"Uşaqlıq sevgim deyəndə yadıma maraqlı anlar gəlir"

"Uşaqlıq sevgim deyəndə yadıma maraqlı anlar gəlir"

7 Mart 2012 14:58
Bəyəndim (0) Bəyənmədim (0)
"Mən gicəm, niyə söndürməmişəm" dedim

Həyat onu yaşadığın illərin sayına görə dəyərləndirilmir. Həyat ona dəyər verdiyin, onun dəyərləndiyi anların sayı ilə ölçülür. Biri var, 100 metr çiti ölçəsən, biri var 1 metr ipəyə könül verəsən.

"Şəlalə" rubrikasının bugünkü qonağı gənc olsa da, həyatın ilmələrini qarış-qarış süstləyib. Hər naxışında, hər ilməsində özünü, özü boyda incəliyini və zərifliyini qoruyub saxlaya bilib. Ləman Ayxan (İbrahimova) ilə müsahibəni oxumağına dəyər.

- Özün haqda məlumat verərdin?

- Mən İbrahimova Ləman 1991-ci avqustun 2-də Laçında anadan olmuşam. Hazırda Müəllimlər İnstitutunda oxuyuram. IV kurs tələbəsiyəm.

- Radio sənin üçün nədir?

- İlk addımlarımı regional kimi televiziyada redaktor olaraq atmışam. Efirdə işləyə-işləyə Avropa az. radiosuna çağırdılar və növbəti işimi orada davam etdirmək istədim. Avropa az-dan təklif gələndə çox sevindim. Radio-televiziya sahəsində işləməyə uşaqlıqdan həvəsim olub və istədim ki, uşaqlıq arzularımı reallaşdırım və reallaşdırdım da.

- Radioda canlı efirdə başına maraqlı hadisə gəlibmi?

- Bir dəfə canlı efirdə mikrofonu açıq qoymuşam. Bilmirdim ki, mikrofon yanılı qalıb. Elə bu vaxt anam zəng elədi, evdə qazın yanılı olduğunu söylədi. Çünki evdən çıxanda qazı söndürməmişdim və telefonda "mən gicəm, niyə söndürməmişəm" dedim. Bir də gördüm ki, canlı efirdə dinləyicilər yazır ki, efirdə də adam özünə kobud söz işlədər. "Ləman xanım, çox sadəlövsünüz" deyib, söhbəti ört-basdır etməyə başladılar. Mən də heç nə olmamış kimi efiri davam etdirdim.

- Radioda nə haqda danışmaq olmaz?

- İnsanları qıcıqlandıran, onların mənəviyyatına toxunan mövzular haqda danışmaq olmaz. Bir də elə düşünürəm ki, radioda aparıcı öz şəxsi həyatından danışmasın.

- Ləman Ayxan - bu soyad nə ilə bağlıdır? Röyanın fanatısan deyə, bu soy adı götürmüsən?

- Qətiyyən, inanın bezmişəm, bu sualı mənə çox adam verib. Düzdür, Röyanın mahnılarını çox sevirəm, amma bu Röyayla bağlı deyil, qardaşımın adının Ayxan olması ilə bağlıdır.

- İnsanın mövqeyini nə sarsılda bilər?

- Mənə elə gəlir ki, şəxsiyyətinə, mənliyinə toxunan söz onu sarsılda bilər.

- Sevmək çətindir, yoxsa sevilmək?

- Sevilmək çox asandır, sevmək çox çətindir.

- Yəqin ki, ilk uşaqlıq sevgin olub, bu barədə danışardın?

- Uşaqlıq sevgim deyəndə yadıma maraqlı anlar gəlir. Yadımdadır, VII sinifdə oxuyurdum. Məni iyirmi beş yaşında oğlan istəyirdi. Təbii ki, mən nə o oğlanı sevib, nə də ailə qura bilərdim. Çünki hələ məktəbli idim. Bu da onunla əlaqədar idi ki, baxmayaraq VII sinifdə oxuyurdum, hamı məni iyirmi bir - iyirmi iki yaşlı qız kimi təsəvvür edirdi.

- Gənc qızsan, hazırda sevdiyin var? Sevgi nə deməkdir sənin üçün?

- Sevgi nə deməkdir anlamını dərindən sevənlər yaxşı bilərlər. Belə də ki, səmimi etiraf edim ki, sevməkdən çox sevilməyi daha çox üstün tuturam. Məni çox adam sevə bilər, amma seçim edib, çoxluq içindən bir nəfəri seçib ailə quracam.

- Radiodan bezdiyin anlar olubmu?

- Mən heç vaxt bu sözü dilimə gətirmərəm. Avropa radiosu mənim üçün çox doğmadır.

- Radio aparıcılığından başqa harada çalışırsan?

- Demək olar ki, iki yerdə işləyirəm. Avropa radiosu və Sədərək Ticarət Mərkəzinin radio qovşağında aparıcı işləyirəm. Bu iş təklifi mənə ERT -nin əməkdaşı olan çox hörmətli, dəyərli İslam Ağayev tərəfindən gəldi və mən də sevə-sevə orada işlədim.

- Özünü necə adam hesab edirsən?

- Çox ağıllı, gözəl, istedadlı, atdığı addıma fikir verən və çox həssas bir qızam.

- Gənc qızların özündən böyük kişilərə marağı olmasına necə baxırsan?

- Pis baxıram. Mənə elə gəlir ki, hərə öz yaşıdını, tayını sevsə, yaxşı olar.

- Həyat bir damla sudur, yoxsa eşq bir damla göz yaşıdır.

- Həyat bir damla sudur, içdikcə içmək istəyirsən.

- Hər son bir başlanğıcdır?

- Təbii ki, bir başlanğıcdır.

- Qarşında rəqib kimi görürsən?

- Heç kim görmürəm, ancaq kimlərsə məni özünə rəqib görür (Gülür).

- Sizin üçün Avropa az. layihəsində Vətən sevgisi üstünlük təşkil edir, yoxsa gənclik sevgisi?

- Baxmayaraq ki, Avropa az. radiosu gənclərin məkanıdır və israrla deyirəm ki, Vətən sevgisi üstünlük təşkil edir.

- Zövqlər müxtəlif olur. Bəs mədəniyyətdə nəyə üstünlük verirsən?

- Özünü aparmaq qaydası. Danışığını bilin, etik normalardan kənara çıxmayın. Bir sözlə, Azərbaycan xanımına xas olan müsbət keyfiyyətlərin hamısını mədəniyyətdə görürəm.

- Ürəyindən gələn hansısa bir söz varmı?

- Həyat səni güldürəndə gülmüsən,

Hünərindir, ağladanda gül, görüm.

- Şeirlər ifa edirsən. Hansısa şeirlə kiməsə sevgini bildirmisən?

- Gəlin belə deyək. "Darıxıram" şeirindən başlayaq. Bu şeir necə ərsəyə gəldi. Ayxan Ağazadə adlı bir həvəskar bəstəkar var. O, "Darıxıram" adlı musiqi bəstələdi. Bu musiqi çox xoşuma gəldi və Ayxana belə söz dedim ki, bu musiqiyə şeir yazaq. Bizim yaxşı şairə var - Ramilə Qardaşxan qızına müraciət etdim. "Darıxıram" adlı musiqiyə "Darıxıram" adlı şeir yazdı. Mənə elə gəlir ki, çox uğurlu oldu. Klip çəkməli idik, müəyyən səbəblərə görə qaldı. İnşallah çəkərik.

- Kişi qadını necə xoşbəxt edə bilər?

- Ona olan təmiz sevgisi, yüksək dərəcədə hörmət ilə. Onu hamının içində dəyərli etməsi əsas şərtdir.

- Qısqanc insansan?

- Çox qısqancam, həddi yoxdur.

- Hansısa məclislərdə aparıcı kimi iştirak etmisən...

- Əslində, belə təkliflər çox gəlir, sadəcə, birini qəbul etmişəm. İnşAllah gözəl bir layihə olacaq. Məni aparıcı kimi dəvət edəcəklər.

- Ləman Ayxanın nazını kim çəkir?

- Anam. Çünki demək olar ki, müsbət və mənfi xüsusiyyətlərimi anam bilir və hərəkətlərimə görə hərəkət edir. Demək olar ki, yalnız o, məni anlayır.

- Həyatda prinsipial insansan?

- Əslində, indiki zamanda prinsipial olmaq lazımdır. Qarşıma məqsəd qoyuram və ona da nail olmağa çalışıram. Təbii ki, prinsip sayəsində.

- Beş-on ildən sonra Ləman özünü harada görür?

- Təbii ki, heç kim bilmir başına nə gələcək, kim harada olacaq. Özümü beş-on ildən sonra yüksək zirvələrdə görmək istəyirəm.

- Şəlalə nə deməkdir sənin üçün?

- Mənim üçün Şəlalə məndən müsahibə götürən, çox sevilən Oxu meni.az-ın jurnalisti Şəlalə Nəriman ağıla gəlir. Daha sonra da Şəlalə saf sudur, dağlardan axan su.

- Nəyə görə şeir deyəndə aşıb-daşırsan?

- Şeiri deyəndə elə səsləndirmək istəyirəm ki, dinləyənin ürəyindəki simə toxunum. Ürəkdən gəlir, canlı yaşadığım kimi deyirəm.

Gənclik həyatın ən qısa anıdır. Ona dəyər verən, onu qiymətləndirən insan həmişə gənc olaraq qalır...

Şəlalə Nəriman

O.M.