniya ATƏT məkanındakı münaqişələrin həlli istiqamətində səylərini davam etdirəcək.

- ATƏT uzun müddətdir həllini tapmayan Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində iştirak edən əsas tərəflərdən biridir. Albaniyanın bu münaqişənin həllinə dair yeni yanaşması var?

- Bu münaqişə ilə bağlı ATƏT-in institutlaşmış qurumları var və bu qurumlar münaqişənin nizamlanmasında iştirak edirlər. Düşünürəm ki, bu suala münaqişənin nizamlanması prosesində birbaşa iştirak edən aidiyyəti şəxslər cavab versələr daha yaxşı olar.

- ATƏT-in Gənclər və Təhlükəsizlik üzrə xüsusi nümayəndəsi olaraq fəaliyyət prioritetlərini açıqlayardınız. Bu sahədə nə kimi yeniliklər olacaq?

- Albaniya ATƏT-in sədri kimi gənclik və təhlükəsizlik məsələlərini bir-biri ilə kəsişən prioritet istiqamətlər olaraq görür. Hələlik planlaşdırma mərhələsində olsaq da, düşünürəm ki, gənclər və təhlükəsizlik məsələləri ilə bağlı keçiriləcək müxtəlif tədbirlərə və ya layihələrə xüsusi diqqət ayıracağıq.

- Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin ölkədə “Könüllülər ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Bildiyimiz, kimi könüllülük prosesində əsasən gənclər iştirak edirlər. Necə düşünürsünüz bu qərarın həm gənclər, həm də ölkə üçün faydası nə ola bilər?

- Mən Albaniyada müxtəlif gənclər təşkilatlarında könüllü kimi fəaliyyət göstərmişəm. Düşünürəm ki, gənclərin könüllü fəaliyyəti çox vacibdir. “Axı könüllü olaraq mən nə əldə edəcəyəm?”, - deyə bir çoxları düşünə bilər. Lakin bu sahədə öyrənmək üçün çox şey var. Hər şeydən əvvəl sən digər insanlarla birlikdə olursan, yeni bacarıqlar, yeni biliklər kəşf edirsən, sənə daha yaxın olan məsələlərə öz töhfəni vermək imkanı əldə edirsən. Cəmiyyətin inkişafı üçün fəaliyyət göstərərkən özünü daha dəyərli hiss edirsən. Adətən deyirlər ki, cəmiyyət çətin dəyişir. Amma bütün müsbət dəyişikliklər bizdən başlamalıdır, əks təqdirdə bu dəyişiklik olmayacaq. Müsbət dəyişiklik yaratmaq könüllülük formasında da mümkündür.

Oxuməni.az