Qaraçı taleyi:"Söyülüb döyülməkdən bezmişəm"

Qaraçı taleyi:"Söyülüb döyülməkdən bezmişəm"

10 Mart 2012 21:29
1 952
Bəyəndim (0) Bəyənmədim (0)
12 yaşlı Qismətin qismətinə böyük bir ailəyə başçılıq etmək yazılıb

Mən onunla ərzaq dükanında tanış olmuşdum. Qara bənizli kiçik bir uşaq mənə yaxınlaşıb, pul istədi. Onu artıqlaması ilə razı salacağıma söz verdim. Lakin qarşısında belə bir şərt qoydum ki, özü haqda mənə ətraflı məlumat versin. Nədənsə mənə inanıb, dərhal razılığını verdi. Axı mən də başqaları kimi onu aldada bilərdim. Hər halda, o, mənə inandı və söhbətimiz alındı.

Özünün dediyinə görə, onun əsil adı Vüqardır. Lakin nədənsə hamı onu Qismət deyə çağırır. On iki yaşlı bu körpənin qismətinə dilənmək, qazandığı pullarla xəstə atasını və körpə qardaşlarını dolandırmaq düşüb. Onun da hər bir uşaq kimi arzuları və xəyalları vardı. Qismət böyüyəndə inşaatçı olmaq istəyir. Öz dili ilə desək, məqsədi ev yıxmaq deyil, ev tikməkdir. Görünür, bu uşağın qismətinə köçəri həyat nəsib olduğundan valideynlərinin konkret evi olmayıb. Odur ki, Qismət də böyüyəndə özünə və başqalarına ev tikmək istəyir.

- Səni hansı adla çağırsam, düzgün olar? Doğum haqda şəhadətnamədə adın necə yazılıb?

- Fərqi yoxdur. Məni hər iki adla çağırırlar. Qonşular əsasən Qismət kimi tanıyırlar. Heç bir sənədim olmadığı üçün dəqiq adımı bilən də yoxdur.

- Sənədin olmayıb, yoxsa olub, itirmisən?

- Heç vaxt olmayıb. Biz qaraçılar sənədə-zada fikir vermirik.

- Məktəbə gedirsənmi?

- Yox, məktəbə getsəm, atamgilə baxan olmaz. Atam əlil arabasında gəzir, balaca qardaşlarım isə işləyə bilmirlər.

- Anan yoxdurmu sənin?

- Anamla atam boşanıblar. Səbəbini dəqiq bilmirəm. İndi anamın öz ailəsi, uşaqları var. Sonra atam başqa bir qaraçı qızı ilə evləndi. O da avtomobil qəzasında öldü. Həmin qəzada atam da əlil oldu. Onlar atamın qırmızı maşını ilə Kubinka deyilən yerdə Kamazın altına giriblər. Arvad yerindəcə keçindi. Pis arvad idi. Mənə əziyyət verirdi. Döyürdü. Evə az pul gətirəndə bədənimə dağ çəkirdi. Məni məcbur edirdi ki, zivələrdən paltarlar oğurlayım. Ya da mağazalara girib, nə isə oğurlamağı tapşırırdı. Özü isə kənarda dururdu. Qorxduğumu deyəndə, saçlarımı yolurdu. İndi də başımın bir neçə yerində tüklər yoxdur. O, mənə başa salırdı ki, oğurluq pis iş deyil. Guya oğurladığımız adamlar da qazandıqlarını kimdənsə oğurlayıblar.

- İş başında tutulduğun vaxtlar olubmu?

- Bir-iki dəfə olub. Analığım məni qoyub qaçıb. Elə bil məni heç tanımır da. Birinci dəfə ələ keçəndə mənə yazıqları gəldi. Zivədən pal-paltar oğurlamışdım. Hamısını mənə verdilər. Döysələr, ondan yaxşı olardı. Məni utandırdılar. Cibimə pul da qoydular. İkinci dəfə blokda şkafı yarmışdım. Bilirdim ki, içəridə mürəbbə və turşu balonları var. Ələ keçəndə məni o ki var döydülər. Bir-iki gün bədənim qançır oldu. Üçüncü dəfə banan oğurlayanda məni tutdular. Meyvə satan kişi məni dəmirlə döydü. Amma elə vaxtlar olur ki, adama şər atırlar. Bir dəfə Biləcəridə uşaqlar məni dövrəyə aldılar. Dedilər ki, guya onların birinin cibinə girib, pulunu oğurlamışam. Mən onun cibinə girməmişdim. Soruşdum ki, pul nə qədərdir? Dedi, beş manat. Ciblərimi tökdülər. Orada cəmi iki manat altmış qəpik pul var idi. Yalanları üzə çıxsa da, pulumu əlimdən aldılar. Özümə də dedilər ki, bir də oralarda görünməyim. Yoxsa başıma oyun açacaqlar. Bir dəfə isə polislər bizi maşına soxub apardılar.

- Biz deyəndə kimi nəzərdə tutursan?

- Qaraçı uşaqlarını. Polislər içmişdilər. Bizi ağacların sıx olduğu yerə apardılar. Tapançanı üstümüzə çəkib, bizi qorxuzmağa başladılar. Biz ağlayıb yalvardıqca onlar gülürdülər. Sonra ciblərimizi boşaldıb, bizi söyə-söyə təpiklə qovdular. Yolun ortasında qalmışdıq. Harada olduğumuzu bilmirdik. Cibimizdə pul da qalmamışdı. Bir təhər soruşa-soruşa axşam evə gəlib çatdıq.

- Doğma anan sizə baş çəkirmi?

- Çox az-az. Demək olar ki, ildə bir-iki dəfə. Qardaşlarım atamın ikinci arvadından olduğu üçün anam onlara heç nə gətirmir. Ancaq mənə peçenye və konfet gətirir. Bir də dilənib qazandığı köhnə paltarları. Mən isə o, gedən kimi payımı qardaşlarımla və atamla bölüşürəm.

- Onları çoxmu istəyirsən?

- Əlbəttə. Paltarlarını özüm yuyuram, yeməklərini bişirirəm.

- Nə bişirə bilirsən?

- Hər şey bişirə bilərəm. Ancaq pulumuz az olduğundan çox vaxt kartof qaynadıb, üstünə soğan doğrayıram. Pulum çox olanda ətsiz sümük alıb, qaynadıram. Ətçiyə yalandan deyirəm ki, guya it saxlayıram, onun üçün almışam. Üstünə kələm, soğan, kök, doğrayıram. Atam bu yeməyi çox sevir.

- Sən iş başında olanda yeməyinizi atanmı bişirir?

- Yox, araba qaz plitəsindən aşağıdadır. Ona görə də atam yemək bişirə bilmir. Mən axşamdan hazırlayıb qoyuram. Çatdırmayanda qaraçı olan qonşularımız bişirirlər. Mən dilənəndə ürəyim qardaşlarımın və atamın yanında olur. Bəzən özüm də günortalar yemirəm ki, atamla qardaşlarım acdırlar. Boğazımdan keçmir. Pulum olanda uşaqlara banan da, peçenye də alıram. Onlar bananı və peçenyeni çox sevirlər.

- Evə çoxmu yorğun gəlirsən?

- Çox yoruluram. Çünki səhər saat səkkizdə Biləcəridən 9-cu mikrorayona qalxıram. Məhəllə-məhəllə dilənərək, 8-ci mikrorayona kimi gedib çatıram. Sonra həmin yolu dala qayıdıram. Axşam saat 9-da evə çatanda ayaqlarım sözümə baxmır. Elə bil daş asmısan. Amma yenə də özümdə güc tapıb, əlidolu gəlirəm. Evin yanındakı mağazadan bazarlıq edirəm. Bəzən onların alveri yaxşı gedəndə məndən pul da almırlar.

- Səncə, pul vermək asandır, yoxsa almaq?

- Məncə, vermək. Çünki istəyəndə çox vaxt ala bilmirsən. Adamı təhqir edirlər. Amma sən pul verib nə isə alanda qulluğunda dururlar. Heç kim qaraçı olduğunu, dilənçilik etdiyini üzünə vurmur. Düzünü desəm, dilənçilikdən bezmişəm. Söyülüb döyülməkdən cana doymuşam. Mən də həmyaşıdlarım kimi yaşamaq istəyirəm. Onların ata-anası qazanıb gətirir. Mən isə bu yaşımdan işləmək məcburiyyətində qalmışam. Özü də həm evdə işləməliyəm, həm də küçədə. Bezmişəm hər şeydən. Güc-bəla ilə günə 5-6 manat qazanıram. Bəzən qabağımı kəsib onu da əlimdən alırlar. Neyləyə bilərəm? Məni işə götürən yoxdur. Bir-iki dəfə avtobus sürücülərinə yaxınlaşıb, iş istəmişəm. Mənə deyiblər ki, qaraçıları işə götürə bilmərik. Təkər qaraltmaqdan tutmuş şüşə silməyə qədər çox işlə məşğul olmuşam. Amma imkanlı adamlar kasıblardan xəsis olduqları üçün pul qazana bilməmişəm. Düzdür, onların da arasında yaxşı adamlar olur. Məsələn, müğənni Yusif əmi. O, məni görəndə həmişə pul verib.

- Qismət, düzünü de. Bir gün arzuladığın qədər pul qazana bilsən, nə edəcəksən?

- Evdə çay, qənd qurtarıb, onu alacam. Pulum çatsa, qardaşlarıma peçenye və banan da almaq istəyirəm.

SON SÖZ ƏVƏZİ:

Həmin gün Qismətin qismətinə xoş anlar yazılmış oldu. Belə ki, istədiklərini artıqlaması ilə ala bildi. Lakin nə yazıq ki, bu xoşbəxtlik onun həyatında ötəri xarakter daşıyacaq. Axı Qismət sabah yenə küçələrə düşüb, dilənməli olacaq. Onun həmyaşıdları isə valideynlərinin himayəsi altında həyatlarını şad-firavan davam etdirəcəklər və malik olduqları naz-nemətin fərqinə varmadan şükür etməyi unudacaqlar. Halbuki, başqa cür də ola bilərdi. Şükür məsləhətinə!

Mayıl İsmayılov

O.M.