"Yenə də sevmək istəyirəm!"

"Yenə də sevmək istəyirəm!"

7 Fevral 2012 13:21
Bəyəndim (0) Bəyənmədim (0)
"Arxamda kimsəm olmadı, yeri gəldi, köhnə model ayaqqabı, köhnə dəbli paltar geyindim"

Qonaqlı-qaralıdır Bakımız. Vətənimizə təşrif buyuran, torpağımıza ayaq basan hər kəsi xüsusi qonaqpərvərliklə qarşılayırıq. Adətimizdir çünki. Bu dəfə də daha bir qonağa "xoş gəldiniz" dedik. Elə doğrudan da xoş niyyətlə gəlmişdi. Həm gələcək planlarından, həm burdakı işlərindən və həm də şəxsi həyatından danışdı.

Beləliklə, tanış olun, Türkiyənin daha bir tanınmış siması Deniz Gençaydır qonağımız.

- Dəniz xanım, xoş gəldiniz Bakıya.

- Xoş gördük. Təşəkkür edirəm.

- Bu, Bakıya ilk gəlişinizdirmi?

- Bəli, bu mənim Bakıya ilk gəlişimdir. Yeni bir albomum işıq üzü gördü. "Aşiqsən gəl" adlı bu albomu türk musiqisini sevən azəri qardaşlarımıza tanıtmaq üçün gəldik. Məqsədimiz eyni dildə danışdığımız insanlara bu barədə məlumat verməkdir. Bakıdan daha gözəl yer olmazdı bunun üçün. Bizlər bir-birimizi çox gözəl anlaya bilirik və həm də Bakı mənim üçün çox maraqlı idi. Gəldim, bu gözəl şəhəri tanıdım və onun qonaqpərvər insanları ilə tanış oldum.

- Bakı necədir?

- Bakını çox bəyəndim. İnsanları istiqanlı, qonaqpərvər, yeməkləriniz çox gözəldir. Çay süfrənizə bayıldım. Hər şey mükəmməl. Mənim gözlədiyimdən çox yüksək səviyyədədir. Biz Türkiyədə təbii ki, Azərbaycanın gözəl bir ölkə olduğunu bilirdik. Lakin insan bütün bu gözəlliyi öz gözləri ilə gördükdə sanki bir aləm açılır qarşısında.

- Bundan sonra tez-tez gələcəksinizmi bu gözəlliyi görmək üçün?

- İnşAllah. Hər hansı bir konsert proqramı olarsa, məmnuniyyətlə gələrəm. Eyni zamanda Bakını gəzərəm.

- Nə kimi planlarınız var Bakıda?

- Qeyd etdiyim kimi, yeni albomumu sizlərə təqdim etmək istəyirəm. Lakin bir arzum var. Azərbaycan seriallarından birində oynamağı çox istərdim. Özəlliklə də buradakı ünlü sənətçiləri dinləyirəm. Məsələn, Zeynəb Xanlarova, Brilyant Dadaşova, Nisə Qasımovaya qulaq asıram. Azərbaycan dilində bir mahnı ifa etmək istərdim. Tanınmış müğənnilərdən biri ilə məmnuniyyətlə duet oxuyardım.

- Məsələn, hansı mahnını oxumaq istərdiniz?

- Oxunmuş mahnılardan biri də ola bilər. Və ya da heç kimsənin ifa etmədiyi bir nəğmə ürəyimə yol tapar. Amma istərdim heç oxunmamış bir mahnını ifa edim ki, azərilər onu mənim ifamda dinləsinlər, sevsinlər.

- Yeni albomunuzda kimlərlə çalışdınız?

- Səlami Şahin və Türkiyənin ən tanınmış isimlərindən olan Şəhrizad xanımla. O, mənə böyük dəstək oldu. Söz və musiqi yazan bu xanım studiyadakı bütün səsyazmalarda yanımda oldu.

- Bakıda klip çəkdirmək fikriniz yoxdur ki?

- Ən böyük istəyim budur. Çünki burada o qədər fərqli, gözəl məkanlar var ki, adam valeh olur. İnanılmaz dəyişik yerlər var. Elə bu barədə menecerim Kvanc Terzioğlu ilə də danışmışıq.

- Nədən bəzi müğənnilər bir qədər tanındıqdan sonra kimsəni bəyənmirlər, uzaq qaçırlar?

- Çünki zamanında bəzi müğənnilər kasıblıq həyatı sürüblər. Sonradan müğənni kimi fəaliyyətə başlayıblar, mahnıları tutub və əllərinə pul gəlib. O üzdən də gəldikləri yeri unudublar. Belələri insana insan olaraq baxmaz. Məsələn, qulluqçuya əmr edərək hansısa bir işi buyurmaqdansa, canım mənim, zəhmət deyilsə, bir çay gətir desə, gözəl olmazmı? Mən belələrini qınayıram. Göbələk kimi dünən çıxan belə müğənnilər çoxdur ki, bu gün kimsəni bəyənmirlər. İnsanlara yuxarıdan aşağı baxırlar. Düşünürəm ki, belə insanların kompleksi var.

- Biz sizin yaradıcılıq planlarınızdan danışdıq. İndi istərdim oxucularımıza özünüzü daha yaxından tanıdasınız. Kimdir Dəniz xanım? Özünü necə xarakterizə edərdi?

- Mən Almaniyanın Frankfurt şəhərində doğulmuşam. Doqquz yaşımda ikən Türkiyəyə gəlmişik. Türkiyədə böyüdüm, orta məktəbi, liseyi oxudum. Musiqi həyatıma ilk dəfə burada başladım. Mahsun Kırmızıgül, Seda Sayan kimi tanınmış sənətkarlarla çalışdım. Altı il öncə ilk albomumu çıxardım. Azərbaycan dinləyicilərinə ərməğan etdiyim isə artıq ikinci albomumdur. Türk telekanallarına mütəmadi olaraq dəvətlər alıram. Mətbuat səhifələrində yaradıcılığım barədə tez-tez məlumatlar çap edilir. Klipim nümayiş olunur. Azərbaycanda da inşAllah seviləcəyimə əminəm.

- Deyəsən, hələ ailə qurmamısınız?

- Xeyr, subayam. Heç ailə qurmadım. Bu dəqiqə düşünmürəm bu haqda. Albomum yeni çıxdı. Yaradıcılıqla bağlı məqsədlərimə çatmaq istəyirəm hələ ki. Səhnə həyatımı genişləndirmək fikrindəyəm.

- Eşqdən, məhəbbətdən oxuyan müğənnilər qəlblərində sevgi daşımadan hansı ürək çırpıntısı ilə oxuyurlar bəs?

- Eşq gözəl bir şeydir. Təbii ki, onu yaşamaq istərdim.

- Bir sevgi yaşamadınızmı?

- Daha öncə yaşadım. İnsan olan hər kəsin eşq yaşaması lazımdır. Amma eşqlərimin sonu xəyal qırıqlığı, üzüntü ilə bitdi. Güman edirəm ki, bundan sonra aşiq olaramsa, gözəl bir sevgi yaşayaram.

- Bəlkə nə vaxtsa yarı yolda qaldığınız üçün yenidən o sevgini yaşamağa cəhd göstərmirsiniz?

- Xəyanətə uğradım, yarı yolda da qaldım. Hər şey yaşadım eşqdə. Nə qədər əzab çəksəm də, yenə də sevmək istəyirəm. Çünki bu çox gözəl hisdir. İnsanı yaşamağa sövq edir.

- Əgər bir azərbaycanlı sizi sevsə, razı olarsınızmı?

- Yaxşı bir insan olarsa, niyə də razı olmayım?

- Sevdiyiniz insan hansı keyfiyyətlərə malik olmalıdır?

- Düzgün, doğru, yalan danışmasın, xarakteri gözəl, şərəfli olsun.

- Həyat sürprizlərlə doludur. Sevgisi, gözəlliyi olduğu qədər də, ayrılıqları var. İtkiləriniz olubmu?

- Bəli. Otuz yaşlı qardaşımı itirdim. İnfarkt keçirdi və dünyasını dəyişdi. Ailəmizin ən böyük acısıydı bu. Artıq on bir ildir həyatda yoxdur. Hələ də acımız, ağrımız ürəyimizdədir. Allah kimsəyə yaşatmasın. Tanrı bütün sevənləri bir-birinə bağışlasın. İlk albomumu ona həsr etmişdim.

- Sizcə, xoşbəxt olmaq üçün qadına nə lazımdır?

- Məncə, ən önəmli şey sağlıqdır. Təbii ki, pul çox önəmlidir. Amma istədiyin qədər pulun olsun, sağlığın yoxsa, o pulu yeyə bilməyəcəksən, xoşbəxt olmayacaqsan.

- Azərbaycan qadınları haqda nə deyə bilərsiniz?

- Ən əsası odur ki, azəri qadınları çox baxımlıdırlar. Özlərinə fikir verirlər. Kasıb, dövlətli fərq etməz, hər bir qadın geyiminə, makiyajına, səliqəsinə önəm verir. Xanımlarınız zövqlü, şıkdırlar. Hətta buraya gəlincə menecerim mənə bu barədə məlumat verdi və dedi ki, ona görə qiyafət seç. Mən də geyinməyi çox sevirəm. Amma adi günlərdə rahat geyimlərə üstünlük verirəm. Lakin Azərbaycana gələrkən gəzmək üçün belə hündürdaban ayaqqabı gətirdim.

- Deməli, mətbəximiz xoşunuza gəldi...

- Yeməklərinizə söz ola bilməz. Çox mükəmməldir. Lakin bir qüsur var. Yeməkləriniz bir az yağlıdır. Şirniyyatlarınız, salatlar, yeməklər olduqca gözəldir.

- Haraları gəzdiniz?

- Heydər Əliyevin məzarına, Şəhidlər xiyabanına, tele-qülləyə, funikulyora, İçəri şəhərə, Qız qalasına, zooparka, Milli Parka getdim. Sahildəki bütün mağazaları gəzdim.

- Qiymətlər necədir, Türkiyədə bahalıqdır, yoxsa burda?

- Markaların bəziləri bizdə daha ucuzdur. Məsələn, çanta və s. Amma elə şeylər də var ki, sizdə ucuzdur, Türkiyədə bahadır.

- Ən böyük arzunuz nədir?

- Ən böyük arzum çəkdiyim zəhmətin qarşılığını almaqdır. Çünki on beş ildir zəhmət çəkirəm və bu yolda hər şeyi öz zəhmətimlə, alın tərimlə qazanıram. Arxamda kimsəm olmadı. Albomuma son qəpiyinə kimi xərcləri özüm çəkdim. Yeri gəldi, köhnə model ayaqqabı, köhnə dəbli paltar geyindim. Bir kimsə çıxıb deyə bilməz ki, mənim hansısa işimdə yardımçı olub və ya Deniz Gençayın zəngin sevgilisi var. O üzdən qürur duyuram.

Bəli, qəlbi məhəbbətlə döyünən, ürəyində sonsuz arzuları coşub daşan yaradıcı bir xanım idi qonağımız. Həyatında itkiləri də oldu, ayrılıqları da. Qazandıqları alın təri bahasına başa gəldi. Həyatda qalib gəlmək üçün mübarizə də apardı. Amma sınmadı. Və bu gün "qürur duyuram" deməyə haqqı da vardı. Sonda bizə, "eyni millətin insanlarıyıq. Dostluğumuz heç pozulmasın" deyib hələlik ayrıldı. Gələn görüşlərədək, Dəniz xanım!

Mətanət Şamilqızı

O.M.