Rövzət Qasımov: Azərbaycanda keçirilən bütün seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunması üçün hərtərəfli imkan yaradılır

Rövzət Qasımov: Azərbaycanda keçirilən bütün seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunması üçün hərtərəfli imkan yaradılır

10 Dekabr 2019 09:44
218
Bəyəndim (0) Bəyənmədim (0)

Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov bələdiyyə seçkilərinə və Milli Məclisə keçiriləcək seçkilərə hazırlıq işləri ilə bağlı müsahibə verib. Müsahibəni təqdim edirik.

-Mərkəzi Seçki Komissiyası bu il bələdiyyə seçkiləri ərəfəsində Milli Məclisə seçkilərə hazırlıq işlərinə də start verib. Digər seçki dövrlərindən fərqli olaraq bu dəfə MSK-nı daha mürəkkəb bir dövr gözləyir. Bu istiqamətdə hazırlıq işləri nə yerdədir?

-Seçki hazırlıqları Mərkəzi Seçki Komissiyasının artıq illərdən bəri formalaşmış bir komandasının, peşəkar kadr heyətinin həyata keçirdiyi fəaliyyət olduğu üçün bunun hər hansı çətinlik yaradacağını düşünmürük. Qeyd etmək istərdim ki, əlbəttə, parlament seçkilərinə də sayılı günlər qalır. MSK bununla bağlı prosesə artıq start verib və Təqvim Planını təsdiq edib. Həmin Təqvim Planına əsasən Komissiya 2020-ci il fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərlə bağlı bütün lazımi addımları atacaq və aşağı seçki komissiyalarının da bu seçkilərə hazır olması istiqamətində zəruri tədbirlər görəcək. O ki, qaldı parlament və bələdiyyə seçkilərinin eyni vaxta təsadüf etməsinə, bu, bizim üçün qətiyyən çətinlik yaradan bir məsələ deyil. Hətta bildirmək istərdim ki, MSK-nın bələdiyyə seçkiləri ilə əlaqədar bir müddətdir ardıcıl şəkildə həyata keçirdiyi müxtəlif istiqamətli genişmiqyaslı maarifləndirmə layihələri də proseslərin daha yaxşı və rəvan keçməsi üçün öz töhfəsini verəcək. Çünki gerçəkləşdirilən layihələr aşağı seçki komissiyalarının bu prosesə də müəyyən qədər hazır olmalarına imkan yaradıb. Mən niyə müəyyən qədər deyirəm, çünki prosedur baxımından Milli Məclisə seçkilər və bələdiyyə seçkilərinin fərqli spesifik tərəfləri var.

-Hər iki seçkinin keçirilməsi üçün dairə seçki komissiyalarının hazırlıq səviyyəsinin daha da yüksəldilməsi məqsədilə hansı addımlar atılacaq?

-MSK Milli Məclisə seçkilərlə əlaqədar həyata keçirdiyi layihələrdə əsasən parlament seçkiləri ilə bağlı məqamları vurğulayacaq və xüsusilə, bu seçkilərə dair məsələləri qabardacaq. Məqsədimiz odur ki, aşağı seçki komissiyalarının üzvləri istər yeniliklər, istər seçki qanunvericiliyi, istərsə də normativ-hüquqi baza ilə yaxından xəbərdar olaraq, tam məlumatlı şəkildə proseslərə qoşulub səlahiyyətlərini dəqiqliklə yerinə yetirsinlər. Onu da vurğulamaq istəyirəm ki, MSK bələdiyyə seçkiləri ilə seçki komissiyalarının hazırlığı istiqamətində geniş monitorinq həyata keçirərək məqsədyönlü şəkildə müvafiq addımlar atmışdı. Çünki monitorinqlər bələdiyyə seçkiləri ərəfəsində həyata keçirilirsə, təkcə bələdiyyə seçkiləri nəzərə alınmır, eyni zamanda, aşağı seçki komissiyalarının ümumilikdə seçki prosesinə hazırlığı ilə bağlı ortaya çıxa biləcək hallar müzakirə olunur, bütün məlumatlar ətraflı təhlil edilir və bunun əsasında hər seçki üzrə müxtəlif səpkili işlər aparılır. Hazırda maarifləndirmə proqramı bütün məsələlər geniş analiz olunmaqla hazırlanıb. Ümid edirik ki, reallaşdırılacaq irimiqyaslı layihələr aşağı seçki komissiyalarının da qısa müddətdə Milli Məclisə seçkilərə tam hazır olmalarına rəvac verəcək.

- Seçkilərdə şəffaflığın təmin olunması istiqamətində hansı işlərin görülməsi nəzərdə tutulur?

-Bildiyiniz kimi, Azərbaycanda keçirilən bütün seçkilərdə aşkarlığın və şəffaflığın yüksək səviyyədə təmin olunması üçün hərtərəfli şərait və geniş imkanlar yaradılır. Şəffaflığın təmin olunmasında ən mühüm göstəricilərdən biri seçkilərdə müxtəlif qəbildən olan çoxsaylı müşahidəçilərin yaxından iştirakı, eyni zamanda, azad və sərbəst şəkildə seçki prosesinə qatılan kütləvi informasiya vasitələrinin nümayəndələrinin seçkilərə dair məlumatları əldə edib ictimailəşdirməsidir. Həmçinin xüsusilə vurğulamaq istəyirəm ki, şəffaflıq üçün ən mühüm məsələlərdən və əsas parametrlərdən biri digər vasitələrlə yanaşı, bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində quraşdırılan veb-kameralardır ki, bu veb-kameralar vasitəsilə internet istifadəçiləri istər ölkə daxilindən, istərsə də ölkə hüdudlarından kənarda, dünyanın istənilən nöqtəsindən heç bir qeydiyyat tələb olunmadan sərbəst şəkildə MSK-nın internet səhifəsinə daxil olmaqla seçki günü proseslərini əvvəldən axıradək arasıkəsilmədən izləyə bilirlər. Veb-kameraların tətbiqi ilə əlaqədar bütün işlər yüksək səviyyədə həyata keçirilir və bu günə qədər bununla bağlı heç bir narahatlıq ifadə olunmayıb. Onu da bildirim ki, bələdiyyə seçkiləri ilə bağlı bildiyiniz kimi, MSK və dairə seçki komissiyalarında 10 minlərlə yerli müşahidəçi artıq akkreditasiyadan keçərək azad və sərbəst şəkildə seçkiləri müşahidə etmək hüququ əldə ediblər. Beynəlxalq müşahidəçilərin iştirakı ilə bağlı MSK-nın dəvətinə əsasən respublikaya gəlib seçki prosesinə qoşulacaq xarici təşkilatlar artıq öz müraciətlərini MSK-ya ünvanlayıblar. Bu istiqamətdə hazırda araşdırmalar aparılır və onların istədikləri məlumatlar təqdim olunur. Milli Məclisə seçkilərlə bağlı müşahidəçilər haqqında danışmaq isə hələ tezdir. Çünki müvafiq orqanlar və MSK öz tərəfdaş qurumlarına dəvətlər ünvanlayır, onun əsasında ölkəyə gələn beynəlxalq təşkilatlar prosesləri fəal şəkildə izləyərək öz təəssüratlarını ictimaiyyətlə paylaşırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az