"Məni kim tez öldürmək istəyirsə, qalmaqal etsin"

"Məni kim tez öldürmək istəyirsə, qalmaqal etsin"

9 Fevral 2012 12:17
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənni sənətə gəldiyinə peşmandır

Təbiətin dörd fəsli olduğu kimi insan həyatı da bu fəsillərin bir-birini əvəz etməsindən ibarətdir. Gənclik çağı gül-çiçəkli baharı xatırladır. Qan qaynayır. Cəmiyyətə inteqrasiya olunduqca isti və qızğın iş rejimində çalışırsan. Bu tempdə irəlilədikcə bir də görürsən ki, artıq ömrünün payızına qədəm basmısan. Yarpaqlar tökülür, həzin xatirələrə qapılırsan. Düşünməyə bol-bol zamanın olur. Elə bu an qarlı, çovğunlu qış səni yaxalayır. Üşüyürsən, qorxursan, lakin yenə də baharın gələcəyi ümidi ilə yaşayırsan.

Bugünkü həmsöhbətim də həyatın bütün fəsillərini yaşayıb. Lakin iqlim dəyişməsində özünü, xatirələrini, sənətini yaşatmağı bacarıb. "Şəlalə" rubrikasının qonağı Firuzə İbadovadır.

- Özünüzü oxuculara necə təqdim edərdiniz?

- 1954-cü il fevralın 18-də Bakı şəhərində anadan olmuşam. Əslim Ərdəbillidir. Asəf Zeynallı texnikumunu, İncəsənət Universitetini bitirmişəm.

- Necə oldu ki, bu sənəti seçdiniz?

- Uşaq vaxtından Əfsər Cavanşirovun uşaq xorunda solist olmuşam. Nisə Qasımova da uşaq xorunda ifa edirdi. Nisə Qasımova 1972-ci ildə "Lalə" qızlar ansamblında oxumağa getdi. Mən də Ceyran Haşımovanın rəhbərliyi altında oxumağa başladım. "Lalə" qızlar ansamblı ilə bir çox qastrollarda olmuşam. Bu sənətə mən Şövkət Ələkbərovun musiqilərinə görə gəldim. Onun sinfində oxumaq da mənim üçün böyük bir uğur olub.

- Professional sənətə nə vaxt gəlmisiniz?

- 1972-ci ildən bu günə kimi professional sənətdəyəm. Mənim sənətdə olmağıma Əfsər Cavanşirov, Ceyran Haşımova və Şövkət Ələkbərovanın böyük köməkləri olub, dana bilmərəm.

- Professional sənətdə olan Firuzə xanım niyə solo-konsert vermir, diski yoxdur? Səbəb nədir?

- Bilirsiniz, bütün ailənin yükü mənim üzərimdədir. Rəhmətə gedən qardaşımın balalarına da mən baxıram. Maddi durumum elə də yaxşı deyil ki, solo-konsert verim və yaxud disk çıxardım. İki-üç il bundan qabaq bir neçə dəfə gördüm "Səbuhi", "Böyük Şahinlər" studiyaları tarixi fonddan mənim mahnılarımı götürüb kaset çıxardıblar. Amma sırf inamım yoxdur ki, gedib disk çıxardım. Qaldı mənə, bir çox ölkələrdən zənglər gəlir, maraqlanırlar. Bu yaxınlarda Hollandiyadan Ququşun ansamblındakı musiqiçilər də zəng eləmişdi, gül dəstələri göndərmişdilər. Bildirdilər ki, çox gözəl ifa etmişəm mahnını. Mən sənətkaram, sənətkarlar görmüşəm.

- Şou-biznesin qanunlarını kim yazır?

- Şou-biznesdə güclü pulu olan şou əhli yazır.

- Demək, Cavanşir müəllimin də pulu çoxdur. Sizcə o da şou-biznesdə hansısa qanunu yazır?

- Çoxları Cavanşir müəllimin maşınını görüb, deyir, pulu çoxdur. Halbuki, onun maşına meyli çoxdur. Əslində, Cavanşirin on yeddi yaşından iki maşını olub. Yox, deməzdim Cavanşir şou-biznesin qanunlarını yazır. Şou-biznesdə kimin imkanı var, halalları olsun. Nə qədər istəyirlər yazsınlar, mən özümü şou-biznesdə görmürəm. Uzağam o sahədən.

- Qalmaqal nə deməkdir sizin üçün?

- Qalmaqal qorxulu şeydir. Məni kim tez öldürmək istəyirsə, mənimlə qalmaqal etsin. İnan Allaha, həmin an ürəyim dayanar. Efirdə qalmaqal görəndə həmin an kanalı dəyişirəm. Qəlbim belədir, dava-dalaş götürmürəm. Baxıram gənclərə, dodaqaltı deyirəm: "istedadın var, niyə qalmaqal edirsən axı?" Çox vaxt deyirlər, jurnalistlər qalmaqala şərait yaradır. Axı jurnalistin günahı nədir? Jurnalist səni maarifləndirir, pis iş görmür ki. Tez-tez Zeynəb Xanlarova, İlhamə Quliyeva, Aybəniz Haşımova, Kəmalə Rəhimli ilə ünsiyyət qururam. Allah Təala can sağlığı versin bu sənətkarlarımıza. Qalmaqal nəyə lazımdır? Bizim belə sənətkarlarımız var. Bütün gənclər bu sənətkarlarımızdan bəhrələnməlidirlər.

- Bu sənətə gələndə sizə kimsə mane olubmu?

- Uşaqlıqdan musiqiyə marağım olub. Rəhmətlik qardaşım istəmirdi bu sənətə gəlim. Baxanda deyirəm, kaş gəlməyəydim, yerim deyil. Gərək bu sənətdə başqa tərbiyəli və yırtıcı olasan. Neyləyim? Sənətimi sevirəm. İfa eləməsəm, ölərəm.

- Sənətdə sizi ən çox nə narahat edir?

- Gənclərə fikir verirəm, çox açıq-saçıqlığa yol verirlər. Sənətə görə bəzi hərəkətləri eləməsinlər. Gələcəklərini fikirləşsinlər. Otuz-qırx il bundan qabaq belə şeylər olmayıb. Sənətə görə qızlar gələcəklərini qurban verməsinlər. Buna yaxşı baxmıram.

- Tələbələriniz varmı?

- Mənə çox müraciət edirlər. Sağlamlığımda problem olduğuna görə Mələkxanım Əyyubovanın, Aybəniz Haşımovanın yanına göndərirəm. İnşAllah sağalandan sonra tələbə götürəcəm.

- Niyə Firuzə İbadovanın prodüseri yoxdur?

- Bilirsiniz necədir? Yanında prodüser olsa, gərək ona pul verəsən. Mən də bir belə ailəyə baxıram. İmkanım yoxdur. Belə də fikirləşirəm ki, məsləhət deyil. Özüm öz işlərimi görürəm də.

- Sirr deyilsə, toylara neçəyə gedirsiniz?

- İnanın ki, toylara getdiyim pulla ailəyə güclə baxıram. Qızıma, nəvəmə kürəkənim hər ay pul göndərir. Yenə də dolanmaq çətindir.

- Kürəkəninizdən söz düşmüşkən, qızınızla ayrılmayıblar ki?

- Yox, Allaha and olsun. Sadəcə olaraq, kürəkənim başqa ölkədədir. Bütün günü ailəsi ilə, qızı ilə "skipe" vasitəsilə danışırlar. Hər şey yaxşıdır. Şükürlər olsun.

- Bu yaxınlarda bir məlumat aldım ki, qızınız hansısa bir bankda işləyir. Hətta...

- Səmimi deyəcəm, qızım çox savadlıdır, həddindən çox. Hələ diplomunu almayıb. Təbii ki, cavan qızdır, stajor kimi gedib nəyisə öyrənir. Vaxtı çatanda işləyəcək.

- Tək səbrə inanırsınız, cüt səbrə?

- Hər ikisi düşür mənə. İlahiyə şükür!

- Toy müğənnisi deyəndə nə düşünürsünüz? Özünüzü toy müğənnisi kontekstində görürsünüzmü?

- Bilirsiniz, bu bəladır. Toy müğənnisi bəyəm pisdir? Hər ata-ana istəyir ki, ocağından toy səsi çıxsın. Rəhmətlik Şövkət xanım deyirdi ki, o vaxt toyda qızlar ayrı, oğlanlar ayrı otururdu. Arada pərdə olurdu. Xan əmi gəlib ortada oxuyub gedirdi. Bütün sənətkarlarımız toya gedir də, bunun nəyi pisdir axı? Toyda canlı ifa olmalıdır. Disklə gedib oxumaq o demək deyil ki, toyu idarə edə bilər. Sovet dövründə rəhmətlik Rəşid Behbudov toylara gedib. Onunla dünyanı gəzmişik. Təsəvvür edin, gedirdik Moskvaya, oradan da başqa ölkəyə. Bakıya qayıdan kimi Qarabağa, bir də ən çox Naxçıvana gedirdik. Rəşid müəllim Naxçıvanın deputatı idi. SSRİ Ali Sovetinin də deputatı olub. İnanın, gedib toylarda oxuyurdu. Burada heç nə yoxdur. Ən böyük, mötəbər toylarda iştirak etmişəm.

- Boş vaxtlarınızda nə edirsiniz?

- İnanın, hər axşam evdə oluram. Uşaqlarımla maraqlanıram. Bir də yatmağı çox sevirəm. Əgər bir məclis varsa, gedib oxuyub, tez özümü evə çatdırıram ki, yatım.

- Gözə, nəfsə inanırsanmı?

- Elə mən gözə-nəfsə gəldim, xəstələndim, bir çox əziyyətlər çəkdim. Mənim yeddi sinirimdə böyük problem oldu. Hamısı göz-nəfsdir. İnsanın başına nələr gəlirsə, hamısı nəfsdən gəlir.

- Həyatda hansısa səhviniz olub?

- Səhvim var. İndinin özündə də insanlara tez inanmağımdır.

- Ürəkdən sevmisiniz?

- Həyat yoldaşımı sevdim. Böyük səhv oldu.

- Səhviniz nədə oldu? Necə oldu tanış oldunuz həyat yoldaşınızla?

- Mənə çox çətindir bu barədə danışmaq. (Kövrəlir.) "Space" TV-nin "Etiraf" verilişində bir dəfə etiraf etmişəm. Həyat yoldaşım da musiqiçi olub. Düz bir il mənim arxamca gəldi. Əlibayramlıdan idi. Bir ildən sonra "hə" dedim. İnanın, indi də peşmanam. Mənim toyum olmayıb. Həyat yoldaşımın ailəsi olub mənimlə ailə quranda. Çox səhv elədim ailə qurdum. 2003-cü ildə həyat yoldaşım rəhmətə getdi.

- Qadın həyatda neçə dəfə sevə bilər?

- Bir dəfə sevə bilər, ikinci yalandır. Kişinin arvadı öləndə ona evlənmək olar, qadına isə olmaz. İnsan həyatda sevəndə də düzgün olmalıdır. Həyatda hər şeydən çox qızımı istəyirəm. Qızımı o qədər çox istəyirəm ki, inanın o, dünyaya gələndə həyat mənim idi, sevincimin həddi-hüdudu yox idi. Məhz ikinci uşağı ona görə dünyaya gətirmədim ki, qızımın sevgisini iki yerə bölməyim.

- Nəyə təəssüf edirsiniz?

- Bayıldakı evimi satdım, Yasamala köçdüm. İndi də İnşAllah bu yaxınlarda yenidən Bayıla köçəcəm, təzə mənzilimə. Bura uyğunlaşa bilmirəm.

- Xəyanət nədir sizin üçün?

- Ölümdür, qorxduğum şeydir.

- Ölümdən sonrakı həyata inanırsınızmı?

- Həyat sürətlə davam edir. Çox çətindir. İnanın, heç kimə pislik etməmişəm, düşmənim yoxdur. Hamı məni çox istəyir. Biz onsuz da gecələr yatanda ölü kimi oluruq. Müvəqqətidir bu həyat. İnsanlıq qalır. Bu həyatda hamıya mehriban olmaq lazımdır.

- Göz yaşlarınızın əsiri olmusunuz?

- Qardaşım rəhmətə gedəndə çox pis ağlamışam. Qorxuram əzizlərimə birdən nə isə olar.

- Əsl kişi necə olmalıdır?

- Kişi kimi olmalıdır. Kişi böyük varlıqdır. Xasiyyəti tünd olmalıdır, xəyanət etməməlidir.

- Bər-bəzək vuran kişilərə necə baxırsınız?

- Səhnə sevir də gözəlliyi. İbrahim Tatlısesi saçları ağappaq gördüm, inanın, o qədər ağladım. Sonra gördüm ki, yox artıq özünə fikir verir. Nə bilim, bir də hərə özü bilər.

- Enerjini haradan alırsınız?

- Göydən alıram. Sevdim, həyatdan küsdüm. Nəvəmin dünyaya gəlişi məni həyata bağladı.

- Qısqanc insansınız?

- Çox dəhşət qısqancam.

- Ürəyinizdə hansı sual qaldı?

- Həyatda hamıya xoş gün arzu edirəm. Hərdən fikirləşirəm ki, axı niyə mənə qarşı kimsə pis olsun? Mən heç kimin pisliyini istəmirəm. Şükürlər edirəm bu günümə. Kimsə mənim pisliyimi, ailəmin pisliyini istəyirsə, Tanrı versin cavabını.

- Ən zəif nöqtəniz nədir?

- Övladım. İndiyə kimi susmuşam. Bundan sonra övladıma, mənə qarşı pis söz eşitsəm, yazılarla bütün yuxarılara qədər gedəcəm. Ölüm olar. Mən heç kimin bədbəxtliyini istəmirəm axı. Qoy mənim sənətim maraqlı olsun onlara, mənim övladımın taleyi yox.

- Toyda başınıza maraqlı hadisə gəlibmi?

- Cavanşirlə Qusara bir toya getmişdik. Cavanşir ortada oxuyurdu. Mənim də mikrofonum şunurlu idi. Mən də kənarda durub oxuyurdum. Birdən gördük ki, Cavanşirə biri yaxınlaşıb dedi: "Can qardaş, sən oxudun, bəsdir, qoy xanım da oxusun. Səni gördük, qoy indi xanım oxusun". Bildirdik ki, bəs şunur ortaya getmir. Bir də gördük ki, əlində bıçaq gəlir şunuru ortadan kəsməyə. Mənə de ki, indi gəl burda oxu, can bacı. Mən də necə oxuyum, şunur kəsilib axı?

- Güclü insansınız?

- Güclü olmasam, bu qədər dərdə dözə bilərdim? O qədər haqsızlığa rast gəlmişəm ki.

- Yaradıcılığınızda nə kimi yeniliklər var?

- Heç bir yenilik yoxdur.

Təbiətin şıltaqlıqlarına baxmayaraq həyat davam edir. Qarlı, çovğunlu gündə hər kəs öz isti yuvasına çəkilərək baharın gəlişini gözləyir. Çünki isti yuvadan, ailə ortamından, övladın yanından gözəl yer yoxdur. Bahar isə mütləq gələcək...

Şəlalə Nəriman

O.M.