VIDEO-"Şou-biznes bir mafiya aləmidir"

VIDEO-"Şou-biznes bir mafiya aləmidir"

14 Fevral 2012 15:21
Bəyəndim (0) Bəyənmədim (0)
Avropa prodüseri Sultan Mustafayev müğənniliyə başladı

"Şəlalə" rubrikasının qonağı Şəlalənin qonaq olduğu Avropa prodüseri Sultan Mustafayevdir...

- Özün haqda məlumat verərdin?

- Sultan Mustafayev. Fevralın 11-də 1985-ci ildə Bakı şəhərində anadan olmuşam. Əslən Bakılıyam. İki universitet bitirmişəm. Birinci Avropada prodüserlik məktəbini bitirmişəm, ikinci İqtisadiyyatı. Subayam.

- Necə oldu ki, prodüser oldun?

- Çox adam deyir ki, sənətə gələndə day-daysız gəldik, filan. Amma səmimi sözümdü, mən sənətə öz hesabıma, öz gücümə gəlmişəm.

- Şou-biznesdə niyə səni "Avropa prodüseri" kimi tanıyırlar? Bu titulundu?

- Mən on dörd ildir sənətdəyəm. Həmişə Avropada konsertlər təşkil etmişəm və sonda qərara gəldim ki, qoy şou-biznesdə ləqəbim də "Avropa prodüseri" olsun da, amma dəfələrlə Asiyada konsertlərim olub.

- Hansı şou-biznes əhlinin Avropa ölkələrində konsertlərini təşkil etmisən?

- İlhamə Quliyeva, Tünzalə, Elza, Azərin, Qismət, Elnur Quliyev, Almaz Ələsgərova, Mehrin, Səidə Dadaşova, Aslan Hüseynov, Naqo, Ziyafət Yaqubova, Vaqif Şıxəliyev, Xatirə və başqa müğənnilərin də Avropada, Asiyada konsertlərini təşkil etmişəm. Sadəcə bəyəndiyim ifaçılar Elza, İlhamə Quliyevadır.

- Qalmaqal nədir sənin üçün?

- Belə deyim də, qalmaqal hamıya lazımdır. Çünki, qalmaqal özü böyük reklamdır. Belə baxırsan, hamı qalmaqal edir. Yəqin gələcəkdə də edəcəyik. Gündəmdə qalmaq üçün gözəl vasitədir. Qalmaqal var insanı məşhur edə bilər, qalmaqal da var insanların gözündən sala bilər.

- Prodüserlikdə rəqibin kimdir?

- Mən yeganə prodüserəm ki, təhsil almışam. Bu sahə üzrə diplomum var. Bu sənətdə rəqibim yoxdur, mən elə mənəm.

- Küsülü olduğun müğənnilər var?

- Tünzalə Ağayeva, Natəvan Həbibi. Çünki, Tünzalə çörək itirən insandır.

Natəvan da özünü yuxarıdan aparandır.

- Kimdən qorxursan?

- Söhbət sənətdən gedirsə, heç kimdən qorxmuram. Həyatda Allahımdan

qorxuram.

- Populyar olmaq üçün müğənni necə gündəmə gəlməlidir.

- Populyar olmaq üçün bəzi amillər lazımdı. Birinci pul, ikinci adamın

olmalıdır, üçüncü sənətin, dördüncü görkəm, mədəniyyət və sairə. İndi gündəmə gəlmək üçün hər kəs efirə çıxır dava edir, qalmaqal edir və sonra olur məşhur. İndi gündəmdə olan Rəqsanənin Təranə ilə dalaşması başdan ayağa təmiz şoudur da, biabırçılıqdı.

- Toylara getməklə, bir aya bahalı maşın, ev almaq olar?

- Gərək toya qədər məşhur olmalısan ki, bir aya, 30 gün başdan-ayağa toy oxumalısan ki, bir aya bahalı maşın alasan. Çünki, indi bəzi müğənnilər bir dənə day-day tapır, maşın və ev aldırır. Ağıllı adamdı, əziyyət çəkmir.

- Bu yaxınlarda siz də başlamısınız oxumağa. Səbəb pul qazanmaq, yoxsa hobbidir?

- Düz xəbərdir, yeddi aydır toylara gedirəm. Mən VİP müğənniyəm, hər toya getmirəm. Hər toyda iştirak etmirəm, çünki, məni həm prodüser kimi, həm də təşkilatçı kimi tanıyıblar və oxumaq sənətinə ciddi baxıram. Nəsə eləmək fikrində də deyiləm. Oxumaqdan pul da qazanıram, qazanmışam da, yəqin qazanacağam da. Əsas pula görə oxumuram. Bəzilərinə isbat edirəm ki, mən Sultan müğənni də ola bilərəm.

- Bəs toylara neçəyə gedirsiniz?

- Mən VİP olduğuma görə 30 dəqiqəni 3 000 manata gedirəm.

- Heç inandırıcı rəqəm olmadı.

- Niyə inandırıcı deyil. Ramal 3500-ə gedirsə, ondan bəyəm aşağıyam. Mən özümü aşağı saymıram, VİP müğənniyəm. Bu yaxınlarda yeni diskim işıq üzü görəcək.

- Bəs şou-biznesdə səni nə narahat edir?

- Məni çox şey narahat edir. Birincisi son zamanlar Rəqsanə ilə Təranənin problemləridir. Axı Rəqsanə, sən Təranə ilə çörək kəsmisən. Sonra da qırğın edirsən.

Sonra səviyyəsiz insanların şou-biznesə daxil olması. Ondan sonra hansısa model Dubaya gedir, kef edir, sonra Bakıda işləməyə başlayır. Gedib Dubayda özünə bir day-day tapır, istəyir ki, şou-biznesdə at oynatsın, bərk getsin. Fikirləşmir ki, day-day həmişə olmayacaq. Ad çəkmək istəmirəm, bir də ki, uşaq-muşaqlar çıxıb sənətkarlara hörmət etmir, qiymət-dəyər vermirlər. Başa düşmürlər ki, onları bir dəqiqədə əjdahalar uda bilər.

- Kimin ifasını bəyənmirsən?

- Zamiqin.

- Niyə bir çox müğənnilər istəmir ki, adları səninlə çəkilsin?

- İnanmıram, kimsə istəməsin mənimlə adı çəkilsin. Çünki, mən özüm markayam da, brendəm, minnətləri olsun. Bəlkə mənim ehtiyacım yoxdur ki, kimsə adımı çəksin. Kiminsə mənə ehtiyacı ola bilər, mənim kiməsə ehtiyacım ola bilməz!

- Artıq yaşın keçir, niyə ailə qurmaq istəmirsən?

- İyirmi yeddi yaşım var. Ürəyimə yatan qız yoxdur. Bir dəfə "həri"li olmuşam. Amma, o da çox çəkməyib, az müddət olub. Mən tez-tez Avropada oluram, gedirəm dincəlirəm. Ona görə hansı qız mənimlə ailə qurar? Heç mənim evdə ailəm belə məni normal görmür, az görür. Bir şeyi etiraf etmək lazımdır ki, ailə müqəddəsdir. Biz sənət adamları xalqa xidmət edirik. Bizdə ailə alınmır. Bizim hər şeyimiz xalqımızdır.

- Sənət aləmində dostların çoxdur, düşmənlərin?

- Sənət aləmində dost deyilən şey yoxdur və olmayacaq da. Yalandan nəyinsə xətrinə hərə bir-birinə dost deyir. Bizim sənətdə dostumuz yoxdur. Bunu da mən etiraf edirəm. Dost başqa şeydir, bura isə bazardır, hamı da bir-birindən asılıdır. Heç kim də istəmir ki, düşməni olsun. Mənim sənətdə düşmənlərim çoxdur. düşmən deyəndə paxıllığımı çəkənlər, torba tikənlər, səviyyəsiz insanlardı. Mübarizə aparmağa qüvvəm də var, aparıram.

- Niyə prodüserlərlə yola getmirsən?

- Düzdü, mən buradakı prodüserlərlə yola getmirəm və inanmıram ki, haçansa yola gedə biləm. Səbəb də aydındır. Çünki, markayam, brendəm, bunlar isə, disk daşıyan. Mən heç vaxt disk daşıyan olmamışam və olmaram da. Qoy bəziləri disk daşısınlar, sonra da, sevgili üstündə dava eləsinlər. Mənim sənətim başqadır.

- Səhnədə hansı müğənnilər özlərini ifadə edə bilmir?

- Çoxları var ki, özlərini ifadə edə bilmir. Ad çəkməyəcəm, çünki reklam olar onlara.

- Deyirsən ki, bir çox müğənnilər haqda məlumat toplayırsan. Səbəb nədir, özünü sığortalayırsan?

- Şou-biznes bir mafiya aləmidir. Burada nə qədər çox bilsən, o qədər sığortalanırsan. Hərdən düşünürəm ki, oturub, bu haqda kitab yazım, çünki şou-biznes haqqında həddindən çox məlumatım var. Sevirəm mübariz həyatı.

- Rəqib kimi görürsən özünə?

- Sizcə, mənim rəqibim var? Rəqibim olsaydı efirlərdən düşməzdim. Mənim ehtiyacım yoxdur efirə, reklama və verilişlərə. O insanlardı rəqibləri ilə dava edib, efirdə gündəmdə qalır.

- Bəs səhnədə centlmen müğənni olaraq kimi görürsən?

- İfaçılardan Eltonu, Nadiri, Ədaləti görürəm.

- Haqqında bir çox ağlasığmaz şayiələr gəzir. Buna necə reaksiya verirsən?

- Son bir ildə doğrudan da mənə mənim çox böyük iki problemim oldu. Torba tikmək istəyən oldu, dəfələrlə yalançı şahidlər çıxardıb, üzümə qoymaq istədilər. Düşünmədilər ki, bunun sabahı var, ən əsası Allahdan qorxmadılar. Mənə cavab verməlidirlər. Allahsız insanlardır da. Qaldı haqqımda nə danışırlar, danışsınlar, deməli, kiminsə gözündə mən böyük bir əjdahayam.

- Şou əhlində ailə quran kişilər bir il keçməmiş niyə boşanırlar? Axı sizdə yetərincə məlumat var, dediyinizə görə.

- Bilirsiniz, evdə söz-söhbət olanda onu heç kim bilmir. Amma qaldı ayrılmağa, bu moddur, evləndim, ailə qurdum, sonra ayrıldım və yaxud ərə getdim, sabah boşandım. Çünki, şou-biznesdə ayrılıq çoxdur, çox.

- Prodüser Təranə ilə münasibətin necədir?

- Təranə xanımla normalda salam-sağ ol, vəssalam. İki dəfə birlikdə mafiya oyunu oynamışıq, amma səmimi dost deyilik.

- Bəs hansı prodüserlərlə aran yoxdur?

- Tolik, Anar Mədətovla münasibətim yoxdur, bəyənmirəm onları.

- Tolikin adını çəkdin. Bilirsən ki, Tolik yetərincə işlər görüb, konsertlər təşkil edib. Hamı tərəfindən də sevilir. Düzlüyünə görə bu səni qıcıqlandırmır?

- Toliki sevənlər elə onun ağlındadır. İstəmirəm onun haqqında danışım.

- Bəs fikirləşmirsən ki, qarşı tərəf də sənə qarşı müsahibə verər?

- Yox, qorxmuram. Çünki, inanmıram, müsahibə verər. Bilirsiniz, heç kim məni qıcıqlandıra bilməz. Çünki, mən heç kimə bənzəmək istəmirəm. Avropa prodüseriyəm, qaldı kim kimisə qıcıqlandırırsa, yaxud da oxşayırsa, o bədbəxt adamdı. Mənim öz yolum var, dediyim fikirlər də subyektiv fikirlərimdi, sözümün ağasıyam.

- Niyə bəzi şou əhli tez bir zamanda ulduz xəstəliyinə tutulur?

- Son zamanlar müşahidə edirəm, aparıcılar, hətta kanallarda işləyən işçilər belə ulduz xəstəliyinə tutulublar. O, xəstəlik yaman xəstəlikdir. Fikirləşmirlər ki, istər müğənni olsun, istər aparıcı, bir də görəcəklər sönüb. İnsan sadə olmalıdır, sadəlik özü bir gözəllikdi.

- Uşaqlığını necə xatırlayırsan?

- Uşaqlıq şəkillərim çoxdur. Anadan doğulandan musiqiyə həvəsim olub. Nədənsə uşaqlıqdan rəqqaslığa qoyublar. Sonra isə babam icazə verməyib, çox ərköyün böyümüşəm. Bizim nəsildə hamı məni çox sevir, çünki, çox sakit, sözə baxan, mədəni insanam.

- Qadınlarda ən çox səni nə cəlb edir?

- Əsas daxili görünüşü, sonra ağıl, əsas da fiqurası məni çox cəlb edir.

- Yuxularına inanırsan?

- Mənim əsl köküm seyid nəslindəndir. Yuxumda da nə görürəmsə, o, da həmişə qarşıma çıxıbdı. Yuxularımda hər şey mənə ayan olur.

- Nədəndi bu müğənnilərin çoxları səninlə çalışmaq istəyir?

- Mən Avropa təşkilatçıyam, bunu hamı bilir. Amma mən iş strukturumu heç kimə deyə bilmərəm. Çox müğənnilər məndən çox pul istəmirlər. Mənim başqa işlərim də var, qazanc mənbəyim də. Həmişə istəyirəm ki, tamaşaçıya maraqlı qalım.

- Peşmançılıq hissi keçirmisən?

- Çox olmayıb ki, peşman olum. Ən əsası sevib çox aldanmışam. Mən çox səbirsiz insanam və sevgimi tez etiraf eləmişəm.

- Sevdiyin şəxs varmı?

- Sevgiyə inanmıram. Amma sevdiyim, xoşuma gələn bir insan var, adı da M hərifi ilə başlayır. 31 dekabr günündə tanış olmuşam.

- Əsəbi insansan?

- Son zamanlar çox əsəbi insan olmuşam. Bu da sənətlə bağlıdır.

- Həyatdan nə istəyirsən?

- Birinci cansağlığı, ikinci ruzi, üçüncü torpaqlarımız qayıtsın, dördüncü istəyirəm sakit yaşayım və əsas qeybətlər olmasın. Şou-biznesdə atmacalar yığılsın, səmimiyyət olsun.

- Boş vaxtlarında nə işlə məşğul olursan?

- 2012-ci il və indi bu il girər-girməz mən dayı oldum, sevincimin həddi-hüdudu yoxdur. İnanıram bu il mənim üçün uğurlu olacaq. Boş vaxtım az olur. çünki, əylənməyi, gəzməyi çox sevirəm.

- Həyatda səni nə dəyişə bilər?

- Mən həyatda sevəndə dəyişirəm, çox sakit bir insan oluram. Həmişə sevən zaman əziyyət çəkmişəm. Çünki, çox sadiq insanam. Qarşımdakı insan bu səmimiliyimdən çox istifadə edib.

- Səni həyatda nə ağladıb?

- Lirik mahnılar, gözəl səs tembri. Arif, Səlimov, Bülent Ersoy, Çingiz Kurtoğlu, Kibariyə, Qıldız Tilbə və məni ağlada bilər sevgilim.

- Bahalı hədiyyə kimə almısan?

- Sevgilimə, anama, bacıma, nənəmə.

- Haqsızlıqla rastlaşmısan?

- On dörd ildir sənətdəyəm. Çox adama dəstək olmuşam. Bizim şou-biznesdə haqsızlıq çoxdur. Çox görmüşəm, yəqin hələ də görəcəm. Bilirsən necədir? Sənətim də var, hər şeyim də var, paxıllığımı çox çəkirlər. Bu gün nömrə bir prodüser mənəm, başqa yoxdur. Bəziləri çıxıb efirdə haqqımda nə gəldi boş-boş danışırlar. Onlara məsləhətim odur ki, getsin işləri ilə məşğul olsunlar. Onsuz da sən yoxsan, mənimlə özünü reklam etmə. Mən başlasam, pis başlayacam.

- Nə üçün darıxırsan?

- Allah rəhmət eləsin! Şövkət Ələkbərovanın ifaları üçün darıxmışam.

- Ürəyinizdə hansı sual qaldı?

- Həyatımı itirməkdən qorxuram. Çünki, bu sənətə gələndə bunu qəbul edib gəlmişəm. Bizim həyatımızın elə hər dəqiqəsi qorxu, risk, həyəcan və ən əsası mübarizədir.

- Şou əhlinə niyə sponsorlar maşın alır?

- Tək müğənnilərə almırlar ki, aparıcılara da alırlar.

- Həmin aparıcı kimdir?

- Mən deyə bilərəm, qorxmuram. Birinin adını çəkməyəcəm ki, ailəsi ilə dostuq, demək istəmirəm. İkincisi də Zabilə maşın hədiyyə ediblər. Zabilə hədiyyə edilən maşının yiyəsi mənim dostumdur. Bilirsiniz, aparıcıya niyə maşın hədiyyə edirlər, mənə çatmır.

- Səhnədə özünüzü necə görürsünüz?

- Təkcə onu deyə bilərəm ki, Aygün Kazımova Şanplenadırsa, mən də səhnənin VİP müğənnisi və Sultanıyam.

Şəlalə çox yerlərdən axır. Dərədən də, təpədən də. Su aydınlıqdır, fikir verməyin...

Şəlalə Nəriman

O.M.