"Olur ki, məclisdə əsəbiləşirəm, səsim tutulur"

"Olur ki, məclisdə əsəbiləşirəm, səsim tutulur"

21 Fevral 2012 15:10
2 144
Bəyəndim (0) Bəyənmədim (0)
"Allaha and olsun, özüm öyrənmişəm, öyrədən olmayıb"

Hər bir xalqın incəsənəti, mədəniyyəti, mənəviyyatı folklor nümunələrində yaşayır. Aşıq sənəti Azərbaycan folklorunun canlı əfsanəsidir. Bu sənət əsrlərdir məhəbbət, qəhrəmanlıq, gözəllik, sədaqət və digər insani keyfiyyətləri özündə əks etdirir. Təsadüfi deyil ki, əsl sənətkarlar, ozanlar mənəvi dəyərləri aşılamaqla yanaşı, özləri də bu keyfiyyətlərə malik olurlar.

"Şəlalə" rubrikasının bugünkü qonağı Aşıq Zülfiyyədir.

- Özünüz haqda məlumat verərdiniz?

- 1970-ci il oktyabr ayının 26-da Tovuz rayonunun Alakol kəndində anadan olmuşam. Təhsilim ortadır. İyirmi bir yaşında 1 övladım var.

- Ailənizdə aşıq sənəti ilə məşğul olan olubmu?

- Babam aşıq olub. Nənəmdən eşitmişəm ki, o vaxtı "Koroğlu" dastanı üçün məlumatların çoxunu babamın dilindən eşidib, yazıblar. Uşaqlıqdan bu sənətə həvəsim olub. Altı-yeddi yaşımda artıq saz çala bilmirdim. On dörd yaşımdan peşəkar səviyyədə saz çalmağa başlamışam. O vaxt çox gözəl ifaçı, rəhmətlik Aşiq Əvəz var idi, məni özü ilə el şənliklərinə aparırdı. Sənətə də birdən gəlmədim. Aşıq müsabiqəsi var idi. Qazax - Ağstafa - Tovuz rayonunda keçirilirdi. Bakıdan nümayəndələr gəlmişdi. Həmin müsabiqədə birinci yerə seçildim. Sonra Lenin Sarayında (İndiki H.Əliyev adına Respublika Sarayı) çıxış etməli idik. Yatsam yuxuma da girməzdi ki, mən Sarayda ifa edəcəm. Saraya da bizi münsiflər heyətinin seçimindən sonra buraxmalı idilər. Tanrı elə qismət verdi ki, mən ifa edəndən sonra rəhmətlik Şövkət Ələkbərova mənə dəstək oldu. Dedi ki, oxumağa avazı yaxşıdır, saz barəsində heç nə deyə bilmərəm. Mənə də icazə verildi, sarayda oxudum.

- İlk müəlliminiz kim olub sənətdə?

- Allaha and olsun, özüm öyrənmişəm, öyrədən olmayıb. Qulaq asa-asa öyrəndim. İlk müəllimim heç kim olmayıb.

- Bəs gənc bir xanımın aşıq olmasına ailədə narazılıq olmadı ki?

- "Aşıq Pəri" Məclisinin ən kiçik üzvü mən olmuşam. Bakıya gələndə anam çox narahat olurdu. Atama deyirdi ki, qız uşağıdır, tək gedir, necə olacaq? Rəhmətlik atam deyirdi: "mən qızımın tərbiyəsinə, ağlına arxayınam. Yüz nəfərlik ordunun içinə girsə də, mənim qızım Zülfiyyə seçilər". İnanın, bu, mənə stimul verirdi ki, evdə hamı mənə dayaqdır.

- Zülfiyyə xanım necə bir ailədə böyüyüb?

- Kasıb ailədə böyümüşəm. Biz səkkiz uşaq olmuşuq ailədə. Həmişə də fəxrlə deyirəm, atam traktorist olub. İmkansız ailədən olsaq da, yeməyə həmişə çörəyimiz tapılıb. Heç vaxt imkansız olmağımız mənə sənət yolunda mane olmayıb. İnanın, elə günümüz olub ki, mən Bakıya gəlməliyəm, amma yolpulum yoxdur. Atam qonşudan borc pul alıb, məni göndərib

Dəbdəbəli evimiz olmasa da, həyətimizdə mal-qara olub. Şəhərdən yanımda kimsə qonaq gələndə atam həmişə qoyun kəsərdi. Fikirləşməzdi ki, bir belə ailəyə baxmaq lazımdır. Mən ailəmlə fəxr edirəm. Nə olsun ki, nazir qızı olmamışam, deputat qızı olmamışam, traktorist qızı olmuşam. Bu, mənim üçün fəxrdir. İnsan keçmişindən, böyüdüyü mühitdən heç vaxt utanmamalıdır.

- Uğurlarınızı kimə borclusunuz?

- Valideynlərimə. Əgər valideynlərim mənə dəstək olmasaydılar, bu zirvədə olmazdım. VII sinifdən böyük uğurlar qazanmağa başladım. Mən efirdə çıxış edəndə qonşular hamısı bizə yığışardı.

- Sizcə, şou-biznesin qanunlarını kim yazır?

- Hamısını artistlərin özləri yazır. İnanın, yerindən duran "birinciyəm" deyir. Rayonlarda elə birincilər var, o qədər istedadlı gənclərimiz var ki, səhnədəkilər onların əlinə su tökə bilməzlər. Hamı bilsin ki, 1-ci olmaq üçün xalqın gözündə olmaq lazımdır. Əgər bütün günü xalqımızın məclislərində iştirak edirsənsə, bunun özü uğurdur.

Bir gün "Ozan" ansamblımla Şəmkir rayonuna toya gedirdik. Məndən bir-iki tanınmış müğənni istədilər. Mən də gətirəcəyimə söz verdim. Həmin məclisdə Nadir Qafarzadənin də iştirakı oldu. Çox mötəbər toy idi. Bir də gördüm məclisin yiyələrindən biri yaxınlaşıb dedi ki, o xanım var ey, istəmirəm o oxusun. Mən də başa saldım ki, siz demisiniz, bir saatlıq oxuyub gedəcək. Ona görə deyirəm, heç kim xalqın fikrini dəyişə bilməz. Elə "nömrə 1"lər var ki, rayon yerlərində qəbul olunmur. Ad çəkmək də istəmirəm, çünki mən sənətimlə məşğulam.

- Bəs bəzi aşıqlar var ki, açıq-saçıq geyinir, şit hərəkətlər edir. Buna münasibətiniz necədir?

- Mən açıq-saçıqlığa pis baxmıram, çünki heç kimlə rəqabətim yoxdur. Nə deyim, özləri bilər, heç nə deyə bilmərəm. Bir onu deyə bilərəm ki, fikirləşsinlər ki, əllərinə saz alıb çalırlar.

- Gözə-nəfsə necə, inanırsanmı?

- Qətiyyən inanmıram. Elə toy olub ki, sazların simləri qırılıb, tökülüb. Həmişə məclisdən çıxanda deyiblər, duz hərrə başına, mən də gülmüşəm.

- Məndə olan məlumata görə, bu yaxınlarda Rusiyada bir məclisdə olmusunuz. Həmin məclisə Bilal Əliyevlə getmisiniz. Tək sizə 5 000 manat ödənilib. Amma narazılıq olub. Ardını sizin dilinizdən eşitmək istərdim. Səbəb nə idi?

- Haradan bilirsiniz? Mənim orada nə qədər pul almağımı sizə kim deyib? İnanın, şokdayam. Düz deyim də, həmin məclisi, konserti bir restoranda Roman Cabbar adlı müğənni təşkil etmişdi. Doğrudur, mənə 5 000 manat verdilər. Özü də həyat yoldaşımla getmişdim. Sadəcə, mən canlı ifa edirdim, nəsə mikrofonda problem yarandı. Sonra da dedilər: "bəs Bilalda niyə elə olmadı, o, niyə fonoqrama ilə oxuyur?" Mən də təbii ki, mahnımı ifa etdim, pulumu alıb çıxdım. Yaxın dostlarım da gəlmişdi ora. Yoldaşımla birlikdə otelə çıxıb getdim. Bir gün qaldıq, səhəri gəldik Bakıya. Sonra orada nə olub, bilmirəm. Söhbət mikrofondakı problemlə bağlı düşmüşdü. Konsertdə nələr olub, gör necə çatdırıblar sizə.

- Uşaqlığınız haqda bizə danışardınız...

- Oğlan xarakterli olmuşam. İdmançı olmaq istəyirdim. Necə oldusa, bu sənəti seçdim. Atamın həyətdə traktoru var idi. Həmişə onu sürüb bacımgilə gedirdim. Atam mənim əlimdən traktoru həyətdə saxlamırdı. Uşaqlıqdan traktora böyük marağım olub. Sonra atam gedib doqquz "skorostlu" traktor aldı ki, mən sürməyim. Bir gün gəldi, gördü ki, bu da yoxdur həyətdə.

- Həyat yoldaşınızla necə tanış oldunuz?

- Yoldaşım da bizim rayondandır. Bakıda ət kombinatında işləyirdi. Bir gün dostu ilə işdən qayıdanda görüb ki, divara afişa vurulub, Tovuzdan Aşiq Zülfiyyə çıxış edəcək. Yoldaşımın da həmişə Zülfiyyə adından xoşu gəlib. Maraq bürüyüb ki, gedim baxım. Elə olub ki, mən də konsertdə başıaşağı, sakit oturmuşam. Gözləyirdim ki, məni də çağırsınlar, durub ifa edim. Hamı oxuyub qurtarandan sonra mənim növbəm çatdı. Yoldaşımın xoşuna gəlmişəm. Adımı elan edəndə də bilib ki, mənəm, daha da vurulub (gülür). Mən rayon məclislərində də çox olurdum. Həmişə gəlib qıraqdan izləyirdi ki, görsün özümü necə aparıram. Anasıgili bizə göndərəndə artıq mən tanınırdım, razı olmurdum. Bakıdan rəfiqəm gəlmişdi. O da dedi ki, biz çöldə görüşək, bir-birimizi tanıyaq. Atam razı olmadı. Bizə elə tərbiyə vermişdi ki, heç kim bacılarımı, məni çöldə kiminləsə danışan görə bilməzdi. Sonra qayınanam gəldi. Dedi ki, sənətinə görə deyirsənsə, sənətini də qəbul edir. Oğlan bizə gəldi, ailələr tanış oldu. Çox gözəl, tərbiyəli ailənin oğlu olduğuna görə "hə" dedim. Özü də gözəldir (gülür). Toyumuz oldu. Bir övladım dünyaya gəldi.

- Bəs niyə bir övladla kifayətləndiniz? Sənət mane oldu?

- Yox, sadəcə, Tanrının yazdığı qismətdir. İstəyirdim olsun, olmadı. Səhhətimlə bağlı bir az problemim var idi.

- Bilirəm ki, oğlunuzun da çox gözəl səsi var. Aşıq Zülfiyyə razıdır ki, övladı müğənni olsun?

- Elə olur ki, oğlumla çıxış edirəm. Oğlum idmanla məşğul olur. Qəribədir, mənim də idmana marağım olub, oğlumun da. Birdən o da mənim kimi fikrini dəyişdi, incəsənət sahəsini seçdi, bilmirəm. İstəyirəm oxusun.

- Bəs ana-bala bir yerdə nə kimi yenilikləriniz var?

- Oğlumla bir yerdə yeni albomum çıxıb. Öz sözlərimdir, oğlumla ifa etmişəm. Çox gözəl albom hazırlamışam.

- Bu sənət sizə nə verdi?

- Tamaşaçı sevgisini. Xalqın məhəbbətini qazandırdı. Ürəyim istəyən kimi evim, maşınım, ən əsası, gözəl ailəm var.

- Bu yaxınlarda Habil Şınıxlı bir çox iradlar tutdu ki, mənim mahnımı ifa edirlər, adımı çəkmirlər. Zülfiyyə xanım, buna necə baxırsınız?

- Habil çox gözəl sənətkardır, mənim qardaşımdır. Qaldı, hamı bilir ki, "Şınıx təranələri" Habilin musiqisidir. Mən şəxsən ifa edəndə deyirəm. Əvvəl adını "Ozan təranələri" qoymaq istəyirdim. Sonra Habil dedi ki, adını qoyaq "Şınıx təranələri", kəndimizə aiddir. Mənə elə gəlir ki, kim Habilin adını çəkmirsə, bu paxıllıqdır. Əziyyəti yerə vurmaq olmaz. Düz eləmirlər, olmaz belə.

- Ürəkdən haçan ağlamısınız?

- İki dəfə, bir qardaşım, bir də atam rəhmətə gedəndə.

- Həyat yoldaşınızı qısqanırsınız?

- Əvvəllər bir-birimizi qısqanırdıq. Artıq övladımız böyüdükcə qısqanclıq azalıb. Yoldaşımın dostları gələndə, bir də görürsən, başladılar bizi dalaşdırmağa. Deyirlər, filan qız belə getdi, o vaxtı belə oldu. Mən də deyirəm ki, yaxşı eləyib. Bilirəm ki, məni qısqandırıb dalaşdırmaq istəyirlər. Alınmır.

- Bəs həyat yoldaşınızın sizə xəyanət etdiyini görsəniz, nə edərsiniz?

- İnanmaram ki, mənə xəyanət edə. Gözümlə görsəm də, fikir vermərəm. Büruzə vermərəm, ürəyimdə çəkərəm. Həyatı boyu mənə xəyanət etməz.

- Sirr deyilsə, toylara neçəyə gedirsiniz?

- Bir saatı 1500-2000 manata, yarım saatı 1000 manata gedirəm. Elə olub ki, Allaha and olsun, təmənnasız getmişəm, pul almamışam. Toy yiyəsi deyib ki, bir qızım var, istəyir sən oxuyasan toyunda. Təmənnasız oxumağa razı olmuşam. Məclisdən çıxanda 300 manat verib ki, bunu götür, halal elə. Güc-bəla ilə almışam. Axı təmənnasız getmişəm toyuna.

- Həyatda ən böyük səhviniz nə olub?

- Elə böyük səhvlər etməmişəm. Ola bilsin ki, kiminsə qəlbini qırmışam.

- Aşıq Zülfiyyənin prodüseri kimdir?

- Həyat yoldaşım, həm də oğlum.

- Naxışınız yaxşı gətirib?

- Şükür. Allahdan razıyam.

- Sevgililər günündə həyat yoldaşınız sizə nə hədiyyə verdi?

- Bu dəfə heç nə. Əsil sevgi günü iyuldadır. Onda hədiyyə verəcək.

- Səhhətinizdə problem olmuşdu. Nə ilə bağlı idi?

- Şəlalə, sən ki hər şeyi bilirsən mənim haqqımda. On altı - on yeddi yaşımda səsimlə bağlı problem olub. Bir müddət əvvəl isə mədədə ağrılarım var idi. İki ildir Yessentukiyə gedib-gəlirəm. Şükür Allaha, indi ağrım yoxdur.

- Əsəbi insansınız?

- Çox insan deyir, səndə əsəbilik deyilən şey yoxdur. Amma olur ki, məclisdə əsəbiləşirəm, səsim tutulur. Oğlan oxuyana deyirəm ki, səsim tutulub, oxu, mən oxumuram.

- Yuxulara inanırsınız?

- Hərdən inanıram.

- Şəlalə nə deməkdir sizin üçün?

- Dağlardan gələn seldir. Şəlalə mənim üçün saflıqdır.

Deyirlər, aşığın sözü qurtaranda "neynim-neynim" deyir. Lakin bugünkü qonağımın bu sözlərə ehtiyacı olmadı. Çünki dediyi qədər deyiləsi sözləri hələ çoxdur...

Şəlalə Nəriman

O.M.