Azərbaycan səfiri “Özbəkistan 24” kanalına müsahibəsində ölkələrimiz arasında əlaqələrin inkişafından danışıb

Azərbaycan səfiri “Özbəkistan 24” kanalına müsahibəsində ölkələrimiz arasında əlaqələrin inkişafından danışıb

8 Yanvar 11:47
3 434
Bəyəndim (1) Bəyənmədim (0)

“Özbəkistan 24” televiziya kanalı Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev ilə geniş müsahibə yayıb.

Oxumeni.az xəbər verir ki, səfir müsahibəsində Azərbaycan-Özbəkistan dövlətlərarası münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib. O deyib ki, münasibətlər qarşılıqlı anlaşma, dərin tarixi köklər, milli adət-ənənələr, dil və mədəniyyətlərin yaxınlığına söykənir.

Hüseyn Quliyev vurğulayıb ki, ötən il Bakıda keçirilən Türk Şurasının yeddinci Sammiti çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü ikitərəfli əməkdaşlığın gələcək inkişafına təkan verib. Bu görüş bir daha sübut etdi ki, həm Azərbaycanda, həm də Özbəkistanda siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığı daha da dərindən inkişaf etdirmək üçün geniş imkanlar var. Zirvə görüşü Türk Şurasının yaradılması ilə bağlı Naxçıvan Sazişinin imzalanmasının 10 illiyi ilə eyni vaxta təsadüf edib. İndiyədək Türk Şurasının üzvü olan dövlətlər arasında mal mübadiləsi 7 milyard dollar təşkil edirdisə, Özbəkistanın bu quruma qoşulması ilə həmin rəqəm 12 milyard dollara çata bilər.

Ənənəyə görə hər il Bakıda dünya liderləri, ictimai-siyasi xadimlər arasında “İlin adamı” seçilir. Bakıda çap olunan “Tarixi şəxsiyyətlər” jurnalı Özbəkistanın inkişafında, ölkənin nüfuzunun yüksəlməsində, Azərbaycanla Özbəkistan arasında qardaşlıq münasibətlərinin dərinləşdirilməsi sahəsindəki xidmətlərinə görə ötən il Prezident Şavkat Mirziyoyevi “İlin adamı” elan edib.

Səfir bildirib ki, son 2-3 il ərzində Azərbaycanla Özbəkistan arasında mədəni-humanitar, turizm, sərmayə qoyuluşu sahələrində əlaqələr genişlənib.

Qeyd edilib ki, keçən il dekabrın 19-20-də Daşkənddə Azərbaycan, Özbəkistan, Gürcüstan, Türkmənistan və Qırğızıstan dəmir yolu idarələri rəhbərlərinin görüşü keçirilib. Tədbirdə bu ölkələr arasında yük həcminin artırılması, logistika infrastrukturunun inkişafı diqqət mərkəzində olub. Qərara alınıb ki, 2020-ci ilin birinci rübündə multimodal marşrut üzrə ilk pilot konteyner qatarı işə salınsın. Bu, nəqliyyat-logistika sahəsində uğurlu addımdır. İpək Yolu üzərindəki dövlətlərlə nəqliyyat sahəsində əməkdaşlıq bizim üçün çox əhəmiyyətlidir.

Səfir vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Şərq-Qərb Transxəzər dəhlizinin mühüm hissəsi kimi dövlətlərimiz arasında iqtisadiyyatın inkişafına böyük kömək göstərəcək.

Hüseyn Quliyev xalqlarımız arasında dostluq münasibətlərinin əsrlərboyu davam etdiyini və edəcəyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az