ETİRAF-Xoşbəxtlik pulda deyil, onun sayındadır

ETİRAF-Xoşbəxtlik pulda deyil, onun sayındadır

2 Aprel 2012 16:01
Bəyəndim (0) Bəyənmədim (0)
Məhəbbəti uğrunda keşməkeşli yollardan keçən insan

Pul haqqında çox yazılıb, çox deyilib. Kimi onu əl çirki adlandırır, kimi bağlı qapıların açarı. Təbii ki, hər kəs zəngin yaşamaq istəyir. Bunun üçünsə ilk növbədə insana çoxlu pul lazımdır. Lakin pul insanın zəngin olması üçün yeganə vasitə deyil. Zəngin o adam sayılır ki, həm mənəvi cəhətdən, həm də maddi cəhətdən varlıdır.

Bu yaxınlarda işlə əlaqədar bir insanla tanış olmuşdum. Söhbətimizin əvvəlindən anladım ki, olduqca maraqlı adamdır. Gülərüz, baməzə olduğu qədər də işinə və şəxsi həyatına qarşı ciddidir. Bir oğul atasıdır. Ailəsini və rəhbərlik etdiyi kollektivi çox sevir. Özünün dediyinə görə, işdən evə, evdən işə tələsir və bunu xoşbəxtlik adlandırır (onun öz istəyi ilə adını və familiyasını qeyd etmirəm).

- Xoşbəxt olmağınızı nəyə və ya kimə borclusunuz?

- İlk növbədə Tanrıya, sonra isə valideynlərimə. Mənə həyat verən, bəxtimi gözəl yazan Tanrıdırsa, tərbiyə verən, böyüdüb boya-başa çatdıran valideynlərimdir. Onlar məni mübariz yetişdiriblər, yaxşının, pisin nə olduğunu başa salıblar. Kasıb dolansaq da, həmişə mehriban olmuşuq. Mən altı uşağın üçüncüsüyəm. İndinin özündə də böyük qardaşlarımdan çəkinirəm, hər birinin hörmətini saxlayıram.

- Bəs sizdən kiçiklərin?

- Onları da çox sevirəm. Ailəmiz kiçiklərin böyüklərə hörməti, böyüklərin kiçiklərə sevgisi üzərində qurulub.

- Bir böyük qardaş kimi özünüzdən kiçiklərə sevginizi nə cür izhar edirsiniz?

- Bacardığım qədər həyatda onlara dəstək olmağa çalışıram. Ailəmizin bir neçə üzvü bizim şirkətdə çalışır.

- Yəni biznesinizi qohumlarınıza etibar edirsiniz?

- Şirkətimiz böyükdür. Qohumlarla bərabər yad adamlar da bizimlə çiyin-çiyinə çalışır. Artıq onlar da mənim üçün doğmalaşıblar. Ailəvi surətdə dostluğumuz var. Bir-birimizin xeyrində, şərində iştirak edirik.

- Ailədən söz düşmüşkən, bəlkə bir az da şəxsi həyatınızdan danışaq?

- Cəsarətlə deyə bilərəm ki, uğurumun sirri ailədəki mehribanlıqdadır. Mən həyat yoldaşımın məhəbbətini qazanmaq yolunda çox çətinliklərdən keçmişəm. Bu biznesimi qurmaqda da həyat yoldaşım mənə mənəvi dəstək olub.

- Maraqlıdır. Bəlkə bu barədə bir az ətraflı məlumat verəsiniz?

- Məni tanıyanların hamısı bunu bilirlər. Biz rayondan təzə köçmüşdük. Təhsilimi 20 saylı orta məktəbdə davam etdirməli oldum. Birinci dəfə sinif otağına daxil olarkən onu gördüm. İlk baxışdan xoşuma gəldi. Rayon qızları kimi utancaq və sakit idi. Onunla tanış olmaq üçün bəhanələr axtarırdım. Həmin gün bəxtimdən yoxlama yazısı verildi. Mən fizikanı yaxşı bildiyimə görə ona öz köməyimi təklif etdim. Qəbul etmədi. Pərt oldum. Özümü göstərmək üçün hər iki variantın məsələlərini həll edib, hamıdan əvvəl müəllimənin stolunun üstünə qoydum. O hadisədən sonra sinifdə hörmətim birə-beş artdı. Uşaqlar məni öz sıralarına qəbul etdilər.

- Bəs həmin o qız sizi öz sırasına qəbul etdimi?

- O, çox sakit qız idi. Digərləri kimi dilli-dilavər deyildi. Düzü, onun bu xüsusiyyəti çox xoşuma gəlmişdi. Mən başqa uşaqlarla danışarkən çalışırdım ki, o da bizim söhbətə qoşulsun. Bu, nadir hallarda baş verirdi. Onunla danışanda istər-istəməz həyəcan keçirirdim.

- Necə oldu ki, özünüzdə cəsarət tapıb ona ürəyinizi aça bildiniz?

- Bu, illər sonra baş verdi. Mən o məktəbə yeddinci sinifdə gəlmişdim. Ona isə ürəyimi son zəng günü açdım.

- Sizə nə cavab verdi?

- Əslində, ona qarşı biganə olmadığımı həmişə hiss edib. O, bunu indi etiraf edir. Amma son zəng günü mənə heç bir söz deməmişdi. Qorxurdum məni təhqir edib, qəlbimi qırar. O isə gülümsəyərək, qızların yanına getmişdi. Məktəbi bitirdik. O, ali məktəbə daxil oldu. Mən əsgərliyə getdim. Çoxları mənə deyirdi ki, onu tezliklə unudacaqsan, guya hisslərim uşaqlıq məhəbbətidir, ötüb keçəcək. Amma elə olmadı. Gün-gündən ona daha çox bağlanırdım. Hərbi xidməti bitirib, Bakıya qayıtdım. Sinif yoldaşlarımdan öyrəndim ki, o, hələ ərə getməyib. Bir gün cəsarətimi toplayıb, onun təhsil aldığı ali məktəbə yollandım. Gözlədiyimin əksinə olaraq, məni gülərüzlə qarşıladı. Həmin gün onu evlərinədək yola saldım. O vaxtdan zəngləşməyə başladıq. Amma hələ də ona hisslərimi açmağa cürət etmirdim. İstəyirdim məni dost kimi qəbul etsin. Qorxurdum ki, artıq-əskik danışsam, mənimlə əlaqəni birdəfəlik kəsər. Ancaq gözlədiyimin əksinə oldu. Hər dəfə biz onunla görüşərkən hiss edirdim ki, qəlbən mənə bağlanmağa başlayıb. Onun ad günündə böyük bir gül dəstəsi bağlatdım. İçərisinə də "mən səni sevirəm" sözləri yazılmış ürək şəkli qoydurdum. Bir xeyli şəhərdə gəzdik. Sonra onu evlərinə ötürdüm. Həyəcanlı idim. Onun hədiyyəmə nə deyəcəyini gözləyirdim. Axşamüstü onlara zəng vurdum. Söhbət arası ondan bu barədə soruşdum. Hədiyyəmi bəyəndiyini dedi. Başa düşdüm ki, o da mənə qarşı eyni hissləri duyur. Artıq gizlətməyə heç nə qalmamışdı. Ona ürəyimi açdım.

- Bu dəfədəmi sükutla qarşılaşdınız?

- Yox. O, artıq anlayırdı ki, fikrimdə ciddiyəm və onunla ailə qurmaq istəyirəm. Ona görə də söhbətimiz alındı. Bizimkilər məni bu yaşda evləndirməyə razı deyildilər. Onları bir təhər razılığa gətirib, elçilərimi göndərdim. Bir neçə dəfə getdikdən sonra qızın "hə"sini aldılar. Nişanımız oldu. Sən demə, onun da valideynləri ilk əvvəl narazı idilər. Ancaq qız onları razılığa gətirə bilmişdi. Bir neçə il nişanlı qaldıq. Mən işsiz idim deyə, evlənə bilməzdik. Bu müddət ərzində onun qohumları məni gözdən salmağa çalışdılar. Get-gedə münasibətlərimiz soyuyurdu. Tez-tez söz-söhbətimiz düşürdü. Bir gün qız nişanı qaytarmaq istədiyini dedi. Elə bil dünya başıma uçdu. Ondan bunun səbəbini soruşanda, mənə dedi ki, kasıb adama ərə gedib bədbəxt olmaq istəmir. Mənim institutda oxumadığımı, işsiz-gücsüz olduğumu başıma vurdu.

- Ondan incidinizmi?

- O vaxtlar bərk incimişdim. Özümə yer tapa bilmirdim. Möhkəm stress keçirmişdim. Amma indi başa düşürəm ki, o haqlı imiş. Əgər vaxtında mənə bu sözləri deməsəydi, indiki uğurlarımı qazana bilməzdim. Nişan qaytarılan gündən özümə söz verdim ki, başqa cür adam olacam. Elə edəcəm ki, o öz hərəkətindən peşman olsun. Bir müddət işsiz gəzdim. Sonra tanışlarımın köməyi ilə "sürücülük vəsiqəsi" alıb, icarəyə maşın götürdüm. Bir müddət sürücü işlədim. Az-çox dolansam da, bu yolla varlana bilməyəcəyimi başa düşürdüm. Ona görə də başqa işlər görməli idim. Bir gün təsadüfən maşınıma türklər mindilər. Biznesmen idilər. Yolumuz Sanqaçala qədər olduğu üçün xeyli söhbət etmək fürsəti əldə etdim. Mənim adi bir sürücü olmadığımı anladılar. Gördülər ki, nədənsə başım çıxır. Səhəri gün məni ofislərinə dəvət etdilər. Ətraflı sorğu-suala tutdular. Neft işlərindən başım çıxmasa da, bir neçə mühüm sualın məntiqi cavabını verdim. Müsabiqədən keçib, Türkiyəyə ixtisasartırma kursuna göndərildim. İki ay orada qalıb, vətənə qayıtdım. Dərhal "Tapet" şirkətində işlə təmin olundum. Bir müddət kiçik vəzifələrdə işləsəm də, sonradan irəliləyə bildim. Məni iki illik Cənubi Afrika Respublikasına göndərdilər. Burada təcrübə ilə bərabər, tələb olunan ali sertifikatı aldım. Artıq işlərim pis getmirdi. Aylıq məvacibim artıqlaması ilə məni qane edirdi. Bu da son hədd deyildi. İnanırdım ki, nə vaxtsa daha da böyük zirvələri fəth edəcəm. İstəyirdim nişanlım mənim uğurlarımı görsün və xəcalət çəksin.

- Nə zaman o sizin uğurlarınızı görə bildi?

- CAR-dan qayıdanda xeyli pul toplamışdım. Bakıya gələn kimi nişanlımgilin məhəlləsində özümə bir neçə mənzil alıb, böyük bir ev tikdirdim. Bilirdim ki, bu tikilinin sahibi ilə mütləq maraqlanacaqlar. Amma nədənsə o, mənə zəng vurmurdu. Bir gün özüm onlara zəng vurdum. Nişanlımla hal-əhval tutub, ailə vəziyyəti ilə maraqlandım. Öyrəndim ki, hələ də ərə getməyib. Bu xəbərə çox sevindim. Ona olub keçənləri unutmağı, hər şeyi yenidən başlamağı təklif etdim. Xeyli ağladı. Məndən üzr istəyib, əməlindən peşman olduğunu dedi. Ona ürək-dirək verdim. Dedim ki, əgər o söhbət olmasaydı, indi bu qədər inkişaf edə bilməzdim. Beləcə, yenidən nişanlandıq. Tezliklə toyumuz oldu. Çalışdığım şirkətlə müqaviləm bitdikdən sonra işdən çıxdım. Özümə biznes-holdinq qurdum. Hal-hazırda inşaat işləri ilə məşğulam.

- Dediklərinizdən belə çıxır ki, xoşbəxt olmaq üçün mütləq pul qazanmaq lazımdır?

- Kimdəsə bu, belə olmaya bilər. Ancaq mənim vəziyyətimdə pul bütün problemləri həll etmiş oldu. Çoxları deyir ki, xoşbəxtlik pulda deyil. Mən də bu fikirlə razılaşıram, amma kiçik bir əlavə ilə: "Xoşbəxtlik pulda deyil, onun sayındadır."

SON SÖZ ƏVƏZİ:

Həmsöhbətimin zarafatca dediyi sonuncu cümlə həyatımızın reallığını əks etdirir. Bəli, bugünkü merkantil dünyada çox şey alınıb-satılır, təkcə məhəbbətdən başqa. O isə məhəbbətini də ala bildi. Çünki zəngin insandır, həm maddi, həm də mənəvi cəhətdən.

Mayıl İSMAYILOV

O.M.