"Səmimi deyim, məndə də paxıllıq var"

"Səmimi deyim, məndə də paxıllıq var"

24 Fevral 2012 13:21
Bəyəndim (0) Bəyənmədim (0)
"Yəqin hansısa kütlə Mikayıla deyir ki, verilişə sənə görə baxıram"

"Sevimli şou" Mikayıl Güləddin oğlunun "Olduğu kimi" verilişinin davamıdır. Bu layihədə Mikayıl şou əhlini həm danışdırır, həm də oxudur. Mikayıl Qiyas Qiyasovu "Virtuoz" layihəsindən tanıdığına görə bu layihəyə də dəvət etdi. Tanış olun, qarmon ustası Qiyas Qiyasov.

- Özün haqda məlumat verərdin?

- Mən Qiyasov Qiyas Bakı şəhərində musiqiçi ailəsində anadan olmuşam. Əslim Xızılıdır. Qız bürcündənəm. Musiqini çox sevirəm. Təbii ki, musiqi təhsilim var. I sinfə gedəndə mən bəzi rəqsləri bilirdim. Ailəliyəm. Üç oğlum var.

- Necə oldu ki, bu sənəti seçdin?

- Yəqin ki, irsən keçib. Musiqiçi ailəsində böyümüşəm. Gözümü açandan musiqi eşitmişəm.

- Xasiyyətcə necə adamsan?

- Çox romantikəm.

- Bildiyimiz kimi, "Sevimli şou"nun doqquz buraxılışı geridə qalıb, amma hələ bir müğənni öhdəsinə düşən iki mahnını oxuya bilməyib. Səbəb nədir?

- Səbəb odur ki, onların çoxu öz üzərində işləmir. Şablon musiqiləri hamı bir-birindən eşidib oxuyur. Heç biri arxivimizə girib, dahilərin əsərlərini öyrənmir. Amma bəyənmədiyimiz ermənilərdə bizim musiqimiz olsaydı... Azərbaycan toylarının hamısını konsert proqramı kimi bəzəmək olar. Mən bütün bunu eləmək üçün özümü güclü görürəm.

- Toylara ansamblınla neçəyə gedirsən?

- Təbii ki, toylara gedirəm. Bu gün Azərbaycan musiqisinin yeganə qazanc yeri hələ ki, yalnız toydur. Şərt madiyyat deyil. Mən toya havayı gedirəm, təki orada məni dinləyən üç-beş insanı görüm, bu mənim üçün milyonlardır. O baxışları görəndə ruhum çox sakit olur. Əziyyətimin bəhrəsini görəndə mənə daha çox xoş olur. Amma əfsuslar olsun ki, hələ insanların çoxu anlamır onların necə musiqisi var.

- Sevgi nədir sənin üçün?

- Sevgisiz mən yaşaya bilmərəm. Allah mənim qəlbimdə yalnız sevgi, romantika hissləri yaradıb. Mənə insanlar həmişə deyir ki, sən çox ciddisən, musiqiçilər də elə fikirləşir ki, özümdən razıyam, özümü boğuram. Amma desəm, inanmazsınız, Allah məni nə qədər ciddi təbiətli yaradıbsa, bir o qədər həssas yaradıb.

- Kədəri dəf etmək üçün nə edirsən?

- Ürəyim dolan kimi tənhalığıma çəkilib, öz sevdiyim musiqini ifa edib ağlayıram. Bu həyatda ən asan şey məni ağlatmaqdır.

- Şou əhli tez bir zamanda ulduz xəstəliyinə tutulur. Səbəb nədir?

- İndiki şou-biznesdə ulduz xəstəliyinə tutulanlar çoxdur. Acınacaqlısı odur ki, bəziləri iki-üç dəfə efirə çıxandan sonra elə fikirləşirlər artıq heç nə öyrənmək lazım deyil.

- Sevdiyin musiqi hansıdır?

- Ən çox sevdiyim musiqi Emin Sabitoğlunun "Əlvida" əsəridir. O musiqi ki, "Təhminə və Zaur" filmində mərhum Rafiq Babayevin ifasında səslənir. Özümü fırtınalı dənizə bənzədirəm, çox temperamentliyəm. Amma sonda tez sakitləşirəm. Çünki ağlım başımdadır. Mən Cahangir Cahangirov, Ələkbər Tağıyev, Tofiq Quliyev, Şəfiqə Axundova, Elza İbrahimova və s. kimi dahilərin əsərlərinə qulaq asanda kamilləşirəm. Mən inanmıram ki, bundan sonra kimsə Cahangir Cahangirovun "Ay qız" mahnısı kimi mahnı yaza bilsin və yaxud "Həyat eşqi" musiqisi kimi bir əsər.

- Küsülü olduğun musiqiçilər varmı?

- Küsülü yox, amma özündənrazı musiqiçilər var ki, mənim onlarla dialoqum yalnız salamdan ibarət olur. Ümumiyyətlə, musiqiçilər arasında paxıllıq var və mən buna da çox normal baxıram.

- Hər həftənin birinci günü canlı efirdə olursan, Mikayıla çox vaxt sənin fikirlərin önəmli olur. Səbəb nədir?

- Hərdən o verilişdə heç bir elmi olmayan müğənnilər sənətdən danışır ki, dayandığım yerdən atılıb Mikayılın əlindən mikrofonu almaq istəyirəm. Çünki haqsızlığa dözə bilmərəm. Bugünkü şou-biznesdə haqsızlıq o, qədərdir ki.

- Niyə müğənnilərə qarşı aqressiyalısan?

- Bəzi müğənnilər özlərini elə dartırlar ki. Eləsi var, bəzən harasa gələndə salam vermir. Onda onlara yazığım gəlir. Siz nə qədər çalışsanız belə, Elmira Rəhimovanın, Şövkət Ələkbərovanın, Zeynəb Xanlarovanın, İslam Rzayevin, Əlibaba Məmmədovun, Hacıbala Hüseynovun işini görə bilməzsiniz. Ümumiyyətlə, Azərbaycanda musiqiyə verilən qiyməti, yaradılan şəraiti çox aşağı səviyyəli hesab edirəm.

- Sənin üçün xəyanət nə deməkdir?

- Əmanətə xəyanət etmək olmaz.

- Tək qalanda nə haqda fikirləşirsən?

- Mən hər gecə özümlə tək qalanda vicdanımla söhbət edirəm. Əgər hansısa insana vicdan əzab verirsə, o, xoşbəxtdir. Deməli, o yaşayır hələ də.

- Pul nə deməkdir sənin üçün?

- Pul mənim üçün vacib deyil. Amma pul bu dünyadakı missiyaları yerinə yetirmək üçün çox vacibdir. Bəziləri arzu edir ki, reklam olunum, yaxşı toya gedib sanballı dairələrə düşüm. Bütün bunlar baş verəndə deyir, tutuzdurdum. Bu həyatda ayaqda durmaq, Allahdan başqa heç kimə möhtac olmamaq üçün pul çox vacibdir. Amma düzünü desəm, inanmıram ki, haçansa mənim çoxlu pulum olacaq. Axı Allah insana hər şey vermir.

- Çoxları deyir ki, "Virtuoz" verilişində sənin birinci seçimlərinin əsas səbəbkarı sponsorun olub?

- Razıyam. Çünki "Virtuoz" proyekti sırf kommersiya proyekti idi. Mən minnətdaram mənə dayaq olan insanlara. Çünki sahib olduğun o cüzi madiyyatla heç ilk turu keçə bilməzsən. Allah yaxşı insanları mənim qarşıma çıxartdı.

- Səncə hansı musiqiçilər qapıdan qovulub, pəncərədən girir?

- Bəziləri var. Bu gün efirdə çox görünən musiqiçilərdən biri mənə etiraf elədi ki, razıyam, mənim biliyim, baza savadım səninki qədər deyil. Amma sən bu gedişlə musiqi aləmində heç nəyə nail ola bilməyəcəksən.

- Arzun nədir?

- Mən dayanmadan öz üzərimdə işləyəcəm. Bir gün istədiyimi bu mühitdən, bu sənətdən alacağımı gözləyirəm. Ümid edirəm ki, bir gün biri qalxıb məni soruşacaq.

- Təhlükəli qadın nədir sənin üçün?

- Təhlükəli qadın mənim üçün təhlükəlidir. Allah mənə elə hissiyyat verib ki, mən tez hiss edirəm. Mən o təhlükədən müxtəlif manevrlərlə çıxmağı bacarıram. Təhlükəli qadın sualınız lap yerinə düşdü. Mən özüm kimi maraqlı insanları sevirəm, şablon xoşlamıram.

- Qısqanc insansan?

- Çox qısqancam. Bir saatlığına ünsiyyət qurduğum insanı da qısqanıram.

- Laqeydlikdən bezmirsən ki?

- Hələ də gözləyirəm, cücərtiləri görürəm ki, yaxşı olacaq. Artıq böyük bir kütlə "Sevimli şou"ya sırf mənə görə baxır. Bu mənə çox xoşdur. Mən inanıram ki, bu templə işləsəm, işləməyə həmişə şərait yaradılsa, gözlədiklərimi alacağam. Məqsədim bir neçə ildən sonra musiqi sahəsində ali dərəcəyə yüksəlməkdir. Mənim üçün toy ifaçılığı ikinci plandadır, mən musiqiyə sırf pul gözü ilə baxmıram. Mən bu işdən zövq alıram.

- Belə çıxır ki, "Sevimli şou"ya Mikayıla görə baxmırlar?

- Yəqin hansısa kütlə Mikayıla deyir ki, verilişə sənə görə baxıram. Mən Mikayılın elədiyini yerə vura bilmərəm. O verilişdə hərəmizin öz inkişaf xətti var və subyektiv olaraq o, öz uğurunu, mən də öz uğurumu görürəm.

- Qarmonun sirlərini ilk dəfə kimdən öyrənmisən?

- İlk müəllimim Sevinc müəllimə olub, sonra isə 16 nömrəli musiqi məktəbində Rövşən müəllimdən dərs almışam.

- Olubmu ki, həyatında hansısa bir xanım sənə maddi kömək etsin?

- Sevdiyini deyən olub, özü də iki-üç dəfə. Amma söhbət sponsorluğa qədər gedib çıxmayıb.

- Bəstəkarlıq edirsən?

- Yox. Allah tərəfindən bəstəkarlıq istedadı verilməyib.

- Sizcə insanlarda niyə paxıllıq hissi çox olur?

- Onu mən deyə bilmərəm axı. Səmimi deyim, məndə də paxıllıq var, amma insan çalışmalıdır ki, paxıllıq, qısqanclıq kimi pis vərdişlərdən uzaq tutsun.

- Məndə olan məlumata görə, Mikayıl səni "Virtuoz" verilişindən tanıdığına görə bu layihəyə dəvət edib. Orada bir çox güclü ifaçılar var idi. Niyə məhz sizi seçdi?

- Mən təvazökar adamam, amma bunu əminliklə deyə bilərəm ki, "Virtuoz" layihəsində həm sənət biliyi, həm də SMS-i çox olan qalib gəldi. Sualın o biri hissəsinin cavabını Mikayıl versə, daha yaxşı olar. Güclü ifaçılar deyəndə kimi nəzərdə tutursunuz? Şəxsən mənim üçün heç biri rəqib deyildi.

- İnsanlarda hansı keyfiyyətləri qiymətləndirirsən?

- Sadəlik, romantika, mehribanlıq, Allah sevgisi olanları qiymətləndirirəm.

Bilirəm, bugünkü müsahibəm VIRTUOZ alınmadı. Lakin OLDUĞU KİMİ oldu. Çünki həmsöhbətimlə birlikdə SEVİMLİ ŞOU təqdim etməyə çalışdıq.

Şəlalə Nəriman

O.M.