"Uşaqlığın dadını duymamışam"

"Uşaqlığın dadını duymamışam"

17 Fevral 2012 18:36
Bəyəndim (0) Bəyənmədim (0)
Nağıllara inanmaq istəməyən müğənni insanı nankor adlandırdı

Əslində, bu müğənnini təqdim etməyə ehtiyac yoxdur. Elə oxuduğu mahnılardan birinin və ya ikisinin adını çəkmək kifayət edər ki, qonağımızı tanıyasınız. "O qara gözlərinin qəmzəsi yandırdı məni" deyən Nadir Bayramlıdır bugünkü həmsöhbətim. Onunla budəfəki söhbətim bir qədər fərqli alındı. Yəqin bilirsiniz ki, Nadir Bayramlı Həcc ziyarətində olub. Deyirlər, bu yolu gedib, ziyarət edən insan sanki körpə uşaq kimi dünyaya yenidən gəlir, mənən paklaşır. Sənətçi ilə söhbətimiz də bundan başladı.

- Allah ziyarətinizi qəbul etsin. Yəqin razılaşarsınız ki, sənət adamı, eyni zamanda Hacı olmaq o qədər asan deyil.

- Ümumiyyətlə, müsəlman olaraq Allahını sevən hər bir insan bu ziyarətin arzusunda olur. O ziyarətin təəssüratını bölüşmək o qədər də asan deyil. Çünki oranı ziyarət etmədən bunları hiss etmək olmur. Çox gözəl torpaqdır, gözəl olduğu qədər də məsuliyyətlidir. Mən həmişə Allahıma şükür edən insan olmuşam, bunu da qismət hesab edirəm. Çətin günümdə də, yaxşı günümdə də Allahıma üz tutmuşam. "Quran"da da yazılır ki, Allahın bizə gözlə verə biləcəyi nemətə də şükür etmək lazımdır. İnsan nankordur, odur ki, bu ziyarət insanı həqiqətən də mənəvi paklığa aparır. Ziyarətdən altı ay öncə namaz qılmağa başlamışdım. Şükür edirəm ki, altı ay sonra Allah bu ziyarəti mənə qismət etdi. Ora həm öz arzumla, həm də Permdə yaşayan dostumun məsləhəti ilə getdim. Söz zamanına çəkər. Bu gün o dostum ailəsi ilə birlikdə Ümrə ziyarətindədir. Sübh tezdən Kəbənin ətrafında təvaf edərkən mənimlə əlaqə saxladı ki, nə diləyin varsa, söylə, dua edim. Dedim ki, mənim adımdan iki rükət namaz qıl. Bir də Allahımdan diləyirəm ki, tez bir zamanda torpaqlarımız azad olsun, qaçqın-köçkünlərimiz yurdlarına dönsün.

- Bəs öz ziyarətinizdən sonra qəlbinizdə nə kimi dəyişikliklər oldu?

- Əslində, çox şey dəyişdi. İlk öncə onu deyim ki, bu ziyarətə gedən insan yalan danışmaqdan, pislik etməkdən çəkinir. Heç kimi acılamaq, xətrinə dəymək istəmirsən. Bir də ki, təmiz olursan, əsəblərin sakitləşir, çalışırsan hər şeyə səbirlə yanaşasan. İstər-istəməz Allahın sevgisi qəlbində çoxaldığından çılğınlığı, əsəbi bir kənara qoyursan.

- Çətin deyil ki, şou-aləmində ola-ola həm də ziyarətin qaydalarına əməl etmək? Axı şou-aləmdə yalan da danışmağa məcbur olursan, söz-söhbətlərin də iştirakçısına çevrilirsən.

- Çox yaxşı sualdır. Həqiqətən bizim musiqi aləmində bu gün məcburən qalmaqalın da iştirakçısı olursan, bəzən yalan da danışırsan. Ancaq məndə əvvəldən yalan danışmaq, qalmaqala meyl göstərmək olmayıb. Düşünürəm ki, bu gün də çətinliyim olmayacaq. Ola bilər mənim də ziyanı olmayan müəyyən məcburi yalanlarım olub. Bu gün çalışıram ki, bunlara da diqqət yetirim. Ziyarət zamanı da Tanrıdan dilədim ki, mənim keçmiş və gələcək günahlarımı bağışlasın. Əslində, hər şey Yaradanın əlindədir. "Qurani-Kərim"də də yazılıb ki, Allahın izni olmadan ağacdan bir yarpaq da düşə bilməz. Odur ki, Allahına inan, düz yolda ol.

- Ziyarətdən sonra nəyisə özünüzə qadağa qoymadınız ki?

- Elə böyük qadağalarım olmadı. Sadəcə bilirəm ki, müəyyən qanunlara riayət etməliyəm. İlk növbədə pislik etməməlisən, sənə ehtiyacı olana, kimsəsizə əl tutmalısan. Əgər o ziyarətə getmisənsə, çalışmalısan ki, zəhmətini yerə vurmayıb paklığını qoruyasan. Elə əvvəlki Nadirəm. Sadəcə çalışmışam ki, Allaha bir qədər də yaxın olum.

- Ziyarətdə ən böyük diləyiniz nə oldu?

- Ən böyük diləyim o olardı ki, o "Quran" kitabını əvvəldən axıra qədər oxuya bilim. Bu gecə də yuxuda Kəbəni görmüşəm. Bundan sonra çalışacam ki, o məqsədimə çatım. Tam səmimi deyirəm, bir diləyim də xalqımı rahat, müharibəsiz görməkdir. Tanrıdan bunu diləyirəm, əmin-amanlıq istədim. Həqiqətən bizim xalqın çox gözəl özünəməxsusluqları var. İstərdim ki, bir millət olaraq daha sıx birləşək.

- Ürəyinizin səsini kimsə eşitməyəndə nə etmisiniz?

- Sakitcə durub məsələnin çözümünü səbirlə həll etməyə çalışmışam. Düşünmüşəm ki, bu da Tanrının göndərdiyi bir sınaqdır. Əgər səni başa düşən yoxdursa, demək, həm də qüsuru özündə axtarmalısan. Ola bilər ki, bəziləri fərd olaraq səni başa düşməsin. Onda sadəcə susuram. Sadə misal çəkim, ailədə övladlar səni başa düşməyəndə çətin olur. Çalışıram qızıma daha çox diqqət göstərim. Yorğun olanda bircə dəfə məni öpən kimi rahatlaşıram.

- Adətən bizdə oğul övladına daha çox ehtiyac hiss edirlər ki, oğul düşmən çəpəridir, evin dirəyidir. Ancaq siz qızınızı daha çox istəyirsiniz, deyəsən.

- Qız Allahın gözəl varlığıdır. Özünüz də bilirsiniz ki, oğlana nisbətən qız daha zəif, zərif məxluqdur. Çətinliyə düşəndə bu çətinlikdən aşmaq onlar üçün ağır olur. Yəqin başa düşərsiniz, bizdə el dilində belə deyirlər də, qız kəsik olur. Yəni qız uşağı üçün xoşbəxtliyini tapmaq çətindir. Oğlana nə var ki, istədiyi qıza yaxınlaşıb ona "sevirəm" deyə bilər, həyatını qurar. Ancaq qız heç vaxt oğlana yaxınlaşıb deyə bilməz ki, mən səni sevirəm, gəl evlənək. Yəni oğlan taleyini özü qura bilər, ancaq qız taleyini gözləməlidir. Bəxtinə çıxanın yaxşı olub-olmaması artıq qismətdir. Ancaq qadın gözəl varlıqdır. Qaldı ki, özümə - iki oğlum, bir qızım var. Oğlanlarım qızımla müqayisədə yaşca çox böyükdürlər. Hər zaman fikirləşirdim ki, oğlanlar böyüyüb, hərə bu gün-sabah bir ailə yiyəsi olacaq, bəs bizim yanımızda kim olacaq? Qız övladı ataya yaxın olur. Allahdan qız övladı istədim, qismət etdi. İndi anlayıram ki, sən demə, qız övladı daha şirin olurmuş.

- Qeyd etdiniz ki, qadın zəif məxluqdur. Elə qadınlar var ki, zəif çiyinlərində ağır yük daşıyırlar. Təkbaşına övlad böyüdürlər, həm də işləyib çörəkpulu qazanırlar. Etiraf edin ki, bu yükü kişilər təkbaşına daşıya bilmir. Sizcə, belə halda qadına zəif demək olarmı?

- Ola bilər fikrimi düzgün ifadə edə bilmədim. Həqiqətən qadın zərifdir, amma zəif deyil. Düz qeyd etdiniz, kişi bu ağırlığı tək daşıya bilməz. Elə qadınlarımız var ki, bəzi kişilərimizdən qat-qat qeyrətlidirlər. Onlar atasız da olsa, övladlarını böyüdürlər, evləndirirlər, onlara təhsil verirlər, həm də namuslarını qoruyurlar. Belə qadınlara zəif demək yəqin günah olardı.

- Elə çıxılmaz anınız olubmu ki, gücünüz yalnız göz yaşına çatıb?

- Olub. Olub ki, həqiqətən həmin məqam üçün gücüm yalnız göz yaşına çatıb. Həcc ziyarətində olarkən dua edirdim ki, Tanrı mənim keçmiş və gələcək günahlarımı bağışlasın. Ərəfat dağında olanda hər kəs günahının bağışlanmasını diləyir. Mən də dua edərkən hönkür-hönkür ağladım. Hələ həyatımda heç vaxt belə ağladığımı xatırlamıram. Bu məqamda Allahla təmasda olursan. Sən və Allah. O məqamda torpaqlarımızı, millətimizi yadıma saldım, vəhşilikləri xatırlayıb göz yaşımı saxlaya bilmədim. Elə məqam olur ki, həqiqətən göz yaşı köməyə gəlir.

- Sizcə cənnət qapıları üzünüzə açıqdır?

- Onu Allahdan başqa heç kim bilməz. Çalışıram bundan sonra Allahımın qoyduğu qanunlara riayət edim ki, o qapını açmaq üçün şansım çox olsun.

- Deyirlər ki, cənnət anaların ayaqları altındadır. Ana həm də qadındır. Qadına münasibətiniz necədir?

- Həqiqətən düşündürücü sualdır. Bununla ayaqlaşmaq lazımdır. Yəqin bu fikri də məcazi mənada deyiblər. Fikrimcə, qadına hər zaman hörmət etməyi bacarmaq lazımdır.

- Qadınsız həyatınızı təsəvvür edə bilirsinizmi?

- Yox. Qadınsız həyat mümkün deyil. Susuz, havasız insan necə yaşaya bilmirsə, elə də qadınsız yaşaya bilməz.

- Həm də belə deyirlər ki, qadın dünyanın ən təhlükəli oyuncağıdır. Bu fikrə münasibətiniz...

- Qətiyyən bu fikirlə razılaşa bilmərəm. Mənə elə gəlir ki, qadın təhlükəli oyuncaq kimi görünməməlidir. Ola bilər ki, bir-iki qadın hərəkəti ilə, davranışı ilə təhlükəli olsun. Ancaq o demək deyil ki, bütünlükdə qadınlara bu aspektdən yanaşmaq lazımdır.

- Cazibədar qadın istənilən kişini ram edə bilərmi?

- Yəqin ki, yox. Bu yalnız kişilərin zəifliyindən irəli gələ bilər. Qadın yalnız görkəmi ilə cazibədar olmamalıdır. Qadının danışığı, hərəkəti, həyata baxışı da onun gözəlliyinə şamil oluna bilər. Məni heç bir qadın sındıra bilməz.
- Daşıya bilməyəcəyiniz yükü daşıdığınız vaxt olubmu?

- Olub. Çətinliklər çox olub həyatımda. Kiçik yaşlarımdan işləməyə başlamışam. 10-12 yaşımda zəhmətin nə olduğunu bilmişəm. Demək olar ki, uşaqlığın dadını duymamışam.

- Uşaqlığınızı doyunca yaşamadığınız üçün heyfsilənmirsiniz?

- Düzünü deyim ki, bu barədə heç vaxt fikirləşməmişəm. Hər halda o vaxt atama, anama kömək etməyə çalışmışam. Toylara gedib nağara çalardım. Çətinlik görməsəydim, bu günün qədrini bilməzdim. Buna görə heç vaxt heyfsilənməmişəm. Bəlkə də övladlarımın yaşadığı uşaqlığı yaşamaq istərdim. Ancaq mənim uşaqlığım belə şəraitdə olmayıb axı.

- Nağıllar aləminə düşmək istərdinizmi?

- Bu əfsanədir. Əslində, nağıllara inanmaq lazım deyil. Nağıl da yalandır, yalana da inanmaq istəmirəm.

- Sizi qalmaqallardan uzaq insan kimi tanıyırıq. Ancaq qalmaqal sizi tapdı. İfanızda məşhur olan bir mahnını Rəqsanə sözlərini dəyişib oxudu.

- Bunu sizdən eşitdim. Əgər həqiqətən bu mahnını Rəqsanə icazə almadan sözlərini dəyişərək ifa edirsə, bu, onun mədəniyyətindən xəbər verir. Mən qalmaqalı sevmirəm. Ancaq yaxşı olardı ki, oxumamışdan öncə icazə alaydı. Düşünməsinlər ki, reklama ehtiyacım var. İcazə alsaydı, yəqin heç nə deməzdim. O mahnı fars mahnısı olsa da, mən onu yenidən aranjeman etmişəm. Bu mahnının adı gələndə mən yada düşürəmsə, demək, ən azı buna görə hörmət etməyə dəyərdi. Yaxşı olardı ki, Rəqsanə heç olmasa telefon açaydı. Mesaj göndərmək fikrim də yoxdur. O da kifayət qədər tanınmış bir adamdır. Özü də yaxşı bilir ki, başqa müğənninin mahnısını oxumaq üçün icazə almaq lazımdır.

Müsahibim nağıllara inanmaq istəmir. Axı nağıllarda uydurmalar, yalanlar çoxdur. O, real həyatın acılı-şirinli qanunlarına uyğun olaraq yaşamağı üstün tutur. Göydən üç almanın düşəcəyinə də inanmır. Çünki uşaqlıqdan bəri bu almaları öz zəhməti ilə toplayır. Həyatın mənasını da elə bunda görür.

Mətanət Şamilqızı

O.M.