"Şagirdlər oxuduqları məktəbin şəhidlərinin adını bilmirlər"

"Şagirdlər oxuduqları məktəbin şəhidlərinin adını bilmirlər"

8 Mart 2012 16:14
Bəyəndim (0) Bəyənmədim (0)
"Məktəbliləri cəbhə bölgəsinə - Füzuliyə, Harami düzünə apardıq"

Bu gün 8 mart Beynəlxalq Qadınlar Günüdür. Deyirlər, qadınlar zəif cinsin nümayəndələridir. Şəxsən mən bu fikirlə razı deyiləm. Çünki kişilər təkcə öz vəzifələrini yerinə yetirdikləri və uzaq başı qadınların hüquqlarını qoruduqları halda, qadınlar həm öz öhdələrinə düşən işi görürlər, həm də kişilərin çiyinlərindəki ağır yükü bölüşürlər. Bu zaman hüquqlarının çərçivələrini daraldaraq vəzifələrinin hüdudlarını artırırlar. Belə qadınlardan biri də "Əsgər Ailəsi" Cəmiyyətinin təsisçisi və rəhbəri Roza Əliqızıdır. Qəhrəman Qubadlı torpağında dünyaya göz açan, böyüyüb boya-başa çatan Roza xanımın qadınlara və onlara dəyər verən kişilərə deyiləsi sözü var:

- 1988-ci ildən cəbhəyə gedən ilk jurnalistlərdənəm. Mütəmadi olaraq cəbhə bölgələrinə səfərlər edirdim. Əsgərlərlə görüşür, onların problemlərini dinləyir, əlimdən gəldiyi qədər yardım etməyə çalışır, eyni zamanda əsgər ailələri ilə görüşürdüm. O zaman rabitə, poçt sistemi işləmirdi. Elə ona görə də əsgərlərdən topladığım məktubları ailələrinə çatdırırdım. Təsəvvür edirsiniz, həmin vaxt aylarla övladından məktub almayan ata-anaya sanki dünyaları bağışlayırdın. Bu iş bir missiyadan çox artıq mənim həyat tərzimə çevrilmişdi. Bir sözlə, mən özümü bu işdə tapdım. Düşündüm ki, gördüyüm işi rəsmiləşdirmək, yəni bir təşkilat yaratmaq lazımdır. Əsgərlərlə ailələri arasında əlaqə qurmağı, eyni zamanda onların hüquqlarını müdafiə etməyi başlıca vəzifəm saydım. Beləcə "Əsgər Ailəsi" adında bir cəmiyyətin təsis olunması üçün Azərbaycan Nəşriyyatının akt zalında yığıncaq keçirdik. O zaman bizim cəmiyyətə əsgər ailələrindən çoxlu müraciətlər daxil olurdu. Ən önəmlisi o idi ki, problemlərlə dolu olan bu müraciətlərin həllində Müdafiə Nazirliyi bizə dəstək verirdi. Yəni onlarla birgə fəaliyyət göstərirdik. Sözsüz ki, belə olan halda problemin həllinə tez də nail olurduq. Məhz bunun nəticəsi idi ki, hərbi hissələrdə komandirlər bizi tanımağa və sözümüzü eşitməyə başladılar. Biz də öz növbəmizdə bütün qayda-qanunlara hörmət edərək, qanunları qoruyaraq əsgərlərimizin müdafiəsində dururduq.

- Ordu ilə ailələr arasında rabitə qurmaq şərəfli olduğu qədər də ağır bir işdir. Sizin "qara xəbər" verərkən hansı hisslər keçirdiyinizi bilmək elə də çətin deyil.

- Yaşadığım bir hadisəni heç vaxt unuda bilmirəm. Çünki bu, mənim verdiyim ilk qara xəbər olub. Bizim təşkilatın üzvlərindən biri səngərdə əsgər meyitini görüb, onun boğazından asılmış patronun içində adı və ünvanı göstərilmiş kağızı tapanda mənə məlumat verdi. Həmin ünvanda əsgərin Abşeron rayonundan olduğu göstərilirdi. Sözügedən hərbi komissarlığa getdim, ancaq mənə dedilər ki, bu adda əsgərləri yoxdur. Bu zaman mən öz xəttimlə müəyyən etdim ki, həmin ölən əsgər Abşeron rayonu Çaylı qəsəbəsinin sakinidir. Atası ilə görüşdüm və bildirdim ki, cəbhəyə gedib oğluna baş çəksin. Ölüm xəbərini verməyə cəsarət etmirdim. Atası məsələnin nə yerdə olduğunu başa düşmüşdü. Oğlunun şəhid olmaq xəbərini eşidəndə atanın qaməti əyildi və heç nə demədən səssizcə göz yaşlarını tökdü. Həmin mənzərə indi də qəlbimi parçalayır. Qara xəbəri vermək dəhşətdir ki, mən bunu dəfələrlə yaşamışam.
Sonra atəşkəs dövrü başladı. Təşkilatımız həmin vaxtlar vətəndaş cəmiyyətinin qurulması və inkişaf etdirilməsi məqsədilə təbliğat xarakterli tədbirlər keçirməyə başladı. Belə ki, gənclərin vətəndaş cəmiyyəti quruculuğuna verəcəkləri töhfələr, onların hazırlıqlı olması və hərbi vətənpərvərliyin yüksəldilməsi üçün "Vətən çağırır" adlı silsilə tədbirlər təşkil edərək keçirdik. Eyni zamanda hərbi qrup yaratdıq. Bizim bu işimiz dəyərləndirildi. Yəni müxtəlif hərbi hissə komandirlərinin fəxri fərmanları ilə mükafatlandırıldıq.
Ümumiyyətlə, əsgərlərlə və onların ailələri ilə yanaşı, məcburi köçkün ailələrinə də gücümüz daxilində köməkliyimizi əsirgəmirik. Güman edirik ki, bununla bizim vətəndaş cəmiyyətinin qurulmasında azacıq da olsa əməyimiz var.
Təşkilatımız 1994-cü ildə rəsmi dövlət qeydiyyatından keçib. Onu da qeyd edim ki, işimizi bununla bitmiş hesab etmirik.
Bizim təşkilat 1992 və 1994-cü illərdə əsgərlərə yardım kampaniyaları keçirdi. Belə ki, "orduya kömək və əsgərlərə yardım" adı altında mətbuat vasitəsilə müraciətimiz oldu. Bu müraciətimizə ilk olaraq Abşeron və Binəqədi rayonları qoşuldu. Məhz onların köməyi sayəsində Tovuza - cəbhə bölgəsinə kifayət qədər yardımlar apardıq. Bu yardımlar əsasən ərzaq məhsullarından və əsgərlərin soyuqdan qorunması üçün isti paltarlardan ibarət idi. Birbaşa səngərlərə getdik və apardığımız yardımları elə oradaca payladıq. Çox sevindirici hal idi ki, bizim müraciətimizdən sonra Abşeron rayon məktəbliləri də təşəbbüsümüzə qoşuldular. Hər bir məktəbli Novruz bayramında evlərində bişən şirniyyatlardan və analarının toxuduqları isti əlcəklərdən, corablardan gətirərək bizə təhvil verdilər. Bir dəfə isə həmin ərzaqları gətirən məktəbliləri cəbhə bölgəsinə - Füzuliyə, Harami düzünə apardıq. Həmin mənzərəni görmək lazım idi. Məktəblilər əsgərlərlə görüşür, apardıqları ərzaq məhsullarını onlara verir və bundan hədsiz sevinirdilər. Vətənin bu dar günündə əsgərlərə yardım etmək, onlarla birgə olmaq məktəblilərdə vətənpərvərlik duyğularını gücləndirmişdi. Hərbi hissələrdə əsgərlər arasında ruh yüksəkliyi yaratmaq, onların əhval-ruhiyyəsini yüksəltmək üçün konsertlər də təşkil edirdik. O zaman mən Müdafiə Nazirliyinin Bakıdakı hərbi hissələrinin birində fəaliyyət göstərən hərbi ansambl ilə müqavilə bağladım.

1994-cü ildən 2000-ci ilədək əsgər və şəhid, eyni zamanda məcburi köçkün uşaqları üçün yay istirahət düşərgələri yaratmaq barədə düşündüm. Çox çətinliklə də olsa buna nail oldum. 100 uşağı himayəmə götürdüm. Nabranda "Hünər" adı altında düşərgə yaratdım. Doğma yurdundan didərgin düşmüş, səfalı yerlərdən gəlmiş və şəhərin istisində yataqxanalarda, uşaq bağçalarında sığınacaq tapan bu uşaqlar üçün yay istirahət düşərgəsinin yaradılması onlarda həm də mənəvi bir dayaq anlamı daşıyırdı. Bu işin həyata keçməsində mənə köməyini əsirgəməyən hər kəsə minnətdaram.
2009-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Fondu yaranandan bu yana bizim təşkilat da layihələr təqdim edib. Belə layihələrdən biri də gənclər arasında hərbi vətənpərvərliyin yayılması və yüksəldilməsidir. Abşeron və Sumqayıt şəhərlərində gənclər və yeniyetmələrlə görüşlərimiz olub. Ancaq deməliyəm ki, bu sahədə düşüncələrim ürəkaçan deyil. Yeniyetmələr arasında hərbi vətənpərvərlik çox zəifdir. Təkcə bir faktı deyim - şagirdlər öz oxuduqları məktəbin şəhidlərinin adlarını bilmirlər. Bu isə qəbulolunmazdır. Biz istərdik ki, hərbi yönümlü təşkilatların layihələri dəstəklənsin. Həmin layihələr çərçivəsində vətən üçün canından keçən şəhidlərimizin həyatını və keçdiyi yolu əks etdirən kitablar yazılsın və bu kitablar məktəblilər arasında paylansın. Artıq bu istiqamətdə işlərimiz olub. Yəni müəllifi olduğum "Vətən çağırır", "Vətən üçün doğulanlar" kitablarını çıxarıb məktəblilər arasında yaymışıq. Hazırda "And yerimiz vətən", "Darıxsan, məzarım üstə gəl" sərlövhəli yeni kitablarımı çapa hazırlayıram.

Bu gün 8 mart Beynəlxalq Qadınlar Günüdür. Kişilər qadınlara gül dəstələri hədiyyə edirlər. Ən dəyərli hədiyyə isə saf duyğular rəmzi olan qızılgüldür.

Qızılgül latın dilində Roza deməkdir. O, təravətli və gözəl olduğu qədər də tikanlıdır. Yəni ona dəyər verməyənin, başqa sözlə, düşmənin əlini və qəlbini yaralaya bilir.

Murad Şahməmmədov

O.M.