Qurban Qurbanov: "Bəzi oyunçular bizə öz fikirlərini son anda deyirlər" - MÜSAHİBƏ

Qurban Qurbanov: "Bəzi oyunçular bizə öz fikirlərini son anda deyirlər" - MÜSAHİBƏ

9 Yanvar 03:57
4 317
Bəyəndim (1) Bəyənmədim (0)

AFFA İcraiyyə Komitəsinin üzvü və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov milli assosiasiyanın növbədənkənar Konfransından sonra jurnalistlərin suallarını cavablandırıb.

Oxumeni.az həmin müsahibəni təqdim edir...

- "Qarabağ" qış fasiləsində məşqə başlayıb. Hazırlıq prosesi necə keçir?

- Dünən məşqə başladıq. Bu gün isə hamı məşqdə iştirak edəcək. Yanvarın 12-dək Bakıda olacağıq.

- Almeyda və digərləri komandada qalmasa, onların yerini tezliklə doldurmaq istəyirsiniz, yoxsa yaya kimi gözləyəcəksiniz?

- İstəyirik ki, bu yaxınlarda işimizi maksimum konkretləşdirək. Transferlə bağlı bir neçə oyunçu ilə danışıqlar gedir. Türkiyəyə yollananadək bu barədə qərar qəbul etmək niyyətindəyik. Çalışırıq ki, məsələləri qısa müddətdə həll edək.

- "Neftçi"də çıxış edən Emin Mahmudovun "Qarabağ"a keçidi realdır? Onun da adı "Qarabağ"la hallanır..

- Xeyr. Onunla heç bir danışığımız olmayıb.

- Qapıçı məsələsi ilə bağlı yenilik var?

- Hələ heç bir xəbər yoxdur. İndi hamı bir az rahatdır. Hələ ki, transfer pəncərəsinə kimi vaxt var. Ona görə oyunçular daha sərfəli variantlar əldə etmək istəyirlər. Düşünürəm ki, bəzi oyunçular bizə öz fikirlərini son anda deyirlər.

- Belə fikirlər var ki, Asmir Beqoviç və Maqaye Qeyenin keçidi "Qarabağ" üçün uğursuz alınıb, onlar UEFA Avropa Liqasının qrup mərhələsində gözlənildiyi qədər komandaya kömək edə bilmədilər. Siz necə düşünürsünüz?

- Beqoviçin transferini də uğursuz adlandırırıqsa, digər futbolçuların üzərinə bir o qədər getməməliyik. İstənilən futbolçu səhv edə, oyunu istənilən kimi alınmaya da bilər. Transfer etmək o qədər də asan məsələ deyil. Amma mən Beqoviçin oyunundan razı idim. Çox istərdik ki, Avropa Liqasının qrupundan çıxaq. Bəlkə də ona görə uğursuz hesab olunur. Düşünürəm ki, pis transfer deyil. Maqaye Qeyenin də komandaya az faydası dəymədi. Hər bir halda daha da yaxşı olmasını istərdik.

- Bəs yeni hücumçu transferi gözlənilirmi?

- Gözlənilir.

- Növbəti mövsümdən limitdə bəzi dəyişikliklərin olacağı deyilir. İddia olunur ki, start heyətdə 7 yerli, 4 əcnəbi olacaq. Bundan başqa start heyətdə 21 yaşadək bir futbolçunun olmasına dair tələb götürüləcək...

- Bu barədə düşünməmişəm. Qərarı da eşitməmişəm. Ona görə də müzakirəyə çıxarılandan sonra öz fikirlərimizi bildirəcəyik.

- Yeni mövsümdən Premyer Liqada klubların sayı 10-a çatdırılacaq. Bu, kifayətdirmi?

- Hər halda 8-dən yaxşıdır. Ən azından bir-iki komanda artsa, yaxşı olacaq.

- Premyer Liqaya yüksələcək komandaların arasında doğma rayonunuz Zaqatalanın eyniadlı təmsilçisinin olmamasını necə dəyərləndirirsiniz?

- Normal. Komanda neçə illərdir ki, əsas çempionatda yoxdur. Bu gün də olmasa, normal qarşılayacağıq.

- "Qarabağ"ın uğurlarının timsalında bəzi futbolçuların transfer qiymətinin artmasına münasibətiniz necədir? Buna layiqdirlər?

- Bu, normal prosesdir. Klubun imkanlarında artıq heç kimə ödəniş olunmur.

Oxumeni.az